Səhifə 1 / 2

Mahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu.

O düşünür və düşünürdü:

«Özü yıxılan ağlamaz, – deyirdi, – özüm sevib gəlmişəm. Mən elə bildim ki, bu sevgi məni məsud edəcəkdir. Onun adının dəyişməsi, müsəlman olması da əhalinin müəyyən qismini şaşdırmaq üçün bir oyun idi. Din, adət-ənənə bir olmadıqda yaşamaq da çətindir, – deyənlər də var idi. Lakin bunların heç birisi mənim qulağıma girmirdi, mən sevirdim, dəlicəsinə sevirdim. Evləndik, yaşadığımız da uzun müddət deyildir, ancaq o, tez söndü, o məndən soyudu. Bəlkə də, o, bir qızı müvəqqəti istifadəsi üçün aldadıb almışdı. Eybi yoxdur, ayrılarıq».

Mahru bu düşüncələrlə ikən Smirnov içəri girdi, Mahrunu qolları arasına alıb öpdü, lakin bu öpüşlər, nəvazişlər nə qədər saxta və süni idi. Hər şey adi, hər şey solğun, hər iş tərəddüd və şübhədən ibarət idi.

Mahru özünü saxlaya bilməyib ağladı. Smirnov şaşırdı, onun başını köksünə alaraq divanın üstündə oturdu.

– Gözəlim, mələyim, neçin ağlayırsan? Səni təhqir edənmi vardır? – dedi.

Mahru başını onun köksündən qaldıraraq dedi:

– Sən belə etməməli idin! Mən səndən ötrü hər bir şeyi atdım, millətimi, adətimi, tanışlarımı buraxdım, sən buna qiymət vermədin, tez geri çəkildin. Sən məndən nə tez soyudun? Nə tez bu sevgi səni usandırdı?

Smirnov dəli adamlar kimi baxıb nə cavab verəcəyini və Mahrunu nə kimi sözlərlə sakit edəcəyini bilmirdi.

– Doğrudur, gözəlim, son günlərdə dəyişmişəm. Lakin bunun bizim sevgimiz və ailə həyatımızla heç bir əlaqəsi yoxdur. Hərgah vəzifəm yol verəydi, mən bu dəyişmənin əsas səbəbini sənə söylərdim.

– O da bir bəhanədir! – deyə Mahru acıqlı cavab verdi, – günah özümdədir, bu mənə böyük bir ibrət dərsi oldu...

Smirnov Mahrunu heç vəchlə sakit edə bilməyəcəyindən onunla ciddi danışmaq və hazırkı vəziyyətin səbəblərini söyləmək qərarına gəldi.

– Gözəl Mahru! – deyə Smirnov yalvarıcı vəziyyət aldı. – Təbrizin vəziyyəti olduqca ciddi və qorxuludur. Sənə söyləyəcəyim bu sözləri gizlində saxlamalısan. Çünki bu sözlər mənim müqəddəratımla əlaqədardır. Bu günlərdə Təbriz general-qubernatoru çar konsulxanasının təklifləri ilə razılaşmadığından ölkəni buraxıb getdi. Təbriz gizli təşkilat əlindədir. Gündə bir intibahnamə, gündə camaatı üsyana dəvət etmək üçün təbliğat aparılır. Əldə olan məlumata görə, nəzmiyyə təşkilatı da inqilabçılar əlindədir. Buna görə də nəzmiyyəni tərksilah etmək və Təbrizdən silahları yığmaq məsələsi qoyulmuşdur. Bu məsələni mənə tapşırmışlar. Heç şübhə yoxdur ki, bu işlər silah gücünə olaraq həyata keçiriləcəkdir. Nəzmiyyənin təslim olacağına ümid yoxdur. Müxbirüssəltənənin Təbrizi buraxıb getməsi də çar siyasətinə qarşı bir nümayişdir. Təbrizdə qan töküləcəkdir, qafil və silahsız camaatın müqəddəratını alayın kəskin silahları həll etməlidir. Məni düşündürən budur. Qırılanlar sənin millətindir, sənin həmvətənlərindir, bəlkə də, bu qırğın səninlə mənim aramdakı səmimi sevgi əlaqəsinin zəifləməsinə də səbəb olacaqdır. Qardaşın da üsyan hərəkatının və nəzmiyyənin tərksilah edilməsi tərəfdarıdır. Hərgah mən sənin də bu təşəbbüsdən razı qalacağını bilsəydim, o zaman düşünməyə heç də ehtiyac yox idi. Mən daha sakit bir vicdanla vəzifəmi bitirərdim.

– Sən bu işi öz boynundan ata bilməzmisən? – deyə Mahru soruşdu, – yaxud bunun qarşısını ala bilməzmisən? Qoy bu işi özgəsinə tapşırsınlar.

– Bu, vəzifədir! Burada rütbə və mənsəb məsələsi vardır. Bununla da bizi səadətli bir gələcək gözləyir, mən ancaq bu vəzifədən sonra general rütbəsinə çata biləcəyəm.

Mahru dinmədi. Smirnov da sanki dediklərindən peşman olmuşdu, bu halda telefonun zəngi səsləndi. Smirnov telefonu dinlədikdən sonra Mahruya müraciətlə:

– İşlər ciddiləşir. Bir neçə gün bundan əvvəl tərksilah edilmiş iki nəzmiyyənin əvəzinə, bu gün dörd nəfər rus əsgərini tərksilah etmişlər, odur ki, mən konsulxanaya getməliyəm. Sən məni gözləmə, naharı mənsiz edə bilərsən! – deyib geyinib getdi.

Mahru başını əlləri içərisinə alaraq oturmuşdu. O, Smirnovdan eşitdiyi sözlər ətrafında düşünürdü. O, birdən-birə Smirnovun sözlərini təkrar etməyə başladı.

«Bu, vəzifədir, rütbə və mənsəb məsələsi vardır. Bizi səadətli gələcək gözləməkdədir. Bu vəzifəni bitirməklə də general rütbəsinə yetişəcəyəm».

O bu rütbənin hansı yollarla əldə ediləcəyini düşünərkən dəhşətə gəlirdi.

«Təbrizliləri ərim qıracaqdır. Qadınlar, uşaqlar çar kazaklarının əlində qalacaqdır, minlərin fəlakəti nəticəsində biz iki nəfəri xoşbəxt həyat qarşılayacaqdır, onun şöhrət qazanması üçün minlərcə namus, minlərcə şərəf, minlərcə şan-şöhrət məhv olacaqdır». Birdən Mahru dəlicəsinə ayağa qalxıb pəncərənin qarşısına gəldi, əsəbi bir halda əlini uzadıb Smirnovun fotoşəklini masanın üzərindən götürdü, ona diqqətlə baxdı, bir daha dönüb pəncərədən Təbriz üfüqlərini, incə minarələri, orman kimi bağçalıqları, yumurta şəklində olan günbəzlərin altında, bazarların, kərpic divarların qoynunda nazlanan gəlin kimi sarayları gözdən keçirdi. Mahru sanki bir əlində Smirnovun fotoşəklini, digər əlində isə öz vətəni olan Təbrizi tutub müqayisə edirdi. Bu vəziyyət bir neçə dəqiqə davam etdi. Mahru bu iki sevgilinin heç birisindən keçə bilmirdi.

Mahru fotoşəklə bir də baxdı, bu baxışla Smirnovla sevişdiyi zamanların, nəşəli görüşlərin, ürək döyüntülərinin və bütün sevgi macərasının tarixini xatirindən keçirdi və bir daha dönüb Təbrizə baxdı.


Qaranlıq düşmüşdü. Qapı vuruldu, Hüseynəli qapıya gedib tez qayıtdı.

