XXI. Esterin romanı
Səhifə 1 / 5
Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.
Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
– Al bu pulu, – dedi, – İrana gedən paroxodlarda neçəyə olur-olsun iki nəfər üçün bilet al, yerin yaxşı-pisliyinə fikir vermə. Bu gecə mütləq yola düşməliyik!
Xidmətçi pulları alıb sağ cibinə qoydu, sol cibindən iki qapalı məktub çıxarıb Araratyana verdi. Məktubların biri Esterin nişanlısı və eyni zamanda erməni batalyonunun komandanı Hamazasbdan, digəri isə Esterin sevgisi uğrunda Hamazasbla mübarizə aparan, daşnaq partiyası üzvü və çəbhə komandanı Avetisovdan idi.
Araratyan, böyük mərtəbəyə çatmaq üçün istifadə etdiyi bu iki daşnaq «qəhrəmanının» məktublarını əvvəlcə açmaq belə istəmədi. Çünki məktubların tamamilə yeknəsəq və marağsız olduğunu bilirdi. Lakin daşnaq partiyasının nüfuzu gələcəkdə ona lazım olacaq idi. Əvvəlcə Hamazasbın məktubunu açdı. Başdan axıra qədər göz gəzdirdikdən sonra açıqlandı və özündən çıxdı. Hamazasb öz məktubunda bir kəlmə belə «Möhtərəm doktor!», «Mənim atam əvəzi doktor!», «Millətimizin fəxri doktor» kimi nəzakətli sözlər yazmamışdı.
Məktubun əvvəli, sadəcə «doktor!» sözü ilə başlayırdı. Məktubda deyilirdi:
«Doktor! Mən mərd və igid oğlanam! Məni bütün erməni və müsəlman xalqı tanıyır. Mən daşnaq partiyasını əvvəldən də tanımaq istəməzdim, çünki o partiyanın məqsədini yaxşı bilirdim. Mən heç vaxt müsəlmanlarla üz-göz olmaq istəmirdim. Mən müsəlman ailəsində böyümüşdüm, mənim böyüyüb adam içinə çıxmağıma da müsəlmanlar səbəb olmuşdur. Müsəlman qadınlarından mənə oğul deyən, qabağıma süfrə açan, üstümə yorğan salıb rahat edən, xəstəliyimdə başımın üstünü kəsib ana-bacı məhəbbəti göstərən qadınlar çox idi.
Qarabağda mən müsəlman kəndlərinə gedəndə, kəndin cavanları «Hamazasb gəlir» deyə qabağıma qurban çıxarardılar; azərbaycanlıların yasında ağlar, toyunda oynardım, mən Azərbaycan qızlarına kəbin kəsildiyi vaxt dəfələrlə oğlan və qız vəkili olmuşam.
Mənim keçmişdə erməni xalqı arasındakı hörmətim də sənə məlumdur. Mən heç vaxt ikiüzlülük etməzdim. İkiüzlü adamları da sevməzdim. Mən namuslu və dinc adamlarla oturub dururdum.
Mən səninlə tanış olmazdan qabaq öz sənətimlə yaşar və əlimin əməyi ilə dolanardım. Evimə yüzlərcə qonaq gələrdi. Lakin mən səninlə tanış olduqdan və daşnaq partiyasına daxil olduqdan sonra hər şeyi itirdim.
Mən sənin üçün öz əlimi qana batırdım. Daşnaqlara qoşulub hər iki millətin dostluq və rahatlığını pozmağa çalışdım. Çünki bunu, sən tapşırmışdın.
Nəhayət, mən ana-bacı hörməti gördüyüm Azərbaycan qadınlarının evini qarət etdim. Qarşıma süfrə açan qızları bir parça çörəyə möhtac qoydum, xəstəliyimdə başım üstündə oturanların başını kəsdim, qarşıma qurban çıxaran kəndlilərin sürüsünü taladım, oğullarını kəsdim və kəndlərini yandırdım.
Namuslu və dinc ermənilərin də rahatlığını pozdum, daşnaqlara qoşularaq milli müharibələrə yol açdım. İki millətin bir-birinə silah qaldırmasına, bir-birini məhv etməsinə səbəb oldum. Nəticədə hər iki millətin nifrətini qazandım.
Mən yaxşı bilirəm ki, erməni işçi-kəndliləri nə məni, nə də mən arxalandığım daşnaq partiyasını sevmir, mənim heç bir şeyim qalmamışdır, ancaq sənin qızına bəslədiyim bir məhəbbətim var idi, lakin bundan da məhrum oldum, çünki sənin ikiüzlü siyasətin məni o məhəbbətdən məhrum etdi. Axırda sənin evindən də ayağımı çəkdim. Erməni milli soveti təşkil olunanda, mən sənin namizədliyini öz mauzerim gücünə keçirtdim. O vaxt sən məni «oğlum» deyə gündə yüz dəfə əzizləyirdin.
Sən hər yerdə: «Mənim iki övladım vardır, birisi Ester, digəri də Hamazasbdır» – deyirdin və onunla iftixar edirdin. Qızın da məni sevirdi. Hətta o, mənimlə qol-qola gəzəndə fəxr edirdin. Çünki qolumun dönməz bir qol olduğunu bilirdin.
İngilislərlə müzakirə aparmaq üçün adam göndərmək lazım olanda yenə də sənin namizədliyini mən qoydum və keçirtdim. Sənin kimi adi bir doktorun Britaniya missiyası ilə tanış olmasına mən səbəb oldum. Mən indi bildim ki, sən öz yüksəlməyin üçün qızını əlində alət etmişsən. Sən oğulluğa qəbul etmək və qız böyüdükdən sonra xeyir işi bitirmək vədəsi ilə məndən istifadə etdin. İndi də onu Avetisova verir, ondan istifadə edirsən. Əcəba, mənim xidmətlərimə mükafat verilmiş qızı, indi hansı xidmətlər üçün Avetisova mükafat verirsən?!
Lakin onu bilməlisən ki, Avetisov çəbhə komandanı olmaqla yüksək rütbə tutmasına baxmayaraq məndən və Qazarovdan asılıdır. Bizim nüfuzumuz olmasa, başıpozuq daşnaq saldatları onun qapışını boğazına keçirərlər. Çox gözəl bilirəm ki, sənin qızın namuslu bir qızdır. O, satılmağa heç bir zaman razı olmaz. Sən onu məcbur etməsəydin o, heç vaxt Avetisov kimi namussuz adamların qoluna girməzdi.
Mən bilirdim ki, sənin qızın məni sevməsə də mənə hörmət bəsləyir. İndi isə o mənə əlini uzatmır və məni görərkən üzünü kənara çevirir.
Görək bundan sonra qızı kimə satacaqsan. Çünki indi nə məndən, nə də Avetisovdan istifadə edə biləcəksən.
Hamazasb
Bakı, 4 avqust».
Araratyan bu məktubu oxuduğu zaman Ester də sakit durub baxırdı. O, məktubun məzmununu, yenə də atasının mimikasından, alnındakı cizgilərdən, boyun damarlarının şişməsindən anlayırdı.
Araratyan dilləndi:
– Yaxam bir cüt namussuzun əlində qalmadımı?! – Bunu deyib məktubu cibinə qoydu, sonra Avetisovun məktubunu açdı.
«Möhtərəm doktor! Bolşeviklər milli partiya üçün böyük bir təhlükə idi. Şükür ki, biz başqalarına güzəştə getdiksə də, bolşevizmin Zaqafqaziya siyasət səhnəsindən silinməsinə nail olduq. Buna görə də qırx ildən bəri yaşayan bu partiyanın daha bir çox illər davamına ümid edə bilərsiniz.
Bunları nəzərə alaraq siz, mənim daşnaqsütyun partiyası üçün nə qədər xeyirli olduğumu təyin etməlisiniz. Siz heç bir zaman Hamazasb kimiləri mənə tərcih verməməlisiniz, çünki onun üzü qaradır. Daşnaq partiyasının üzvü olmağına baxmayaraq onun daşnaqlar içərisində etibar və nüfuzu yoxdur. Siz onun mauzerindən qorxmayın və qızınızı bədbəxt etməyin!
Siz ki, məni 1906-cı ildən tanıyırsınız. O zaman ki, siz Qarabağda məğlub olmuşdunuz, onda ki, siz öz aciz və dəyərsiz siyasətiniz nəticəsində bütün daşnaqların nifrətini qazanmamışdınız, mənə müraciətlə yardım istəmədinizmi? O zaman Hamazasb sizə nə yardım etdi?! Heç! Yenə də heç! Çünki əlindən bir iş gəlməzdi. O ancaq tək-tək adam öldürməyi bacarardı.
Mən sizi diriltmək, nüfuzunu qaldırmaqdan ötrü general Qoloşşapovu yenidən Qarabağa gətirmək üçün şəxsən Tiflisə getdim. Vorontsov-Daşkovun xanımı ilə görüşdüm, Tiflisdə müsəlman vəkillərinin gözünə torpaq atıb Qoloşşapovun Qarabağa təyin edilməsi üçün onlardan razılıq kağızı aldım.
Siz özünüz bilmirsinizmi ki, cənab Vorontsov-Daşkovun müavini general Malamanın istintaq üçün Qarabağa gəlməsinə mən səbəb oldum?! Siz bilmirsiniz ki, general qubernator Alftanın və miralay müavini Vevronun, qəza naçalniki Frelixin Qarabağdan götürülməsinə mən səbəb oldum? Bunların hamısını sizin nüfuzunuzu qaldırmaq, sizi partiya rəhbərliyində saxlamaq üçün etmişəm. Mənim bu xidmətlərimi nəzərə alaraq bir kərə «razıyam» deməyinizi rica edirəm. O zaman həm mən, həm də sizin anasız qızınız xoşbəxt olar.
Cavab gözləyirəm.
Avetisov
4 avqust, 1918-ci il».
Araratyan bu məktubu da oxuduqdan sonra Esterin saçlarını sığallayaraq soruşdu:
– Sən bu iki həyasızın hansını sevirsən?!
– Mən onların heç birini görmək istəmirəm.
– Mən də bunu sənə əmr edirəm. Onlarla daha görüşməyəcəksən. İndi onların heç bir nüfuzu yoxdur. Biz onlardan gözlədiyimiz xeyri ingilislərdən də görə bilərik. Onların əhəmiyyəti ingilislər Bakıya gələnə qədər idi. Bu günün özündə mən istəsəm, onların hər ikisini Bakıdan sürgün etdirərəm. Bolşevikləri Bakıdan təmizləməyə qadir olan daşnaq partiyası iki nəfər eqoistin öhdəsindən də gələ bilər. Namussuzlar! Alçaqlar! Şəhər türk topları ilə dağıldığı və qəddar düşmənimiz şəhərə girməyə tələsdiyi bir zamanda, bu alçaqlar da evlənmək, sevgi xəyalındadırlar.
Araratyan evi bir qədər dolaşdıqdan sonra Estərə müraciətlə:
– Hazır ol, İrana gedəcəyik, – dedi.
Ester cavab verdi:
– Mənim İranda nə işim var?
Araratyan əlini onun çiyninə qoyaraq dedi:
– Səni burada tək qoya bilmərəm. Mən o alçaqların tərəfindən əmin deyiləm. İkinci bir qorxu da türklərin Bakıya girməsi ehtimalıdır. Özün bilirsən ki, onlar Bakıya girdikdə ən əvvəl daşnaq rəhbərlərini tapacaqlar. Sən təksən, burada heç kəsin yoxdur. Mən də İrana getməyə məcburam. Gedib onlarla danışmaq və Bakını müdafiə üçün lazımi qüvvə tələb etmək lazımdır. Biləks, bolşeviklərin dedikləri doğru çıxacaq, yenə də onların nüfuzu işçi və kəndlilər arasında artmağa başlayacaqdır.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xxi-esterin-romani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.
HüsaməddinQətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.
FəxrəddinMüşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.
DilşadBu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.