Səhifə 3 / 3 · 67%

Nizaminin başında gedən istiqbal dəstəsi “Əli bulağı” adlı çeşmənin yanında Məhsəti xanımın karvanı ilə qarşı-qarşıya gəldi. Qabaqca Nizami ilə Fəxrəddin atlarından düşdülər. Bir anda Məhsəti xanımın oturduğu taxt-rəvanı yüzlərcə şairlər, yazıçılar, musiqiçilər, şeir və musiqi həvəskarları aralığa aldı. taxt-rəvan Məhsəti xanımın şagirdlərinin və dostlarının gətirdiyi gül dəstələrinin içində qaldı. taxt-rəvan dayandığı vaxt istiqbalçılar onu musiqi tərənnümləri ilə salamladılar. Fəxrəddin ilə Nizami onun qolundan tutub taxt-rəvandan düşürdülər. Məhsəti xanım qollarını Nizaminin və Fəxrəddinin boynuna salıb onları öpdü və:

– Mənim dünyada bundan şad bir günüm olmamışdır, – dedi və həyəcandan səsi tutuldu. Bir azdan sonra yenə də sözünü davam etdirib dedi:

– Daima ölümlə mübarizə aparır və üstümə gələn əcəli qapımdan qaytarırdım, çünki mən bir an da olsa öz vətənimdə azad bir nəfəs almaq və dostlarımla danışıb, görüşüb ölmək istəyirdim. Bu arzum yerinə yetdi, indi ölsəm də dərdim yoxdur.

Mücirəddin Məhsəti xanıma çox diqqətlə baxırdı; çünki hökumət onu Gəncədən sürgün etdiyi zaman saçlarında ağ tüklər çox az idi. İndi isə onun saçları tamamilə ağarmışdı. Qara ipək donunun üzərinə tökülmüş ağ və təmiz saçları bu qoca şairənin gözəlliyində yeni və gənc bir mənzərə açırdı. Buna görə də Mücirəddin ona yazdığı şerində deyirdi:

Bu şux nəvəd salədə halət yenə qalmış,
Geysuyi-səfidində təravət yenə qalmış.1

Hökumət tərəfindən istiqbala gələn dəstə yetişdi. Hüsaməddin atından düşüb Qətibənin taxt-rəvanına yanaşdı. Qulamlar dərhal pilləkəni qoydular, Hüsaməddin taxt-rəvanın qapısını açaraq Qətibəni endirərkən, taxt-rəvanın ətrafına yığışanlar, ipək və qiymətli xalçalarla bəzənmiş bir qəfəsin içindən bəzəkli bir tovuz quşunun endirildiyini zənn edirdilər. Qətibə taxt-rəvandan ayağını yerə qoyduğu zaman onu yüzlərcə kəniz və cariyə aralığa aldı. Qətibə Məhsəti xanım duran yerə qədər kənizlərin və cariyələrin içərisində gəldi. Bir neçə qədəm qalmış onlardan ayrılıb Məhsəti xanıma yanaşdı.

Əvvəlcə baş əyib təzim etdi, sonra da əlindən öpüb geri çəkildi və onun Gəncəyə qayıtmasını təbrik edərək dedi:

– Sizi azad və doğma vətənimizə qayıtmağınız münasibətilə təbrik edirəm. Atamın və anamın tərəfindən sizə səmimi salam vermək üçün vəkil edilmişəm. Eyni zamanda, sizin vətənə qayıtmağınız münasibətilə bütün Aran xalqını təbrik edirəm. Bu gün, musiqi və şeir həvəskarlarının tarixi bir bayramıdır. Mən özüm də qəlbən və ruhən bu bayramda iştirak etdiyimə fəxr edirəm.

Qətibə bu sözləri dedikdən sonra Məhsəti xanımın əlini bir daha öpdü və geri çəkilmək istərkən, böyük şairə onun alnından öpərək razılıq izhar etdi.

Qətibə geri çəkilib Fəxrəddinlə Nizaminin yanına gəldi və onları da təbrik edərək dedi:

– Bu bayramı hamıdan artıq siz alqışlamalısınız. Buna görə də mən sizi xüsusi olaraq təbrik edirəm. Bu bayram mədəni xalqın da bayramıdır. Bir məmləkətdə hər şey həddindən artıq ola bilər, lakin dəyərli adamların sayı heç bir vaxt ehtiyac və həyatın tələb etdiyi qədər olmamışdır. Buna görə də siz və biz bütün varlığımızla çalışıb böyük sənətkarın daha uzun illər yaşamasını təmin etməliyik.

Nizami və Fəxrəddin Qətibənin göstərdiyi bu məhəbbətin nə qədər səmimi olduğuna əhəmiyyət verməyərək ona təşəkkür elan etdilər. Dəstələr Gəncəyə tərəf hərəkət etməli idi. Bütün Gəncə və Şəmkir əhalisi yollarda durub Məhsəti xanımı görmək istəyirdi. Məhsəti xanımın qolundan tutub taxt-rəvana qaldırdılar.

Hökumət tərəfindən istiqbal üçün gedən dəstəyə başçılıq edən Hüsaməddin, Məhsəti xanımın qafiləsini Əmir küçəsinə doğru aparmaq istərkən, Məhsəti xanım razı qalmayaraq dedi:

– Rica edirəm, yenə də məni doğulduğum, böyüdüyüm və öyrəndiyim məhəlləyə aparın! İncəsənət işçiləri yaşayan məhəlləyə, daha açığı Xərabat məhəlləsinə aparın, məni ancaq o məhəllədə yaşamaq şad edə bilər.

Nizami Məhsəti xanımın qulağına nə isə yavaşdan dedi. O saat Məhsəti xanımın üzünü bir kədər bürüdü. Onun tövrü dəyişdi. Nizamidən eşitdiyi sözlər bir daha onun qulaqlarında təkrar olundu:

– Artıq Xərabat məhəlləsi yoxdur, sizi Gəncədən sürgün edən zaman xətibin və Əmir İnancın əmri ilə müridlər Xərabat məhəlləsini söküb yer ilə yeksan etdilər.

Nə Məhsəti xanımın özü, nə də Nizami və Fəxrəddin hökumətin düzəltdiyi binada mənzil etmək tərəfdarı idilər. Onlar hökumətin bu təşəbbüsünə müvəqqəti bir oyun kimi məna verirdilər. Buna görə də onlar Məhsəti xanıma Nizaminin evini mənzil etməyi qərara almışdılar. Vaxt ikən hazırlıq görülmüşdü. Məhsəti xanıma xidmət üçün Fəxrəddinin evindən xidmətçilər və cariyələr təyin edilmişdi.

Məhsəti xanımı istiqbal edən dəstələr Nizaminin evinin qapısında durdular. Fəxrəddin ilə Nizami qoca şairənin qolundan tutub taxt-rəvandan düşürdülər. O, vidalaşarkən dedi:

– Zənn edirəm ki, bu görüş son görüşümüz olmayacaqdır. Böyük sənətkarın ziyarətinə tez-tez nail ola biləcəyik.

Məhsəti xanım istiqbalçılarla vidalaşıb qapıdan içəri girdiyi zaman, həyətdə onu xidmətçilər və cariyələr qarşıladı.

Nizami isə şad bir surətdə nəfəs alaraq öz-özünə:

– Nə qədər böyük bir səadət, – dedi. – Böyük sənətkarın xidmətində olmaq və ölüncəyə qədər onu öz doğma anamız kimi sevmək səadəti bizə nəsib oldu...

Bundan sonra Fəxrəddinin anası və Nizaminin yaxın qonşuları Məhsəti xanımı aralığa alıb onu öz otağına apardılar.


1 Məhsəti xanımın həyatı, müasiri olduğu Soltan Səncər və Ömər Xəyyamın həyat tarixi ilə ölçüldüyü zaman yüz ilə qədər yaşadığı təxmin edilməkdədir (Müəllif).

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri