İstiqbal
Səhifə 1 / 3
Məhsəti xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o bir başı isə Gəncənin yaxınlığındakı Xanəgah kəndində dayanmışdı. Gəncə şəhəri belə bir təntənəli istiqbal mərasimini ancaq hicrətin 511-ci illərində, Soltan Səncər birinci kərə Gəncəyə gəldiyi gün görmüşdü.
İstiqbal edənlər bir neçə dəstələrə ayrılmışdı, bunların içərisində nəzəri-diqqəti cəlb edə biləcək dəstə, yalnız şairlərin, yazıçıların, oxuyan və çalanların, ümumiyyətlə incəsənət xadimlərinin dəstəsi idi.
İstiqbala gedən kişilərin hamısı atlı idi. Ən qabaqda atlı dəstələrinin önündə şair Nizami və onun uşaqlıq və gənclik yoldaşı Fəxrəddin gedirdi. Bayraq və tuğ yox idi, lakin silahlı dəstələr səfərə çıxmış bir ordunu andırırdı.
Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedir və hər kəsin nəzərini özünə cəlb edirdi.
Xalqın nəzərini cəlb edən ən maraqlı dəstə Məhsəti xanımın şagirdləri tərəfindən düzəldilmiş dəstə idi. Bu dəstədə gedənlər öz musiqi alətlərini də yanlarınca götürmüşdülər. Ud, kamança, dəf və sairə götürənlərlə bərabər Məhsəti xanımın rübailərini əzbərləyib oxuyanlar da tez-tez gözə çarpırdı. At və kəcavə ilə istiqbala gedənlərdən başqa piyada gedənlər də var idi. Yolun iki tərəfində gedən gəlin və qızların dəstələri düzləri lalə zəmisi kimi qızartmışdı.
İstiqbala gedənlər yalnız gəncəlilərdən ibarət deyildi, Tiflisin altından başlayaraq Şəmkir, Yurt, Ağsivançay, Yam və sair kəndlərin camaatı da təntənəli istiqbalda iştirak edirdi. Lakin hökumət tərəfindən düzəlmiş istiqbal dəstəsi nə qədər təntənəli olursa olsun dəstələrin dalınca gedirdi. Hüsaməddin ətrafında bir dəstə hökumət atlısı olaraq hökumətin düzəltdiyi istiqbalçı dəstəni idarə edir və xalqın Məhsəti xanıma qarşı göstərdiyi bu məhəbbətin hökumətə qarşı bir nümayiş olduğunu düşünürdü. O, Məhsəti xanımın Gəncəyə qayıtması üçün hökumətin verdiyi qərarı böyük və siyasi bir səhv hesab edirdi. Çünki bu istiqbal xalqı hökumət düşmənlərinin ətrafında səfərbər edirdi. Gəncə şəhəri tamamilə boşalmışdı. Şəhərdə qalanlar yalnız ruhanilər və onların müridləri idi. Gəncədə qalanların əksəriyyəti vaxtilə Məhsəti xanımın Gəncədən köçürülməsində iştirak edənlər, ona daş atanlar və tüpürənlər idi. Bələləri sübh namazını əda etmək üçün Səncər və Səlcuq camelərinə gedib günorta azanına qədər məsciddən kənara çıxmamışdı. Onlar kafirliyin qaranlığına bürünmüş dünyanın işıqlığa çıxması üçün Allaha yalvarır və ağlayırdılar.
Zahirdə hökumət tərəfindən təqib edilən müridlər isə evlərinə qapanaraq bu təntənənin gurultularını eşitməməyə çalışırdı.
Dəstələr irəliləyirdi. Hər kəs irəli keçərək Fəxrəddin və Nizamini görməyə can atırdı, danışıqlar ancaq bu iki simanın ətrafında gedirdi. Hər kəsin ağzından bu sözləri eşitmək olurdu:
– Birisinin kəskin şeri, o birisinin isə kəskin qılıncı vardır.
– Birisinə müharibə meydanında, o birisinə isə ədib və yazıçılar, şairlər və alimlər məclisində tamaşa edəsən.
Gəncənin bazar-dükanı tamamilə bağlanmışdı. Məlikşah meydanının ətrafındakı hücrələr, hətta Məsudiyyə karvansarasındakı alış-verişçilər də istiqbal dəstəsindədir, çünki bu dəstənin başında xalqın sevdiyi Nizami və Aran mülkünün qəhrəmanı Fəxrəddin gedir.
– Mən bunlarla bərabər ölümə gedərəm, çünki bunlar özləri üçün yox, xalq üçün canlarından keçən adamlardır.
– Onların xalq üçün canlarından keçməsi kifayət deyil, xalq da bunların yolunda canından keçməlidir.
Hökumət və əyanların ailəsinə mənsub olan taxt-rəvanlar hamıdan dalda, hökumət atlılarının mühafizəsi altında gedirdi. İçərisində dəbdəbəli xanımlar əyləşən taxt-rəvan və kəcavələrin ipək pərdələri gah qalxıb, gah da örtülürdü, oradakılar bu təntənəyə tamaşa etmək istədikləri kimi istiqbalçı gənclərdən də bir çoxu orada oturan qızları və xanımları görməyə çalışırdı. Qətibə əyləşən taxt-rəvanın yanına sürüb Qətibə ilə danışmaq istədi. Qətibə pərdəni örtmək istərkən, Hüsaməddin:
– Bir sualım vardır. Rica edirəm, pərdəni salma! – dedikdə Qətibə dayandı.
– De görüm, nə sualın vardır?
– Siz yenə də hər gün meşəyə gedirsinizmi?
– Hər gün yox, lazım olduğu zaman.
– Haman söyüd kötüyünün üstündə oturmağa davam edirsinizmi?
Qətibə son sualdan güldüyü zaman Hüsaməddin acıqlandı:
– Bu sualda gülməli nə vardır?
– Bu sualın əvvəldən axıra qədər gülməlidir. Sən elə bilirsən ki, məni maraqlandıran haman söyüd kötüyüdürmü? Mən haman kötüyü yox, onun üstündə yaradılan bədii bir dünyanı sevirəm. O dünyanı yaradan xaliqi sevirəm. Əcəba, sağlam hissedici bir qəlbə malik olan hər bir insan o bədii aləmlə maraqlanmazmı? Ondan aldığı mənəvi qidaları öz qanına buraxmazmı?
– Yetər-yetər, bu kimi sərsəriyana fikirlərə malik olduğunuz böyük ailənin şərəfi üçün bir ləkə deyildirmi?
– Hüsaməddin, çox təəssüf edirəm ki, mənim bu sevgim birtərəflidir. O mənim sevgimə müsbət bir cavab versəydi, dünyada bir kəsə məlum olmayan bizim ailəmizi bütün ölkələr tanıyacaqdı, ancaq o zaman bizə şərəfli bir ailə demək olacaqdı.
– Bu təbii bir haldır. O səni sevmədiyi üçün də sən onu sevirsən. Qızlarda bu xasiyyət bir xəstəlikdir. Həmin bu xəstəlik nəticəsində qızlar həqarətə boyun əyir, izzəti-nəfsini və şərəfini uduzur.
Qətibə yanıqlı bir halda dedi:
– Zənn edirəm ki, sənə qəti cavab verməyimin zamanı gəlmişdir. Bir kərə onu bilməlisən ki, sənə bəslədiyim ehtiram sənin atamla olan sıxı əlaqənin səbəbinədir. Əks surətdə sənin qabalıqlarını heç bir zaman həzm edə bilməzdim. Sən elə düşünmə ki, bu ehtiram səninlə ailə qurmaq düşüncəsinə kömək edə bilər. Qızlar sevdiyi üçün xəstə hesab olunmur, səlahiyyətli və məşhur adamları sevmək, yüksəkliyə çatmaq üçün atılan birinci addımdır. Həqarət və şərəfsizlik, qadının istehzalı gülüşlərini sevgi nişanələri kimi təbir etmək imkan xaricində olan işləri əldə etmək və xəyalpərəstlik etməkdən ibarətdir. Sən o şairi çox da həqir hesab etmə; o, gəncdir, fəqət bizim kimi gənclərdən deyil. O, gəncdir, lakin bir alim qədər yaşlıdır. Sən onunla oturub danışmamışsan, onun simasında sənin və mənim şüurumun əhatə edə bilmədiyi bir əzəmət vardır. Onun həyata aid düşüncəsi, onun təbiətə dair nəzəriyyələri, onun fəlsəfi görüşləri ölçülməyəcək qədər böyükdür. Onun təbiətindəki kübarlıq, onun başında və fikrində yer tutan əyilməzlik dünyanın heç bir qəhrəman və heç bir hökmranında ola bilməz. O sadə bir şair deyil, o həyat təcrübələrini dərk etmiş olan və insanların ruhunu oxuya bilən bir ruhiyyatçı qədər