Zeynəbin evi. Ev əşyası sadə və yoxsuldur. Gecədir. Top səsləri eşidilir. Dilrüba Zeynəbin oğlu Məcidi qucağında gəzdirir, lay-lay deyir.

Dilrüba

Laylay dedim yatasan,
Gül yastığa batasan,
Gül yastığın içində
Şirin yuxu tapasan.

(Evi dolanır, qucağından uşağı yırğalayır).

Nina (tələsik daxil olur). — Evdə kim var?

Dilrüba (kənara) — Yenə odur. Yenə mənim qəlbimi yaraladı.

Nina (cavab gözləyici halda ona baxır). — Nə danışırsan?

Dilrüba — Sənə kim lazımdır?

Nina — Mən Qüdrəti görmək istəyirəm.

Dilrüba — Allahı sevirsən, get, Qüdrətdən əl çək və mənə rəhmin gəlsin.

Nina — Mənim səninlə heç bir işim yoxdur. Ancaq Qüdrət... Bilmirəm nə üçün tapşırığıma əməl etmədi. O tezmi gələcək?

Dilrüba — Xeyr. O, burada yaşamır.

Nina — O, mənimlə burada görüşməli idi. (Bir az Dilrübaya baxır və gülür. Təəccüblə.) Heç bir şey anlamıram. (Gedir).

Dilrüba (bir qədər durub Ninanın dalınca baxır). — Qızların arzuları çürük, oğlanların sevgiləri isə yalan. Mən gecə-gündüz Qüdrət deyə düşünürdüm. Deyirdim ki, Bakıdan gələr, mənim üçün xoşbəxtlik gətirər. O qayıdıb gəldi. Şadlıq əvəzinə çəkilməz bir kədər gətirdi. Bir rus qızını da yanına salıb gəldi.

Zeynəb (silahlı daxil olur) — Dilrüba, əzizim, yorğun görünürsən. Yoxsa uşaq səni yorub?

Dilrüba — Yox, Zeynəb, elə demə! Mən yalnız buna baxdığım zaman kədərlərimi unuduram.

Zeynəb (silahını çıxarır) — Dilrüba, bu uşağı nə qədər sevdiyimi bilmirsən. Mən bunu yoxsul günümdə doğduğum kimi, qorxulu bir gündə də yetim qoyub gedəcəyəm.

Dilrüba (uşağı bağrına basır). — Bu nə sözdür, Zeynəb? Sənə nə olub? Yoxsa Cavad ağaya...

Zeynəb (qatarı çıxarıb mıxdan asır). — Dilrüba, ölüm-dirim vuruşmaları gedir. Bir şəhərə yaxşı bax. Bizimkilər o odların-alovların içindədir.

Top səsləri gəlir.

Dilrüba (şəhərə baxır). — Ah, nə böyük dəhşət? Heç bilmirəm onun başına nə gəldi?

Zeynəb — Azadlıq qansız və qurbansız qazanılmaz. Bu gün səngərlərimizdə iyirmiyə qədər qız-gəlinin son sözlərini eşitdim. Bizim qələbəmiz və Azərbaycan xalqının səadəti o alovların içərisindən süzülüb çıxır.

Dilrüba (uşağı Zeynəbə verir). — Belə bir oğlu olan ana xoşbəxtdir, Zeynəb!

Zeynəb — O xoşbəxtliyi hiss edirəm, lakin məndən sonra bu uşağa kim layla deyib, kimlər buna ana nəvazişi göstərəcəkdir?

Dilrüba (ağlayır) — Bu fikirləri burax, Zeynəb, mən ki ölməmişəm, mən bu uşağı alovların içərisindən çıxarmışam.

Zeynəb (uşağı alır):

Dan yeri söküləndə,
Zülf üzə töküləndə,
Həyat təzədən gülər
Körpə uşaq güləndə.
Laylay balam, laylay,
Arzum, ümidim laylay.

Eh, Dilrüba sən özün də ana olacaqsan. Sənin də öz balan olacaq.

Dilrüba (kədərli) — Ah, Zeynəb sən nələri düşünürsən? Mən də əvvəl sənin kimi düşünərdim. O Bakıdan qayıtdı, mənim düşüncələrim məhv oldu. Arzularım bir xəyala döndü.

Zeynəb (təəccüblə) — Nə olub axı, bu kədərin səbəbi nədir?

