Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.

Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.

«Russkoye slovo» qəzeti müxbirinin Bakıdakı İran İnqilabi Komitəsindən kağız gətirməsi, xüsusən «Russkoye slovo»nun Təbriz inqilabı haqqında bir neçə yaxşı məqalə yazması onun Təbrizə girməsinə və Səttar xanı ziyarət etməsinə imkan vermişdi.

Sonra Nina Səttar xan və onun ailəsini ziyarət etdiyindən danışaraq deyirdi ki:

– Qapıda çox müsəlləh adam vardı. Biz vəsiqələri verdik. Onlar rusca çox gözəl oxuyurdular. Qafqazlı olduqları simalarından bəlli idi. İçəri girdik. Çox otaqları vardı. Burada müsəlləh adamlar qaynaşırdı. Biz burada Səttar xanın yanına yetişirik deyə özümüzü düzəltdik:

Sərdar içəri daxil olmaq üçün icazə verdi.

Mən və Tardovun arvadı qadın olduğumuz üçün Tardovdan qabaq içəri girdik. Sərdar döşək üstündə oturub qəlyan çəkirdi. Başı açıqdı. Bizi görərkən təəccüblə baxdı və yanından börkünü götürüb başına qoydu.

Tardov da içəri girmişdi. Sərdar ayağa qalxmadı, ona yer göstərdi. O oturarkən Sərdar yalnız bir az hərəkət etməklə kifayətləndi; biz bir tərəfdə quruyub durmuşduq. O, ayağa qalxdı. Bizə əl uzatdı.

– «Xanımları hərəm odasına aparın» – deyə qoca bir kişiyə işarə etdi. Biz içəri girdik.

Şərqin nəfis ipəkləri, Kirman, Saraqun qiymətli xalçaları, Kaşanın məxmərləri ilə zinətlənmiş odaya girdikdə Səttar xanın böyük qadını döşək üstündə oturub qəlyan çəkirdi. İpək bağlamaya dayanıb oturan bu qadın bizi görərkən ayağa qalxdı. İran adətincə əlimizi sıxdı. Bizi qoltuqlu sandalyalar üzərində oturtdu. Cürbəcür şirni, yağlı və şirin çörəklər, papiroslar, siqarlar gətirdilər. Xanım bizi yedirmək üçün cürbəcür şivələrlə danışdırır və məşğul edirdi. Mən onun bütün dediklərini anlayırdım. Qadın təxminən 35 yaşında olardı. Onun qəlyan və papiros çəkməkdən qabaq dişləri qaralmışdı. Heç bəzəyi yoxdu. Gözəldi. Onun hər bir hərəkəti bizi məşğul edirdi.

Ayaq üstündə gənc və gözəl bir qadın durmuşdu. O, xanımın yanında yerə oturmur, ağzından yaşmağını çıxarmırdı. O, Səttar xanın inqilabdan sonra aldığı qadın idi. Buna görə də hərəmdə böyük sayılan birinci qadının yanında yerə oturmaqdan həyalanırdı. Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini daşıyırdı. Gözləri həddindən artıq qara idi. Sürmə çəkdiyi bəlli idi. Gözlərini qapadıqda qara kirpikləri birağızlı daraq kimi hər iki tərəfdən çöhrəsinə yayılırdı.

Qadınların hər ikisi dırnaqlarına xına yaxmışdı. Böyük qadın topuqlarına xırda altun və inci ilə düzülmüş xalxal bağlamışdı. Kiçik qadında bu yoxdu. O, uzunboğazlı və nəfis alman corabı geyinmişdi. Kiçik qadın böyük qadını bacı deyib səslədikdə o «can» deyə cavab verirdi. Bunlar sanki bir-birləri ilə rəqabət aparan qadınlar deyildi. Amma ikisinin də simasında olan pozğunluq və fikir yorğunluğu onların bir-birinə gizlin rəqabət hissi bəslədiyini göstərirdi.

Səttar xanın hərəmində başqa İran əyanları kimi qadın qələbəliyinə təsadüf etmədik. Orada yalnız bir qadın qulluqçusu vardı.

Bizi götürüb bütün otaqları göstərdilər. Qadınların hər birisi üçün başqa otaq vardı. Səttar xanın özü üçün də xüsusi otaq vardı. Evlərdə çarpayı qəbilindən heç bir şey yox idi. Otaqları gəzdikdən sonra böyük qadın sandıqdan iki üzük çıxarıb birisini mənə, digərini də Tardovun qadınına verdi. Yanındakı gənc qadına işarə ilə:

– Bunları kiçik xanım sizə hədiyyə edir, – dedi.

Bizi bayıra çağırdılar. Getmək vaxtı idi. Səttar xanın oturduğu otağa girdik. Səttar xan Tardovla öz mütərcimi vasitəsilə danışırdı. O, yenə də silahlı idi. Danışarkən yenə də dik gözləri parıldayırdı. Açıq alnı və heybətli çöhrəsi vardı. Sözündən, hərəkətindən, duruşundan ancaq əski dövrlərə məxsus «vuraram», «öldürərəm», «yıxaram» deyən ibtidai qəhrəmanlara bənzəyirdi.

Biz onunla vidalaşarkən hamımıza əl verdi. Qabaqca qadınlara, sonra isə Tardova.

Bizi qapıya qədər ötürdü. Çox yumşaq və həlim bir surətdə danışırdı. Yenə adəti üzrə əlini tez-tez başına çəkirdi.

Çox təmiz geyinmişdi. Üstündə ağır silah və patron dolandırırdı. Bütün ehtiyat qüvvələri, atlı, piyada hamısı əmrə hazırdırlar. Ona hər beş-on dəqiqədə bütün cəbhələrin işləri haqqında məlumat verilirdi. Demək olar ki, Sərdar bütün cəbhələri şəxsən idarə edirdi. Bağır xanla tez-tez danışırdı, çünki şiddətli vuruşmalar Bağır xan cəbhəsində gedirdi. Biz bayıra çıxanda Səttar xan da atlanıb Xiyaban cəbhəsinə yola düşürdü. Çıxarkən Səttar xanın evini seyr etdik. Fəqir və adi bir görünüşü var idi.


Bağır xan öz nüfuzunu itirmişdi. O, Rəhim xan Təbriz ətrafına gəldikdə rus bayrağı himayəsinə girdiyindən bu ləkəni öz üzərindən silməyə çalışırdı. Bağır xanın yanında Təbrizin ən məşhur igidləri və ən yaxşı, tədbirli adamları toplanmışdı. Bala Tağı və Cəlil xan kimi adamların olduğuna baxmayaraq, Bağır xan özü tədbirsiz idi. Nəhayət, o bu ləkəni öz üstündən təmizlədi. Bağır xan bütün qüvvətini hazırlayıb Rəhim xanın üzərinə qəti hücuma keçdi. Rəhim xan bütün silah və hərbi ləvazimatını Sahib-divan bağında buraxıb qaçmağa məcbur oldu.

Rəhim xan bişmiş plovunu belə qazanlarda qoyub qaçdı və rus himayəsinə keçmək üçün rus bankına məxsus olan bağda yerləşdi. Buna görə də Təbrizdə rahat nəfəs alınacağına ümid olunurdu.

Rəhim xanın bu məğlubiyyətindən sonra rus konsulunun nə təşəbbüsdə olacağı məlum deyildi.

Bu vəziyyəti öyrənmək üçün Nina ciddi surətdə çalışırdı. Nina şifrə şöbəsindən başlamış tərcümə şöbəsinə qədər gəzmişdisə də bir şey əldə edə bilməmişdi. Tam bu günlərdə Nina konsul mütərcimi Mirzə Fətulla xan Babayevdən bir sevgi məktubu almışdı. Məktubda belə yazılırdı:

«Gözəl Nina! Hər gözəl qadına gözəl demək adətdir. Lakin sizin yüksək gözəlliyinizi gözəl sözü tamamilə ifadə edə bilmir. Siz bu məktubu axıra qədər oxusaydınız mən özümü xoşbəxt hesab edərdim. Amma bilirəm ki, oxumursunuz. Oxusaydınız, cavab verərdiniz. Çox təəssüf edirəm ki, sizə baş əyən, hər əmrinizi dini bir vəzifə kimi ifa etməyə hazır olan Babayevi lazımınca tanımamısınız.

Siz mənim konsul yanında olan hörmətimi, imperatora olan səmimi xidmətlərimi və bütün Təbrizdə bir Allah kimi tanındığımı lazımınca qiymətləndirə bilməmişsiniz. Onu da bilirəm ki, azadsınız. Bu müddətdə bir kəsi sevmiş olsaydınız, ərə gedərdiniz.

Siz Arşakdan ayrıldıqdan sonra daha ərə getməyəcəyiniz üçün konsulun yanında and içəndə mən sevindim. Çünki mənə də bu lazım idi. Mən bu azadlıqdan istifadə edib sizinlə yaşayacağımı düşünürdüm. Bu fikrimi sizə də söyləmişdim. Sizə olan məhəbbətimi sözdə deyil, işdə və həyatda da sizə göstərirdim.

Sizi sevdiyimi və bu sevgi yolunda hər bir fədakarlığa hazır olduğumu gözəlcəsinə anlayırdınız. Siz mənim bu fikrimi bildikdən sonra uşaqların dərsindən də ayağınızı çəkdiniz. Bu isə mənim ailəmdə şübhələrə səbəb oldu. Yoldaşım mənim tərəfimdən sizə qarşı bir hörmətsizlik üz verdiyindən şübhələnir.

Hər halda dərsləri birdən-birə atmağınız evimizdə yaxşı təsir bağışlamamışdır. Bu kimi şübhələrə meydan verməmək üçün heç olmasa bir neçə gün dərsə davam etməyinizi rica edərdim.

İkinci kərə təkrar edirəm ki, mən sizin üçün hər bir imkanı yarada bilərəm. Siz bilirsiniz ki, mən Təbrizin Allahı kimiyəm. Saat altıda dərsə davam edəcəyinizə ümid edirəm.

Sizin xeyirxahınız,

Fətulla».

Nina konsulun Rəhim xan məğlubiyyətindən sonra nə təşəbbüsdə olacağını öyrənmək üçün Mirzə Fətulla xanın evinə getməyə hazırlaşdı.


Axşam saat doqquzda Ninanın evinə getdim. Nina Mirzə Fətulla xanın evindən qayıtmışdı. Məmnun görünürdü. O məni görən kimi tələsərək dedi:

– Dayanmaq vaxtı deyil. Olsun ki, sabah Təbriz üzərinə ümumi hücum başlansın. Rəhim xan konsulxanaya belə bir məlumat vermişdir:

«Təbriz ətrafına toplanmış hökumət qüvvələri öz nöqsanlarını düzəltmişdir. Yeni atlı dəstələrinin də gəldiyini konsul cənabına məlum edirəm. Surxab, Dəvəçi, Qaraməlik camaatı da bizə kömək verməyi öhdələrinə almışdır.

Burada Nayib Həsən, Nayib Kazım və Əsgərin sərkərdəliyi altında müsəlləh qüvvə təşkil etmişlər.

Təzə hücum Sallaxana, Əmrəxiz, Şütürban, Ləklər, Seyid İbrahim, Saman meydanı və Dəvəçi bazarçası tərəfindən başlanacaqdır. İstanbul qapısı tərəfindən Səttar xanın qərargahı olan Əmrəxiz dörd tərəfli hücum qarşısında qalacaqdır».

Məsələni lazımi yerlərə xəbər vermək üçün uzun bir vaxt lazımdı. Rəhim xanın qaçdığını görən şəhər uyumuşdu. Bir çoxları mərsiyə məclislərində, bir çoxları toylarda, qumarxanalarda, kefxanalarda idi. Bir çox müsəlləh dəstələr də evlərinə buraxılmışdı.

Səttar xan camaat arasında ruh yüksəkliyi oyandırılmasını lazım görürdü. O, Qaraməlik və Surxab məhəlləsinin dalınca başqa küçələrin də Rəhim xana qoşulmasından qorxurdu. Natiqlərə və məşrutəçi mollalara xəbər göndərildi. Təbliğat işlərinin şəkli yenə də əvvəlki kimi qalmışdı. Təbliğat yenə də mərsiyə demək və xalqı ağlatmaqdan ibarət idi. Xalqa inqilabın nə istədiyi və hökumətdən nə tələb etməsi haqqında heç bir söz demirdilər. Bu barədə Səttar xanla çox danışıldı; lakin o, öz təbliğat üsulundan əl çəkmirdi. Onu ruhuna qədər əlinə almış hacı, heç vaxt inqilabın doğru yolla getməsinə imkan vermirdi.


Bu gün saat üçdə Nina mənə bir intibahnamə də verdi. Bu intibahnamə konsulxanada düzəlib əks-inqilab təşkilatı olan «İslamiyyə» vasitəsilə şəhərə buraxılacaqdı.

– «Ey müsəlmanlar! Qeyrət edin, sizin qeyrətiniz harada qalmışdır? Bu babilər məşrutə bəhanəsilə aralığa çıxıb öz dinlərini möhkəmlətmək istəyirlər. Yaxın zamanda islamiyyə tamamilə əldən gedəcəkdir. Bu dinsizlərin rişəsini kəsmək sizin hamınıza vacibdir».

Konsulxananın xüsusi adamları «İslamiyyə»də toplanmış mollalar içərisində çalışırdı. Konsulxana bütün işini bunların vasitəsilə idarə edirdi. Bu hərəkət yüz faiz din, məzhəb, mövhumat əsasları üzərində qurulmuşdu.

Səttar xanın da hərəkətinə təkan verə biləcək təbliğat üsulu bundan ibarət idi.

Səttar xan ümumi hücum xəbərini alar-almaz gecə ilə Həzrəti-Abbas və Həzrəti-Qayimi-ali-Mühəmməd adına iki bayraq hazırladı. Səhər tezdən bu bayramların inqilab şurası damında vurulması xəbəri bütün şəhərə yayılmışdı. Demək olar ki, bütün Təbriz böyükdən kiçiyə qədər ayaq üstündə idi. Silahına gümanı gələn götürüb Səttar xanın qapısına gəlmişdi. Hətta Rəhim xana söz vermiş Qaraməlik və Surxabdan da adamlar gəlmişdi. Bayrağa 20 nəfər tüfəngli qarovul qoyuldu.

Camaat hələ dağılmamışdı. O saatda İnqilab Şurasının həyəti döşəndi. Molla Qaffar Cərəndablı Həzrəti Abbas mərsiyəsi oxudu. Camaat ağladı. İnqilabın müdafiəsinə and içildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

«Borba» qəzeti çıxdı

Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı:– Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir.

15 dəq
Qısqanclıq

Jenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı.Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı.

5 dəq
Gizli ədəbiyyat məsələsi

Bu gecəki iclasda xaricdən gətirilən «İskra» qəzetinin vəziyyəti barəsində danışılacaqdı. Bu barədə Lado Ketsxoveli məruzə edəcəkdi.Məruzəçi sözünü belə başladı:

1 dəq
Jenya səyahət istəyir

Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı.Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu.

4 dəq

Başqa şairlərin şeirləri