Dördüncü pərdə
Səhifə 1 / 2
Böyükxanın qərargahı. Zəngin bir şərq salonu. Böyükxan, əlində bir neçə məktub, salonu dolanır və öz-özünə deyir:
Böyükxan — Şuarın vaxtı keçib, indiyə kimi deyirdik ki, Azərbaycan xalqı şahpərəstdir, amma indi «Rədd olsun Qacar xanədanı!» səsindən bütün Təbriz titrəyir.
Xidmətçi (daxil olur) — Cənab general təşrif gətirir.
Böyükxan (özünü itirir). — Buyursunlar. Qulluğunda hazıram.
General (bir neçə çar zabiti ilə daxil olur). — Gəlişimin əsas səbəbi cənab Sərdarın kefini soruşmaqdır.
Böyükxan — Xidməti-şərifinizdə hazıram, cənab general.
General (zabitlərə Böyükxanı təqdim edir). — Şahənşah ordusunun baş komandanı Böyükxan cənabları ilə tanış olun.
Böyükxan (zabitlərin əlini sıxarkən) — Nökəriniz Böyükxan.
General — Sonra da böyük sərkərdəni ziyafətə aparmaq üçün gəldim, böyük dövlətlərin nümayəndələri ziyarətinizə müntəzirdir.
Böyükxan — Təşəkkür edirəm, cənab general.
General — Bir də mən Təbriz məsələsini aydınlaşdırmaq üçün cənab sərkərdənin hüzuruna gəldim.
Məclisə çay gətirirlər.
Böyükxan — Hərəkat böyükdür. Qüvvəmiz azdır. Lakin bu qədər kiçik qüvvətlə böyük işlər görürük.
General — Görülən işlər qeyd ediləcək qədər böyük deyil. Konsulxanamız öz kəndindən qovulan mülkədarlar ilə doludur. Xüsusən, xalça fabrikinin qabağındakı hadisələr imperator hökumətini düşündürür. Orada həm şahənşah hökuməti, həm də imperator hökuməti təhqir olunmuşdur. Təbrizin mühüm məhəllələri Səttar xanın əlindədir.
Böyükxan — Cənab general, Təbriz daim üsyan yuvası olubdur. İnqilab yanğınları həmişə buradan başlayıbdır.
General — Görünür ki, sərkərdənin gözü qorxub.
Böyükxan — Azərbaycan xalqı qibleyi-aləmin qurduğu üsuli-idarəni istəmir. Səttar xan torpaq və milli azadlıq məsələsini qoyur.
General — Bu fikir hamının deyil, tək-tək adamların fikridir.
Böyükxan — İcazə verin poçtdan tutulan məktublardan bir neçəsini sizə oxuyum. Üsyan ruhu ölkənin şairlərinə də, ədiblərinə də sirayət edibdir.
General — Ola bilməz!
Böyükxan — Təbriz şairlərindən birisi suyun o tərəfində yaşayan əmisi oğluna belə bir məktub göndərmişdir: (oxuyur)
Salamlar olsun sənə, əziz əmioğlum Əşrəf,
İstəyirsən biləsən necədir bizim tərəf,
Yazdığım kiçik şe’rə çox diqqətlə fikir ver.
Bundan biləcəksən ki, nə haldadır bizim yer:
Ölkəmizin cənubu geniş bir xəzinədir.
Lakin, bu xəzinənin bizə faydası nədir?
Ölkəmizdə tapılmaz sənin üçün başqa iş,
Ancaq dilənmək üçün sənə hüquq verilmiş.
Kəndlərdə vurhavurdur, şəhərlərdə çal-çapdır,
Kimin başında papaq görsələr, qaphaqapdır.
Hər tərəfdə veribdir üz qurd burun-buruna,
Sürükləyir milləti fəlakət çuxuruna...
General — Bəsdir, cənab sərkərdə! Bu dəhşətli sözləri eşitməkdən yoruldum.
Xidmətçi (daxil olur, teleqram gətirir) — Həzrəti əşrəf, qibleyi-aləmdəndir.
Böyükxan və konsul qibleyi-aləmin adına təzim edir.
Böyükxan (teleqramı açıb oxuyur). — «Möhtərəm sərkərdə Böyükxan! Biz əmin oluruq ki, Təbriz iğtişaşını tezliklə yatıracaq, üsyançıları əsir edəcək və başçılarının dərisinə saman doldurub hüzuruma göndərəcəksiniz. Buna mükafat olaraq, sərkərdəni Azərbaycan valisi tə’yin edirəm».
General (Böyükxanın əlini sıxır). — Həzrəti əşrəfi təbrik edirəm.
Böyükxan — Təşəkkür edirəm, cənab general!
General — Səfirdən də eyni məzmunda teleqram almışam. İmperator hökuməti Təbrizin bu vəziyyətinə soyuqqanlı baxa bilməyəcək.
Böyükxan — Onlar verdiyimiz sülh və’dlərinə inanmadılar. Bu gecə saat dörddə şəhərə ümumi hücum başlanacaqdır.
General — Cəsarət olsa da, qeyd etməliyəm: adamlarınız bacarıqsızdır. Səttar xanla Bağır xan arasına nifaq sala bilmədiniz. Mücahidlərin arasında da adamlarınız yoxdur.
Böyükxan — Bunların heç biri fayda vermir. Onlar torpaq məsələsini qoyublar. Xalq şah hökumətini tanımır. Cənab general, bu gecə, sizi inandırıram ki, elə bu gecə...
General (gedərkən Böyükxana) — Belə isə, həzrəti əşrəfi təbrik edirəm. Qələbə ziyafətiniz top səsləri ilə açılacaq. O zaman birinci piyalə sizin şərəfinizə içiləcəkdir.
Gedirlər.
Böyükxan — Həzrəti əşrəfin ömrü uzun olsun. Bu yolda ölsəm də qorxum yoxdur. (Onları ötürür. Zəngi çalır, xidmətçi gəlir) Get qoşun sərkərdələrini yanıma çağır!
Xidmətçi (gəlir) — Tağı bəy gəlmək istəyir.
Böyükxan — Burax gəlsin.
Tağı bəy (gəlir, baş endirir) — Gecəniz xeyir, həzrəti əşrəf.
Böyükxan — Nə xəbər?
Tağı bəy — Gəldim xidmətinizə ərz eləyim ki, mən artıq inqilabçıların içində işləyə bilmərəm.
Böyükxan — Nə üçün?
Tağı bəy — Çünki onlar mənə inanmırlar. Qorxuram axırda məni tələf etsinlər.
Böyükxan — Get işlə! Qorxaq olma! Hər nə əldə etsən qənimətdir. (Xidmətçiyə). Xəzinədara xəbər ver ki, Tağıbəyə yüz tümən bəxşiş versin.
Dərvişoğlu (Pəncərənin altında oxuyur, işıq sönür)
Eylədi islamı bu məşrutə viran, ya Əli!
Rövnəqi-islamı ucaltdı Böyükxan, ya Əli!
Böyükxan — Oxu! Oxu, gülüm, sabah sənin kəşkülünü qızıl ilə dolduracağam.
Dərvişoğlu (pəncərənin altında)
Hatəmdə olmamışdır səndə olan səxavət,
Rüstəmdə olmamışdır səndə olan şücaət.
Böyükxan — Dərvişoğluna, xələt, özü də mənə qonaqdır.
Çiyninə əba salırlar.
Dərvişoğlu — Necə yə’ni rədd olsun padşah, necə yə’ni yaşasın azad Azərbaycan, hamısının siyahısı məndədir.
Böyükxan — Sabahdan e’tibarən o cürə sözlər eşitməyəcəksiniz.
Hacı Mehdi (bayırdan) — Hələ Hacı Mehdi ölməmişdir ki, hər keda-güdə qibleyi-aləmə xoruzlana bilsin. Nicat ordusunun sərkərdəsinə salam!
Böyükxan — Buyurun, nə əcəb təşrif gətirmisiniz?
Hacı Mehdi (əbanı salır, qılınc və kəfəni görünür) — Qibleyi-aləmin yolunda qurban getmək üçün geyinib gəlmişəm. Ya Səttar xan, ya mən! Özüm gərək onu öldürəm ki, Təbriz rahat olsun.
Böyükxan — Öldürüb gəlsəydin, daha yaxşı olardı.
Dərvişoğlu — İkiüzlü haramzada. Sən bu dəqiqə onun yanından gəlmirsən?
Hacı Mehdi — Həzrəti əşrəfin başına and olsun ki, mən Səttar xanı görsəm də tanımaram. Mən hara inqilabçı hara?
Dərvişoğlu — İki saat bundan əvvəl Səttar xanın evindən çıxanda gördüm. (Hacı Mehdiyə) Tfu!..
Hacı Mehdi (Böyükxana) — Həzrəti əşrəf, getdiyim Məkkəyə and olsun ki, bu haramzada xalis məşrutəçidir.
Böyükxan — Sus, məşrutəçilərin hamısı belə olsaydı, daha nə dərdimiz var idi? Çəkil!
Hacı Salman (bayırdan) — Ona Səttar xan deyərlər, mənə də Hacı Salman! Çıxsın qabağıma, görüm allah kimə verəcək! (Böyükxana) Həzrət əşrəfin hüzuruna müşərrəf olmaq olar, ya yox? (Əbasını atır, qılınc və kəfənini göstərir) Hazır geyinib gəlmişəm, qibleyi-aləmə qurban gedirəm.
Böyükxan (Dərvişoğluna) — Bu cənabı da tanıyırsınız ya yox?
Dərvişoğlu — Bu da Hacı Salmandır, Hacı Mehdinin dostudur. Səttar xan bunların anbarlarını möhürləməsəydi, həzrəti əşrəfin hüzuruna gəlməzdilər.
Böyükxan — Hər ikisini salın tövləyə, yüz çubuqdan sonra min tümən alıb buraxın.
Hacı Salman — Həzrəti əşrəfin başı üçün, bir səmimi xeyir-duadan başqa bir qara şahı verəsi deyiləm.
Böyükxan (xidmətçiyə) — Aparın! Həbsə alınanları gətirin.
Xidmətçi — Həzrəti əşrəf, həbsə alınanların çoxunda vəsiqə vardır.
Böyükxan — Nə vəsiqə?
Xidmətçi — Çar konsulxanasında vəzifədədirlər!
Böyükxan — Kimin vəsiqəsi varsa, üzr istəyib buraxın.
Hacı Mehdi (Hacı Salmana) — Gədə, Hacı Salman, o vəsiqədən bir neçəsini bizə ala bilməzdin?
Hacı Salman — Vəsiqə canı qurtarırsa, yeddi dövlətdən vəsiqə verim... Həzrəti əşrəf, icazə verin mən də vəsiqəmi göstərim.
Böyükxan (öz-özünə) — Vəsiqələrini göstərsin! Kimi dindirirsən vəsiqə göstərir. Bəs mən bu qədər qoşunu nə ilə doyuracağam?
Hacı Mehdi — Gədə, bə mən?
Hacı Salman (yavaşdan) — Vəsiqənin biri 100 tümən! Bu saatda sərrafa bir havalə yaz, vəsiqəni qoyum ovcuna. Yoxsa dəyə-dəyə səndən min tümən alacaqlar.
Hacı Mehdi — Gədə, bu olmadı ki, əqidə yoldaşı da bir-birindən rüşvət alar?
Hacı Salman — Bə nəmənə?
Hacı Mehdi (Hacı Salmana) — Yaxşı 25 tümən verim?
Hacı Salman (Hacı Mehdiyə) — Kəs səsini məşrutəçinin birisi, ağzına bax, rüşvət verdiyinə bax, elə bircə saqqalımızın bu vaxtında rüşvət almağımız qalmışdı.
Hacı Mehdi (yavaşdan) — Gədə, haraj təpmə, 25 də gəldim üstünə.
Hacı Salman — Bir şahı əskik olmaz! (Soyunmuş halda gəlir vəsiqələri verir) — Bu vəsiqə Rusiya konsulxanasından.
Böyükxan — Cənab hacını geyindirin, özündən də üzr istəyin.
Hacı Mehdi — Dünyanın vəfasına lə’nət, məşrutəçinin paltarını geyindirib özündən də üzr istəyirlər. Bunu bir baş qibleyi-aləmə beləcə yazmasam, getdiyim Məkkə mənə qənim olsun!
Hacı Salman — İndi ki, belə oldu, sən də vəsiqələrini çıxar. Həzrəti əşrəf, xahiş edirəm bu haramzadanın cibləri axtarılsın.
Böyükxan — Bunu axtarın!
Hacı Mehdi — Balan ölsün Hacı Salman, səsini kəs, 25 də gəldim üstə.
Dərvişoğlu — Tfu sənin saqqalına, islamın abrını apardı. Casusdur!
Hacı Salman (ucadan) — Məşrutəçinin birisi, sənin kimi adamın üzünə heç imam da zühur etməz.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-dumanli-tebriz-pyes-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:
Ninanın məktubuTəbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu.Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!»
Mən tacir deyiləmMən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.
Nina ərə gedirMən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.