IV. Brilyant sırğalar
Səhifə 3 / 3 · 67%
– Əsəbiləşməyin,—dedi,—mən hər nə danışıramsa işimizin xatirəsi üçün danışıram, eyni zamanda sizin əqilli, iradəli, sağlam düşüncəli bir qız olduğunuzu da bilirəm. Lakin bunlar hamısı mənə Sadovski ilə olan əlaqənizə soyuqqanlılıqla baxmaq icazəsini vermir.
Qısqanmaq xüsusiyyətinə malik olmayanlar, namus və qeyrət daşımaq qabiliyyətinə də malik ola bilməz. Mən bir yunanıstanlı olsam da, türk qızının əcnəbilərlə olan şübhəli əlaqəsinə soyuqqanlı baxa bilmərəm. Hər halda mənim varlığımda qısqançlığmı, namusmu, hər nə olursa-olsun özümdə təyin edə bilmədiyim bir qüvvə hökm sürməkdədir. Siz isə mənim əcnəbi olduğumu nəzərə alaraq sözlərimə əhəmiyyət vermək istəmirsiniz. Mənim sizə qarşı sıxı əlaqəm, özümə olan hörmət və əhəmiyyətin azalmasına səbəb olur. Hərgah mən, bir türk olsaydım, sizin yanınızda Sadovskilərdən alçaq mövqe tutmazdım.
Yusifidis bu sözlərini dedikdən sonra bir neçə saniyə düşündü və yenə də öz-özünə:
– Bilmirəm, bəlkə də nüfuzlu olmaq üçün ədəbsizlik, zənginlik və dini dəyişmək çox rol oynayırdı,—dedi.
Leyla xanım yenə də sakit və soyuqqanlılıqla gülümsədi.
– Əziz məsləkdaşım!—dedi.—Bunların heç birisi lazım deyildir. Sizdən nə zənginlik, nə də tərbiyəniz xilafına olan ədəbsizlik tələb olunur. Gəliniz biz ikimiz də, məsələnin həllini istiqbala tapşıraq, məsələ sevgi barəsindədirsə, mən sizi bir yunanıstanlı olduğunuz halda da sevə bilərəm. Bunların hamısı düzələsi işlərdir, indi siz stol başına çəkilərək dediklərimi Türkiyə ordusu komandanlığına yazınız.
Təbib bu sözdə Leyla xanımın nəbzini buraxdı, lakin onun barmaqlarının yeri, Leyla xanımın incə biləklərində bir fındıq yeri qədər ləkə yaratmışdı.
Yusifidis stol başına keçərək, Leyla xanımın dediklərini yazmağa başladı.
«Möhtərəm əfəndim!
Bolşeviklər süqut etmək üzrədir. Onlar nə qədər çalışqan, nə qədər çətinliklərə dözən, hətta aclığı nəzərə almayaraq mübarizə aparan bir qüvvə olsalar da, onlara qarşı qoyulan menşevik təbliğatı qalib gəlmək üzrədir.
Menşeviklər Bakıda baş vermiş mart hadisəsinə tamamilə başqa rəng verməklə ona erməni-müsəlman qırğını və milli müharibə adı qoymağa müvəffəq olurlar. Bu təbliğat haman hadisənin Bakı burjuaziyası və Bakı proletariatı arasında gedən hökmranlıq mübarizəsi faktını pərdələməyə və Bakı xalqının gözündən əski asmağa çox kömək edir.
Eser, menşevik, daşnaq rəhbərləri, xüsusən Rozenblyum, Nəccarov, İvanov, Kriçenko və sairlərinin təlaşı ilə hərbi donanmada da bolşeviklərə qarşı bir sui-qəsd hazırlanmaqdadır.
Yerli xalqın bolşeviklərə qarşı qalxması işində əsir türk zabitlərinin də böyük xidməti vardır.
Onların Şah məscidində azan dediyini və Quranı əllərində tutaraq: «Budur bizim programımız» söylədiyini görüncə, qara camaatın Türkiyə tərəfdarı olduğunu təyin etdim.
Hazırkı Bakı, müxtəlif əqidələr meydanıdır. İttihadi-islam, türk ədəmi-mərkəziyyət, əhrar, müsavat və sair partiyaların təbliğatı qara camaatın fikrini qarışdırmışdır.
Bolşeviklərin bu qədər qarma-qarışıq vəziyyəti düzəldəcəyinə ümid çox azdır. Çünki onlar, öz hökumətlərini bu qədər cərəyanlardan müdafiə edə bilməyəcəklər. Bolşeviklərlə olan razılaşma baş tutmadığından Biçeraxovun İranda olan dəstəsi, bu günlərdə doğrudan-doğruya cəbhəyə gələcəkdir. Biçeraxov Bakını türklərə qarşı, ingilislər üçün müdafiə etsə də, davamlı bir qüvvə deyildir. O, lazımi vaxtında cəbhəni başlı-başına buraxa bilər.
Bu gün mən, Bakıda hökumət başında durmağa hazırlaşan rəhbərlərdən Sadovskinin Biçeraxova göndərmək üçün hazırladığı bir məktubu əldə etdim. Sadovski, Biçeraxovun Bakıya deyil, düz-doğru Alyat stansiyasına çıxaraq cəbhəyə girməsini məsləhət görmüşdür, çünki bolşeviklər Biçeraxovu Bakıya gətirmək və lazımi vaxtında tərk-silah etdirib buraxmaq fikrindədirlər.
Biçeraxovla bərabər cəbhəyə ingilis zabitləri və ingilis zirehliləri də gətiriləcəkdir.
Hələlik ingilislərin Biçeraxova verdiyi hərbi plan türk ordusunu Kür çayının körpüsündən bu tərəfə buraxmayaraq müdafiə halında durmaqdan ibarətdir. Çünki türklərin Bakıya hücumu dayandırıldıqda ingilislər də Bağdaddan yeni qüvvələr gətirə biləcəklər.
Digər mühüm bir məsələ də Kiçikxan məsələsidir. Hələlik ingilislər onunla sülh edə bilməmişlər, onlar Qəzvin-Məncil, Məncil-Ənzəli arasındakı yolları təmizləmişsə də, Kiçikxanın Kəsmədakı baş qüvvələrinə zərbə vura bilməmişlər. Biçeraxov dəstəsinin Ənzəliyə gəlməsi də, Kiçikxan qüvvələrinin canlanmasına səbəb olmuşdur.
Bu günlərdə ingilislərin «Rudbad» və «Rüstəmabad» tərəflərində yerləşən Kənd alayına hücum edilmiş və alay komandanı kapitan Derford öldürülmüşdür. Buna görə də, ingilislərin Bakıya gəlməsi çox uzun çəkəcəkdir. Bu şüarı erməni burjuaziyası, eləcə də müsəlman burjuaziyası müdafiə edir, çünki bütün əmlakın, xüsusən neft mədənlərinin milliləşdirilməsi məsələsi qalxandan bəri, onsuz da milli məsələyə bir alət kimi baxan burjuaziya, milli fərqi nəzərə almadan burjuaziya birliyi yaratmaq və bununla da bolşeviklərdən qurtarmaq çarəsini düşünməkdədir.
Mən iki gün əvvəl hərbi donanmada bolşeviklərə qarşı mübarizə cəbhəsi düzəltməkdə olan İvanovun portfelini yoxladım. Orada bolşeviklərə qarşı mühüm bir sui-qəsd hazırlandığı haqqında sənədlər gördüm. Bu sui-qəsd baş tutarsa, hökumət təbəddulatı şübhəsizdir.
11-ci nömrə».
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-iv-brilyant-sirgalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Başqa şairlərin şeirləri
Nə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
چه جرم است این بر آورده سر از دریای موج افگن؟به کوه اندر دمان آتش به چرخ اندر کشان دامن
YorğanÇün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
Sultan Səncər və qarıMövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”poemasından alınmışdır