«Borba» qəzeti çıxdı
Səhifə 1 / 3
Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı:
– Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir.
Hazırda Bakıda iyirmi iki min fəhlə çalışır. Bu qədər fəhləni ibtidai halda düzəlmiş hektoqrafiya üsulu ilə siyasi ədəbiyyatla təmin etmək mümkün deyildir. Əcnəbi məmləkətlərdən ədəbiyyat gətirmək get-gedə çətinləşir. Çar hökuməti bütün varlığı ilə fəhlə hərəkatını boğmağa çalışır və sınanmış jandarm və polislərini Bakıya cəlb etmişdir. Tiflisdə çar hökumətinin icazəsi ilə çıxarılan ədəbiyyatın fəhlə sinfinə siyasi düşüncə verə bilmədiyini nəzərə alıb, mən və bir sıra yoldaşlar inqilabi marksist ədəbiyyat nəşr etməyi qərara aldıq. Biz buna görə də gizli mətbəə düzəltmək, gizli qəzet çıxarmaq üçün Bakını hər yerdən əlverişli hesab etdik. İşə başlamalıyıq. Bu gün bizim «Brdzola» («Borba») adlı qəzetimizin birinci nömrəsi çıxdı. Biz bundan sonra yalnız Bakı fəhlələrini deyil, bütün Zaqafqaziyanı, bəlkə bütün Rusiyanı gizli ədəbiyyatla təmin edəcəyik.
– Yoldaşlar! Tiflis partiya təşkilatı Bakıya çox diqqət verir, bizim mətbəəmizə lazım olan hər bir şeyin vaxtında gətirilməsinə kömək edir.
Lado yoldaşdan sonra bir çoxları da danışdı. Gecə saat on birdə Jenya ilə Pavluşa onlardan ayrılıb Sabunçuya yola düşdülər.
Yolda Pavluşa Jenyanın əlindən tutub dedi:
– Sən bir az ayıq olmalısan.
– Nə üçün? Nə olub ki?
– Mən sənin mətbəədə işləməyini və dairələrə ədəbiyyat aparmağını heç məsləhət görmürəm.
– Bunun səbəbini göstərə bilməzmisən?
– Səbəbi odur ki, jandarmlar və polis nəfərləri səni artıq tanımışlar. Qorxuram ki, səni tutalar...
– Qorxan adam çar hökuməti ilə mübarizə apara bilərmi? Mən sənə məsləhət görürəm ki, hərgah qorxursan, bir yolluq bu işdən çəkil.
– Yox, mən özümdən qorxmuram. Qorxum ancaq səndəndir.
– Məndən qorxma, mənim də özümə görə ağlım, özümü müdafiə etməyə tədbirim vardır. Mən də sənə məsləhət görürəm ki, dostluğumuzun pozulmaması üçün mənim xüsusi işlərimə qarışma. Mən bu vəzifəni komitənin və təşkilatın məsləhəti ilə götürmüşəm. Yenə də bu vəzifəni məndən ancaq təşkilat geri ala bilər.
– Dünən mən səni nə üçün Sabunçudan Bakıya deyil, Keşləyə apardım?
– Deməsəydin də mən Keşləyə gedəcəkdim, çünki Sabunçu stansiyasında duran jandarmın «Poçta aparan qız şəhərə gəlir» deyə Bakıya xəbər verdiyini bir neçə gün qabaqdan bilirdim. Bakı polisi Bakıda gizli ədəbiyyat çap olunduğunu bilməmiş deyildir. Lakin onlar bunun hansı küçədə və kimlərin əli ilə çap olunduğunu öyrənə bilməmişlər. Mən, təqib olunduğum barəsində Krasin, Nikolay Petroviç, Kazarenko və başqa yoldaşlara da demişəm. Pavluşa, sən məndən heç də nigaran qalma. Bakı polisini hər gün köpək kimi dalımca gəzdirib əldən salıram. Onları bilərəkdən dalımca salıb, şəhərin ən uzaq küçələrində gəzdirirəm. Onlar tamamilə yorulub getdikdən sonra mən öz işimin dalınca gedirəm.
– Jenya, polislər şeytandan da çox bilir, sən onlara heç də inanma!
– Onu bilirəm. Mən polislərin son günlər mənə qarşı soyuqqanlı bir vəziyyət aldığını da hiss etmişəm. Polislər mənim barəmdə başqa cür tədbirlər düşünürlər. Dünən Sabunçudan şəhərə gəlirdim. Stansiyada pilləkənlərdən düşərkən bir nəfər fotoqrafın uzaqdan durub, şəklimi almaq istədiyini gördüm.
Pavluşa tələsik soruşdu:
– Ala bildimi?
– Ay aldı ha!.. O saat əlimdəki kiçik çemodanı üzümə tutub keçdim.