– Sizi bir nəfər təbrizli xanım görmək istəyir, – dedi.

Qapı açıldı, ipək çarşaba bürünmüş bu qadın əzəmətli və məğrur addımlarla irəliləyirdi.

Mən oturub Əmir Heşmət tərəfindən düzələcək üsyan hərəkatının planları ilə tanış olurdum. Planları yığışdırıb masanın qutusuna qoydum.

Qadın çarşabını atdı, o, Smirnovun arvadı Mahru xanım idi. Mən qalxıb əlini sıxmaq istədikdə:

– Evdə ikimizdən başqa heç bir kəs olmamalıdır, – deyə qapını bağladı, mən onun əlini sıxdıqda o, əlini avropalı bir qadın kimi dodaqlarıma uzatdı, əlini öpərək masanın yanındakı kürsüdə oturmasını rica etdim.

– Vaxtsız gəlməyim sizi rahatsız etsə də, burada mühüm bir məcburiyyət olduğundan əfv edəcəyinizə əminəm. Çox düşündüm. Dərdimi başqa bir adama deyə bilmədim. – Mahru o tərəf-bu tərəfə baxaraq davam etdi: – Yardımınıza böyük ehtiyac vardır. Bilmirəm, siz bu yardımı verə biləcəksinizmi?

– İmkan daxilində hər bir şey mümkündür. Mənim sizə qarşı nə qədər böyük bir hörmət bəslədiyimi bilməmiş deyilsiniz. Siz fikriaçıq bir qız idiniz, yenə də mən sizi elə tanıyıram.

Mahru yenə o tərəf-bu tərəfə baxaraq dedi:

– İş beladır. Təbrizi böyük bir fəlakət gözləyir. Çarə edə bilərmisiniz?

– Nə kimi bir fəlakət?

– Ölüm, talan, qırğın təhlükələri!

– Kimin tərəfindən?

– Çar ordusu tərəfindən.

Gəlinin rus konsulu, yaxud da Smirnov tərəfindən öyrədilib göndərildiyini zənn etdim, odur ki, ona ehtiyatla yanaşmaq qərarına gəldim.

– Mahru xanım, bu, ola bilməz. Ruslar bura müdaxilə və qırğın məqsədilə deyil, asayişi bərpa etmək məqsədilə gəlmişlər. Zənnimcə, bu xəbərlər sizin rahatınızı pozacaq qədər mühüm xəbərlər deyildi.

Onun gözlərindən sanki alov parlamağa başladı.

– Məni heç kəs öyrədib sizin yanınıza göndərməmişdir. Siz kişisiniz, gənc bir qadın, xüsusən sizin tanıdığınız qadın xain bir məqsədlə sizin yanınıza gələ bilməz. Mən casus da deyiləm. Dur, məni öldür! Bura gəldiyimi də bir kimsə bilmir. Çar ordusu nəzmiyyəni tərksilah etdirəcək, evlərdən silah axtaracaq, inqilabçı zənn edilənlər həbs ediləcəkdir. Üsyan hərəkatını boğmaq üçün şiddətli cəza qanunları həyata keçiriləcəkdir.

– Siz bunları haradan öyrənmişsiniz? – deyə ciddi bir vəziyyət alaraq sordum.

– Smirnov dedi, bu vəzifə ona tapşırılmışdır.

– Siz bu sözləri bir başqasına da demişsiniz?

– Yox, heç kəsi tanımıram. Qardaşıma demək istəmədim, çünki onun da bu xain çıxışda əli vardır. Əvvəlcə Nina xanıma demək istədim, lakin sonra düşündüm ki, bu da urusdur, öz millətini satmaz. Özü də ki, konsulxana işçisidir, qorxdum ki, bu sirri sizə verməndən əvvəl konsulxanaya da verə bilsin, axırda özüm sizin yanınıza gəlməyi qərara aldım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri