Səhifə 2 / 3 · 33%

Nizami bu sözlərdən sonra üzünü xətibə tutub əlavə etdi:

– Zənn edirəm ki, bu həqiqəti xətib cənablarının özü də inkar etməz.

Xətib çıxılmaz bir vəziyyətdə qaldı, lakin belə açıq bir həqiqəti də inkar edə bilməzdi, buna görə də xətib ayağa qalxaraq üzünü məsciddəkilərə tutub ucadan:

– Gənc şairin dediyi doğrudur! – dedikdə xalq dəstələrlə qalxıb, məsciddən çıxdı.

Nizami ilə Fəxrəddin də öz yoldaşları ilə bərabər Əmirlə vidalaşıb ayrıldılar.


Otaqda Nizami ilə özündən başqa heç bir kəs yox idi, buna görə də Fəxrəddin üsyan barəsindəki fikrini açıq söyləmək üçün fürsət əldə etdi və Nizamiyə sual verdi:

– Doğrusu, mən sənin bəzi hərəkətlərin barəsində şübhələnirəm, mənim buna haqqım var, ya yox?

– Əvvəlcə, hansı məsələlər barəsində şübhələndiyini açıq deməli, sonra şübhələnməyə haqlı olub-olmadığını soruşmalısan.

– Mən daima üsyan fikrini meydana atdığım zaman məni səbrə, sakitliyə dəvət edirsən. Əcəba, səbrin və sakitliyin bir nəhayəti olmayacaqdırmı?

Nizami Fəxrəddinin üzünə acıqlı baxdı, Fəxrəddin Nizamidən bu cür baxışı birinci kərə gördüyündən, dərhal səhv etdiyini anladı və səhvini düzəltməyə çalışaraq əlavə etdi:

– İlyas, sən elə bilmə ki, mən səni fəaliyyətsizlikdə, üsyan və azadlıq tərəfdarı olmamaqda töhmətləndirmək istədim.

– Mən səni anlayıram. Başqa cür də düşünmürəm. Lakin daima səni səbrə və sükuta dəvət etdiyim kimi başqa tövsiyələr də vermişəm. Madam ki, haman tövsiyələrin heç birisi yerinə yetirilməmişdir, o zaman üsyan barəsində olan fikirlərin heç birisinə şərik deyiləm.

Fəxrəddin yenə də soruşdu:

– Hansı tövsiyələri deyirsən? Heç də xatırıma gəlmir.

– Sənə də, başqalarına da, üsyandan söhbət açıldığı zaman demişəm ki, xalqı üsyana hazırlamaq lazımdır. Hərgah üsyanda sən və mən, bir də bizimlə həmfikir olan beş-on nəfər iştirak edəcəkdirsə, bu günün özündə qılınclarımızı əlimizə alıb üsyana başlamaq olar, lakin belə üsyanın çox mənasız bir sonu olar və haqlı olaraq sonra hər kəs deyər ki, öz tədbirsizlikləri və axmaq hərəkətləri üzündən özləri də məhv oldu, başqalarını da ölümə verdilər. Mən bunu istəmirəm, mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, "üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi. Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi". Mənim verdiyim tövsiyələr budan ibarətdir. Biz buna hazırlanmalıyıq. Hazırda Gəncədən kəndliləri səfərbərliyə alıb biyara göndərirlər. Kəndlilər isə heç etiraz etmədən başını aşağı salıb gedirlər. Onlar elə bilirlər ki, həyatda bu da bir qanundur. Lakin heç bir kəs onları başa salmaq istəmir, heç kəs onlara yanaşıb demir ki, biyara getmək ancaq ümumi işlərdə lazımdır. Xalq ancaq xalq üçün işləməlidir. Məsələn, körpüləri düzəltmək, yolları düzəltmək, sel aparmış arxları bərpa etmək üçün xalqın biyara getməsinin hey eybi yoxdur. Lakin minlərcə azərbaycanlını qamçı və ağac gücünə səfərbərliyə alaraq təzə Atabəyə malikanə düzəltmək, kəndlər, bazarlar tikmək qanunsuzluq, zülm və insafsızlıqdır ki, bunu da xalqa anlatmaq lazımdır. Əvvəlcə xalqın şüurunda üsyan fikirlərini doğurmaq, sonra isə ona təkan vermək və təşkilat içərisinə almaq lazımdır. Fəxrəddin məni lazımınca anlamalıdır. Mən sənin cəsarətini, qəhrəmanlığını qiymətləndirirəm. Buna görə də xırda və düşünülməmiş hadisələr nəticəsində tələf olmanı istəmirəm. Çox qısa demək lazımdır. Xalq nə üçün üsyan etdiyini və nə üçün də ölümə getdiyini bilməlidir. Biz bunu iki il bundan əvvəlki üsyanlarda təcrübədən keirmişik. O zaman kəndlidən "nə üçün üsyan edirsən?" – deyə soruşanda "camaat edirdi, mən də etdim" – demişdi.

Üsyanda mündəricə olmalıdır. Mündəricəsiz üsyanla təsadüfi hadisələrin heç bir fərqi yoxdur. Xalqın ruhundakı xüsusiyyətləri də nəzərə almaq lazımdır. Təzə hökumət elan olunduğu zaman xalqın ruhunda mövcud olan hökumət əleyhdarlığı öz əhəmiyyətini itirə bilər. Çünki xalqın xasiyyəti təzə şeylə maraqlanmaqdır. Xalq hələ təzə hökumətdən öz istədiklərini gözləyəcək və ondan təzə həyat umacaqdır. Hökumət də öz növbəsində xalqın ruhunu oxşayacaq və onu inandırmaq üçün yüz faiz yol tapıncaya qədər özünü yaxşı aparacaqdır. Biz, o tərəf bu tərəfdə hökumətə qarşı qoyulan nifrətlərə arxa verə bilmərik. Bu narazılıq yalnız köhnə xanədana qarşı idi. Təzə hökumət gəldiyi zaman narazıların sayı azalacaqdır. Azərbaycanda mövcud olan başıpozuqluğu yaradanlar xəlifə tərəfdarları idi. Çünki xəlifələr səlcuq hökmdarlarının nüfuzu təsirindən qurtarmağa çalışırdılar. Xalqı səlcuq xanədanına qarşı qaldırmaqla onların süqutunu istəyirdilər. İndisə onlar artıq buna nail olduqlarından başıpozuqluğun təsviyəsi üçün çalışacaqlar. Başıpozuqluğun ikinci səbəbi də Xarəzmşahların və iranlıların Azərbaycan daxilində apardığı təbliğatdır. Atabəy Məhəmmədin Bəhram şah üzərindəki qələbəsi və Xarəzm hüdudlarına göndərdiyi qüvvətlərin nəticəsində məmləkət daxilində olan əcnəbi təbliğatına da nəhayət veriləcəkdir.

Xırda çıxışların tərəfdarı deyiləm. Əvvəla, bu çıxışlar hökuməti ayıq salır, onun böyük üsyanları boğmaq üçün hazırlanmasına səbəb olur. İkincisi də, nəhayətsiz çıxışlar Azərbaycan mədəniyyətini pozur. Kəndin və şəhərin iflas etməsinə səbəb olur. Hazırkı mədəniyyəti pozmaq və bu inkişafı dayandırmaq bizim üçün böyük bir məğlubiyyətdir. Bu mədəniyyətə xidmət edən və bunun düşmənlərinə qarşı mübarizə aparan hər hansı bir hökumət olursa – bizim öz hökumətimizdir. Əks təqdirdə biz onun düşməniyik.

Fəxrəddin Nizamiyə etiraz edərək dedi:

– Yenə də bir şey anlamadım, çünki üsyan edib-etməmək barəsində qəti bir söz demədin. "Mədəniyyətimizə xidmət edən və onun düşmənlərinə qarşı mübarizə aparan hər hansı bir hökumət olursa, o bizim öz hökumətimizdir" sözləri ilə nə demək istədiyini anlamadım.

– Burada gizlin və anlaşılmayacaq heç bir şey yoxdur. Üsyan üçün silah hazırlamaqdan əvvəl xalqın əhval-ruhiyyəsini hazırlamaq lazımdır. Hökumət məsələsinə gəldikdə, bu da aydındır. Təzə xanədan ərəb-fars nüfuzunu Azərbaycandan qovmaq üçün bizimlə əlbir işləməlidir. Çünki farslarla ərəblər birinci növbədə bizim dilimizi əlimizdən almağa çalışırlar. Onlar çox yaxşı bilirlər ki, ana dili olmayan bir xalqın milli mədəniyyəti də ola bilməz. Təzə xanədan köhnə xanədandan irs qalan casusları, yaltaqları, öz xalqını satanları ətrafına yığıb onlara istinad etməməlidir. Hökumət ancaq xalqın arzu və iradəsinə istinad etməlidir. Əgər belə olmazsa, əgər təzə xanədan köhnə xanədanın irslərindən istifadə edərsə, o zaman mən onun əleyhinə olacağam. Təzə xanədan Gəncə hakimini Arandan götürməzsə, mən bütün varlığımla çalışıb ona qarşı xalq üsyanını qoyacağam.

Fəxrəddin bu sözdə qalxıb Nizamini öpdü və:

– Mən səhərdən bəri səndən bu sözləri gözləyirdim, – dedi.

Bu söhbətlərdən sonra Fəxrəddin Əmir İnanca qarşı düzəltmək istədiyi üsyanın nədən ibarət olacağı və nə cür başlanacağı haqqında danışdı. O hələ sözünü bitirməmişdi ki, qapı vuruldu və sonra Əmir İnancın sərkərdəsi Hüsaməddin dörd nəfər silahlı nökərlə bərabər otağa daxil oldu.

Hüsaməddin:

– Salam əleyküm! – deyə baş əydi və əlavə etdi: – İcazə versəydiniz sizinlə bəzi məsələlər haqqında danışardım. Lakin şairi rahatsız edəcəyimə əvvəlcədən üzr istəyirəm. – Bunu deyərək Hüsaməddin Fəxrəddinin üzünə baxdı, heç şübhə yox idi ki, onun şairlə nəzakət dairəsində danışmasının səbəbi Fəxrəddinin orada olması idi. Fəxrəddin isə ona heç də etina etmirdi. Lakin Nizami onun cavabını verərək dedi:

– Əyləşin, siz mənim bu həqir evimə xoş gəlib səfa gətiribsiniz.

Hüsaməddin oturdu və nökərlərinə tərəf dönərək:

– Siz həyətdə durub məni gözləyin, – dedi.

Hüsaməddin oturub şairin evini və evindəki yoxsul şeyləri gözdən keçirirdi.

Əmir İnancın qızı Qətibəni özünə məftun edən şairin var-dövləti bir neçə köhnəlmiş palaz, bir dəst yorğan-döşək, kitablar, kağızlar, yemək üçün qablardan ibarət idi. Sarı samanla suvanmış olan palçıq divarlı otaqların birində böyük şairə Məhsəti xanım? o birində isə şairin özü yaşayırdı.

Hüsaməddin otaqları lazımınca nəzərdən keçirəndən sonra Nizamiyə tərəf dönüb:

– Siz mənə məktub göndərmişsinizmi? – dedikdə Nizami təəccüblə:

– Mən sizə heç bir məktub göndərməmişəm. Siz bir qoşun sərdarı, mənsə yoxsul bir şair, bizim aramızda nə kimi məktublaşma ola bilər?

Hüsaməddin əlini qoynuna atıb bir məktub çıxartdı:

– Alıb oxuyun, bu məktubu mənə yazan siz deyilsinizmi?

Nizami məktubu alıb oxudu:

"Möhtərəm Hüsaməddin!

Sizin Arandakı şöhrət və şücaətiniz mənə məlumdur. Lakin sevgi və məhəbbət işlərində nə şöhrət, nə də şücaət bir iş görər. Mən sizi xəbərdar edirəm: Əmir İnancın qızı Qətibənin yaxasından əl götürünüz. Başqasının iqbalına şərik olmaq qəhrəmanlara və şöhrətli adamlara yaramaz. Doğrudur, mən yoxsul bir şairəm, lakin xoşuma gəlməyən adamla mübarizə etməyi də bacararam".

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri