II. «Metropol»
Səhifə 3 / 3 · 67%
İndi artıq nə Leylanın Sadovski ilə, nə də Rayanın İvanovla olan söhbətləri eşidilmirdi.
Cəbhədən gələn tabur komandanı Hamazasb süfrəyə oturduğu zaman, birinci növbədə öz nişanlısı Esterin yerini dəyişmək istədi, onu sol tərəfindəki stuldan qaldırıb sağ tərəfdə əyləşdirdi, belə olduqda, Ester həm Hamazasbın özünə yaxın olur, həm də onu sevən ikinci bir adamla, yəni alay komandanı Avetisovla göz-gözə oturmaqdan məhrum olurdu.
Hamazasb Esterə yaxınlaşdıqdan sonra adəti üzrə dedi:
– O güldən birisini çıxarıb öz əlinlə yaxama sanc!
Ester stol üzərinə qoyulmuş külqabından bir gül götürüb Hamazasbın yaxasına taxmaq istərkən, Avetisov buna acıqlanaraq, yerindən qalxdı, bununla da Leyla, Sadovski, İvanov, Raya və başqaları şam süfrəsindən qalxaraq gəzişməyə başladılar.
Bu hadisə Esteri çıxılmaz bir vəziyyətdə qoydu, çünki Hamazasb stol başından qalxmamışdı, buna görə də Ester onun yanından qalxmağı və qızlara qoşulmağı bacarmırdı, nəhayət Hamazasb bunu hiss edərək, stoldan yarımçıq qalxdı və Esterin qolundan tutaraq, salonu gəzişməyə başladı.
Nə İvanov Rayanın, nə də Sadovski ilə Hamazasb Leyla ilə Esterin qolunu buraxırdı. Söhbətlər yekrəng, yeknəsəq və yekməzmun idi; kəlmələrin hər birində xanımlara hörmət, bolşeviklərə nifrət mənası vardı.
Bir çox qəzet, jurnal gətirdilər. Hər kəs bir qəzet və bir jurnal götürüb oxumağa başladı, Raya dəxi, «Bakinski raboçi» qəzetini götürdükdə:
– Çoxdan bəridir ki, rusca qəzetlərə təsadüf etməmişəm, – deyərək, açıb oxumaq istədi, İvanov isə ona bir neçə qəzet göstərərək dedi:
– «Bakinski raboçi» sizi maraqlandıracaq bir qəzet deyildir, oxumağına dəyməz. Geniş kütlələrinin yox, müəyyən bir qrupun orqanıdır. Onun məqsədi bizim kimi həqiqi sosialistlərə qarşı böhtan və iftira düzəltməkdən ibarətdir. Öz orqanlarımız vardır. Oxuyunuz, mədəni insanların fikrini səfərbər edən nəşriyyatımız Bakı işçilərinin əksəriyyəti tərəfindən təqdir olunur.
Bu sözlərdən sonra İvanov «Kaspi» qəzetinin bir nüsxəsini Raya xanıma uzadaraq:
– Heç olmazsa bu qəzeti oxuyunuz, – dedi. – Zənkin bir qəzetdir, özü də biqərəz və bitərəf qəzetdir.
Raya əlindəki «Bakinski raboçi» qəzetini göstərərək soruşdu:
– Bu qəzet bolşevik orqanı deyildirmi?
– Bəli, xalis bolşevik orqanıdır, maraqlı bir şey deyildir.
– O halda nə üçün oxumamaq? Baxaq, bolşeviklər mədəni aləm haqqında nə kimi böhtanlar toxuyurlar. Görək onlar mədəni menşeviklər və alicənab eserlər, fəal daşnaqlar barəsində nə kimi uydurmalar yazırlar?
Raya bunu deyərək, qəzeti oxumağa başladı.
«Aclığın sümük əlləri və qara təbliğatı
Bakı proletariatı ağır ərzaq böhranı keçirməkdədir; işçi acdır, aclıq isə çox pis bir məsləhətçidir.
Qara ünsürlər bu vəziyyətdən istifadə edərək, geniş, ac və həyəcanlı işçi kütlələri içərisində ən fitnəkar şüarlar buraxmaqla, onları özlərinin – işçilərin – seçdikləri təşkilatın, Sovet hökumətinin əleyhinə qaldırmağa çalışırlar.
Bu xəyanət işini başlıca olaraq menşeviklər irəli aparmaqdadır. Şüurlu işçilərin çox gözəlcəsinə tanıdığı Ayollo, Sadovski kimi ağalar və onların dalınca sürünən sabiq inqilabçı Atabekov işçi rayonlarına gedib ən fitnəkar və cinayətkar nitqlər söyləyirlər.
Vaxtilə məşhur milyoner Krestovnikov Moskvada aclığın sümük əli ilə inqilabı, işçi və kəndliləri boğmağa çalışırdı.
Burjuaziyanın lakeyləri Bakıda aclığın müdhiş əllərini Sovet hökumətinin əleyhinə qaldırmaq vaxtı yetişdiyini hiss etdi. Menşeviklər, ac və yorğun işçilərə deyirlər ki, «bolşeviklər sizə çörək vəd edirsə də öz vədlərinə əməl etmirlər. Onlar vətəndaş müharibəsi düzəltməklə işçilərin qanını axıdırlar.
İnsan bundan da artıq və həyasız bir təbliğat təsəvvür edə bilərmi?! Bizim Bakı şəraitində bir nəfər də olsun belə bir əksinqilabi fitnəkar şüar düşünə bilərdimi?!
Onlar həmişə çörəkdən danışdıqları vaxt aç işçiləri sovet ərzaq təşkilatlarının əleyhinə qaldırırlar.
Ərzaq işləri düşmənlərimiz əlində olduğu vaxt, iclaslarda bizdən bir nəfər də kütləni onların üzərinə qaldırmağa çalışmadı. Əksinə, biz onları çiddi surətdə müdafiə edirdik və məsuliyyətlərini öz öhdəmizə alırdıq. Halbuki, onlar bu səlahiyyəti qazanmamışdılar. Hazırda, Sovetlər höküməti taxıl əldə etməkdən ötrü əlindən gələni əsirkəmədiyi və bu hamıya məlum olduğu bir zamanda, Qızıl Ordu taxıl yollarını açmaq üçün çarpışdığı bir halda, həyasız və vicdansız fitnəkarlar xalqı Sovet hökumətinin əleyhinə qaldırmağa çalışırlar. O biri tərəfdən də bolşeviklərin vətəndaş müharibəsi düzəltməkdə guya müqəssir olduğunu deyib qışqırırlar.
Hər bir işçi burada vətəndaş müharibəsinin kimlər tərəfindən düzəldildiyini və necə başlandığını çox yaxşı bilir.
Sovet höküməti vaxtilə müsavatçılar tərəfindən düzəldilmiş silahlı qüvvənin əleyhinə çıxdı. Lakin hər kəsə aydındır ki, biz Diki diviziyanın qarşısına çıxmasaydıq, on dəfə artıq qan töküləcəkdi, zavodlar, fabriklər tamamilə yanacaqdı. Bakı, Azərbaycan xan-bəylərinin paytaxtı kəsiləcəkdi.
Fitnəkarlar aç xalqı Sovet höküməti əleyhinə qaldırmaq və onların əksinqilab əleyhinə olan inqilabi mübarizəsini rüsvay etməklə kifayətlənməyərək, erməni-rus xalqı arasında da milli ədavət toxumları səpməyə başlamışlar.
Sovet höküməti əleyhinə mübarizə aparmaq üçün bundan da həyasız, bundan da cinayətkar bir xətt-hərəkət təsəvvür etmək olurmu? Müsəlman əksinqilabçıları olan Ağabala Quliyevlər, Abdullayevlər və sairləri də belə düşünərək, Qudzinski imamını və Gəncə quldurlarını Bakının əleyhinə çağırırlar.
Biz bilirik ki, Bakıdakı Sovet hökumətini boğmaq üçün Ayollo və cənab Sadovski çalışır.
Lakin onlar öz arzularına nail ola bilməyəcəklər, hətta onlar müvəqqəti də olsa, öz menşevik partiyalarının iflasa varmış kursunu qaldırmağı belə bacarmayacaqlar. Taxıl böhranı tezliklə rəf ediləcəkdir.
Biz ümid edirik ki, Qızıl Ordunun fədakarlığı, Şimali Qafqaz, Həştərxan, Saritsın sovet təşkilatlarının yardımı və eyni zamanda işçilərin səy və təlaşı sayəsində Bakıya taxıl gətiriləcəkdir».
Raya qəzetdə Bakıya taxıl çatdırmaq üçün Şimali Qafqazda Qızıl Ordunun ağ generallara qarşı mübarizəsindən bəhs edən sütunları oxuduqda Sadovski və Ayollo hər ikisi birdən:
– Çox gecdir! – dedilər və bununla da Raya qəzeti əlindən buraxaraq:
– Nə qədər dəhşətli bir hücum! – dedi.
Sadovski:
– Bunların səhvi də burasındadır ki, cənubdan gözlənən yardımı şimaldan gözləməkdədirlər. Artıq şimal yoxdur. Onun yerinə çəbhələr, vuruşlar, hərç-mərçliklər, qarətlər, talanlar, acından ölənlər və sairə vardır. İngilislər isə qulağımızın dibində, hətta bir neçə saatlıq yoldadırlar.
Gecə saat ikidə general Dukaçiyevə gələn təçili telegram «Metropol» salonunun ahəngini hiss edilməyəcək surətdə pozdu.
Zabitlər hamısı ayağa qalxdı, xanımlarla vidalaşma başlandı. Dukaçiyev Rayanın əlini sıxaraq:
– Allah bəlasını vermiş düşmən çəbhəni yarmışdır. Getməliyik, sabah burada yenə görüşərik, – dedi.
Hamazasb qalxıb Esterin əllərindən tutaraq:
– Gedirəm, – dedi, – səni düşünmək, sənin sevgi nəşələrinlə əylənmək mənim qələbəmi təmin edir. Ah, Ester can, kaş sən də mən düşündüklərimi düşünəydin, onda hər ikimiz xoşbəxt olardıq.
Ester durub ancaq öz ayaqlarına baxırdı. Hamazasb isə onun əlinə hərəkət verərək:
– Mənim ruhum, səndən bir söz eşitmək istəyirəm, – dedikdə, Ester yavaşdan dedi:
– Hər şey gələcəkdən asılıdır.
Esterin bu sözündən sonra Hamazasb onun əlini buraxdı və dönüb getmək istədikdə, heç kəsin eşidə bilməyəcəyi bir surətdə yavaşdan mızıldandı. Onun sözləri eşidilməsə də, çöhrəsində yavaşdan dedikləri aydın oxunurdu:
– Ah! Məchul, qorxulu və ümidsiz gələcək!
Hamazasbın son sözləri bu oldu.
Sadovski ilə İvanov xanımları öz otaqlarına müşayiət edərkən, ərkani-hərb miralayı Avetisov telefonla Bakı dəmiryol stansiyası rəisinə deyirdi:
– Cənab generalın xüsusi qatarını birinci xəttə veriniz!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-ii-metropol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
XXII. Generalın yanındaDoktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:
XXIII. Yeni hökumətin siması«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson
XXIV. Esterin həbs edilməsiBolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.