Kəhran qalası
Səhifə 1 / 2
Qızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi:
Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər.
Bu xəbərlər Savə şəhərində oturub Qızıl Arslana qarşı təzə qüvvələr hazırlamaqda olan Toğrulun da qulağına çatmışdı. O bu xəbərləri özü üçün Allah tərəfindən göndərilən bir müvəffəqiyyət kimi sanırdı. Nəhayət, bu şayiələr Toğrulca bir həqiqət şəklinə girdi. O, Fəxrəddin və Seyid Əlaəddindən bu məzmunda çox uzun bir məktub aldı:
“Əlahəzrətə.
Sizə məlumdur ki, biz öz mərtəbəmizi ucaltmaq üçün çalışmırdıq. Bizim bütün səy və təlaşımız bu xanədanın taxt-tacını qorumaq və onun şan-şöhrətini ucaltmaq üçün idi.
Biz iyirmi ildən bəri böyük orduların rəhbərliyində olduğumuza baxmayaraq daima özümüzü məmləkətin adi bir əsgəri kimi aparmışıq. Biz əsgərlikdə çalışıb, bu sənətlə pərvəriş tapmışıq. Heç şübhə yoxdur ki, son zamanlar bizim Qızıl Arslan ordusunda çalışmağımız nəticəsində əlahəzrətin xatir-şərəflərinə kədər varid etmişdir. Buna görədir ki, əlahəzrət Həmədanda olduğu zaman bu həqir nökərlərinə iltifat nəzərilə baxmaq istəməmişdi.
Bizim ikimiz şahanə nəzərinizdən məhrum olduğumuz üçün, vəzifəmizdən də götürülmüşdük. Bunları nəzərə almaq istəmirik. Çünki son hadisələr səmimi nökərləriniz üçün ibrət dərsi oldu; çünki hazırda biz, məmləkət və xanədan uğrunda çəkilən zəhmətlərin tamamilə hədər getdiyini görürük.
Əlahəzrətin özünə məlum olduğu üzrə, Qızıl Arslanın Qətibəyə evlonmək şayiələri həqiqət şəklinə keçməyə başlayır. Bu hadisə yalnız iki nəfər əsgərin deyil, cyni zamanda bütün Azərbaycan xalqının nifrətinə səbəb olmuşdur. Çünki Qətibənin kim olduğu əlahəzrətin özünə məlum olduğu kimi, bütün məmləkətin xalqına da məlumdur.
Biz səmimi nökərlər əlahəzrətin taxt-tacına and içirik ki, bizdə heç bir riyakarlıq yoxdur. Biz sizi Həmədanda olan Azərbaycan qoşunları barəsində əmin edirik. Qızıl Arslan əvvəlki yolunu davam etdirsəydi, biz heç bir zaman onun ətəyini buraxmazdıq. Lakin onun Qətibə ilə olan əlaqəsi göstərdi ki, o, artıq öz həqiqi yolunu azdırdı. O, bu hərəkətilə məmləkəti uçuruma doğru sürükləyə bilər.
Qızıl Arslan bizim qılınclarımız, qanlarımız nəticəsində qazanılan qələbələri ikiüzlü bir qadına uduzdu. Bu səbəblərə görə əlahəzrətin nökərləri də öz yolunu dəyişdi. Hərgah əlahəzrət Həmədan şəhərinə qayıtmaq və öz taxt-tacına sahib olmaq istəyirsə, biz canımız və qanımızla ona kömək etməyə hazırıq. Əlahəzrət çox gözəlcəsinə bilir ki, azərbaycanlıların qılınclar hər kimin arxasında parlasa, qələbə də onun önündə baş endirəcəkdir.
Hazırda paytaxt bizim əlimizdədir, onun Təbriz şəhəri ilə heç bir əlaqəsi yoxdur.
Qızıl Arslan tərəfindən təyin edilən ali mənsəbli adamları və onun vəziri Şəmsəddini əsir götürüb həbsxanaya atmışıq. Hər şey hazırdır. Əlahəzrətin təşrifinin intizarındayıq. Hazırda Həmədan şəhəri öz səlahiyyətli və böyük hökmdarını saxlamaq üçün başına əyməkdədir. Əlahəzrət təşrif gətirəcəyi günü vaxt ikən bildirməlidir. İstiqbal təntənəsi üçün lazım olan hazırlıqlar bitməkdədir.
Sizə Həmədanda olan minlərcə fədakar nökərlərinizin salamını göndəririk.
Fəxrəddin
Əlaəddin!”
Bu məktub Toğrula göndəriləndən sonra Həmədanda həbslər başlandı. Qızıl Arslanla əlaqədə olanların hamısı həbs olundu. Qoşun böyükləri şəhəri gəzib müəyyən siyahılar üzrə yüzlərcə adamları evindən çıxarıb həbsxanalara doldururdu. Qızıl Arslanın vəziri Şəmsəddin, yaşadığı evdə həbsə alınaraq ətrafına bir dəstə gözətçi qoyuldu.
Qızıl Arslanın düşmənləri toy-bayram edirdi. Bağlardan, bağçalardan və evlərdən musiqi, xanəndə səsləri ucalırdı. Eyni zamanda, Qızıl Arslan tərəfindən asılanlar üçün də təziyə saxlanırdı. Musiqi nəğmələri ilə bərabər küçələrdə Quran ayələri və fatehə səsləri də eşitmək olurdu.
Təziyədən çıxanlar əllərinə həna yaxıb qızartmışdı. Onlar küçələrdə bir-birlərini gördüyü zaman görüşür, öpüşür və təbrik edirdilər.
Bazarlar və meydanlardakı xalqın danışıqları bir mövzu və bir məzmunda idi:
– Xudavənd-aləmin barmağı yoxdur ki, insanın gözünə soxsun. Bu möcüzədir. Xudavənd-aləm onun nökərlərini öz üstünə qaldırdı.
– Eybi nədir. Qızıl Arslanın dara çəkdirdiyi qırx beş adamın əvəzinə dörd yüzünü dar ağacına qaldıracağıq. Qoyun hələ əlahəzrət təşrif gətirsin! Bunları cəza vermək lazım olduğunu özü bilər.
– Özüm dar ağaclarını saydım. Yüzə qədər dar ağacı qurumuşdur.
– Hələ o azdır. Görərsən nə qiyamət olacaqdır!..
– Elədir. Məncə cəzalanmalı adamların sayı mindən artıqdır.
– Afərin Fəxrəddinə. Qəhrəmandır. İslam dininin kəskin qılıncıdır. Həmədan xalqının intiqamını alır.
– Qızıl Arslanı Qızıl Arslan eləyən bunlar deyildimi?
Bu mövzulu söhbətlər paytaxtda bir həftədən bəri davam edirdi. Qızıl Arslanın cəzasından qaçanlar dəstə-dəstə şəhərə qayıdırdı, şəhərin uzaq hissələrində gizlənənlər öz evlərinə gəlirdi. Toğrulun əyan və vəzirlərindən sağ qalanları şəhərə gəlir və öz işinə başlayırdı.
Fəxrəddin və Əlaəddinin imzası ilə şəhərə belə bir bəyannamə buraxılmışdı:
“Həmədan xalqı!
Xudavənd-aləmin köməyi və xəlifəyi-rui-zəminin mənəvi nüfuzu sayəsində məmləkət yenə də öz həqiqi sahibinin əlinə çatdı. Şəhərdə asayiş və əmniyyəti pozmaq və istədiyi adamlar üzərində şəxsi mühakimə qurmaq istəyənlər olduğu yerində cəzalanacaqdır. Müqəssirlərin cəzalanması əlahəzrətin fərmanı ilə xüsusi bir mühakimə heyəti tərəfindən həyata keçiriləcəkdir”.
Bu bəyannamədən sonra məscid və minbərlərdə Qızıl Arslan və onun tərəfdarlarına lənət oxuyurdular. Camelərdən “amin-amin” səsləri hər saat və hər dəqiqə eşidilirdi.
Vaizlər və xatiblər minbərlərdə Toğrulun adına xütbə oxuduqlara zaman yenə də “əssultanül adil və bazil” deyə-deyə dua edirdilər. Küçə dilənçiləri də əhalidən ehsan istədiyi zaman onları Toğrulun canına and verirdilər.
Toğrul sarayı tovuz quşu kimi bəzənmişdi. Xidmətçilər, kənizlər, cariyələr hamısı öz yerində idi. Rəqqasələr, mütrüblər, saqilər hamısı hazır idi.
Mütrüblər təzə kəmərçinlər geyir, saqilər piyalələri hazırlayır, rəqqasələr zinətlərini üstlərinə tökürdülər. İsfahanın yaşıl ipəklə sarılmış şərab şişələri açılıb rətllərə tökülür, cariyələr isə saçlarını Reydən göndərilmiş yasəmən ətirlərində çimdirirdilər. Hökmdarın xüsusi cariyəsi Müsəffa xanım bədənini süd içərisində yıxayırdı.
Padşahın nədimləri, məzhəkəçiləri onu əyləndirmək üçün gülməli nömrələr hazırlayır və məşq edirdilər.
Toğrulun sevdiyi cücələri tapmaq mümkün deyildi. Toğrul qaçdığı gündən onlar da namələm bir tərəfə qaçmışdı. Nəhayət, onların şəhər ətrafındakı qoşa hamamların küldanında gecələdikləri məlum oldu, onları da tapıb gətirdilər.
Toğrulun xanəndələri hökmdarın şəhvət və nəşəsini coşdura biləcək təzə qəzəl və rübailər öyrənirdilər. Saraya məxsus olan hər şey gətirilib yerinə qoyulmuşdu, yalnız fil sümüyündün düzəlmiş və cavahiratla bəzənmiş qızıl payəli taxt yerində deyildi, çünki onu Qızıl Arslan Təbrizə göndərmişdi. Buna görə də təcili olaraq əlahəzrət üçün təzə bir taxt hazır edilmişdi.
Əlahəzrətin qafiləsini Həmədanın səkkiz mil məsafəsində olan Fəxrabad çəmənində qarşıladılar. Qafilə bu uzun məsafəni Azərbaycan atlıları tərəfindən düzəlmiş polad hasarın içərisindən keçib, salavat və salam səslərinin tərənnümləri altında irəliləyirdi.
Əlahəzrətin oturduğu taxt-rəvanın ətrafında minlərcə xətiblər ruhanilər və əyanlar piyada gedirdi.
Axşam qaranlıq düşdüyü zaman Toğrul öz oğlu Məlikşah ilə bərabər, aylardan bəri ayrıldığı sarayına daxil oldu. Hamıdan əvvəl Fəxrəddin və Seyid Əlaəddin Toğrula təqdim olundu. Fəxrəddin baş endirib paytaxtın vəziyyəti haqqında belə məlumat verdi:
– Əlahəzrətin düşmənləri siyahı üzrə həbsə alınmışdır. Qızıl Arslanın vəziri Şəmsəddin öz evində həbsə alınmışdır. Əhalinin intiqam hissləri coşduğundan onu evindən çıxarıb həbsxanaya aparmaq mümkün olmadı. Əlahəzrətin tərəfdarları tamamilə şəhərə qayıdıbdır. Onların hamısı öz sabiq vəzifələrinə təyin olunmuş və rahətləri təmin edilmişdir. Şəhər tamamilə asayiş və əmniyyət içindədir. Azərbaycan qoşunu əlahəzrətə göstərəcəyi sədaqət üçün and içməyə hazırdır. Onların hamısı silah başındadır. Əlahəzrətin əmrinə müntəzirdir.
Toğrul sanki yuxu görürdü. Qızıl Arslana bir çox qələbələr qazandıran iki məşhur qəhrəman onun hüzurunda durub öz sədaqətini elan edirdi. Şübhəsiz ki, o şadlığından özünü elə ala bilməyəcək və ağlayacaq idi. Toğrul çox yorğun idi, bu yorğunluq ona təzə əmrlər vermək üçün imkan vermirdi. Bu səbəbdən də çox qısa cümlələrlə bəzi göstərişlər verib dedi:
– Həbsə alınanları diqqətlə mühafizə edərsiniz. Mən onların siyahısını gözdən keçirəndən sonra cəzalanmaları üçün əmr sadir edəcəyəm. Sabah günorta zamanı üçün rəsm-keçid təyin edərsiniz. Qoşunun və əyanların andını qəbul edəcəyəm.
Rəsm-keçid bitəndən sonra Qızıl Arslanın vəziri Şəmsəddini rəsm-keçid meydanına gətirib xalqın gözünün qabağında dara çəkdirərsiniz. İndi gedə bilərsiniz, xidmətinizdən məmnun və məhzuz oldum.
Fəxrəddin və Seyid Əlaəddin baş endirib Toğrulun divanxana otağından çıxdılar.
Gün çıxandan saat 12-yə qədər Qarabağ və Aranın qaşqa atlarına minmiş azərbaycanlılar, öz qışlarından çıxıb atlarını Atabəy meydanına tərəf məhmizləyirdilər. Əyinlərinə dəmir geyim geymiş sərkərdələr öz dəstələri ilə bərabər küçələrə çıxmışdılar. Lakin Azərbaycan qoşun dəstələri bəndləri kəsib heç bir kəsi Atabəy meydanına buraxmırdılar. Toğrul tərəfdarları olan əyanlar, ziyalılar və ruhanilər üçün rəsm-keçid meydanının bir tərəfində xüsusi yerlər hazırlanmışdı. Meydanın hər tərəfi Azərbaycan qoşununun əlində idi. Hətta ətraf küçələrdən belə bir kimsənin keçib-getməsinə imkan verilməmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-kehran-qalasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Damad-müəzzəm!Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu.
Xəlifənin qasidiƏmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi.Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı.
Fəxrəddin və SəbaDilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.
Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsiNizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi.– Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır.
Başqa şairlərin şeirləri
Quberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Yadi-maziMazi!.. O gözəl xatireyi-şövqü şətarət,Hər an oluyor hafizəpirayi-təhəssür.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Dünyaya şeir gəlir...Bu səhər al günəşinQızılı tellərində