Səhifə 2 / 2 · 50%

Bağır xan — (telefona) Aha, bu saat! Bəli, eşidirəm... Əmin ola bilərsiniz. (Dəstəyi yerinə qoyur). Sərdar buyurur ki, Maralan altında duran düşmən qoşunu darmadağın oldu. Quruçay cəbhəsi hücuma keçə bilər.

Qüdrət — Salar, biz burda dayansaq, düşmən qüvvətini toplayıb hücuma keçəcək.

Bağır xan — Ürəkli olun! Düşmən Açıçay tərəflərində basılmışdır. Sərdar bu saat bizim köməyimizə gələcək.

Cavad ağa — Kimdir o?

Qaraltı səs vermir.

Tağı bəy — Qoy əhdini kəsim. (Vurmaq istəyir. Zeynəb tüfəngin lüləsi ilə ona mane olur, güllə havaya gedir).

Zeynəb — Dayan!

Tağı bəy — Necə yə’ni dayan? Mən inqilabçı adamam, heç vaxt ehtiyatı əlimdən verə bilmərəm (Bir güllə də havaya atır. Dilrüba səngərə daxil olur).

Dilrüba — (Bağır xana) Salar, casus tutulub, Eynüddövləyə kağız aparırmış.

Bağır xan — Bəs hanı?

Dilrüba — O özünü öldürdü. Apardığı məktubu götürmüşəm.

Bağır xan — Məktubu ver. (Alır. Tağı bəy qaçmaq istəyir).

Cavad ağa — Hara?

Tağı bəy — Cənab Saların əmrindən çıxan oğlan deyiləm, dedi get, mən də gedirəm.

Tütünçüoğlu — Otur!

Tağı bəy — Canım, burada oturmağa məcbur deyiləm ki? könüllü yazılmışam, könüllü də gedirəm.

Cavad ağa — Onu buraxmayın!

Bağır xan — (Dilrübaya) Barəkallah qızım! (Məktubu açıb fənər işığında oxuyur).

Tağı bəy — Bu da inqilabçının axırı. A balam, səngər mənim üçün dustaqxana yad deyil ki? Qoymazsınız çıxıb kasıbçılığımıza gedək?

Bağır xan — (məktubu oxuyur) «Cənab şahzadə, şərtimizə görə, havaya atdığım güllələri sayarsınız. Hər gülləm yüz nəfərdir. Bu, körpüdə beş yüz mücahid olduğuna işarədir. Körpünü əbəs yerə buraxdınız. Əlli nəfərə qədər mücahid ölübdür. Aralığa təfriqə salmışam. Bir çoxu döyüşmək istəmir. Qüdrəti fürsət düşən kimi vuracağam».

Xəyanət! Belə bir məktubu Eynüddövləyə kim yaza bilər? Cavab verin, kim yaza bilər?

Cavad ağa — Tağı bəy, Tağı bəy yaza bilər.

Tütünçüoğlu — Havaya güllə atan da Tağı bəy idi.

Tağı bəy — (Bağır xana) Bir qələtdir eləmişəm, məni Sərdarın başına bağışlayın! Adam xatasız olmaz ki, qorxudan yazmışam.

Bağır xan — (mücahidlərə) Bu alçaq xainin cəzası nədir?

Zeynəb — Ölüm!

Bağır xan — (Cavad ağaya) İnqilab adından əmr edirəm!

Tağı bəy — Məni inqilaba bağışla.

Bağır xan — Düşmən yaxınlaşır. Mən sol tərəfdən, Cavad ağa sağ tərəfdən bombaları atan kimi səngərdən qalxarsınız. (Zeynəbə). Pulemyotu körpünün başına çəkin, hücuma keçmək istəyən düşmənə imkan verilməməlidir. (Cavad ağa, Qüdrət və Zeynəb gedir. Mücahidlərə). Dostlar, azadlıq təhlükələr içindən süzülüb keçir. (Top, tüfəng səsləri gəlir). Bu səslər bizi mübarizəyə çağırır. İgidliyə də’vət edir. Bizə qələbə müjdələri verir. (Bomba səsləri eşidilir, Bağır xan əlində tüfəng səngərdən qalxır.) Mücahidlər qalxın!

Səngərdən çox az adam qalxır. Qüdrət, əlində tapança gəlir. Tağı bəy arxadan ona bir güllə atır.

Dilrüba — (Tağı bəyi vurur) Alçaq, nə etdin?

Qüdrət — Dilrüba, tez pulemyotun arxasına keç. Zeynəbi vurdular. Əsəd, bomba ver! (Səngərdəkilərə) Qardaşlar, düşmən bizimkiləri mühasirəyə almaq istəyir. Salar köməksizdir, səngərdən qalxın, hücum!

Zeynəb — (gözünü açır, Cavad ağanı səsləyir) Cavad ağa, oxu, oxu, qoy son dəfə səsini eşidim. Oxu, yubanma, oxu!

İldırım şığıyır, yağış başlayır.

Cavad ağa — (Gözünün yaşını silib oxuyur):

Bu dağlar ulu dağlar,
Çeşməli-sulu dağlar,
Burda bir gəlin ölür,
Göy kişnər, bulud ağlar!

Zeynəb — (birdən gözünü açır) Cavad ağa, Məcidi yaxşı saxla! (Ölür).

Dilrüba — (başından şalını açıb, onun üzünə çəkir) Zeynəb, Zeynəb! Məcidi öz oğlum, öz balam kimi bəsləyəcəyimə cənazən qarşısında and içirəm.

Qüdrət — Salar, düşmən bizi mühasirəyə almaq istəyir.

Tütünçüoğlu — (tələsik gəlir) Səttar xan gəlir!

Səttar xan — Hanı Salar?

Qüdrət — Sərdar, xəyanət baş verdi. Vəziyyət ağırdır.

Bağır xan — Sərdar, biz hücumu uduzduq.

Səttar xan — (üzünü qırmızı bayraqlara tutur) Siz də şərəflə başınızı əyin. Azərbaycan qadınlığının qəhrəman övladı ilə vidalaşın. Aslan ürəkli, polad iradəli Zeynəblə son dəfə görüşün!

Bayraqlar başını əyir, matəm marşı çalınır.

Bağır xan — Zeynəb, Zeynəb! Şahların taxtını tərsinə çevirsəm də, ürəyimdə yanan intiqam odu sönməyəcəkdir!

Səttar xan — (mücahidlərə) Azərbaycanlılar, verdiyimiz qurbanlar inad və iradəmizi çoxaldır. Mübarizə davam edir! Səngərdən qalxın, qoy Təbriz üfüqlərində şığıyan ildırımlar şahın gözlərini bir daha qamaşdırsın, qurbanlar eşqinə irəli! İstiqlal və azadlıq uğrunda irəli...

Qoşun hücuma keçir. Səhnə boşalır, atışma səsləri gəlir.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çar konsulu Təbrizi tərk edir

Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.

14 dəq
Qarət başlandı

Təbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.

19 dəq
Miss Hanna

Miss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:

16 dəq
Üz-üzə

İnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o:

17 dəq

Başqa şairlərin şeirləri