Dilrüba — Səbəbini sən gözəl bilirsən.

Zeynəb — Mən nəyi bilirəm?

Dilrüba — Sən onun bir rus qızı ilə gəldiyini bilə-bilə nə üçün məndən soruşursan? Qüdrət hər gün onunla görüşmürmü? (Ağlayır.) O nə üçün məni aldadır? Mənim günahım nədir?

Zeynəb (uşağı buraxıb, Dilrübaya yaxınlaşır). — Bu nə deməkdir? A qız, mən bunları haradan bilirəm?

Dilrüba (Ağlaya-ağlaya) — O buna haqlıdır. O qız gözəldir, həm də varlıdır. Daş-qaş içindədir. Amma mən bir kəndli qızıyam, bir yoxsulam.

Zeynəb (onun saçlarını sığallayaraq) — Bu cür fikirləri başından at. O səni sevir, sənin bir telini dünyalara dəyişməz.

Dilrüba — O bunları ancaq Bakıdan yazdığı məktublarda deyir. Görünür ki, o cür sözləri hər qıza demək olarmış.

Zeynəb — Mən səni Qüdrətdən də artıq sevirəm. O sənə xəyanət etsə, mən onu bağışlamaram. Lakin inana bilmirəm.

Dilrüba (bir məktub çıxarır). — Buyur, inanmırsansa, indi inan, dünən kağızı gətirən haman rus qızı idi. Yarım saat əvvəl yenə gəlmişdi. Görünür mən burda onların xoşbəxtliyinə mane oluram.

Zeynəb — Rus qızı?

Dilrüba — Bəli rus qızı, özü də dünən dedi ki, kağızı öz əlinə tapşırarsan.

Zeynəb — Ver bura.

Dilrüba — Yox, dedi ki, öz əlinə tapşırarsan.

Zeynəb — Bu da mənə bir dərd oldu. (Qüdrətin şəklinə baxır.) Bunu kimə demək olar? Özün inqilabçı ola-ola, bir qızı burada çidarlamısan, birisini də Bakıdan yanına salıb gətirmisən.

Dilrüba — Kim deyir ki, insanın xasiyyətini üzündən oxumaq mümkündür? (şəklə) Üzünə baxırsan, mələk kimi bir insandır. Gözlərindən mərhəmət və mehribanlıq yağır. Ürəyi isə başqa cürə imiş.

Zeynəb — Sən qəm yemə, mən Qüdrətlə çox ciddi danışacağam.

Dilrüba — Lazım deyil, bəlkə də onun xoşbəxtliyi haman rus qızının taleyinə bağlıdır. (Qapı döyülür, Zeynəb gedir, Dilrüba məktubu qoynundan çıxarıb baxır). Sevgini adama acı dərman kimi içirmək olmaz ki... Əvvəlcə mən onu ayrı cürə sevirdim, indi isə, bir inqilabçı yoldaş kimi sevəcəyəm.

Qüdrət Zeynəb ilə bərabər içəri girir. Dilrüba məktubu gizlədir.

Qüdrət — Salam, Dilrüba.

Dilrüba — Salam.

Qüdrət (silahlarını çıxarır) — İki gündür boğazımdan su da getməyib. Düşmən topları Təbrizin daş-torpağını bizim başımıza tökdü. (Zeynəbə) Bacı bir az su gətir üzümdəki toz-torpağı yuyum.

Zeynəb (e’tinasız) — Üzündəki ləkələri təmizləmək mümkündür, amma vicdanındakı ləkələri təmizləmək çətindir.

Qüdrət (təəccüblə baxır) — Nə olub, Zeynəb? Bu nə deməkdir?

Zeynəb — Elə bir iş tutmusan ki, deməyə də utanıram.

Qüdrət — Nə iş tutmuşam? Hansı hərəkətim səni utandırır?

Zeynəb — Tayfamızın adını batırma. Sən bilirsən ki, mən bu qızı yüz canavarın ağzından qurtarmışam.

Qüdrət — De görüm nə olub axı? Yoxsa səhərdən bəri cəbhədə vuruşub doymamısan? Olmaya evdə də bir cəbhə açmaq istəyirsən?

Zeynəb — Bu cürə sözlərlə bizi aldada bilməzsən. Qız beş ildir sənin yolunu gözləyir. Sənsə başlamısan oyun çıxarmağa.

Dilrüba su tökür, Qüdrət əllərini yuyur.

