IV. Brilyant sırğalar
Səhifə 1 / 3
Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.
Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
O, mənzilin qapısını daldan qapadı, Esterin cibindən götürdüyü məktubu oxumağa başladı.
Leyla bu məktubla tanış olmamışdan qabaq Esterin qəlbində başqa sevginin mövcud olduğundan xəbərdar deyildi.
Məktubu yazan Esterin sevgilisi Vahan idi.
«Əziz və uşaqlıq yoldaşım Ester!
Sən gərək mənə son məktubunu yazmayaydın, o məktubla mənim qəlbimi sındırdın, daha açığı məni təhqir etmiş oldun.
Əcəba, sən məni uşaqlıqdan tanımırsanmı? Vahan nə qədər yoxsul işçi olur-olsun, başqasının köməyinə etina etməz. Şübhəsiz ki, sən bunu, məni təhqir etmək üçün yazmırsan, işçilərin ağır vəziyyətini anlayaraq yazırsan, buna görə də mən sənə təşəkkür etməyə bilmərəm.
Lakin sən mənim nə qədər qara günlər keçirdiyimi, aclıq və ehtiyaclarla çarpışdığımı, buna baxmayaraq təslim olmadığımı bildiyin halda, mənə pul təklif etməməli idin. Sən bilirsən ki, mən işçiyəm, lakin Nobel işçiləri kimi işçilərdən deyiləm, mən zəhmət və ehtiyac içində bərkimişəm.
Mən Bakı işçilərindən ötrü gəlmiş taxılları zorlayıb aparmış olan Nobel işçilərini tənqid etdiyim halda öz qarnımın, öz ehtiyacımın qeydinə qalsam eyib olmazmı? Gözəl Ester, yoldaşlarım necə yaşayırsa, mən də elə yaşamalıyam.
Ester, bir də sən özün də atanın əlinə baxırsan, sən özün işləsəydin, uşaqlıqda keçirdiyimiz yoldaşlığın gənclikdə də davam etdirilməsinə icazə versəydin, hərgah sən yüksək sarayları, zər pağonları buraxıb mənim mənsub olduğum əməkçilər içərisinə gəlsəydin, mən sənin zəhmətindən hasil olan qəpiyi milyon sayar və öz zəhmət haqqım kimi sərf edərdim. Lakin indi sən hər nə olursan ol, yenə də daşnaq ailəsinə mənsubsan və mən səndən maddi yardım almağa razı ola bilmərəm.
Ester, indiyə qədər sənə yazmağa cür'ət etmədiyim bir məsələ haqqında da yazmaq istəyirəm.
Böyük bir arzum var ki, o da səni daşnaq ailəsindən ayırmaq və təmiz vicdanını gələcək ləkələrdən müdafiə etməkdən ibarətdir. Belə olursa mən özümü üzərimə atılan töhmətlərdən qurtara bilərəm, çünki məni daşnaq qızı ilə dost olduğum üçün töhmətləndirirlər. Mən istərdim ki, sən daşnaq olmadığını və əməkçilərin xeyirxahı olduğunu işdə göstərəydin.
Bu barədə lazımi qədər düşünməli və məktubun cavabını göndərməlisən.
Sənin səmimi yoldaşın, Vahan.
10 iyul, 1918-ci il.
Leyla məktubu oxuduqdan sonra öz-özünə: «Yanılmışam,—dedi,—bunu təqib etməlidir, özünü qayət məzlum və sadə göstərən bu qız bolşeviklərlə əlaqədardır; doğrudan da Bakı bolşevik şəhəri imiş».
O, məktubu gizlətdikdən sonra yatağına uzanaraq düşündü və özü də hiss etmədən danışmağa başladı. «Raya da, Ester də şübhəlidirlər,—dedi,—Ester bolşeviklər əlindədir. Rayanı isə tuta bilmərəm, çünki bütün yazıları stenoqrafiya cizgilərindən ibarətdir. Bundan da mənim başım çıxmır, bir kəsə də göstərə bilmərəm, çünki Rayanın şübhəli bir qız tanınması mənim özümü də şübhəli bir qız kimi tanıdacaqdır».
Leyla yatağında düşündüyü zaman xidmətçi qadın içəri girərək vanna hazır olduğunu söylədi.
...O, vannadan çıxıb tualetini düzəltmiş, gəzmək libasını geymiş və Rayanı təqib üçün «Ərdəhan» hərbi gəmisinə getmək və Rayanın İvanovla olan sıx əlaqəsi haqqında bir şey öyrənməyi qərara almışdı. Qapı vuruldu, Leyla xidmətçi qadını çağıraraq:
– Get qapıya, Sadovski cənablarından başqa kim olursa, «xanım xəstədir, heç kəsi qəbul etmir, tanışları qəbul etmək barəsində sabah qapıda elan yapışdırılacaqdır»—deyərsən.
Bunsuz da Leyla xanım, qapının vuruluşundan, Sadovskinin gəldiyini hiss etmişdi. Xidmətçi getdikdə Leyla öz-özünə: «Bəli, yenə də çürük sevgi dastanlarını eşitməyə hazırlaşmalıyam»—dedi.
Sadovski gül mağazası xidmətçisi çopur Arşak ilə bərabər içəri daxil oldu, eşik otağda, qəzetlərlə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. Sadovski əlini cibinə ataraq on manat pul çıxarıb Arşaka verdikdə o, bir pula, bir də Sadovskiyə baxıb:
– A başına dönüm,—dedi,—indi bu pula nə verirlər? Bir girvənkə fındıq da verməzlər.
Sadovski məsələni Leyla xanımın yanında dərinləşdirmək istəmədiyindən bir onluq da əlavə etdi. Çopur Arşak isə Sadovskini lazımi yerində yaxaladığından:
– Bircə onluq da xanımın xatirinə ver,—dedikdə Sadovski ilan kimi qıvrılaraq heç bir söz demədən on manat da verdi. Sadovski hələ eşik otağda durmuşdu, çünki Leyla xanım, öz ziyarətinə gələnləri bir necə dəqiqə eşik otağda gözlətmədən və sustaltmadan qəbul etməzdi.
Xidmətçi qadın Sadovskiyə yanaşaraq:
– Xanım içəri otağa təşrif gətirmənizi rica edir,—dedikdə, Sadovski gül dəstələrini götürüb içəri otağa daxil oldu və onları Leyla xanımın ağ ipəklərdə titrəşən döşlərinə tərəf uzatdı.
Leyla xanım gül dəstələrini qoxulayıb stolun üzərinə qoydu:
– Mənə qarşı səmimiyyətiniz artıq bir fədakarlıq şəklini almışdır,—dedi,—zənnimcə ifrat dərəcəyə varan bu səmimiyyət başqalarında şübhə oyanmasına səbəb ola bilər.
Sadovski heç utanmadan soruşdu:
– Əcəba, başqaları bu şübhədə haqlımıdır?
Leyla cavab verdi:
– Əlbəttə haqlıdırlar, çünki sizin bu əlaqəniz, dostluqdan artıq, sevgi əlaqəsinə daha yaxındır. Siz bilməlisiniz ki, mən öz haqqımda, başqasının şübhəsini oyadan hərəkətlər etməmişəm, çünki mən Dehli şahzadəsi və İngiltərə kralının fəxri yaveri olan Bahadır xanın familiyasını daşımağa hazırlaşıram. Buna görə də mən və elə də siz, öz dostluğumuzu davam etdirərkən, çalışmalıyıq ki, beynəddüvəl bir ixtilaf çıxmasın.
Sadovski özünü itirmədən Leyla xanıma bir sual verdi:
– Əcəba, siz cənab Bahadır xanla ailə düzəltməyə söz verirkən, qəlbinizidəmi ona vermisiniz?
– Qəlb veriləsi şey deyildir, səmimi bir söz kifayətdir. Zatən səmimi sözün özü də sevgi hisslərini bəsləyən bir qəlbin məhsuludur.
Sadovski gül dəstələrindən başqa kiçik bir bağlama da gətirmişdi. O, bağlamanı açdıqda Leyla xanım gözünün ucu ilə ona baxır və əllərinin titrəməsinə qəlbən gülürdü.
Nəhayət uzun həyəcan keçirdikdən sonra Sadovski bağlamanı açdı və onu Leyla xanıma göstərərək:
– Əcəba, Leyla xanım mənim bu kiçik hədiyyəmi qəbul edəcəkdirmi?—dedi.—Bu hədiyyəm Leyla xanım üçün layiqsiz bir hədiyyə olsa da, onu təqdim edən zatın xanıma qarşı bəslədiyi hörmət olduqca böyükdür.
Sadovski bu sözdən sonra yaşıl məxmər üzlü balaca qutunu açaraq 20 karatlıq brilyantlardan düzəldilmiş bir cüt sırğanı göstərib sözünə davam etdi:
– Siz olduqca mədəni bir xanımsınız, zənnimcə böyük yalvarışlarla təqdim edilən kiçik arzuları rədd etməzsiniz.
Leyla cavab verdi:
– Buyurun, cənab Sadovski bununla nə demək istəyir?
Sadovski:
– Bu sırğaları, öz əlimlə gül yarpağından incə olan qulaqlarınıza asmaq arzusundayam,—dedikdə, Leyla xanım qəhqəhə ilə güldü:
– Hərgah cənab Sadovski bununla maraqlanırsa, heç də mane deyiləm,—dedi.
Sadovskinin bütün vücudu titrədi, nə edəcəyini bilmədi və Leyla xanımın qulaqlarındakı qiymətli zümrüd sırğaları çıxarıb brilyant sırğaları onun yerinə taxdı.
Sadovski sırğaları Leyla xanımın qulaqlarına taxdıqdan sonra onun saçlarını kənar edərək üzündən öpmək istədikdə, dodaqları Leyla xanımın əlinin dalısına dəydi və belə bir səs eşitdi:
– Siz hələ bu səlahiyyəti qazanmamışsınız.
Bu səs Sadovskini sarsıtdı, o zərif sillə, menşevik rəhbərinin özünə məxsus şərəfsizliyini bir daha meydana çıxarmış oldu, o ağ dəsmal ilə üzünü silərkən, öz-özünə Leyla xanımın dediklərini təkrar elədi: «Siz hələ bu səlahiyyəti qazanmamışsınız».
O, nə qədər özünü itirsə də, yenə onda gələcək üçün bir ümid oyanır və «səlahiyyət» qazanacağına əmin olurdu.
O, yerində donmuşdu, nə kirpik çalır, nə də hərəkət etməyi bacarırdı.
Leyla xanım isə qara gözlərinin ucu ilə baxaraq, onun çaşdığını, heç nə etmək və demək bacarmadığını, çıxılmaz bir vəziyyətdə qaldığını gördükdən sonra gülərək dedi:
– Əcəba, siz mənim üçün sırğadan başqa bir hədiyyə düşünə bilməzdinizmi? Siz bu sırğaları, öz məğlub olmuş məqsədinizi həyata keçirmək üçünmü intixab etdiniz?!
Sadovski, ancaq bu sözlərdən sonra göz qapaqlarını qaldırıb Leyla xanımın üzünə baxdı və onda bir təbəssüm əlaməti göründüyündən vəziyyətini dəyişdi. Onun qəlbi ani qorxu hasarlarını yıxaraq, əski əməllərin üzərinə qayıtdı, o öz üzünə dəyən sillənin hərarətini də menşeviklərə məxsus bir şərəfsizliklə unutmuş oldu.
Sadovski öz-özünə: «Əcəba, onun nazik barmaqlarından aldığım zərbə mənim üçün bir səadət deyilmi,—dedi.—Əcəba, bu sillə sevimli bir qızın incə şıltağı deyilmi? Sevgi qarşısında duran hər bir kəs izzəti-nəfs və şərəf məsələsini əsas tuta bilərmi? Əlbəttə yox, əlbəttə yox!»
Sadovski bu düşüncələrlə də Leyla xanıma yanaşmaq istəyirdi ki, nəhayət Leyla:
– Siz mənə acıqlandınızmı? Doğrusunu buyurun, acıqlandınızmı?—deyərək əlini onun çiyninə qoydu.
Sadovski xoş xəbər almış bir adam kimi:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-iv-brilyant-sirgalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Başqa şairlərin şeirləri
Nə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
چه جرم است این بر آورده سر از دریای موج افگن؟به کوه اندر دمان آتش به چرخ اندر کشان دامن
YorğanÇün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
Sultan Səncər və qarıMövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”poemasından alınmışdır