Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.

Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:

– Deyəsən, bu bizim gözlədiyimiz rəfiqimizdir, – dedikdə Hacı Əli və Məşədi Abbasəli ikisi də birdən:

– Bəli Sərdar. Özüdür ki, var! – dedi.

O, ikinci dəfə əlimi sıxıb görüşdü. Yüksək bir mövqe tutduğuna baxmayaraq, yanındakıları çox mülayim sözlərlə dindirib yola salırdı.

Biz içəri girdikdə mücahidlər Sərdarın evinə gəlib özlərinə verilən maaş haqqında danışırdılar. Danışıqdan məlum olduğuna görə hər bir mücahidə gündə iki qran verirmişlər. Bundan başqa xüsusi dükanlar vasitəsilə onlara ucuz çörək və sair ərzaq da satırlarmış. Sərdar mücahidləri yola saldıqdan sonra mənə müraciətlə:

– Nə vaxt təşrif gətiribsiniz? – soruşdu.

– Dünən gəlmişəm. Yorğun idim, özüm də Xiyabanda mənzil etdiyim üçün yanınıza gələ bilmədim.

– Səhərdən bəri təşrifiniz harda idi?

– Hacı Əli, Abbasəli qəndfürüşla bərabər Siqətülislamın görüşünə getdim. Doğrusu, onun fikrini bilmək istəyirdim.

– O, bizim üçün əlverişli heç bir söz deyə bilməz. Onu bacarmaz da.

– Doğrudur, Sərdar. Fikri molla fikridir. O fikirdə olan adamlarla inqilab irəli gedə bilməz.

– Siz bir fikir verin! İndi bizim nə vaxtımızdır? Biz indi hökumət əleyhinə çıxan hər bir güvvədən istifadə etmək istəyirik. Bizim içərimizdə xırda mülkədarlar, müflis tacirlər nə qədər istəsən vardır. İş belə olduqda biz nə üçün özümüzə yardım əli uzadan Qafqaz sosial-demokratlarından istifadə etməyək? Siqətülislam bunu istəyir. O mənim və Bağır xanın bütün hərəkətini çərçivə içərisinə alıb, onu da öz əlində saxlamağa çalışır. Buna isə nə mən, nə də Bağır xan yol verə bilmərik. Doğrudur, bizə qonaq gəlmiş sosial-demokratlar qismən yerli şəraiti bilmirlər. Bu o demək deyil ki, bunlar dəyərsizdir. Onlar sərbəst hərəkət etməyi bacarmasalar da, mübarizə yollarını bizdən çox yaxşı bilirlər. Onlar inqilabda çox uzun və geniş təcrübə keçmişlər. Onların iti fikirləri, kəskin düşüncələri, bükülməz mətanətləri vardır. Biz bu qardaşlığı heç vaxt molla və mollaqulaqların ayağı altına verə bilmərik. Bu gün Bakı və Tiflis fəhləsinin, erməni işçisinin Təbriz küçələrində vuruşması, əlində bomba durub inqilabı müdafiə etməsi Təbriz inqilabı tarixini bəzəyəcək hallardandır. Biz heç vaxt aldanmarıq. Aldatmaq istəyənlərlə də mübarizə aparmağı bacarırıq.

Sərdar yenə də Siqətülislam məsələsinə keçib dedi:

– Qabaqda böyük düşmənlər vardır. Ruhanilər onu bilirlər ki, mən işi yarımçıq qoyub çəkilməyəcəyəm. Xüsusən qarşımda Əsgər Dəvatgəroğlu və bunun yoldaşları kimi alçaq adamlar olunca. Siz bilirsiniz ki, mən bunlarla çox zamandan bəri çarpışıram. İndi bu dəvəçi lotuları mənim acığıma gedib inqilab düşməni olan islamiyyənin ətrafında toplaşıblar.

Bir azdan sonra Qafqaz sosial-demokratlarından bir neçəsi də gəldi. Tanışlar idi. Sərdar Əmiraxizə köçməyim üçün lazımı əmrləri verdi. İnqilab Şurası üzvü olduğumu, sabah saat on ikidə şuranın iclasına gələcəyimi əlavə olaraq tapşırdı. Axşam yeməyindən sonra mənzilimə getdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nina ərə gedir

Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

9 dəq
Bağır xan

Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.

4 dəq
Rəhim xan

Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

3 dəq
Təbriz qadınları

Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.

19 dəq

Başqa şairlərin şeirləri