Qüdrət — Başa düşmürəm. Necə aldatma, nə oyun? Sözün acığını deyə bilməzsənmi? Nə qız?

Zeynəb — Sən bir papağını qabağına qoyub fikirləş, gündə bir qızın ətəyindən tutmaq namuslu oğlanlara yaraşmaz. Bu işi Sərdar eşitsə sənə nə deyər?

Qüdrət — Dilrüba, and içirəm, cəbhələrdə ölsəm də, sənin sevginlə öləcəyəm.

Dilrüba — Mən səni həmən qızla görməsəydim, bəlkə də andına inana bilərdim, o qız artıq burada yaşamaq istəyir. (Məktubu göstərir). Bax, qız bu məktubu da sənə gətirmişdir.

Zeynəb — Buyur indi şübhə qalmadı ki?

Qüdrət (məktubu alıb düşünür). — Dünyada şübhədən qorxulu bir düşmən ola bilərmi? *(Məktubu oxuyub, başını tutur) — Dilrüba, ah, belə bir məktubu iki gündən bəri saxlamaq olarmı? Heç bilmirəm nə cavab verəcəyəm!

Zeynəb — Deyəsən görüşün baş tutmayıb, ver bura, aparıb oxudacağam!

Qüdrət — Zeynəb məni anla, sən gəl bu qızı da şübhəyə salma, bu məktubu hər adama oxutmaq olmaz.

Zeynəb — Gördün ki? Düz-əməlli olsa idi, bizə də oxuyardın!

Qapı döyülür, Zeynəb qapıya gedir.

Dilrüba — Mən heç bir məktubla maraqlanmıram, artıq həqiqət mənim üçün aydındır.

Qüdrət — Dilrüba, qısqanclıq məhəbbəti parçalamaq üçün amansız bir qılınçdır.

Dilrüba — Ürəyi olan bir qız qısqanmamağı bacararmı?

Zeynəb — (Tütünçüoğlu ilə bərabər gəlir. Dilrubanı şeylərini yığarkən görür) Dilrüba, nə eləyirsən?

Dilrüba — Gedirəm, ona mane olmaq istəmirəm.

Zeynəb — Sən niyə gedirsən, qoy səni istəməyənlər getsin. (Şeyləri alıb yerə qoyur).

Qüdrət — (Tütünçüoğluna) Qərargahda nə var, nə yox?

Tütünçüoğlu — Düşmən Xiyabanda və Quruçayda bizim müdafiə xəttini yarıbdır.

Qüdrət — (Tütünçüoğluna) Əsəd, sən bu saat Sərdarın yanına qayıt. (Yavaşdan). Bu məktubu Səttar xanın öz əlinə tapşır.

Zeynəb — Bəhanə ilə məktubun başını əkmə, göyə də çıxsan, yerə də batsan gərək mən o məktubdakını biləm.

Dilrüba — (şeylərini toplayır və Tütünçüoğluna) Əsəd qardaş, gedirsənsə, məni də Maralan məhəlləsinə qədər yola sal.

Qüdrət — (onun şeylərini alıb yerə qoymaq istəyir) Sakit ol, Dilrüba, gecədir, göydən qurğuşun yağış kimi yağır.

Qapı vurulur, Qüdrət qapıya gedir. Qüdrət Nina ilə bərabər danışa-danışa daxil olur.

Nina — Qüdrət, bəs məktub sənə yetişmədimi? Nə üçün əməl etmədin?

Dilrüba — (kinayəli) Nigaran qalma, sənin məktubunla o qədər də maraqlanan yoxdur.

Nina — (təəccüblə) O nə demək istəyir?

Zeynəb — (durub Ninanı qucaqlayıb öpür) Ax, Nina bacı, nə tez bizi yadından çıxardın?

Tütünçüoğlu — (Ninanın əlini sıxır). Valiko yoldaşdan həmişə səni soruşuram.

Nina — Nə edim? Konsulxanaya işə girəndən, yazıq Valiko ilə heç görüşə də bilmirəm.

Qüdrət — Əsəd, mən burada Cavad ağanı gözləyəcəyəm. Sən məktubu apar, gecikdirmə.

Zeynəb — (Ninaya) Tanış ol, Qüdrətin yoldaşıdır. (Dilrubanı göstərir).

Nina — (onun əlini sıxır) Nina Nikitina.

Zeynəb — (Dilrubaya) Valiko yoldaşın qadınıdır, bizim yaxın dostumuzdur. Özü də inqilabçıdır.

Nina — Xoşbəxt olsunlar. Nə qədər də gözəldir. Amma bilmirəm nədəndir ki, qara gözlü qızların hamısı acıqlı olurlar.

Qüdrət — O həm acıqlıdır, həm də qısqancdır. Məktubun yubanmasına səbəb də budur. Bir qədər də yubansa idim...

Nina — Bəs belə de... deyirəm axı, bu qız nə üçün mənə acıqlı cavab verir. Gəl yaxından tanış olaq. Mən Qüdrətin əqidə yoldaşıyam.

Zeynəb — (qəhqəhə ilə gülür) A qız, yoxsa Nina bacıya qısqanırdın?

Dilrüba — (sevindiyindən Ninanı öpür). Məni bağışla, mən səninlə qaba rəftar elədim.

Qüdrət — Amma mən nə səni, nə də bacımı bağışlamayacağam.

Cavad ağa — (qapını açıb içəri girir) Gecəniz xeyir. Sizin dalınızca gəldim. Quruçay tərəflərində vəziyyət qorxuludur. Düşmən o tərəflərə güclü qoşun dəstələri gətirir.

Nina — Elə mən də bunun üçün gəlmişəm. Konsulxanada olan məlumata görə hökumət qoşunu Maralan və Quruçay tərəflərindən şəhərə soxulacaq.

Qüdrət — (Zeynəb və Dilrübaya) Bu gecə başqa gecələrə bənzəməz. Siz bu gecə evdə oturun.

Cavad ağa — Mən də belə məsləhət görürəm.

Zeynəb — Uşağın yanında qalmağa adam tapmışam. Ölsək də, qoy bir yerdə ölək.

Qüdrət — Özünüz bilin, (Cavad ağaya) Düşmən Qara Məlik məhəlləsinə soxulub. Sən o tərəflərə getməlisən, vəziyyət qorxuludur. Sərdar bu vəzifəni sənə həvalə edib.

Cavad ağa — Mən hazıram.

Qüdrət — O tərəflərdəki vəziyyəti öyrənib qayıtmalısan, yubanma!

Cavad ağa — Bu saat!

Qüdrət beşiyin yanına gəlib yavaşca uşağın üzündən öpür, getmək istərkən Dilrüba onu dayandırır.

Dilrüba — Dayan, mən də gedirəm (libasını dəyişmək üçün o biri otağa gedir).

Nina — Birlikdə gedək. Mən də Valikonu görmək üçün qərargaha gedəcəyəm.

Qüdrət — Zeynəb, uşağı tək buraxma.

Dilrüba gəlir. Qüdrət və Nina vidalaşıb gedirlər.

Cavad ağa — Zeynəb, bilirəm, mən desəm də sözümü eşitməyəcəksən. Amma oğlumu sənə tapşırıram. Vaxtdır, mən gedirəm.

Zeynəb — Hansı səngərdə olacaqsan?

Cavad ağa — Quruçay səngərlərində! Zeynəb, mənim başıma bir iş gəlsə, sən uşağı bir təhər yaşatmalısan.

Zeynəb — O fikirləri başından at, əzizim.

Cavad ağa — (gəlib uşağın üzündən öpür, saatını qoynundan çıxarır) Zeynəb, al bu saatı, Məcid böyüyəndə ona verib deyərsən ki, atan bağışlayıb, sənə yadigardır. Deyərsən ki, atana da Səttar xan bağışlamışdı.

Zeynəb — (uşaq ayılır):

Laylay beşiyim laylay,
Evim-eşiyim laylay.
Sən get şirin yuxuya.
Çəkim keşiyin, laylay.

Cavad ağa — (gedib, yenə də beşiyin yanına qayıdır) Yat oğlum, yuxun şirin olsun! Sevimli balam, yat! Sənin xoşbəxt yaşayışını tə’min etməyi bacarmadımsa da, minlərcə sənin kimilərin səadəti uğrunda ölümə gedirəm.

Zeynəb onun boynunu qucaqlayır, öpüşürlər.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

I. Qonaqlar

Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.

8 dəq
II. «Metropol»

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

19 dəq
III. Fabrik-zavod rayonuna

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

39 dəq
IV. Brilyant sırğalar

Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.

17 dəq

Başqa şairlərin şeirləri