Düşüncələr
Səhifə 1 / 4
Əbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı.
Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi.
Sülh və dostluq müqaviləsi bağlanandan bir həftə sonra, Əbubəkr Azərbaycan ordusuna hərəkət əmri verdi və əlli minlik ordu çadırları və başqa hazırlıqları ilə bərabər Gəncədən Araz çayı sahilinə hərəkət etdi. Şimali Azərbaycanın hər tərəfindən Gəncəyə gəlmiş ziyalılar, başqa Nizami olmaq üzrə Azərbaycanın qılınc nişanlı bayrağını Əbubəkrə təslim etdikləri zaman, damlardan və artırmalardan atılan minlərcə gül dəstələri vəliəhdin atının dırnağına səpilirdi.
Əbubəkr Şimali Azərbaycanın milli bayrağını əlinə aldığı zaman and içərək dedi:
“Bu bayrağın tarixi şərəfini bir daha ucaltmağa və bu bayrağı mənə tapşıran xalqa sadiq qalacağıma, bütün ömrüm boyu həqiqi bir Azərbaycan vətəndaşlığı namusu daşıyacağıma, Azərbaycan xalqının istiqlal və şərəfini müdafiə yolunda düşmənə arxa çevirməyəcəyimə and içirəm”.
Vəliəhd bu sözləri deyəndən sonra, bir daha atından endi, ruhanilərin və ziyalıların əllərini öpdü. Sonra da Nizami onun alnından öpərək danışdı:
– Gənc vəliəhd bu səfərində qələbəyə əmin ola bilər. Onun dalınca gedən atlıların qılınclar heç bir zaman qələbə əldə etmədən qınına qoyulmamışdır.
Ordu çox sürətlə hərəkət edirdi. Ordunun sursat çadırlarını daşıyan minlərcə qatır və dəvə karvanları gecə və gündüz Təbriz şəhərinə doğru yürüyürdü. Ərusək və məncəniq daşıyan arabalar Qaradağın aşılmaz gədiklərindən igidlərin çiynində çıxarılırdı.
Şimali Azərbaycan ordusu Araz körpüsündən Qaradağ torpağına ayaq qoyduğu zaman insanın təsəvvürünə gəlməyən bir təntənə ilə qarşılandı. Əlli minlik bir ordunu yedirmək üçün cənubi azərbaycanlılar ordunun düşəcəyi hər bir mənzil başında yemək hazırlığı görmüşdü. Ordu yemək üçün, istirahət üçün mənzil başında düşdüyü zaman, minlərcə Azərbaycan gəncləri və gəlin-qızları qəhrəmanların atlarını tutur, gəzdirir, tərini soyudur, yem tökür və rahat edirdi.
Cənublular şimaldan gələnləri musiqi ilə, oxumaq və çalmaq ilə cəbhəyə yola salırdı, qadınlar isə igidlərin atlarının tərkindən asılan xurcunlara yemək qoyduqları zaman: “Qollarına və qəlbinə qüvvət olsun!” deyirdilər.
Araz çayı kənarından Təbrizin Acıçayın kənarına qədər olan üç günlük yolun ətrafındakı kəndlərdə gecələri at kişnəmələri və zəng səslərindən qulaq tutulurdu. Təbriz altında qurulan ordu qərargahının böyüklüyü Təbriz şəhərindən bir neçə qat böyük idi, çünki Cənubi Azərbaycan ordusu da öz çadırlarını Acıçay kənarında qurmuşdu.
Lakin düşmənin qüvvəsi də böyük bir qüvvə idi. Sultan Təkişin əlli minlik ordusu Xarəzm sərhədini keçmişdi. Xəlifə özü də Bağdad sərhədini keçib Həmədan üzərinə yürüməkdə idi. Qətibənin oğlu Qütlüğ İnanc iyirmi mindən ibarət Rey ordusu ilə bərabər Reydən Qəzvinə hücum edir və Təbrizlə Həmədanın əlaqəsini kəsməyə çalışırdı.
Atabəy məmləkətləri qorxu altında idi. Lakin Qızıl Arslan özünü şaşırmamışdı. O, Həmədanda olan Azərbaycan ordusunun sərkərdəsi Fəxrəddin və Seyid Əlaəddinə təcili və gizli bir əmrnamə göndərmişdi:
“Bu məktubu alan kimi, qəfildən İraq və İran qoşun dəstələri yerləşən binaları mühasirəyə alıb tərk-silah etdirərsiniz. Toğrulun bütün tərəfdarlarını əvvəldə tutduğumuz siyahı üzrə həbs etdirərsiniz. Bu əmrləri bir gecənin içərisində həyata keçirməlisiniz.
Paytaxtı təmizlədikdən sonra əlinizdə olan silahlı qüvvələri üç hissəyə ayırarsınız, onlardan bir hissəsini Əsədabad və Əlvənd dağı keçidlərində, Gürcüstan sərhədi olan Səhnə və Şəbdiz tərəflərində yerləşdirib Bağdad ordusunun Həmədana doğru başladığı hərəkəti dayandırmalısınız.
Qoşunun ikinci hissəsini Əbər tərəflərində yerləşdirib, Rey ordusunun Qəzvindən qayıdacaq yollarını qorxu altında saxlamalısınız.
Üçüncü hissə Həmədanın müdafiəsində durub, daxili qiyamlara imkan verməməlidir”.
Qızıl Arslan Xarəzmşahın ordusunu məmləkətdən çıxarmaq üçün Bustam, Cacərm və Nişabur tərəflərinə əlli mindən ibarət qüvvətli bir ordu göndərəndən sonra vəliəhdi Təbrizdə buraxıb güclü bir qoşunla Həmədana doğru irəliləməyə başladı. Qızıl Arslan Qəzvinə yetişmədən əvvəl Həmədandan Fəxrəddinin rəhbərliyi altında gələn beş minlik Azərbaycan atlısı, Hüsaməddin və Qütlüğün iyirmi minlik ordusunu darmadağın edib Qəzvin şəhərini işğal etmişdi. Toğrul Qəzvin şəhərinin azərbaycanlılar tərəfindən işğal olunduğunu eşidən kimi Zəhir Bəlxi və bir neçə yaxın adamları ilə bərabər Savə şəhərinə çəkildi.
Qətibə isə taxt-rəvana oturub Qızıl Arslanın istiqbalına çıxdı. Qızıl Arslan böyük bir təntənə ilə şəhərə daxil olub Atabəy qəsrində düşdü. Toğrulun bütün dövləti və əmlakı müsadirə olundu, dövlətə məxsus xəzinə və qiymətli şeylər isə Təbrizə köçürüldü...
Qızıl Arslan Həmədana yetişdiyinin üçüncü günü Xarəzm ordusunun Cacərm altında əzilib geri çəkildiyi xəbərini aldı. Bağdad qoşunları isə Harunabad altında Azərbaycan qoşun dəstələrinə təsadüf edən kimi Bağdada çəkilməyə başlamışdı.
Qızıl Arslan hüdudlardan əmin olduqdan sonra Fəxrəddin tərəfindən həbsə alınanların mühakiməsinə başladı. Vaxtilə Qızıl Arslan tərəfindən sürgün edilən və sonra Toğrulun dəvətilə Həmədana qayıdan müqəssirlər hökmdarın hüzuruna gətirildiyi zaman hökmdar acıqlanaraq dedi:
– Siz yenə də mənim Həmədana hücum etməyimə səbəb oldunuz. Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. Sizin xəyanətinizin nəticəsində Bağdad, Qəzvin və Cacərm altında minlərcə insan qanı töküldü. Siz o qanların hamısına məsulsunuz. Siz Həmədan alim və əyanları kağız möhürləyib Xarəzmşaha göndərməklə məmləkəti satmaq istəyirdiniz. Siz alimlər və ruhanilər islam şərəfini ayaqlar altında tapdamaqdasınız. Sizə məmləkət haqqında padşahlarla müzakirə aparmağa kim ixtiyar vermişdi?
Alçaq, yaltaq və uzunətək murdarlar! Dünyanı yalnız sizdən təmizlədikdən sonra, təzədən qurmaq mümkün olacaqdır. Sizə mərhəmət etmək – insanlara zülm etməkdir. İslamın həyatını, əqidəsini, fikrini, şüurunu bir qarın yemək üçün zəhərlədiniz.
Qızıl Arslan bunları deyəndən sonra xidmətçilərə:
– Bunlar üçün qırx beş dar ağacı qurulsun! – deyə əmr verdi.
Müqəssirləri apardılar.
Axşam idi, müqəssirlər dar ağacının altına gətirildiyi zaman Həmədan şəhəri bir-birinə dəymişdi. Müqəssirləri qurtarmaq üçün çuvallar dolusu qızıl və qiymətli şeylər Atabəy sarayının qarşısına düzülmüşdü. Lakin müqəssirləri altun gücünə qurtarmaq istəyənlər müqəssirlərdən qabaq dar ağacına qaldırıldı.
Həmədan şəhəri mühasirə altında idi. Şəhərdən heç bir kəsin kənara çıxmasına imkan verilmirdi.
Xəlifə tərəfindən Toğrul sarayına göndərilən nümayəndələr qovulmuş və yenə də Toğrul tərəfindən çağırılmış vəzirlərin bir hissəsi dara çəkildi, bir hissəsi də Azərbaycan qalalarının həbsxanalarına göndərildi.
Qızıl Arslan Həmədanda görüləcək işlərə əncam verəndən sonra bir daha Bağdada girdi. Əldə olan vəsiqələrlə son müharibələrin məsuliyyətini xəlifənin üzərinə saldı. Xəlifənin qoşunu bir daha tərk-silah edildi və zərərləri ödəndikdən sonra, bir daha Atabəy məmləkətlərinə xəyanət etməmək üçün Qurana and içdi.
Qızıl Arslan Bağdaddan Həmədana qayıtdığı zaman yolda xəstələnmişdi. O, Həmədanda qaldığı beş günün müddətində yanına heç bir kəsi qəbul etmirdi. Qətibə xatun isə bu fürsətdən istifadə edib Qızıl Arslana yanaşmaq və öz günahlarının cəzasını qismən yüngüllətmək istəyirdi. O, yaxın günlərdə öz məsələsini həll etməli idi. Çünki Qızıl Arslanın Qətibə haqqında verdiyi qərarı məlum deyildi. Qətibə qorxurdu. O, otağında yalnız qaldığı zamanlar etdiyi cinayətləri bir-bir xatırlayır və titrəyirdi.
Gah zəhərlənmiş Atabəyin yaşıl rəng almış meyiti, zəhərin təsirindən qaralmış çöhrəsi gəlib onun gözünün qabağında hərəkət edir, gah da məmləkətin əcnəbilərə satılması üçün qoyduğu imzaları gözlərində təcəssüm edirdi. O nə qədər düşünürdüsə də, Atabəy Məhəmmədin vaxtından bu günə qədər yaxşı bir iş gördüyünü xəyalına gətirə bilmirdi.
Buna görə də o, bəzən öz-özünü mühakimə edərək deyirdi: “Qızıl Arslan məni hansı işim üçün bağışlaya bilər? O məni dara çəkdirər, zindanlarda boğdurarsa, haqlıdır. Mən onun qardaşını öldürdüm, Eldəniz xanədanını məhv etdim, məmləkətin bu qədər fələkətinə səbəb oldum. Nələr, nələr etmədim? Hazırda bütün Şərq ölkələrində məndən bədbəxt bir qadın ola bilərmi? O şair mənə nə etmişdi? Mən onun başına nə kimi fələkətlər gətirmədim?! Mən onun bir dünyadan qiymətli olan kitabxanasını nə üçün yandırdım? Nə üçün onun sevgilisini məhv etmək istəyirdim? Mən əvvəllər nə idim? İndi nəyəm? Nə üçün mən Atabəyi məhv etdim? Nə üçün mən onu bir kəndli qızına qısqandım? Halbuki mən mələkə, oğlum isə Eldəniz xanədanının varisi idi. O da mənim ağılsız hərəkətlərim nəticəsində bu məmləkətin düşmənlərinə qoşuldu.
Məndə nə qaldı? Günahlarımı bağışlatdırmaq üçün nə kimi imkanlarım vardır? Heç bir şey! Cəzadan qurtarmaq üçün qadınlıq və gözəllikdən başqa heç bir şeyə malik deyiləm. Lakin qadınlıq vicdanını, qadınlıq şərəfini də itirmişəm. Çünki qollarım və dodaqlarım gündə birinin sərəncamında olubdur. Nə üçün? Mən bir hökmdarın mələkəsi kimi namusla yaşasaydım, Hüsaməddin kimilər mənim nəyimə lazım idi? Onu da öz başladığım xəyanətdə iştirak üçün doğru yolundan ayırdım, o da bu məmləkətin düşməni kəsildi, Atabəyin qətlində iştirak etdi, bunun əvəzində nə qazandı? Bir mələkənin yox, qatil bir fahişənin dodaqlarından başqa bir şey qazanmadı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-dusunceler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
AprelAprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
Dinsizlik özü də bir dindirDinsizliyi tərvicdən əl çəkmədim əsla,Zira məni hürriyyətə sövq etdi bu sevda.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
Başqa şairlərin şeirləri
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
O kim, nüsrət verür nüğli-kəlamullah ehkamıO kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,O kim əvan olur şər'i-nəbiullah göftarı.