Həyəcan
Xəlifəyə göndərilərkən Fəxrəddin tərəfindən əldə edilən məktubun surəti çıxarılıb divarlara yapışdırıldıqdan sonra kəndlərdə, şəhərlərdə Əmirə qarşı təzə çıxışların xəbəri gəlirdi.
Əmir başını itirdi, öz vəziri Toxtamışı hüzuruna çağırıb soruşdu:
– Divarlara yapışdırılan məktub haqqında nə kimi tədbirlər gördün?
Vəzir Əmirin həyəcanını yatırmaq üçün dedi:
– Əmir əmin olmalıdır ki, təhlükənin qarşısı alınmışdır.
Əmir təəccüblə, inanmayacaq bir vəziyyət alaraq soruşdu:
– Bu qədər böyük təhlükənin qarşısı nə kimi vasitələrlə alına bilər? Görünür ki, sən yenə də məni eşikdəki hadisələrə qarşı iğfal edirsən. Xalqın mənə qarşı yağdırdığı lənətlərini dua və səna şəklində göstərməyə çalışırsan.
Toxtamış yenə də xəlifənin müqəddəs naminə and içərək Əmiri iğfal etməyəcəyini söyləyirdi. Əmir isə təhlükənin qarşısının nə vasitə ilə alındığını soruşurdu. Vəzir Əmirin təlaş və həyəcanını söndürmək üçün əlini qoynuna uzadıb bir kağız çıxararaq Əmirə verdi və:
– Aran əhalisinə bu məzmunda bir müraciətnamə buraxılmışdır, – dedi.
Əmir müraciətnaməni alıb oxudu:
“Aran əhalisinə:
Bu günlərdə Aranda düzəlmiş gizlin bir təşkilat tərəfindən Azərbaycan istiqlaliyyətinə qarşı xəyanət əli uzanmışdır. Əldə edilən müvəssəq məlumata görə bu təşkilat iş başından qovulmuş farslar və ərəblər tərəfindən düzəldilmişdir. Təşkilatın başında Əmirin sabiq katibi Mühakim ibn-Davud durur. Haman xain, hökumətin xüsusi möhürünü də özü ilə bərabər götürüb gizlənmişdir. Həmin bu təşkilat xalqın nifrətini Əmir hökumətinə qarşı çevirmək məqsədilə gizlin məktublar düzəldib hökumətdən oğurladıqları möhürlə möhürləyir. Buna görə də hökumət Azərbaycan və xüsusən Aran əhalisinə müraciət edib həqiqəti anlatmağı özünə borc bilir. Şəban ayının 25-dən etibarən hökumətin möhürü ilə buraxılan məktub və vəsiqələrin hamısı etibardan saqitdir. Bundan əlavə, Əmir bütün namuslu rəiyyətlərə müraciət edib deyir: “Hər kəs sabiq katib Mühakim ibn-Davudun başını gətirərsə, hökumətdən min qızıl hədiyyə alacaqdır”.
Əmir müraciətnaməni oxuyub, təşəkkür izharedici bir səslə dedi:
– Ürəyim qismən sakit oldu. Səni bura başqa bir məsələ üçün də çağırmışdım. Məhsəti xanımın böyük bir təntənə ilə şəhərə gətirilməsi də xalqın alovlanmaqda olan nifrətlərinə su səpə bilər. Onun qafiləsi bu gün İsfahan kəndində olacaqdır. Sənə tapşırıram, xalqın məhəbbətini qazanmaq üçün böyük bir istiqbal təntənəsi düzəldərsən. Hökumətə məxsus taxt-rəvanları bəzədib əlli nəfər atlı ilə istiqbala göndərərsən. Qulamlar, cariyələr, bayram libaslarını geyib istiqbala getməlidir. Şəhərin ən görkəmli yerində onun üçün bir bina hazır etdirmək lazımdır. Burası belə... İndi de görüm xəlifəni vəziyyətdən xəbərdar edək, ya yox? Bəlkə də, xəlifə bu hadisələrdən xəbər tutdu, onda biz nə cavab verə bilərik?
Toxtamış yenə də başı titrəyə-titrəyə güldü və dedi:
– Hərgah Azərbaycan əhalisinə yazdığımız bu müraciətnaməyə ikicə nəfər inanan olsa, onun birincisi xəlifə olacaqdır. Xəlifələrin özləri nə qədər müqəddəs və uca olsalar da, ağıl və düşüncələri də o qədər gödəkdir.
Əmir də Toxtamışın sözünü təsdiq edərək əmr verdi:
– Mənim ağlıma belə bir tədbir də gəlir. Bir əmrnamə yazıb şəhərlərə göndərmək lazımdır. Əmrnamədə əhaliyə xəbər verməlisən ki, bundan əvvəl məmləkətdən xaricə sürgün edilənlərin hamısına əfvi-ümumi verilir. Hər kəs öz vətəninə qayıda bilər, istiqbaldan sonra heç bir kəs sürgündə qalmamalıdır.
Toxtamış bu fikrə razılıq verməyərək dedi:
– Əmir həzrətləri bu fikrin nəticəsində nadinclərin artmasına çalışmış olacaqdır.
Əmir isə onun bu sözlərinə cavab verib:
– Nadinclər şəhərin içindədir, gözümüzün qabağındadır. Sürgündə olanların əksəriyyəti isə nadinclərin gözünü qorxutmaq üçün sürgün edilmişdir. Sən məni eşit, bu təşəbbüslər xalqa verdiyimiz istiqlalın doğru olmadığı barəsindəki şübhələri dağıdar. Fürsət əlimizə keçəndən sonra sürgündən gələnləri yenə də həbsə ala bilərik, lakin bu dəfə sürgünə deyil, başqa bir yerə göndərərik.
O ki qaldı Dilşadın məsələsinə, zənnimcə, Fəxrəddini iştibahə salmamaq üçün Dilşadı həbsdən azad etməliyik.
Vəzir bir az fikir edəndən sonra başını qaldırıb çox yavaş bir surətdə pıçıldadı:
– Dilşadla Fəxrəddinin yazışması işindən şübhələnirəm. Burada başqa bir əlin iştirak etdiyini zənn edirəm. Bu barədə dərin düşünmək lazımdır. Bu işdə işləyən üçüncü əlin sahibi saray içərisindədir. Onun son zamanlar Əmir tərəfindən şərəfə nail olmuş Səba xanım olduğundan şübhələnirəm. Onun barəsində yığdığım məlumat mənim bu fikirlərimi doğruldur.
Əmir təəccüblə:
– İnana bilmirəm, – dedikdə, vəzir öz fikrini bir daha açıq dedi:
– Sizə gətirilən məktubun Fəxrəddin tərəfindən yazıldığı şübhəsizdir. Lakin Dilşadın Fəxrəddinə məktub göndərməsi şübhə altındadır. Sizə sual verirəm, nə üçün Fəxrəddin Dilşada göndərdiyi məktubu Səba xanımla göndərdi?
Məktubda yazılır ki: “Yazdığın məktub yetişdi. Sifarişlərini də aldım. Sən təfsilən yaz görüm, orada nə eşidibsən? Mən heç bir zaman səni atmayacağam”.
İndi buradan məlum olur ki, sifarişləri aparan haman Səba xanımdır. Bu bir. İkinci də, Fəxrəddinin Dilşada yazdığı “təfsilən yaz görüm, orada nə eşidibsən?” sözləri də Dilşada Fəxrəddinin dilindən düzəldilmiş bir məktub olduğunu nişan verir. Heç şübhə yoxdur ki, hərgah belə bir məktub düzəldilmişdirsə, yenə də Səba xanımın tərəfindən düzəlmişdir.
Üçüncüsü də budur ki, Səba xanımla Fəxrəddinin Şeyx Saleh məqbərəsində saatlarca danışdıqlarını görüb mənə xəbər gətirmişlər.
Dördüncüsü də, Səba xanımın Fəxrəddinlə keçmişdə sevgi əlaqələri bəslədiklərini nəzərə almaq lazımdır. Bütün bu macəra Səba xanımın Fəxrəddindən intiqam almaq fikirlərindən doğmuşdur. Əmir həzrətləri qoca vəzirin məsləhətlərini eşitməli və Səba xanımın yaxasını buraxmalıdır. Hərgah onun əxlaqı düzgün olsaydı, o qədər xariqüladə bir gözəlliyə malik olan qızı, üç min dirhəm gümüş pula verməzdilər.
Əmir bir az düşünəndən sonra:
– O qız yonulmamış bir almaz parçasıdır, – dedi.
Toxtamış Əmirə təzim edib gedəndən sonra, Əmir xacə Müfidi çağırıb Dilşadın hüzura gətirilməsini əmr etdi.
Xacə Müfid Dilşadı Əmirin hüzuruna gətirdi, lakin onu Əmirin otağında yalnız buraxmadı. Çünki Əmir bəzən xəlifə üçün alınan cariyələrə də təcavüz edər və nəticədə “qız xəstəlikdən öldü” – deyə xəlifəyə məlumat verərdi.
Dilşad çox zəif idi. Üzü, səhər açılaraq axşam vaxtı solmağa başlayan gül yarpağı kimi təbii rəngini itirmişdi. O, ayaq üstündə dura bilmirdi. Buna görə də Əmir onu tez buraxmaq üçün qısa suallar verirdi:
– Sən Fəxrəddinə məktub göndərmişdinmi?
– Mən heç vaxt və heç kəsə məktub göndərməmişəm.
– O sənə məktub göndərmişdirmi?
– Göndərməmişdir.
– Sən ona sifariş göndərmişdinmi?
– Əmirin başına and içərəm ki, nə məktub, nə də sifariş göndərmişəm. Hərgah belə hadisə vardırsa, mənim əleyhimə düzələn iftiradır.
– Mən səni həbsdən azad etməyi əmr etmişəm, sabah qızım Qətibə ilə taxt-rəvana oturub şairə Məhsəti xanımın istiqbalına gedəcəksən.
Əmir bunları dedikdən sonra xacə Müfidə:
– Bunun bütün zinətlərini özünə qaytar! – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-heyecan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..
Üçüncü pərdəSəttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır.*Səttar xan** — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur.
Dördüncü pərdəBöyükxanın qərargahı. Zəngin bir şərq salonu. Böyükxan, əlində bir neçə məktub, salonu dolanır və öz-özünə deyir:*Böyükxan** — Şuarın vaxtı keçib, indiyə kimi deyirdik ki, Azərbaycan xalqı şahpərəstdir, amma indi «Rədd olsun Qacar xanədanı!» səsindən bütün Təbriz titrəyir.
Beşinci pərdəZeynəbin evi. Ev əşyası sadə və yoxsuldur. Gecədir. Top səsləri eşidilir. Dilrüba Zeynəbin oğlu Məcidi qucağında gəzdirir, lay-lay deyir.*Dilrüba**
Başqa şairlərin şeirləri
Nə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Çərkəzin cavabıYanaşdı çar generalıçərkəzlərin başçısına,