Məktub
Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:
Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.
Gündən-günə ticarət mətə’larımız Avropa, Amerika, Avstraliya bazarlarında satılmaqdadır. Şükürlər olsun hər həftədə hökumət paytaxtında müşavirə edib tüccari və siyasi əhdnamələr bağlayırıq.
Hər saatda dahili-məmləkətimizdə millət və hökumətin pişrəfti üçün vüzəra tərəfindən müxtəlif qanunnamələr ortaya qoyulur. Hər saatda imperiyamızın ətraf şəhərlərindən sənaye vəzirinə qism-qism ixtiraati-cədidə təqdim edilir... və zavodlarımıza küreyi-ərzin hər tərəfindən vaqonlar, hərbi paraxodlar, balonlar, telefonlar, teleskoplar, ənva-ənva quvveyinariyələr sifariş edilir. Hər ayda dörd hərbi paraxodumuz müntəzəm surətdə qayrılıb dənizlərə tullanır. Hər gündə doxsan verst dəmir yolumuz qayrılıb icra edilir. Neçə fəxr etməyək, hər ildə üç-dörd xırda hökumətlər nüfuzumuz sayəsinə keçib imperiyamıza qoşulur. O cümlədən «Bəlucistan», «Hindistan» qeyri-qeyri... Gündən-günə ziyadətə başlamış olan akademiyalarımız, darülfünunlarımız, teatrlarımız, parklarımız, akvariumlarımız ümumin nəzəri-diqqətini cəlb edir desəm yenə azdır...
Cahan mədəniyyətinin hər bir guşəsindən tələbələr darülfünunlarımıza yağış kimi yağmağa başlamışlar. Müxtəlif kompaniyalarımız Avropa dağlarını söküb mə’dən soraqı alırlar. Uzun, uzaq səhraları teyyülərz kibi bir-birinə qovuşduran, ucu-bucağı olmayan nəhrləri, irmaqları kanallar vasitəsilə çəkib aparıb qanlı dəryalara çağıldadan mühəndislərimiz bir dəqiqə belə aram tutmurlar. Yenə yüz təşəkkür biz iranlılar gecə yuxu içində belə sənət görüb sübh bidar olcaq, haman sənətin icrasına çalışırıq. Hər gündə məğrib hökumətlərindən yüz tövr imtiyazat alarıq, biz iranlılar iki gözümüzü açıb cəmiyyən beş qit’ədə olan daş diblərini də görə bilirik. Bəxtiyar iran təbəələri beş qit’ənin içində indi də barmaq ilə göstərilir. Fövqəl’adə olan tərəqqiyatımıza baxmış bir adam indi də heyrət gözünü açıb təəccüb barmağını ağzına basmaqdadır. Şücaətli əskərlərimizin rəşadəti — cahankiranəsini bir görən bir də görüm deyəcək olur. İmperiyamızın əmin və aman olduğundan bir qarı övrət bir tabaq qızıl başına qoyub Tehrandan İsfahana qədər getsə, bir kimsə o nədir söyləməz. İran dağlarının hər bir qayasına baxılarsa, başsız meşələrin hər tərəfinə nəzəri-diqqət edilərsə, insan əli dəyməmiş bir ağac, sənətdə işlədilməmiş bir qaya əbədən görməz olursan. Çiçəkli qəzalarımızda, uzun-uzaq çöllərimizdə dəmir yol xəttindən özgə ayaq qoymağa boş yer tapa bilməzsən.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-mektub-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əlminnətəlillah ki, bahar açdı niqabın,Gün çıxdı, üzü güldü gülüstanə səhabın,
XilqətimizdənBir sövq təbiətlə bəşər maili-qovğa,Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda.
BizAləmin hər dürlü təşkilatı rö’yadır bizə,Sənətin e’cazı ancaq bir tamaşadır bizə.
Taxtkahi-CəmBir qəm sarayı möhnət imiş taxtkahi-Cəm.Həp əski uyqusunda durur kişvəri-Əcəm.
Başqa şairlərin şeirləri · Satira
Get, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Divanbəyiləri həcvSəndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Mənasına bax!Aman, ay Molla, bu şeri oxu, mənasına bax!Sərfinə, nəhvinə, imlasına, inşasına bax!
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi