Məşədi Kazım ağa
Səhifə 1 / 2
Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.
Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.
Mən indi başqa bir iş görə bilməzdim. Təbrizdə mövcud olan inqilabçıları çarın himayə vəsiqəsi ilə təmin etmək və onlara qaçmaq imkanı qazandırmaqdan başqa bir fikrim yox idi.
Amerika konsulxanasından əldə edilən vəsiqələri Həsənağa və Tütünçüoğlu vasitəsilə paylatdırmışdım. Fəqət iki yüz nəfərlik vəsiqə kifayət etməzdi, çünki Təbrizdə minlərcə inqilabçı mücahid vardı. Çar xəfiyyələri onları tutub çar hərbi səhra məhkəməsinə vermək üçün qapı-qapı gəzirdi. Çar konsulu Səttar xan ilə birlikdə inqilabi mübarizədə bulunan hər bir mücahidin tutulması və ələ keçirilməsi üçün müəyyən mükafat təyin etmişdi.
Nina və miss Hannanın vasitəsilə ələ gətirdiyim himayə vəsiqələri, məhərrəmin beşindən yeddisinə qədər yüz qırx beş inqilabçının Təbrizdən qaçmasına imkan yaratmışdı.
Biz qaçanların hamısının özünü və ailəsini biraylıq məsariflə təmin etmişdik. Paramız var idi. Qaça bilən inqilabçıları yenə də təmin edə bilərdik; lakin vəsiqə az idi. Biz isə Hacı Səmədxan Təbrizə girincəyə qədər yoldaşları Təbrizdən qaçırmalı idik, çünki Səmədxan konsulxanaya verdiyi təlimatda kütləvi həbslərin ancaq o, Təbrizə daxil olduqdan sonra başlanmasını məsləhət görürdü. Onun şəhərə daxil olması vaxtına isə yeddi gün qalırdı.
Mən Ninanı Ələkbər yoldaşla bərabər evinə yola saldıqdan sonra şəhərə çıxdım.
Şəhərdə qoyulan soldatlar və kazak dəstələri hər addımda vəsiqə soruşurdu. Bir çoxları vəsiqəni tez-tez cibindən çıxarmamaq üçün onu sancaq ilə köksünə yapışdırmışdı. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. Bu halda mənim başıma yeni bir fikir gəldi:
– Bu vəsiqələrdən düzəltdirmək lazımdır.
Dəhşətli qarət davam edirdi. General Çernozubovu Təbrizə göndərən Vorontsov-Daşkov, sanki Fransaya girən alman ordusuna Bismarkın verdiyi aşağıdakı təlimatı vermişdi:
«Getdiyiniz ölkədə göz yaşından başqa bir şey buraxmayın».
Mən Tiflisdən Vorontsov-Daşkov tərəfindən general Çernozubova verilən bu təlimatı üç gün bundan qabaq bilirdim. Lakin çar konsulu öz hərəkəti ilə Bismark dövrünə deyil, vəhşilik tarixinin daha gerilərinə çəkildi; o, X əsrin feodallarına məxsus bir xətt-hərəkət götürdü və müharibəsiz alınan şəhərin mallarını qarət etməklə kifayətlənməyərək, qadın və qızları da qarət mallarına qoşdu.
Mən bütün bu mənfur mənzərələri gözdən keçirir, təbrizlinin bugünkü fəlakətini, özümün başqaları üçün hiss edilməz və dinlənilməz olan dəruni fəryadlarımla qarşılarkən, yanımda duran iki nəfərin söhbəti mənim bütün varlığımı titrətdi:
– Qoy daşıyıb aparsınlar. Bunlar çar təbəəliyini qəbul edən tüccarə, çar casusu deyənlərdir! Qoy talasınlar!
Bu sözləri deyənlər çar təbəəliyini qəbul etmiş məşhur Hacı Həbib Ləkli ilə bir də Hacı İbrahim Sərraf idi. Bunlarla yan-yana bir çox çar himayəsində və çar təbəəliyində bulunan tacirlər də durmuşdu. Hamısının da sözləri məzmunca bir idi. Bu sözləri dinlədikcə əsəblərim pozulur və vücudum titrəyir, soyuqqanlılığımı çox çətinliklə mühafizə edə bilirdim. Oradan uzaqlaşmağa və əsəblərimi sakit etməyə qərar verdim. Qayıtdım. Bir o qədər də getməmişdim ki, ağlamaq səsləri eşitdim. Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. Belə səsləri və bunun kimi qəlb titrədici ağlamaqları ancaq bir meyidin tabutunu evdən çıxaran zaman eşitmək olardı. Mən belə də zənn edirdim. Qapıların birisindən meyid çıxarıldığını düşünürdüm, çünki qapıda varlı, yoxsul, fağır, dərviş, dilənçi, bir çox adam toplanmışdı. Lakin məsələ mən düşündüyüm kimi deyildi. Qapıdakılar bir-biri ilə aşağıdakı sözləri danışırdı:
– Kazaklar silah axtarmaq bəhanəsi ilə Hacı Əli ağa Xətayinin evinə girib, iki qadını öldürmüşlər.
Qadın və qızların həyətdən küçəyə əks edən fəryadı məni sarsıtdı və iradəm tamamilə əlimdən alınmış kimi, özümü saxlaya bilməyərək, divara söykəndim. Başımdakı fikirlər bir-birinə qarışdı, mən o fikirlərin içərisində çırpınırkən, qarşımda bir fayton olduğunu dərk etdimsə də içində kim olduğuna əhəmiyyət verə bilmədim. Buna imkanım da yox idi: gözlərim bu qədər cinayəti görməkdən, beynim isə ehsas etmək və duymaqdan yorulmuşdu. Başımı aşağı dikmişdim; vücudum sanki ağır bir məngənə içərisində sıxılırdı. Bir əl mənim başımı qaldırdı. Başımı qaldırınca, hər şeydən əvvəl, gözüm brilyanta tutulmuş qol saatına sataşdı. Mən hər gün o saatı miss Hannanın qolunda görərdim.
– Mənim əziz dostum, burada nə üçün durmusan?
Bu səs məni yerimdən tərpətdi:
– Özümü çox fəna hiss edirəm, rahatsızam, – dedim.
Miss Hannanın rəngi ağarmışdı. Bu vəziyyətim ona təsir edir və öz-özünə danışırdı. Onun müəmmalı və mübhəm tənqidlərinin çar üsuli-idarəsinə qarşı çevrildiyini hiss etmiş deyildim, lakin onun danışdıqlarına cavab verəcək qüvvətim yox idi.
Miss Hanna mənim qulağıma farsca:
– Mən tora mifəhməm. – Mən səni anlayıram! – sözünü çox yavaşdan deyərək, məni özü ilə bərabər faytona əyləşdirdi.
Biz örtülü faytonda gedir və küçədə icra olunan cinayətləri görmürdük. Lakin bir-birinin dalınca, o cinayətlər səbəbi ilə qoparaq getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik.
Miss Hanna ətirli dəsmalını çıxarıb mənim gözlərimi silərkən, mən ona aşağıdakı şeiri oxudum.
İlaci bükon göz diləm xun nəyayəd,
Sirişk öz roxəm pak kərdən çi hasil?
Miss Hanna şeiri dinlədikdən sonra bu cavabı verdi:
– Mən bilirəm ki, sən bu həyasız və dəhşətli mənzərəyə baxa bilmirsən, çünki bu yerlər sənin vətənindir. Lakin siz bugünkü ağır vəziyyəti görmək məcburiyyətindəsiniz, bu hadisə gərək baş verəydi!
– Nə üçün?
– Çünki siz çar hökumətinin aciz və xırda feodallardan ibarət olan Şərq ölkələri hesabına genişləndiyini gördüyünüz halda, öz ölkənizi xırda feodallar ölkəsi olmaqdan qurtarıb mərkəzləşdirə bilməmişsiniz. Buna görə də istər İngiltərə, istər Rusiya hökumətləri mərkəzi hökuməti güzəştə məcbur etmək üçün kiçik feodalları çox asanlıqla ələ gətirə bilir və məqsədinə də nail olur. Sən heç də darılma. İran bu qurbanları verməyə məcburdur; xalqı da ayağa qaldıran və inqilab ətrafına toplayan bugünkü qurbanlar olacaqdır.
Evə gəldik. Amerikalı qız öz redikülündən iyirmi beş dənə əlavə himayə vəsiqəsi çıxarıb verdi:
– Bunu da tanışlarınıza verin, yenə də gətirəcəyəm. Mən iranlıların dostuyam, sənin dərdlərinə hər zaman şərik ola bilərəm.
Ona təşəkkür etdim, sonra da qız Amerika konsuluna verilən notanı oxudu.
Çar konsulu bu notasında edam ediləcək adamlar haqqında məlumat vermişdi:
«Beynəlxalq qanunları ayaqlayan, avropalıların həyatını təhlükə altına qoyan və böyük dövlətlərin razılığı ilə Təbrizdə sülhü-səlaməti bərpa üçün gələn rus soldatlarına hücum edənlər edam ediləcək və edam edilənlərin siyahısı əlavə olaraq cənab konsula göndəriləcəkdir».
Qalxıb getmək istəmirdim, çünki son günlərin həyatı plansız və məqsədsiz keçirdi. Buna görə də uzun-uzadı söhbət etdik. Qız rahatlığımı təmin üçün əlindən gələni əsirgəmirdi.
Nəhayət, axşam saat doqquzda oradan hərəkət etdim. Evə gəldim. Lakin evdə heç kəsi görmədim, Hüseynəli əmi yenə də həyətdə çubuğunu qurdalayır və Səriyyə xala ilə söyüşürdü. Onlar məni görən kimi səslərini kəsdi. Hüseynəli əmi isə mənə yanaşaraq:
– Sizi xanımgildə gözləyirlər, – dedikdə, mən qayıdıb Ninanın evinə yola düşdüm.
Nina konsulxanadan qayıtdıqdan sonra xəstələnmiş və bayılmışdı. Onun yataq otağı bir yas məclisinə dönmüşdü. Nina hələlik özünə gəlməmişdi. Təhminə xanımın qızları ilə özü də ağlayırdı. Məşədi Kazım və Ələkbər yoldaş isə Təbriz inqilabının daha bir qəhrəmanını itirəcəklərini zənn edərək həyəcanlanırdılar.
Mən bu vəziyyəti görürkən özümü unudub bu zavallı qızın qeydinə qaldım. Həkim dalınca heç kəs getməmişdi, çünki küçələrə çıxmaq qorxulu idi. Buna görə də mən konsulxana həkiminə müraciət eləmək üçün getmək istədim.
Biz həkim gətirmək üzərində məsləhətləşirkən, Nina əlini hərəkətə gətirdi. O, əli ilə lazım deyil işarəsini verdi.
Ninanın özünə gəlməsi hər kəsi sevindirdi. Sənubər və Töhfənin dodaqları onun dodaqlarına yaxınlaşırkən, Ninanın qolları qalxıb onları qucaqladı. Bir neçə saniyə onların saçlarını sığallayaraq Nina heç bir söz danışmadı. Nəhayət:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-mesedi-kazim-aga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər.*Yaz olan kimi toyuqlar da yumurtaya gəlir
Balaca felyetonAlmaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik.*Ol gün Parijin işçisi tufan qoparırdı.
Bir firqə çıxıbİtaliya Mərakeş işlərində iştirakı qərara almışdır.*Bir firqə çıxıb ölkəmizə dövlətimizdə,
Parlamanımızaİran parlamanı 27, 28, 29 səfərdə parlamanda mərsiyə oxutdurmağı qərara almışdır. («Sitareyi-İran»)*Yığılıb bir sürü əmmamə parlamanımıza,