mahirdir. Sənə gəldikdə sadə, savadsız, keçmişi unudan, gələcəyi xatırlamayan bir adamsan. Sən bir əsgərsən, tək bir qılıncın vardır. O kimi qılınclar isə bir hökmdarın kölgəsində işlədiyi zaman insana ad qazandıra bilər. Əks təqdirdə o sadə bir dəmirdir. O pas alar, qaralar, korlaşar, dəmirlik qiymətini də itirə bilər. Lakin sənin həqir saydığın gənc şairin yaratdığı şeirlər xalqın dilində əzbərləndiyi və oxunduğu üçün getdikcə seyqəllənir və parlayır. Bunun üçün də sənin o şairə ədavət bəsləməyin artıqdır. Çünki o gənc heç bir vaxt mənə sevgi elan etməmişdir. Bir də budur ki, əbəs yerə mənim sevgimə mane olursan. O şair məni rədd etsə belə, sən mənim sevgimlə xoşbəxt ola bilməyəcəksən. Hələlik o məni sözləri və hərəkətlərilə təhqir etmişdir. O, mənim qəlbimi sındırmamışdır. Sənin onu cəzalandırmaq fikrin də boş fikirdir, çünki onun arxasında Aran məmləkətinin məşhur qəhrəmanı Fəxrəddin durmaqdadır. Bəlkə də, bir gün gələcəkdir ki, mənim özüm o şairi cəzalandırmağa məcbur olacağam, o zaman mənim bu fikrimə kömək etmək istəsən, təşəkkür edirəm. Lakin hazırda onu təhqir etmək, məni təhqir etmək kimidir. Sənə bir kərə demişəm, yenə də deyirəm: qəlbin hansı bir qızı sevirsə, məndən gizlətmə. Sevdiyin harada və kimin əlində olursa, ələ gətirməyi öhdəmə götürürəm.
Hüsaməddin öz tövrünü dəyişərək:
– Məni öz sözlərinizlə təhqir etməyin. Mən xəyalpərəst və istehzalı gülüşlərə sevgi mənası verən adamlardan da deyiləm. Mən sizin öz sevgi işarəsi verən hərəkətlərinizə və Əmirin mənə verdiyi vədlərə əsasən öz sevgimi elan etmişdim. Mən sizin ehtiramınıza da möhtac deyiləm. Sizdən məni evləndirməyi də rica etmirəm. Məni Fəxrəddinlə qorxutmayın. Hərgah mən o şairi məhv etmək istəsəm, Fəxrəddinləri hesaba almaram. Sağlıq olursa, kimin adlı-sanlı qəhrəman olduğunu görərsiniz. Hələlik Azərbaycan məmləkəti Hüsaməddini tanıyan qədər Fəxrəddini tanımamışdır.
Qətibə etidalını pozmayaraq Hüsaməddinin cavabını verdi:
– Mən sənin qəhrəmanlığını əlindən almaq və inkar etmək istəmirəm, lakin sənə demək istəyirəm ki, bir qəhrəman alınmaz bir qalanı fəth edə bilərsə də, bir qəlbi fəth edə bilməz. Xüsusən bir qızın, hətta səni sevməyən bir qızın qəlbini... Hələlik sənin qəhrəmanlıq tarixinin səhifələrində qalalar fəth etmək hadisələri də qeyd olunmamışdır. Ağlını başına yığ, Səba xanımın dediyinə görə şairin sevdiyi Rənanı sən də sevirmişsən. Mən Səba xanımı bu işin üstünə salaram. O qız hər şeyi bacarar, qızın ata-anasını da razı edər.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-istiqbal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..
Üçüncü pərdəSəttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır.*Səttar xan** — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur.
Dördüncü pərdəBöyükxanın qərargahı. Zəngin bir şərq salonu. Böyükxan, əlində bir neçə məktub, salonu dolanır və öz-özünə deyir:*Böyükxan** — Şuarın vaxtı keçib, indiyə kimi deyirdik ki, Azərbaycan xalqı şahpərəstdir, amma indi «Rədd olsun Qacar xanədanı!» səsindən bütün Təbriz titrəyir.
Beşinci pərdəZeynəbin evi. Ev əşyası sadə və yoxsuldur. Gecədir. Top səsləri eşidilir. Dilrüba Zeynəbin oğlu Məcidi qucağında gəzdirir, lay-lay deyir.*Dilrüba**