Matəm
Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:
– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.
Atabəy Məhəmməd də buna etiraz edərək deyirdi:
– Fikrində yanılırsan. Bu faciənin əsas səbəbi sənin öz atandır. Bunu mən çoxdan bəri sənə demişdim. Bu hadisə mütləq baş verəcəkdi. Aran və ümumiyyətlə Şimali Azərbaycan xalqında üsyan ruhunun əsası çox qədimdir.
Mən birkərəlik buna nəhayət verəcəyəm, müqəssirləri cəzalandıracağam, ona əmin ola bilərsiniz.
Nə etmək olar? Hadisələr ancaq insanlar üçündür. Xüsusən böyük adamlar ətrafında baş verən hadisələr onların öz böyüklükləri qədər böyük olur.
Qətibə Atabəyin sözlərindən heç bir qənaət əldə edə bilmirdi. O, Qızıl Arslandan intiqam almaq və Fəxrəddinlə Nizamini məhv etdirmək üçün gecə-gündüz düşünürdü.
Safiyə xatunla xırda qızı Taliə Həmədana gələndən sonra üsyanın nə cür başlandığını və kimlərin orada iştirak etdiyi məsələləri tamamilə aydınlaşdı.
Safiyə xatun həm ərini, həm də Qızıl Arslanı təqsirləndirdi. O deyirdi ki:
– Hərgah Qızıl Arslan istəsəydi, bu üsyanın qabağını ala bilərdi. Çünki bu üsyanın zəminəsi xəlifənin ölüm xəbəri çıxan gündən qoyulmuşdu. Bu qədər böyük bir üsyan bir günün içərisində düzəlməmişdi. Ay yarımdan bəri üsyançılar Gəncəyə yığışırdı. Fəxrəddin Aranın hər tərəfinə adamlar göndərir və öz dəstələrini düzəldirdi. Qızıl Arslan bu hadisəni bilməmiş deyildi. O istəsəydi, bir həftənin içərisində Cənubi Azərbaycandan Araz çayını keçib üsyanı boğa bilərdi.
Atabəy Safiyə xatuna sual verdi:
– Əmir bu vəziyyət haqqında Qızıl Arslana xəbər verdimi?
– Xeyr, bizim heç bir vaxt Təbrizlə əlaqəmiz olmamışdı. Ancaq iki nəfər qasidi təcili məktubla Həmədana göndərmişdik. Onların ikisini də yolda tutub məktublarını əllərindən almışdılar.
– Faciəni həmin bu nöqtə qoymuşdur. Mən bunu bilirdim. Sizin rəhmətlik ərinizə Təbrizi tanıması üçün bir neçə kərə məsləhət görmüşdüm. Böyük bir xoşbəxtlikdir ki, Safiyə xatun və bu uşaq ölümdən xilas olmuşdur.
– Biz bu barədə Nizamiyə minnətdar olmalıyıq. Bizi mühafizə edən və evində yedirib saxlayan o şair oldu. Bunu biz özümüz Fəxrəddindən xahiş etdik, o da buna etiraz etmədi. Onun bu qədər alicənab bir zat olduğunu bilmirdim. Onun qadını bu yetim qızı öz oğlu Məhəmməd kimi sevirdi. Ərimin təqsirlərinə gəldikdə, çox böyük idi. Üsyana bir neçə gün qalmış üsyançılar Əmirə məktub göndərmişdilər. Onlar həbsə alınanların azad edilməsi şərtilə saray və saray xalqına əmniyyət verəcəklərini bildirmişdilər. Şübhəsiz ki, bu da Nizaminin təşəbbüsü ilə düzələn bir işi idi. Hərgah bu təklif qəbul edilsəydi, bizim hamımız Gəncədən salamat köçüb istədiyimiz şeyləri də özümüzlə bərabər çıxara bilərdik.
Atabəy sürətlə bir sual verdi:
– Nə üçün o təklifi qəbul etmədiniz?
– Mümkün deyildi. Çünki bir ay müddətində həbs olunanların hamısını sarayda edam etmişdilər. Zirzəmilər insan meyitləri ilə dolu idi.
Atabəy başına hərəkət verib:
– Nə qədər böyük bir xəta! Məmləkət beləliklə idarə olunarmı?! Mən onları cəzalandıracağam, lakin bir üsyançı kimi yox, hökumət əmrlərinə qarşı itaətsizlik göstərənlər kimi.
Atabəy Məhəmməd dərhal İraq və Fars ölkələrinə fərmanlar göndərib qoşun yığılmasına əmr verdi və eyni zamanda Qızıl Arslana da məktub yazıb göndərdi:
“Əziz qardaşım!
Mən belə zənn edirəm aranlılarla Əmir İnanc arasında mövcud olan ixtilafı qansız və üsyansız həll edə bilərdik. Lakin iş-işdən keçmişdir, məmləkəti başlı-başına buraxmaq olmaz. Dikbaşları öz yerində oturtmaq lazımdır. İraq, Fars və Rey qoşunları hər tərəfdən axıb Həmədana gəlir. Sən də Cənubi Azərbaycan qoşununu hazırlamalısan. Bu günlər Şimali Azərbaycan və Aran ölkəsinə qulaqburması vermək üçün Həmədandan böyük qoşunla hərəkət edəcəyəm”.
Qızıl Arslan Atabəy Məhəmməddən bu qədər yersiz məktubu aldığı zaman kədərləndi. Məmləkətdə hədər qanlar töküləcəyini yəqin etdi. Buna görə də Atabəy Məhəmmədə təcili bir məktub yazdı:
“Əlahəzrət!
Göndərilən məktub əlahəzrətə səmimi qardaşlıq məhəbbəti bəsləyən bu həqiri qənaətləndirmədi. Mən elə bilirəm ki, Əmir İnancla aranlılar arasında mövcud olan ixtilafın mahiyyətini bilən hər bir kəs məni təqsirləndirməz. Vəziyyət barışılmaz bir şəkil almışdı. Məncə, yenə də vəziyyətin ağırlığına baxmayaraq hadisənin qarşısını almaq mümkün idi. Lakin Əmir İnancın mənə müraciət etməməsi, Təbriz hökumətini tanımaq istəməməsi, Həmədan şəhərinin isə uzaqda olması vəziyyəti dayandırmaq üçün mənə imkan vermədi. Ancaq əlahəzrətə ərz etmək istəyirəm ki, Aranda çıxan üsyan mərkəzi hökumətə qarşı düzəlmiş bir üsyan deyildi. O üsyan ancaq Əmir İnancın özünə və onun zalım olan və heç bir qanuna tabe olmayan nümayəndələrinə qarşı düzəlmişdi.
Şimali azərbaycanlılara qulaqburması üçün əlahəzrətin qoşun yığması tamamilə yersizdir. Bu səfər hər iki tərəfdən böyük qanlar tökülməsinə səbəb ola bilər. Şəxsən mən, bir Azərbaycan hökmdarı olmaq sifətilə bu səfərdə iştirak etməyəcəyəm. Nə üçün və kimlərə qulaqburması verək?! Kimlərdən ötrü? Əcəba, bu üsyanın səbəbini xalqda aramağa haqqımız vardırmı?! Bu məktubla bərabər Gəncə xalqı tərəfindən göndərilmiş məktubu məlumat üçün əlahəzrətə göndərirəm”.
Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu alıb acıqlandı, onun üsyançılar tərəfində durduğunu zənn etdi və Şimali Azərbaycan xalqı tərəfindən Qızıl Arslana göndərilən məktubu oxudu.
“Əlahəzrət!
Gəncədə baş verən hadisə ətrafında yaradılan şübhələri dağıtmaq üçün Gəncə xalqı əlahəzrətə məlum edir: Gəncədə və eləcə də Aranın başqa şəhərlərində başlanan üsyan mərkəzi hökumətin əleyhinə deyildir.
Aran xalqı Əmir İnancın etdiyi xəyanətin barəsində əlahəzrətə bir necə kərə müraciət etmişdi. Lakin verilən ərizələrin heç birisinə cavab verilməmişdi. Buna görə də tənginə gəlmiş xalq öz qüvvətilə düşməni məhv etmək qərarına gəldi. Hazırda Aran məmləkətində tamamilə bir dinclik hökm sürməkdədir. Bütün xalq böyük bir intizarla əlahəzrət Qızıl Arslan tərəfindən məmləkətə adil bir hakim göndərilməsini gözləyir. Əmir İnanc sarayı qarət edildiyi vaxt hökumətə məxsus vəsiqələrin və qiymətli şeylərin heç birisinə əl vurulmamışdır. Bu da göstərir ki, üsyan hökumət əleyhinə deyil, müəyyən zalımların əleyhinə düzəlmişdi. Hər halda əmr, həzrət vəliyyül əmridir”.
Atabəy bu məktubla da qənaətlənmədi. O, bu məktubun Qızıl Arslanın məsləhəti üzərinə aranlılar tərəfindən düzəldiyini zənn etdi və öz-özünə “üsyan edərək üzr istəyən rəiyyətin məhv olması lazımdır. Yerli hökumətə qarşı üsyan çıxaranlar mərkəzi hökumətin əleyhinə də üsyan qaldıra bilərlər” deyirdi.
Qoşunlar hər tərəfdən Həmədana gəlirdi. Sarayda Atabəy Məhəmməd üçün səfər hazırlığı görülürdü. Yaxında ordu Azərbaycan tərəfinə hərəkət edəcək idi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-matem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.
Mədain xərabələrindəBöyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
İnadƏlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
“Mələkə”Mələkənin taxt-rəvanı Həmədanın Təbriz qapısına yetişdiyi zaman Qətibə taxt-rəvanın ipək pərdəsini qaldırıb darvaza başına baxdı və ipək parçanın üzərinə yazılmış bu sözləri oxudu:“Toğrul paytaxtı öz sevgili mələkəsini salamlayır”.