Səhifə 1 / 2

Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.

Oyuncaq satan — Ay yaxşı şax-şax, banlayan xoruz!..

Səhləbçi — Zəncəfil çayı, hil çayı, titrədənə darçın çayı!

Çəkməsilən — Ay gondarasını sildirən, ay mənə bir süftə verən!

Xırdavatçı — Yazılı kəfən, səndəl, kündür, sidr-kafur.

Bıçaqçı — İti qayçı, ülgüc, həcəmət...

Xırdavatçı — Ərə gedənlər, evlənənlər üçündür...

Baqqal — Səbzə, kişmiş, özü də bişmiş...

Qənnadçı — Həlvayi-təntərani, ta nəxuri, nə dani...

Çörəkçi — Gəl müştəri, gəl görək, tazadır xasa çörək...

Baqqal — Ləbləbiyə gəl, taza-taza...

Bıçaqçı — Sədəfli pistolet, aynalı qəmə...

Qatıqçı — Gəl kasamasa, gəl kasamasa...

Xırdavatçı — Saqqal darağı, qəddivə görə tuman bağı...

Qənnadçı — Ay şəkər çörəyi yeyən, qorabiyə, rahətülhülqum...

Davatkəroğlu — (alverçilərə) Buradan çəkilib gedin, alış-veriş vaxtı deyil. Dar ağaclarını görürsünüz, ya yox?

Mülkədar — (gəlir, dar ağaclarını gözdən keçirir). — Bunlar nə üçündür? Mən özüm demokrat bir adamam.

Davatkəroğlu — Ağa yalan buyurmur ki?

Mülkədar — (dolanır) Başlarını salıb işləmədilər. Oradakılar kəndimi xaraba qoydu, buradakılar fabrikimi...

Davatkəroğlu — Hə də. Maaşımızı qaldırın, deyə-deyə axırda özləri dar ağacına qalxdılar.

Xırdavatçı — Yazılı kəfən, sidr-kafur istəyən!

Baqqal — Səbzə, kişmiş, özü də bişmiş!

Davatkəroğlu — (alverçilərə) Nanəcib uşağı! Demədim buradan rədd olub gedin!

Mülkədar — Bu gün camaat ilə bir qədər yumşaq danışın. Necə dar ağacı olacaq?

Davatkəroğlu — Buyurduğunuza görə beş dənə.

Mülkədar — Artıq olsa yaxşıdır. Belə ki, bunlar başlayıb, kəndirə keçirilməli yüzlərlə baş tapacaqsınız. Beş nəfəri asdırmasam, beş yüz nəfərinə ibrət olmaz. Gədə, apar e’lanı da yapışdır qapıya, bu gündən e’tibarən fabriki bağlayıram (gedir).

Çəkməsilən — Ay gondarasını sildirən, gəl bəri, gəl müştəri!

Səhləbçi — Zəncəfil çayı, hil çayı, titrədənə darçın çayı...

Qənnadçı — Həlvayi-təntərani, ta nəxuri, nə dani...

Bıçaqçı — İti qayçı, ülgüc, həcəmət...

Xırdavatçı — Qəlyan daşı, çubuq başı, çaxmaq daşı, yəhər qaşı...

Cəvahirçi — Gözəl Mərənd corabı!

Baqqal — Külabidir, külahi!

Çəkməsilən — (yeşiyi baraban kimi çalır, oxuyur):
Rəhim xan gəlir Təbrizə,
Evin yıxılsın Məmədəli!
Təbrizdə qan çıxır dizə,
Evin yıxılsın Məmədəli!

Davatkəroğlu — (ayağı ilə vurub yeşiyi atır). Köpək oğlu, bir də o sözləri oxusan, dilini kəsərəm!

Cavad ağa — (fabrik tərəfə gəlir) Hanı sahibkar?!

Davatkəroğlu — Dayan görüm axı! Hara sürhaylayırsan. Fabrik sənin üçün həzrət sahib məscidi deyil ki?!

Cavad ağa — Nə olub, balam, nə belə xoruzlanırsan! Hər gün keçib getdiyimiz meydan deyilmi?

Davatkəroğlu — Dayan, oradaca dayan! Fabrik bağlanıb. E’lana yaxşı-yaxşı bax!

Cavad ağa — Mənə fabrik lazım deyil, fabrik sahibi lazımdır.

Davatkəroğlu — Ağzına bax, danışmağına bax, guya ki, fabrik sahibi bunun üçün çayçı Məşədi Cəfərqulu imiş.

Cavad ağa — Boşboğazlıq lazım deyil! Sahibkarı bura çağır, ona məktub gətirmişəm.

Mülkədar gəlir.

Mülkədar — Nədir, nə istəyirsən? Bəsdir axı, yüz kərə deyilib ki, fabrik bağlıdır. İş yoxdur, adamı bu qədər incitməzlər axı!

Cavad ağa — İş istəyən yoxdur. Sərdari-millidən məktub gətirmişəm, buyurun (məktubu verir).

Xırdavatçı — Çığara kağızı, batinka mazı...

Baqqal — Ləpə, səbzə, kişmiş...

Bıçaqçı — Ülgüc, həcəmət, neştər!

Çəkməsilən — (oxuyur):
Böyük nənən Ümmi-xaqan,
Evin yıxılsın Məmədəli!
Özün qeyrətdən pərişan,
Evin yıxılsın Məmədəli!

Mülkədar — Nə qədər iyrənc səsi var. Vur köpək oğlunu!

Davatkəroğlu çəkməsiləni tapança ilə vurur, bazar xalqı qaçıb dağılışır.

Davatkəroğlu — Ağız-burunlarına bax, çəkməsilənləri də Məmmədəli şahı bəyənmir!

Mülkədar — (məktubu oxuyub Cavad ağaya) Get öz Sərdari-millinizə mənim dilimdən bu sözləri xəbər ver: Qaçaq Zeynəb asılmalıdır. O mənim rəiyyətimdir, onun kimi haramzadalar bir il bundan qabaq asılsaydı, bu gün yüzlərlə qızlar tüfəng götürüb mücahid olmazdı!

Cavad ağa — Məktuba cavab yazın!

Mülkədar — Hələ Səttar xan o dərəcəyə çatmayıb ki, mən ona cavab yazım.

Cavahir — (üzündə ruband, Cavad ağaya yaxın gəlir) Fabrikin həyətində hökumət qoşunu durur, bir az ayıq olun! (Əlindəki corabları göstərir.)

Cavad ağa — Bacı, corabların naxışı xoşuma gəlmədi. Səttara xəbər ver ki, məktubu rədd etdi. Keç-keç (gedir).

Əlidadaş — (Davatkəroğluna) Bu gün Təbrizdən qan qoxusu gəlir.

Davatkəroğlu — Bunlar hamısı keçər, de görüm Dilrubadan nə xəbər tutdun?

Əlidadaş — Bir saat bundan qabaq Ayrançılar məhəlləsində gördüm. Sən öləsən, o tərəfdən gələn o tərəfdə, bu tərəfdən gələn də bu tərəfdə durub Dilrubanın hüsni-camalına tamaşa edirdi.

Davatkəroğlu — Demə!, ürəyim parçalandı!

Əlidadaş — Qız kənddə gördüyün qız deyil, zalım oğlunun Təbrizi ona başqa bir gözəllik verib.

Davatkəroğlu — Əlidadaş, elə bil o yenə də mənim qabağımda durub ağlayır, deyir: «Gəl məndən əl çək. Mən sənin olmayacağam». Doğrudan da o mənim olmayacaq!

Əlidadaş — Bu cür məsələləri ancaq dar ağacı həll edər. Əgər bu sabınlı kəndirin birisini də o Qüdrətin boynuna keçirə bilsək, qız səninkidir.

Davatkəroğlu — İnana bilmirəm. Bu gün Səttar xan ilə üz-üzə gələcəyik. Ağadadaş, sən mənim ağanın yanında rəcəz oxumağıma bahma, özün bilirsən ki, biz Səttar xan meydanının adamı deyilik.

Tütünçüoğlu dar ağaclarına baxa-baxa keçir.

Əlidadaş — (ona) Hə, meylin varsa, buyur!

Tütünçüoğlu — Sən kəndiri yaxşı sabınla. Bəlkə öz boynuna qismət oldu.

Əlidadaş — Bu gün fabrikin qabağında görmədiyim adamları görürəm.

Hacı Mehdi — (Hacı Salman ilə gəlir). Bu gün havanı çox xarab görürəm.

Hacı Salman — Hava xarab olmasa, çibimiz abad olmaz. Sən o kəndirə yaxşı bax. O deyir ki, hər iğtişaşdan sonra taxılın üstünə gəl.

Hacı Mehdi — Demək ki, bu günkü qiymət, xalvarı 25 tümən?

Hacı Salman — Nə qiymətə istəsəm, satacağam. Göydən yağmır, yerdən bitmir.

Hacı Mehdi — Əlbət ki, bitmir!

Hacı Salman — Rəhmət bə valideyni-şuma. İndi ki, bunu bilirsən, nə səndə taxıl var, nə də məndə gənd. Qoy qalsın, vaxtı var.

Baqqal — Xudaya, xudavənda, məndən hərəkət, səndən bərəkət.

Xırdavatçı — Ey kor quşun ruzisini yuvasında yetirən xaliq! Mənə bir halal müştəri göndər.

Fabrik işçiləri fabrikin qabağına yığışırlar.

Davatkəroğlu — (işçilərə) Gedin, fabrik bağlıdır. Adama bir sözü neçə dəfə deyərlər?! Niyə işimizə mane olursunuz axı!

Əlidadaş — (Davatkəroğluna yavaşdan) Qadanı alaram, aranı qarışdırma!

Tütünçüoğlu — (Davatkəroğluna) İşiniz özünüzə layiq işdir. Cəlladlıq da yaman peşə deyil!

Falçı — (şeylərini döşəyir yerə). Raml atıram, itən malları tapıram. Qaynanaların dilini bağlayıram. Qızların bəxtini açıram. Eşidin, hər bir əməldən sizə mən verməliyəm burada nişan, cümlə-cahan, elmimə, tədbirimə heyran. Tanıyın siz, mən özüm sakini-Təbriz, özüm bir qoca rəmmal, kimin xahişi olsa, açaram fal, həmişə mən mağara taparam, axtararam olsa itən mal, edərəm arvada cadu, quraram tas, tökərəm su, ərini sevməsə kər dilini bağlayaram. Çinlərə fərman yazaram, hansı gəlin qaynanadan etsə şikayət, verərəm mən işə dərhal nihayət, dilini bağlayaram qaynananın bir də danışmaz. Mənə etməzsə itaət, deyərəm çinlərə əlbət, o, danışqan qarının tezcə kəsər nəfəsini, bir də səsin qaldıra bilməz, gəlin qaynanaya söysə də, dinməz, açaram bəxtini bədbəxt olanın mən...

Tütünçüoğlu — (falçıya) Sən bəxtləri açmaq əvəzinə əsirlərin qollarını aç!

Falçı — Baba, siz qoyacaqsınız halal kəsbimizi edək?

Əlidadaş — (fəhlələrə) Əzizlərim, gözümün işıqları, belə olmaz axı. Çıxıb gedin. Bu axırıncı kərədir, sonra özünüzdən küsün.

Tağı bəy — (gəlir) Nə olub, a gədə, bu nə camaatdır?!

Davatkəroğlu — Nə bilim? Bu gün qaçaq Zeynəbi asacaqlar. Dünya yığılıb bura.

Tağı bəy — (Tütünçüoğluna) Ay Əsəd, belə olmaz axı. Gəlin çıxıb gedək işimizə. Zeynəb qaçaq, bizsə inqilabçı, onun bizə nə dəxli var?! De görüm, biz inqilabçıyıq ya yox?!

Tütünçüoğlu — Hərkah məndən soruşsan, yox! Çünki sənin yolun inqilabçı yolu deyil!

Tağı bəy — Anlamırsınız, uşaqsınız, yalvarmaq olan yerdə güc nə lazım?!

Tütünçüoğlu — Çəkil geri, inqilabçı yalvarmaz!

Dərvişoğlu — (səhnə arxasından). Bilin, agah olun, ey əhli-vətən:
Qaçdım bu Cahanın əbədi şuru şərindən.
Dil açmamışam dərdü qəmindən, kədərindən;
Dünya nə demək, ver mənə cənnət xəbərindən:
Düşdüm oda, yandım, dedim allaha təvəkkül!
Hər yana dolandım, dedim allaha təvəkkül!
Bəxtimdən usandım, dedim allaha təvəkkül!
İqbalə inandım, dedim allaha təvəkkül...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri