IV. Brilyant sırğalar
Səhifə 2 / 3 · 33%
– Heç ola bilərmi ki,—dedi,—mən sizə acıqlanım? Haşa!
Leyla xanım onun qoluna girərək qoltuqlu bir kürsüdə əyləşdirdi və əlləri ilə onun başını sığallayaraq soruşdu:
– Mən sizə sual verdim ki: əcəba, siz nə məqsədlə sırğa hədiyyə gətirdiniz, başqa bir şey tapa bilmədinizmi.
Leyla xanım bu sözü deyərək Sadovskinin qarşısında oturdu, Sadovski rahat bir nəfəs alaraq sözünə başladı:
– Sizə başqa hədiyyələr də almaq mümkün idi, lakin mənim bütün arzularım həmin bu sırğalarda mərkəzləşmişdir, bu xoşbəxt sırğalar, məndən də əvvəl öz məqsədinə nail oldu. Bu sırğalar, sizin gül yarpağından daha zərif olan qulaqlarınızda oynadıqca mənim yalvarışlarım da sizin qulağınızda səslənəcəkdir.
Leyla xanım Sadovskinin sözünü kəsərək:
– Sizi anlayıram,—dedi,—lakin siz məni dinləyin, çünki kişilərin sevgi xüsusiyyətlərini qadın sevgisi ilə müqayisə etmək doğru deyil. Kişilər yalnız gözəl qadını sevir, onun zahiri görünüşünü bəyənir, onun başqa xüsusiyyətlərini öyrənməyə heç də əhəmiyyət vermirlər. Qadın belə deyildir, qadının xüsusiyyətləri onun libas modası kimi müxtəlifdir. Qadın gözəl və zəngin olmayan bir kişini də sevər, məsələn mənim özüm gənc olmayan, zəngin və gözəl də olmayan, ancaq iş adamı, bacarıqlı olan bir kişini sevə bilərəm.
Sadovski bu sözlərdə özünü düzəldərək çox böyük bir iftixarla:
– Əcəba, mən iş bacaran adam deyiləmmi?—dedi.—Siz mənim bolşeviklərlə apardığım mübarizəyə qiymət qoymursunuzmu? Siz əmin olun ki, sizi sevən Sadovski yaxında böyük bir hökumətin başında dura biləcəkdir.
Leyla bu sözlərdən sonra:
– Mən indi sizin iş adamı olduğunuzu təcrübədən keçirəcəyəm,—deyə Sadovskinin qabağına bir parça kağız və mürəkkəbqabı qoyub sözünə davam etdi:
– Dediyimi yazınız!
Sadovski:
– Hazıram, buyurun!—dedikdə Leyla aşağıdakı məktubu diktə etməyə başladı:
«Ənzəlidə Biçeraxov ərkani-hərb miralayı Nurəddin Savlayev cənablarına!
Leyla xanım sizi, lazımınca tərif etməklə, mənim sizə qarşı olan səmimi hörmətimin bir daha yüksəlməsinə səbəb oldu. Sizin və bizim düşmənimiz birdir, buna görə də ümumi məsələlərdə sizinlə əlaqə saxlamağı lazım bildim. Bakını müdafiə işində iştirak etməyi qərara aldığınızı və bu barədə danışıq apardığınızı təbrik edirəm.
Bu barədə menşevik, sağ eser və sağ daşnaqlar tərəfindən də sizi əmin edərək deyə bilərəm ki, sizin müvəffəq olmanız üçün qüvvəmizi əsirgəməyəcəyik. İkincisi də biz, sizin bolşeviklərə inanmadığımızı bilsək də, bir neçə söz əlavə etmək istərdik. Bolşeviklərə inanmayın, onlar sizdən müvəqqəti istifadə etmək istəyirlər. Buna görə sizə məsləhət görürük ki, siz, əlinizdə olan hərbi ləvazimatı Bakıya gətirməyəsiniz, çünki bolşeviklər haman şeyləri öz əllərinə aldıqdan sonra sizi istədikləri zaman tərk-silah etdirə biləcəklər. Onlar sizin ingilislərlə əlaqədə olduğunuzu gözəlcəsinə bilir, buna görə də sizdən ancaq müvəqqəti istifadə etmək istəyirlər.
Türklərlə mübarizə fikrində olsanız, İrandan düz-doğru gəmilərə oturub Bakının əlli milliyində olan Alyat stansiyasına çıxmalısınız. Orada kiçik bir liman vardır ki, buradan siz hərb xəttinə də yaxın olacaq və eyni zamanda bir müvəffəqiyyətsizlik üz verirsə, Bakıya girmədən Şimali Qafqaza çəkilə biləcəksiniz.
Hər halda bəzi ehtimallara qarşı ehtiyatkar olmaq lazımdır, çünki bolşevik cəbhəsindən qələbə gözləmək mümkün deyildir. Erməni qoşunları arasında olan ixtilafın özü də qələbə ümidlərini azaldır. Məndən və Leyla xanımdan cənab Biçeraxova salam yetirin.
10 iyun, 1918-ci il»
Sadovski
Sadovski məktubu bitirdikdən sonra soruşdu:
– Məktubu mən özümmü göndərəcəyəm?
Leyla cavab verdi:
– Xeyr, sizin zəhmətinizə razı deyiləm.
Sadovski yenicə getmişdi. Leyla soyunub yatmaq istərkən, onun xüsusi təbibi Yusifidis icazə istəyərək içəri girdi. O, bir neçə dəqiqə heç bir söz danışmadan oturub düşündü. Sonradan Leylaya sual verdi:
– Xanım qız, yenə də xəstəmisiniz?—dedi.—Çünki axşamdan bəri neçə dəfə gəlib soruşdum, hamısında xidmətçi qadından «xanım xəstədir, heç kəsi qəbul etmir» cavabını aldım. Əcəba, bu xəstəlik sizdə çoxmu davam edəcəkdir?
Leyla onun gözlərindəki şübhə əlamətini sezdikdən sonra:
– Xəstə idim,—dedi,—özümü rahatsız hiss edirdim, şükür olsun ki, indi özümü bir az yüngül hiss edirəm.
Bu sözlərdən sonra təbib onun müqabilində oturaraq nəbzini əlinə aldı və bir neçə an düşünməklə qaşqabağını turşutdu, saata baxdı və dedi:
– Xəstəliyiniz sevgi xəstəliyidir. Qəlbiniz qeyri-adi çırpınır, barmaqlarımla nəbzinizin vuruşlarında da gizli bir sevginin səsini duyuram.
Leyla xanım bu sözlərdən heç də halını pozmadı:
– Lazımi qədər düşününüz. Bəlkə də o çırpıntılar sevgi deyil, qısqanclıq döyüntüləridir. Qısqanclıq döyüntüləri isə mənim qəlbimin deyil, sizin şübhəli qəlbinizin döyüntüləridir ki, qulaqlarınızda səslənməyə başlamışdır. Siz onu da bilməlisiniz ki, mən hələlik heç bir kəsi sevməmişəm, bunu sizə bir də təkrar etməyəcəyəm.
Təbib Yusifidis acıqlandı, onun nəbzini buraxaraq:
– Orqanizmdə müvazinət pozulduğu zaman insana xəstə deyilir. Sizdə də bu müvazinəti görə bilmirəm. Diliniz bir şey danışdığı halda qəlbiniz tamamilə başqa sahələrdə çırpınır. Sizdəki bu qeyri-adilik Sadovskiləri gördükdə daha da bariz bir şəkil alır. Zənnimcə bunun özü də bir cür xəstəlikdir ki, tibb dilində buna əxlaqi xəstəlik deyilir, bu xəstəlik xəstəliklərin ən dəhşətlisidir.
Leyla xanımın tükləri biz-biz oldu, onun gözünün birisi xırdalandı və acıqlı halda dedi:
– Mən, sevib-sevmədiyim haqqında heç bir kəsə hesabat verməyə hazırlaşmıram. Hesabat istəmək səlahiyyətini də kimsəyə verməmişəm. Sizin tibbi fəlsəfəniz isə qısqanclığı pərdələmək üçün bir başlanğıcdır.
Leyla xanımın bu sözündən sonra Yusifidis özünü tikan üstündə oturmuş kimi hiss etdi. O, birdən-birə diksinərək ayağa qalxdı və soruşdu:
– Bu nə deməkdir?
Leyla:
– Mən sizə məsləhət görürəm ki, yalnız öz vəzifəniz barəsində danışasınız, başqa məsələləri danışmaq üçün heç kəsə icazə vermirəm.
Yusifidis:
– Bu ixtiyar nə zamandan bəri məndən alınmışdır? Sadovskinin zəngin vədlərindən sonramı?
Leyla yenə öz vüqarını pozmadı:
– Mən bu icazəni sizə verməmişdim, geri almağıma da lüzum yoxdur. Sizin bəzi nəzakətdən xaric fəlsəfələrinizə etiraz etməyimə gəldikdə, o da mənim ədəb dairəsindən çıxmaq istəmədiyim və dostluq əlaqəsini saxlamaq arzumdan irəli gəlmişdir. Lakin bugünkü ifratınıza qarşı sükut etməyərək deməliyəm ki: mən Bakıya iş üçün gəlmişəm. Sevgi ilə maraqlanmıram. Mən bu sözləri sizinlə tanış olanda da demişəm.
Bu sözlər Yusifidisi qane etmədi. O, cavab verdi:
– Hərgah siz vəzifəyə girdiyimiz vaxt məsələni bu şəkildə qoysaydınız, bəlkə də mən nə siz təklif etdiyiniz vəzifəni, nə də sizin sevginizi qəbul edərdim. Lakin iş işdən keçmişdir. Hazırda mən, nəinki ingilislərə, hətta bolşeviklərə qarşı da xain çıxmışam, mənim gedəcək bir yerim də yoxdur. Buna görə də mən, sizin Sadovski ilə olan şübhəli əlaqənizə soyuqqanlılıqla baxa bilməyəcəyəm, çünki burada yalnız mənim sevgi məsələm deyil, şəxsi həyatımın təhlükə qarşısında qaldığı məsələsi də durur. Əzizim! Sevgi hər şeyə hakimdir. Mən sizi sevərək təklifinizi qəbul etdiyim kimi, siz də Sadovskini sevərək təklifini qəbul edər və bütün əsrarı ona aça bilərsiniz. O vaxt hər ikimizin vəziyyəti nə olar? Bizim varlığımız təhlükə altında qalmazmı? Sən özün bir düşün!
Leyla qaşqabağını tökərək:
– Siz məni lazımi qədər öyrənməlisiniz,—dedi,—bəlkə də öyrənmisiniz. Buna görə də sizə, özünüzü bir qədər ələ almanızı təvsiyə edirəm. Hər şey gələcəkdən asılıdır. Gələcəyi söyləmək doğru deyilsə də, mən sizə qələbə ümidlərini verirəm. Hər halda qısqançlıq böyük bir ixtilafın zəminəsidir. Siz iş və vəzifə naminə buna yol verməməlisiniz, ikimiz də gələcəyin qələbəsini təmin üçün çalışmalıyıq, sevgi hər şeydən sonradır.
Cənab doktor, məni dinləyin. Qətiyyətli bir adam olmaq istəyənlər, hər sözünü qanun olaraq ağzından çıxaranlar, hətta öz dediklərinə inananlar, fəlsəfəçilikdən uzaqdırlar. Sevgi hissi din və məcburiyyətlə hesablaşan bir hiss deyildir. Siz nə dində olursunuz olun, mən yenə də sizi sevə bilərəm. Çünki sevgi din, məzhəb tanımır. Dinin və məzhəbin əsası çürükdür. Buna görə də sevgi onu asanlıqla yıxa bilər. Lakin sevgi məsləkin, vəzifənin qarşısında diz çökə bilər, çünki vəzifə qüdsiyyəti heç bir şeyə təslim olmaz. Mən də müqəddəs bir vəzifə daşıyıram, onu nə sənin, nə Sadovskinin, nə də başqalarının sevgisi yıxa bilər. Mən sizə gələcək vədini verməklə bərabər, bir daha qeyd etməliyəm ki, nə sizi, nə də başqasını öz üzərimdə hakim kimi tanımaq istəmirəm. Hərgah şəxsən siz hakim olmaq istəyirsinizsə, eyb etməz, öz taleyinizi imtahan edin! Baxaq kim kimi məhv edə bilər? Lakin mən sizə qarşı düşmən əlaqədə bulunmağı heç vaxt arzulamazdım.
Leyla xanımın bu sözlərindən sonra təbib Yusifidis yenə də stulun üstündə oturdu və Leyla xanımın nəbzini tutaraq:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-iv-brilyant-sirgalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Başqa şairlərin şeirləri
Nə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
چه جرم است این بر آورده سر از دریای موج افگن؟به کوه اندر دمان آتش به چرخ اندر کشان دامن
YorğanÇün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,
Sultan Səncər və qarıMövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”poemasından alınmışdır