Səhifə 3 / 5 · 40%

– Sən otur şeyləri gözlə, mən tanış xidmətçilərdən tapım. Yoxsa bir gəmidə yerləşə bilmərik.

Qapıdan içəri girmək də mümkün deyildi.

Ester səkidə qoyulmuş şeylərin qarovulunu çəkir və düşünürdü. Ətraf qaranlıq idi. Nə Ester Vahanı, nə də Vahan Esteri görürdü. Ester qaçanları, onların hansı sinfə, hansı təbəqəyə mənsub olduqlarını yoxlayırdı. Nəhayət, onun özü də ixtiyarsız dedi:

– Qaçanların hamısı varlılar və atam kimi qatillərdir. Hazırkı qanlı hadisələrdə bunların hamısı iştirak etmişlər. Atamın həmməsləkləri yoxsulların fəlakətinə çalışanlardır.

Bunlar yalnız bolşeviklərin deyil, bütün Bakının məhvinə səy edənlərdir. Bunlar Vahan deyənlərdir, bunlar əziz dostumun canavar adlandırdığı varlılardır. Bunlar erməni xalqını «çar siyasətinə qurban edən daşnaq rəhbərləridir». Qaranlıq olsa da Ester xəyalən ətrafı gəzir və Vahanı arayırdı. Onun qulağına belə bir səs gəldi:

– Ester salamat get, yaxşı yol, uğurlar olsun!

Ester bu səsin xaricdən yox, öz qəlbinin dərinliyindən gəldiyini hiss edərək diksindi. Dərhal keçmişi xatırladı. Uşaqlığın azad və məsud günləri bir anda gəlib Esterin nəzərindən keçdi. Bütün uşaqlıqda gördüyü təbiət, orman kölgəlikləri, çayların, quşların, ruzigarın səsi, gəzinti saatları Esterin nəzərində canlandı. O, Vahanın səsini xatırladı. O, bu səsi ilk dəfə 6-cı ildə Qarabağın sehirkar təbiətində yaşadığı və Qar-qar çayının sahilində ayaqlarını suya salıb oturduğu zaman eşitmişdi.

Ester bir an üçün Qarabağda keçirdiyi uşaqlıq günlərinə qayıtdı. O günləri xatırladı: 1905-ci il iyul ayının 3-də doktor Araratyan öz ailəsilə görüşmək üçün Bakıdan Qarabağa yola düşmüşdü. O, Bakıdan çıxmazdan əvvəl öz qadını Sofiya xanımın adına belə bir teleqram göndərmişdi.

«1905-ci il, 3 iyun. Qarabağ.

Yeddisində yola düşürəm. Sizi yaylağa köçürmək üçün gəlirəm.

Araratyan.

Doktor Araratyan Qarabağa gələndən iki gün sonra, evdə böyük hazırlıq var idi, bu gün general qubernator Baranovski Bakıdan gəlmiş daşnaqsütyun partiyası başçılarından cənab Araratyan ilə və eyni zamanda Qarabağın erməni nücəbası ilə tanış olacaq idi.

Cənab qubernator doktor Araratyanla tanış olduqdan sonra doktor qonaqları da bir-bir qubernatora təqdim etdi. Qonaqlar, Maşuriyans, Atabəyov, Doluxanov, Hamazasb, Çartazar, Aşot, «Çikaduz» sakini Bəylərbəy, «Mavas»lı Sançanbəy, zəngəzurlu cənab Sako, Sokrat və sairələri idi.

Bir az sonra başqa qonaqlar Aslan bəy və Məlik-Şahnəzarov da gəldi. Hələ süfrəyə oturmamışdılar. Çünki cənab İşxanov və Ağabəy, pristav Davidov və sairləri hələ gəlməmişdi.

Axşam saat beşdə, siyahı üzrə dəvət edilənlərin hamısı süfrə başına toplanmışdı. Süfrə başında çox az danışdılar. Buna baxmayaraq Qarabağ, Qaryakin və Cəbrayıl uyezdində baş verən hadisələrdən anlaşıldı ki, doktor Araratyan qubernator Baranovskinin tələblərini yerinə yetirmişdir.

Ziyafətdən iki gün keçmişdi. Doktor Araratyanın ailəsi (10 yaşlı qızı Ester və qadını), ev xidmətçisi Varsenik xalanın müşayiətilə Şuşadan çıxıb Qar-qar çayı kənarındakı erməni kəndlərinə göndərildi. Həmin bu gündə qubernator Baranovski müsəlman nücəba və ağsaqqallarını yanına dəvət edərək, erməni-müsəlman ixtilafı haqqında şayiələrə dair məsələləri müzakirə etmək istəyirdi.

Molla Əbdürrəhim Qasımzadə, Tapdıq Talıbxanov, Həsənəli bəy Əskərxanov və sairələri cənab qubernator ilə görüşüb getdikdən sonra Ağ-oğlan monastrında dəvət edilmiş (13 avqust tarixli) birləşmiş iclasda iştirak etməli idilər.

İclas, Beşinci il inqilabına hüsni-rəğbət bəsləyən və erməni xalqının azadlığını istəyən erməni inqilabçıları tərəfindən dəvət edilmişdi. İclas monastrın həyətində idi. Yuxarı başda stol ətrafında bir necə stul qoyulmuşdu. İclasda iştirak edənlər Divanəli, Veysəlli kəndliləri və sairələri idi.

Bir necə dəqiqə sonra, üç nəfər naməlum adam iclasa gələrək erməni-müsəlman kəndliləri ilə salamlaşdı. Bir az sonra Baxşı adlı bir erməni ayağa qalxıb dedi:

– Camaat! Sizin mahalınıza üç nəfər möhtərəm zat gəlmişdir. Onların məqsədi erməni və müsəlman kəndlilərilə danışmaqdır. Həmin məsələ üçün söz verilir təzə gələnlərə.

Təzə gələn qonaqlardan biri ayağa qalxıb dedi:

– Camaat, biz erməni-müsəlman xalqında bir adət var ki, hər söz başı bir məsəl gətirərik. Siz bilirsiniz ki, bütün Qafqaz xalqları, çar hökumətinin boyunduruğu altında əzilir və məhv olurdu. Hökumət hər zaman əlindən və dilindən gələni bizdən əsirgəmirdi. Bizim bütün ixtiyarımızı əlimizdən almışdı, bizi dözülməz işgəncələr altında saxlamışdı. Siz bilirsiniz ki, çar hökuməti böyük bir fildir. Bütün xalqlar, əməkçilər bu filin ayağı altında əzilir. İndi isə xalq ayılır, öz düşmənini tanıyır. Daxili inqilabi hərəkat bu filə zərbələr vurur.

Yaponiya «milçəkləri» də bu filin canına daraşıb. Nəhayət can çəkişən fil, dərin bir arxa yıxılmaq üzrədir. İndi, gəlin qardaşvarı köməkləşərək, haman filin xortumunu qıraq və onu məhv edək!

Ancaq bununla əsrlər boyu əsir yaşayan xalqlar səadətə çata biləcəkdir. Haydı, birliyə doğru, qardaşlar!..

Sonra ikinci natiq söz aldı. O, sadə danışdı.

– Camaat! Biz çoxdan bəri Qafqazda bir qazan qaynatmaq və xalq üçün bir xörək bişirmək istəyirdik. Lakin bu da təkbaşına ermənilərin işi deyildi. Bu qazanı ocağa qoyub qaynatmaq üçün bir saçayaq lazım idi. Bu saat haman qazan hazırdır. Xörəyi bişirməyin də vaxtıdır. Lakin saçayaq yoxdur. Haman saçayağın bir ayağı gürcülər, ikincisi ermənilər, üçüncüsü də müsəlman qonşularımız olmalıdır. Biz bu barədə müsəlmanlara ümid bağlamalıyıq, müsəlmanlar da bizə inanmalıdır...

Üçüncü natiq qalxdı:

– Ey min illərlə mehriban qonşuluq edən nəcib müsəlmanlar! Siz eşitdiniz ki, vaxtilə Üçkilsədə ermənilərin nə qədər silahı tutuldu!

Yerlərdən cavab verdilər:

– Bəli, eşitmişik!

– Siz eşitdiniz ki, Şuşa şəhər qəbiristanında nə qədər silah tutuldu?

– Eşitmişik!

– Mən sizi əmin edirəm ki, bu silahlar müsəlmanlara qarşı hazırlanmamışdı. Bu silahlar ümumi düşmənə qarşı çevriləcəkdir. Bu silahlar, sizə də, bizə də bəsdir. Gəlin bunu birlikdə və ümumi düşmənə qarşı sərf edək. Sizin düşmənləriniz başqa fikirdədir. Onlar istəyirlər ki, bu silahı hökumət əleyhinə yox, erməni-müsəlman xalqı bir-birinin əleyhinə işlətsin. Siz buna imkan verməyin! Bu bəla sizə qarşı hazırlanmaqdadır...

Üçüncü natiq çox uzun danışdı, nəhayət, müsəlmanlar arasında qubernator Baranovskinin və onun həmfikri Araratyanın rolunu oynayan başçılar əvvəlki üç natiqə etiraz etdilər.

Ən əvvəl molla Əbdürrəhim Qasımzadə söz aldı:

– Siz ermənilər, biz müsəlmanları lazımınca tanımamısınız, bizim heç vaxt bu cür sözlərdən qorxumuz yoxdur. Biz müsəlmanlar sizin saldatlarınız da deyilik. Sizin silahınıza da ehtiyacımız yoxdur. Biz, özümüz üçün silah-filan da tapa bilərik.

Bundan sonra çıxış edən Tapdıq Talıbxanov çox açıqlı danışdı:

– Biz axmağıq ki, bizə yaraq verib öz padşahımıza qarşı qaldırasınız?! Bizim dinimiz, şəriətimiz buna yol verməz!

İclasdakı müsəlmanlar ayağa qalxdılar.

– Biz sizin fikrinizə şərik deyilik, – deyə çıxıb getmək istədilər. Natiqlərdən biri dilləndi:

– Müsəlmanlar, dayanın! Bircə sözüm var! Burada danışdığımız sözlər, biz üç nəfərin fikri deyil, bir partiyanın və komitənin fikridir!

1905-ci il avqust ayının 21 idi. Doktor Araratyan Qarabağda ikinci bir faciə törətmək üçün ailəsi ilə birlikdə yaylaqda yaşayırdı. O, Qafqaz canişini Vorontsov-Daşkova yazmaq istədiyi ərizənin planını hazırlayırdı. Axşam üstü Araratyan evə gəldi. Qulluqçunu çağırıb toyuq, cücə, yumurta almaq üçün kənd içinə göndərdi. Sonra da arvadına müraciətlə:

– Hazırlıq görmək lazımdır, – dedi. – Saat doqquzda yanıma adam gələcəkdir. Bəlkə bir necə saat oturmalı oldular, müxtəsər bir şam yeməyi vermək lazımdır.

Hər şey öz qaydasında idi: cücələr kəsilir, qızardılır. Hadrutdan gətirilmiş şərab şüşələrə tökülür, otaqda böyük lampalar yandırılırdı.

Süfrə hazırlayanlardan biri də Araratyanın gələcək damadı, həm də onun zəmanəti ilə daşnaqsütyun partiyasına girmiş Hamazasb idi. Hamazasb, Esterdən 15 yaş böyük idi. Esterin anasının Hamazasbdan xoşu gəlmirdi. Bu gecə yenə də onun sözünü danışırdılar. Sofiya Araratyana dedi:

– Sən hər nə edirsən et, lakin bu haramzadanı mənim evimdən çıxart. O alçaqdır. O mənim on yaşlı qızıma indidən öz qadını kimi baxır.

Araratyan açıqlanaraq:

– Tərbiyə aldığına və cəmiyyət içərisinə çıxdığına baxmayaraq, yenə qanındakı kəndli avamlığı və mədəniyyətsizlik mikrobları məhv olmamışdır. Bir qız bir oğlanan deyilmi?

– Buna mənim sözüm yoxdur. Lakin oğlan varsa da, hələlik qız yoxdur. Qız on yaşında bir uşaqdır.

– O daima on yaşındamı qalacaqdır? O heç böyüməyəcəkdirmi? Mən bu saat onu ərə verməkmi istəyirəm? O, indidən ərə gedib sabah hamilə olsa, düşünürsənmi başına nələr gələ bilər?

– Qız böyüyənə qədər zəmanəmiz yüzlərcə Hamazasbları əvəz etməyəcəkmi?

– Lakin sən onu da bilməlisən ki, bu gün bizim üçün ən lazımlı adam Hamazasbdır. Çünki bütün Qarabağ, Zəngəzur, Cəbrayıl və Qaryakin qəzaları erməni kəndlərini, ancaq Hamazasbın vasitəsilə partiyaya cəlb etmək mümkündür. Hələlik daşnaqsütyun partiyası kütləvi bir partiya olmamışdır. Hamazasb kimiləri bu iş üçün lazımdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bahar

Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.

29 dəq
Hüsaməddin

Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.

6 dəq
Fəxrəddin

Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.

6 dəq
Dilşad

Bu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.

9 dəq

Başqa şairlərin şeirləri