Qəbul rəsmi
Atabəy Məhəmmədin Gəncəyə gəldiyinin üçüncü günü carçılar Gəncə bazarında bu sözləri car çəkirdilər:
“Hər gün səhər saat doqquzdan günortaya qədər Atabəy Məhəmməd həzrətlərinin təyin etdiyi hökumət məmurları əhali tərəfindən veriləcək ərizələri qəbul edəcəkdir. Bir həftənin müddətində hər kəsin ərizəsi varsa, gətirib verməlidir. Verilən ərizələri şəxsən Atabəy həzrətlərinin özü oxuyacaqdır”.
Qəbul rəsmi səhər saat 9-dan başlamışdı. Eyni zamanda Atabəyin məmurları saray qapısından bir az kənarda kürsü qoyub oturmuşdular, gətirilən ərizələri ağzı möhürlənmiş sandığın deşiyindən içəri salırdılar.
Əmirin böyük salonu döşənmişdi. Atabəy Məhəmməd bir neçə gün qonşu hökumətlərdən gələn heyətləri qəbul etdi. Şirvan, Gürcüstan və Abxazdan gələn heyət üzvlərini qəbul etdi, gətirilən hədiyyələri, xalıları və gözəl atları nəzərdən keçirdi.
İkinci gün Gəncə xətibi və Gəncə ruhaniləri Atabəyin hüzuruna qəbul olundular. Şairlərdən ancaq Əbül-Üla çiynində qiymətli bir xələt olduğu halda Atabəyə təqdim edilərək yazdığı mədhnaməni oxudu.
Əbül-Ülanın mədhnaməsindən Atabəy o qədər də xoşlanmadı, bir kəlmə də olsa danışmadı və şairi mükafatlandırmadı. Ancaq məclisə göz gəzdirib Əmirə müraciət etdi:
– Bəs Gəncənin sənətkar şairi Nizami hanı? Onun şerləri Xarəzmşahlar, Şirvanşahlar, Qızıl Arslanlar sarayında oxunduğu halda, iki addım məsafədə olan Əmir sarayında onun səsi eşidilmir?!
Mən Təbrizdə Qızıl Arslan sarayında qonaq qaldığım gün o, süfrə başında sənətkar şairin iki misrasını oxudu. Nə qədər mozun, nə qədər şairanə idi:
Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə baxtım var,
Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var.
Bəs hanı Soltan Səncər xəzinəsinin qiymətli cavahirlərini yaradan Məhsəti xanım?! Hanı Azərbaycan mülkünün Xəyyamı?! O da burada yoxdur! Qızıl Arslan Məhsəti xanımdan bir neçə rübai oxuduqdan sonra məndə belə bir qənaət hasil oldu ki, Məhsətini oxuyan Xəyyamı, Xəyyamı oxuyanlar isə Məhsəti xanımı oxumuş kimidir.
Mən Şimali Azərbaycan səyahətinə gəldiyim zaman hər şeydən əvvəl Xaqani, Nizami və Məhsəti xanımla görüşməyi qərara almışdım. Nədənsə mənim arzum əleyhinə olaraq sənətkar şairlərin heç birisini bu məclisə dəvət etməmişlər. Şair olmayan məclisdə xalq da yoxdur. Buradakılar isə məncə, daima Əmirin sarayında vaxt keçirən şəxsiyyətlərdir.
Mənə qalırsa, Əmir bu səhvini çox tez bir surətdə düzəltməlidir. Mədəniyyəti yaradan, məmləkətin nöqsanlarını hamıdan əvvəl hiss edən, xalqın arzu və iradəsini bədii bir şəkildə ifadə eləyən ancaq şairlərdir.
Əmir qalxıb baş endirdi, danışmaq üçün icazə aldı.
– Atabəy həzrətlərinin buyurduqları doğrudur. Lakin şeir dünyasının tacdarı Əbül-Üla olan məclisdə gənc Nizaminin və gənc Xaqaninin şeir oxumağa cürəti yoxdur. Məhsəti xanım isə çox qoca və bərk xəstədir.
Atabəy Əmirin sözünü ağzında yarımçıq qoyub dedi:
– Siz elə bilməyin ki, mənim vaxtım fars və İraq-ərəbdə gedən müharibələrə məşğul olduğu üçün Azərbaycandan xəbərim yoxdur. Aldığım məlumata görə qoca şair Əbül-Üla özündən sonra şeir dünyasına yol açan gənc Nizami və gənc Xaqanini görmək istəmir. Buna görə də mən Əmirin sözünü bir cəhətdən təsdiq edərək deyirəm ki, bəli: Əbül-Üla olan məclisə nə Xaqani, nə də Nizamilər gəlmək istəməz!
Bunun qüsuru yenə də məmləkətin iradəçilərindədir. Qocalara keçmişləri, gənclərə isə gələcəyi üçün qiymət verilsəydi, hər kəs öz əməyinin qədərincə mükafat alardı. Bu gün minlərcə fərsəng yoldan Gəncənin ziyarətinə gələn Atabəy öz məmləkətinin dəyərli simalarını öz məclisində görmək səadətindən məhrum edilməzdi.
Əmir həzrətləri elə bilməsin ki, hökmdarlar yalnız qılıncla məşğul olmalıdır. Mən Əşrəfsani Səmərqəndi ilə görüşdüyüm zaman qoca filosof birinci görüşdə məndən gənc Nizamini soruşdu. Seyid Həsən Əşrəf Qəzvini çox ixtiyar bir şair olduğuna baxmayaraq uzaqdan-uzağa Nizaminin və Xaqaninin müridi kəsilmişdir.
Mənim sarayımda aylarca qonaq qalan həkim Suzəni Səmərqəndi, Camaləddin, Əbdürəzzaq İsfahani, Həkim Muxtari, Şəhabəddin, Məhəmməd ibn Rəşid Qəznəvi, Nizami Əruzi Səmərqəndi, Şah Səncan, Xacə Cəlal Dərəkani və sairlərinin dilindən ancaq Nizami və Xaqaninin sənətkar şair olduğuna dair mədhlər eşitdim. Lakin Azərbaycanda bunun əksinə təsadüf edirəm. Burada mədəniyyətin qocalmış fikirlər əsasında qurula biləcəyi zehniyyəti yenə də bir səhv olaraq davam edir, qocalar öz səhvlərini düşünməyərək mövqelərini gənc qüvvələrə təslim etmək istəmirlər. Şəxsən mən, bir hökmdar kimi, öz fikrimi deyirəm: mən nə həcv, nə də mədh yazan şairləri xoşlamıram.
Atabəy bu sözləri dediyi zaman üzünü Əbül-Ülaya tutub sözünə davam edirdi:
– Azərbaycan bizim məmləkətlərimizin içərisində ən mədəniyyətli və irəlidə gedən bir ölkədir. Siz alimsiniz, özünüz tarixi yaxşı bilirsiniz. Şərqə, xüsusən İran kimi böyük bir məmləkət elm və mədəniyyəti verən İslamdan qabaq bu yerlərdə yaşayan babalarımız olmuşdur. Şübhəsiz ki, tarixdə oxuduğumuz o yüksək mədəniyyət yaşadığımız məmləkətə xaricdən gətirilməmişdir. Bu mədəniyyət, bu elm, yurdumuzda yaşamış alimlərin və filosofların fikrindən doğan qiymətli bir məhsuldur. Əbüləbbas ləqəbini daşıyan məşhur filosof Əhməd ibn Məhəmməd bu yurdun oğludur. Əbübəkr Tahiri kimi, Əbü Məhəmmədi Mürtəiş kimi alimlərə tərbiyə verən Bərdə alimidir. Azərbaycan xalqının təbiətindəki qəhrəmanlıq, Azərbaycan filosofu Əhməd ibn Məhəmmədin yazdığı fəlsəfi əsərlərində də əks etmişdir. Onun əlimdə olan əsərindən sizə bir neçə nümunə deyəcəyəm.
O deyir ki: “Sən heç vaxt cəzalanmaq qorxusu üzündən susan adamlarla məsləhətləşmə”.
O deyir ki: “Görüşündən müsbət bir nəticə əldə edə bilmədiyin adamın sözündən də müsbət bir nəticə ala bilməzsən”.
Lakin mən qocaman şair Əbül-Ülanın gənc şairə, hətta öz damadı olan Xaqaniyə yazdıqları həcvləri Qızıl Arslanda gördüyüm zaman məyus oldum. Əbül-Ülanın, Əbüləbbasların yurdunda yaşamaq səlahiyyətinə malik olmadığını təyin etdim. Sizin Xaqaniyə yazdığınız həcvin bərabərini Xaqani sizə yazsaydı, o gəncdir, səhv etmişdir, bağışlamaq olar, deyərdik. Lakin ixtiyar bir şair, öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq yaradırsa, buna nə ad qoya bilərik?! Məncə, belə bir şair mədəni Azərbaycanın şairi olmaq səlahiyyətinə layiq deyil.
Qoca şair məndən rəncidəxatir olmasın. O mənə yazdığı mədhnaməni oxuduğu zaman ətim çimçişirdi. Özüm-özümə deyirdim ki:
– Əcəba, bir insanı, bir şəxsiyyəti bu qədər də təhrif etmək olarmı?! Çünki insanlara layiq olmadıqları sifəti verib tərif etmək – təhrif etmək deməkdir.
Şair burasını birkərəlik bilməlidir ki, mədhnamələri ancaq axmaq adamlar sevə bilərlər. Sən mənim gördüyüm işləri təsvir etsəydin, bunun məmləkət üçün xeyirli və yainki zərərli olduğunu qeyd eləmiş olsaydın, şerinə ictimai bir qiymət vermək olardı.
Sən alim bir şairsən. Özünə aydındır ki, xəlifə nüfuzu hökm sürən məmləkətlərin içərisində Azərbaycan hamıdan artıq diqqət-nəzərini cəlb edir. Bu məmləkətdə olan siyasətin, iqtisadi və ictimai həyatın özü də başqa məmləkətlərdən fərqlidir.
Bu məmləkətin üsyançısı da, qəhrəmanları da, başqa məmləkətlərə nisbətlə mədəni, ağıllı və bacarıqlı olmuşlar. Yurdumuzun Babəki, daha əvvəl Astiyaqı, Fərhadı, Şərq dünyasını kökündən dəbərtmiş olan tarixi simalardır. Onların övladının şüurunu həcvlər və mədhnamələrlə korlamaq istəyən şairlər, məncə, xələtlərə yox, cəzalara layiqdir.
Atabəy bundan sonra Əmirə və xətibə tərəf üz tutub dedi:
– Bu gün hökmüm altında olan bütün məmləkətləri beş barmağım kimi tanıyıram. O məmləkətlərin heç birisində Məhsəti xanım kimi aləmşümul şöhrətə malik olan bir qadın nəzərimə dəyməmişdir. Lakin siz onu nə kimi bir mükafatla qiymətləndirdiniz?! Ona “əxlaqi pozğun” deyərək evini daşa basdınız, bünövrəsindən yıxdınız, onun ağarmış saçlarından utanmayaraq üzünə tüpürdünüz. Mədəniyyət tariximizə silinməz bir ləkə vurdunuz. Mənim hökm sürdüyüm bir məmləkətdə bu cür rüsvayçılığın baş verməsi xanədanımızın tarixində bir ləkə olub qalacaqdır.
Atabəy Məhəmməd sözünü bitirdi. Əmir yenə ayağa qalxdı, icazə alıb danışdı:
– Atabəy həzrətləri xalqın avamlığını bilməmiş deyil. Məhsətini qara camaat tökülüb sürgün etmişdi, qara camaat da gedib təntənə ilə Gəncəyə gətirdi.
Atabəy Əmirin sözləri ilə razılaşmadı, qəti olaraq əmr verdi:
– Səhvləri düzəltmək lazımdır. Məmləkət idarəsi başında duran adamlar hər kəsin öz qiymətini verməlidir. Rəqqasəlik, xanəndəlik, rəssamlıq, nəqqaşlıq, şairlik və sairlərin hamısı bir mədəniyyətin məhsuludur. Lakin şairin əməyinin qiymətini rəqqasəyə vermək, şeir mədəniyyətinin qarşısına hasar çəkməkdir. Belə hallarda yazıçı və şair gülünc bir vəziyyətdə qaldığı üçün özlüyündə:
– Yazıçılığı, şeiri buraxıb rəqqasəlik etsəydim, daha xoşbəxt olardım – deyə düşünərdi.
Mən dünən gecə Əmirin rəqqasələrinin daşıdığı daş-qaşı, zər-zivəri gördüyüm zaman, Nizami və Məhsəti xanımın bir arıq inəyin südü ilə yaşadıqlarını xatırladım, başımda tüklərim qabardı.
Təbiidir ki, Nizami və Məhsəti ehsanlar üçün şeir yazan sənətkarlar deyildir. Lakin bizdən qədrdanlıq tələb olunur. Mədəniyyətin inkişafı bunu hər bir hökmdardan tələb edir. Şairə verilən qiymət onun acılığı üçün yox, sənəti və yaradıcılığı üçün verilir.
Əmir cənabları bu saat öz adamlarını göndərib Nizamini və Məhsəti xanımı öz dostları və tanışları ilə bərabər bura dəvət etməlidir. Yüksək təbiətli bir zatı görmək nə qədər maraqlıdırsa, onun həmsöhbətlərini görmək də o qədər maraqlıdır.
Atabəy bu sözlərdən sonra, Şirvan şahı tərəfindən gəlmiş heyətin sədri Nəcməddinə müraciət edib:
– Mənim səmimi salamlarımı Əbdülmüzəffər həzrətlərinə aparıb deyərsiniz ki, iki məmləkət arasında olan səmimi dostluq əlaqəsi tarixi əsaslar üzərində daha da inkişaf edəcəkdir. Mən Şimali Azərbaycana gəldiyim zaman qardaşım Qızıl Arslan xüsusi bir sifariş vermişdir ki, o da Nizami, Xaqani və Məhsəti xanıma səmimi salamlar yetirməkdən ibarətdir. Şirvana getdiyiniz zaman Qızıl Arslanın salamını gənc şair Xaqaniyə yetirin.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qebul-resmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: