Altıncı pərdə
Səhifə 1 / 2
Quruçay körpüsü. Cəbhədir. Körpünü düşmən qoşunları müdafiə edir. Atışma səsləri eşidilir. Səttar xan dəstəsi hücuma keçir. Düşmən qüvvəsini sıxışdırıb səhnədən çıxarırlar. Qüdrət, Cavad ağa, Tütünçüoğlu, Tağı bəy və başqaları vuruşurlar.
Qüdrət — (səhnə arxasında) Mücahid, hazır ol, səngərdən qalx! Sağa və sola hücum! Körpüyə tərəf irəli!
Qoşun hücum edir, körpünü alırlar.
Cavad ağa — Düşmən artıq körpüyə kömək verə bilməyəcək.
Qüdrət — Hələlik hücumu dayandırmaq lazımdır. Buradan yüz addım irəli getsək, düşmən bizi mühasirəyə ala bilər. Maralan və Xiyaban düşmən əlindədir.
Cavad ağa — (qoşuna) Fərağat!
Tağı bəy — Necə yə’ni fərağat? (Havaya bir güllə atır) Düşmən qüvvələri pozulub qaçdığı bir zamanda hücumu niyə dayandırırsınız?
Qüdrət — Sakit, Sərdar belə əmr vermişdir.
Tağı bəy — Biz qan tökub körpü almışıq. Bu başlayıb ki, fərağat...
Cavad ağa — Əvvələn, sən körpü alınandan sonra gəlmisən. İkincisi, Sərdarın əmri bizim üçün qanundur.
Tağı bəy — (qoşuna) Uşaqlar, biz kimi gözləyirik? Allaha şükür, buradakıların hər biri bir Səttar xandır. (Bir güllə də havaya atır.)
Tütünçüoğlu — Səttar xan Sərdari-milli, Bağır xan Salari-milli. Ay Tağı bəy, sənə nə ad qoyaq?
Cavad ağa — Ad məndə: Səttar xan Sərdari-milli, Bağır xan Salari-milli, Tağı bəy də bərkə düşəndə, Dalığalari-milli.
Gülüşürlər.
Tütünçüoğlu — Qardaşın canı üçün lap boyuna biçilib!!
Tağı bəy — Sizin çənəniz işləyir, mənim başım. O ki, qaldı dala qalmağa, burda heç gülməli bir şey yoxdur. Heyif ki, gülləm azdır, yoxsa hər birinizə bir güllə vurardım. (Havaya güllə atır).
Tütünçüoğlu — Güllən azdırsa, onda havaya güllə atma.
Qüdrət — (telefonda) Cənab Sərdar, əmrinizə görə hücumu dayandırmışam. Bəli... Qoşunun ruhu yüksəkdir. Çalsınlar, oxusunlar, oynasınlar? Baş üstə! Biz sizin əmrinizi gözləyəcəyik. (Telefon dəstəyini yerinə qoyur. Qoşuna müraciət edir). Oxuyun, çalın, bunun özü də qələbədir. Ruhunuz yüksək olsun. Qələbə bizimdir!
Tütünçüoğlu — Uşaqlar gəlin vaxtımızı boş yerə keçirməyək. Ölənlərin eşqinə, qalanların şərəfinə bir-iki ağız oxuyun görək.
1-ci mücahid — Ay düdükçülər, indi ki, tüfəngləri yerə qoymuşsunuz, düdükləri işə salın görək!
Tağı bəy — Elə görürəm, işlərimizin hamısı düdükdən ibarət olacaq.
Tütünçüoğlu — Tağı bəy, burax görək, düdük olan yerdə zurnaçılığın nə mə’nası var.
Gülüşürlər.
Tağı bəy — Belə daha olmaz axı, biz bura çalıb-oynamağa gəlməmişik ki. (Qüdrətə) Biz döyüşmək istəyirik.
Tütünçüoğlu — Həsənağa, başla görək.
Həsənağa — (Oxuyur):
Təbrizin üstünü alıbdır duman,
Dönmərəm yolumdan dizə çıxsa qan.
Səttar xanam, İsmayıl xan oğluyam,
Qəhrəmanam, vurub yıxan oğluyam!
Tağı bəy — Sağ ol, yaşa! (Güllə atır).
Cavad ağa — Sənə deyildi ki, havayı güllə atma!
Tağı bəy — A balam, özünüz dediniz ki, ruhumuz yüksək olsun, mən də kef eləyirəm.
Həsənağa — (oxuyur)
Atam Qaradağda hamıdan qoçaq,
Özüm də elimdən düşmüşdüm qaçaq.
Atlansam Təbrizdə tufan qopacaq,
Səttar xanam, İsmayıl xan oğluyam,
Qəhrəmanam, vurub-yıxan oğluyam.
Tütünçüoğlu — Baqi olsun Səttar xan!
Qüdrət — Arxa tərəfdən gələn var (Qüdrət qaraltı tərəfə gedir).
Tağı bəy — Belə olar ha! İrəli getsəydik, düşmən bizi burada yaxalamazdı. (Yavaşdan) Dədəmizin evi yıxıldı!
Tütünçüoğlu — (Tağı bəyə) Otur yerə, nə tez kürkünə birə düşdü?
Cavad ağa — (səsləyir) Kimdir o?..
Bağır xan — Mənəm, özgəsi deyil!
Cavad ağa — Gecənin adı?
Bağır xan — Girman.
Cavad ağa — (səngərdə) Gələnlər bizimkilərdir.
Tağı bəy — (bucaqdan qalxır) Bizimkilər olmamış kim olacaqdır? Tağı bəy ki, buradadır, bir nəfərin də burnu qanamaz.
Bağır xan — (gəlir) Gecəniz xeyir, uşaqlar! (Qüdrətin əlini sıxır). Bu gecəki qələbənizi təbrik edirəm! Məncə daha irəli gedə bilərdiniz.
Qüdrət — (Bağır xana) Yox, Salar. Başqa cəbhələrdən xəbərimiz yox idi, irəli gedə bilməzdik. Mühasirə qorxusu var idi.
Bağır xan — Elədir, Maralan altında duran qoşun arxamızı kəsə bilərdi. (Öz-özünə). Təbriz top güllələri altında titrəyir.
Tağı bəy — (səngərdəkilərə) Gördünüz xəyanət var? Bə mən deməyim bu bakılı bizi satdı?
Bağır xan — (Tağı bəyə acıqlanır) Sən haradan gəlib bura düşdün?
Tağı bəy — Cənab Salar, azadlıq uğrunda bir qətrə qanım qalana qədər vuruşan oğlanam.
Bağır xan — (gülür) Mən səni yaxşı tanıyıram. Fərraş Tağı Azərbaycanın azadlığı uğrunda!? İnanmalı sözdür? (Tağı bəyə). Dur buradan rədd ol get!
Tağı bəy — Başına dönüm, Salar, keçənin bu vaxtında, inqilabçı adam, mən hara gedim?
Tütünçüoğlu — Ay uşaq, iki top, dörd pulemyot, yüz nəfər də mücahid götürüb Dalığalari-millinin evlərinə ötürün.
Tağı bəy — (Bağır xana) Cənab Salar, başına dönüm!
Bağır xan — Yaxşı, otur yerində, səsini çıxarma!
Qüdrət — (telefonda) Mərkəz, mərkəz. Maralan cəbhəsini ver! Qüdrətdir. Quruçay cəbhəsi danışır. Hə, hə mənəm, Sandro. Gülləyə qənaət etmək lazımdır. Yadından çıxmasın. Qırx nömrəli bombalar 30 addımlıq məsafədən... əlbəttə, Xiyaban və Göy məscid cəbhəsi ilə əlaqə saxla! (Dəstəyi yerinə qoyur)
Bağır xan — Maralan tərəflərində düşmən topları göz açmağa imkan vermir. (Telefonun zəngi vurur. Bağır xan dəstəyi götürür.) Bağır xandır, gecəniz xeyir, Sərdar! Bəli, uşaqlar düşməni körpüdən məharətlə qovublar. Tələfat əhəmiyyətsizdir. Eşidirəm... Nə üçün? Bu saat (dəstəyi yerinə qoyur). Sərdar xəbər verir ki, düşmən Açı körpüsündən şəhərə soxulur.
Qüdrət — (Tütünçüoğluna) Əsəd, bir qutu bomba ilə Açı körpüsünə, tez ol! (Cavad ağaya). Atlar hazırdır ya yox?
Tütünçüoğlu — Hazırdır.
Qüdrət — Elə isə yubanma!
Cavad ağa — Uzaqdan qaraltılar görünür. Kimdir o?
Zeynəb — (qadınlar və qızlarla gəlir) Girman! Gecəniz xeyir yoldaşlar.
Cavad ağa — Zeynəb, yaralanmısan?
Zeynəb — Salar və Sərdar sağ olsun! (Pulemyotu səngərə çəkir).
Qüdrət — Saman meydanı tərəflərində nə var?
Zeynəb — Orda işi bitirdik. Düşmən çoxlu tələfat verib qaçdı. Sərdar əmr verdi ki, pulemyotu Quruçay səngərinə aparım.
Qızlar yemək şeyləri və küzələrdən su tökub mücahidlərə paylayırlar.
Qüdrət — (Zeynəbə) Bəs Dilrüba harada qaldı?
Zeynəb — Dilrüba Dəvəçi qapısında vuruşur.
Bağır xan — (qarşı tərəfə baxır) Düşmən körpünü geri almaq üçün hazırlıq aparır.
Qüdrət — (körpünün üstündə) Bir güllə də atılmamalıdır!
Tağı bəy — Qəribə kələyə düşmədik?!
Qüdrət — Gərək düşmən bizim körpüdə olan qüvvəmizi bilməsin.
Düşmən güllələri səngərə tökülür.
Tağı bəy — Qəribə adamdır ha! Düşmən bu saat gəlib sizi toyuq kimi kişləyib aparacaqdır. Ağamız deyir ki, bir güllə də atılmasın; (qoşuna). Siz nə fikirdəsiniz, evi xarabın uşağı!
Cavad ağa — Səsini kəs, toyuq hində olar, səngərdə olmaz. Sənə bir dəfə deyildi ki, otur yerində.
Tağı bəy — Canım, bu olmadı ki, biz də özümüzə görə bir kişiyik ya yox? İgid igidlə belə rəftar eləməz axı?
Tütünçüoğlu — (səngərə) Ay uşaq, bir xəkandaz od ilə bir qədər səs eşitməmiş üzərrik gətirin, igidə göz dəyər.
Qüdrət — İgidə bir baxın!
Bağır xan — Qələbəni qazandıran cəsarətdir, ürək möhkəmliyidir, intizamdır. (Qüdrətə) Vaxt deyilmi?
Qüdrət — Yox, Salar, bomba məsafəsi deyil.
Cavad ağa — Mücahid, hazır ol!
Tağı bəy — Buyur indi geri otur. (Bir güllə atır).
Qüdrət — (Bağır xana) Xəyanət! (Səngərə) Mücahid, hazır ol! Düşmən qüvvəsini bir yerə yığmaq üçün sağı-solu vurun.
Düşmən tərəfindən səslər ucalır.
Səslər — Əli xan, irəli!
— Səfərəli xan, irəli!
— Məmmədəli xan, irəli!
Qüdrət — (Cavad ağaya) Cəvahir yaralandı.
Qadının yerinə başqası keçir. Qadınlar tez-tez yaralıları götürürlər.
Bağır xan — (əlində tüfəng danışır) Mücahidlər, igidlik və imtahan vaxtıdır. Cəbhədə ölmək daha şərəflidir. Möhkəm dayanın, qoy düşmən bilsin ki, Azərbaycan xalqı ayaqlarda sürünməyəcəkdir!
Tağı bəy — (səngərdəkilərə) Bizim özümüzün də əqidəmiz var ya yox? Çəkilməyin də vaxtını bilirik, irəli getməyin də!
Səslər — Tağı bəy yalan demir ki!..
Zeynəb — Bu nə danışıqdır? Sizin bu hərəkətiniz dost adamın hərəkəti deyil, pozğunluq salanlar özündən küssün!..
Tağı bəy — Sən öləsən, yaxamız arvad-uşaq əlində qalmayıb?! Heç bilmirəm, bu papağı başımıza nə üçün qoymuşuq!
Cavad ağa — Saların əmrindən çıxanın beynini dağıdaram.
Qüdrət — (əlində bomba) Yerə yatın! (Bombaları atır). Bir, iki, üç! (Səngərdəkilərə) Atəş!
Düşmən tərəfə atəş açırlar.
Cavad ağa — (Bağır xana) Cənab Salar, Sərdar sizi telefona çağırır.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-dumanli-tebriz-pyes-altinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Qarət başlandıTəbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.
Miss HannaMiss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:
Üz-üzəİnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o:
Başqa şairlərin şeirləri
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Ey aləm, Şəki, arif, QırağEy aləm, Şəki, arif, QırağTəmam əhli-ərş sakin Bozdağ
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,