– İndi gördün ki, sən gərək bu işdən çəkiləsən?! Sən tutulsan bizim sirlərimizin hamısı polisin əlinə düşə bilər!
– Mən tutulmaqla sirlər nə üçün polisin əlinə düşə bilər?
– Səni məcbur edərlər... Sən çar polisinin namussuzluğunu bilmirsən...
Pavluşa Jenyada görünən bu dönüşə təəccüb edirdi.
Evə çatdılar. İkilikdə oturub çay içirkən Pavluşa soruşdu:
– Jenya, bu gün sən Lado yoldaşa nə dedin?
– Mən ki sözü örtülü demədim. Aşkarça dedim ki, Lado yoldaş, mən bir neçə gün mətbəəyə getməyəcəyəm, çünki polislər məndən şübhələnmişlər. Mətbəənin Voronsovski küçədə olması və mənim o tərəflərə tez-tez getməyim mətbəəni təhlükə altına ala bilər.
– Belə ha!.. İndi sənin özün də qorxu hiss edirsən!
– Pavluşa, belə görünür ki, sən qorxu ilə ehtiyatlı dolanmağa təfavüt qoya bilmirsən!
– Qorxunun çoxluğu ehtiyatlı olmaq fikrini doğuran birinci amildir.
– Cürətin çoxluğu da bəzən ağılsızlıqdan və tədbirsizlikdən doğur. Sən elə bilmə ki, mən sənin sözlərinlə vəzifəmdən geri çəkilirəm. Mən sənə qulaq asmış olsaydım, vəzifəmdən bir neçə ay bundan əvvəl çəkilərdim. Çəkilmədim. Mən bilirəm ki, çar jandarmeriyası mənim dalımca xəfiyyələr təyin etmişdir.
– Bunu haradan bilirsən?
Jenya Pavluşaya çox ehtiyatla izahat verməyə başladı:
– Neçə gündür ki, məni gözəl geyimli bir gənc oğlan təqib edir. Mən onun casus olduğuna inanıram.
– Ola bilməz! Yəqin ki, gözəl qızlarla gəzmək istəyən Bakı əyyaşlarından birisidir. Bir kərə onun üstünə qışqırsan, rədd olub gedər.
– Belə olmaz! Onu öyrənmək lazımdır. Xəfiyyə isə onu cəzalandırmaq, məğlub etmək...
Pavluşa narazı bir halda onun sözünü kəsdi:
– Belə görünür ki, onunla gəzmək istəyirsən... Bu ayrı məsələ!..
– Sən mənə inanmırsan?
– Yox, inanıram!
– Bəs nə üçün qısqanırsan?
– Mən sənə, sənin mənə inandığın qədər inanıram.
– Tutalım ki, mən sənə heç inanmıram, sən mənə inana bilərsənmi?
– Qarşılıqlı əlaqə olmadan inanmaq mümkün deyildir.
– Məsələni çox uzatmayaq. Sən məni haman gənclə görsən qısqanacaqsanmı?
– Sən bu haqqı mənə vermişsənmi?
Jenya utana-utana dedi:
– Bu haqqı mən sənə çoxdan vermişəm. Mən səni bu qədər aydın bir həqiqəti duymayacaq qədər idraksız hesab etmirəm... Pavluşa, mənə yaxşı qulaq as. Diplomat dilini bir tərəfə qoyaq. Mənimlə qəlbi açıq bir yoldaş kimi danış!
Pavluşa onun üzünə diqqətlə baxıb dedi:
– Gəl danışaq! Sən onu bilməlisən ki, mən heç vaxt səni qısqanmaram. Qısqanclıq tərbiyəsizlikdəndir. Lakin qəlbin sınmasın, qadın nə qədər mədəni və oxumuş olursa-olsun, yenə kişilərə nisbətən daha qısqanc olur. Qadınlar heç vaxt kişilərə inanmırlar.
Jenya Pavluşanın üzünə tərs-tərs baxıb dedi:
– Mədəniyyət kəlməsini aralığa atmasaydın, bəlkə də, sənin qadınlar haqqındakı yanlış fikirlərini tənqid etməzdim. Lakin mədəniyyətdən dəm vurub, mədəni olmayan sözlər danışmağın sənin savadsızlığını göstərir. Mən səninlə bu barədə uzun-uzadı danışmaq və filosofluq etmək istəmirdim. Mən səninlə ancaq məni təqib edən gənc barəsində danışırdım.
– Çox gözəl, danış görüm nə demək istəyirsən?
Jenya çox soyuqqanlı bir surətdə:
– Əsəbiləşmə! — dedi. — Məni təqib edən gənc olduqca gözəl geyinir. Onun hər bir hərəkəti kübar ailəyə mənsub olduğunu göstərir. Bununla belə o bir xəfiyyədir, məni öyrənmək və polis əlinə vermək üçün göndərilmişdir. O, mənim dalımca kölgə kimi sürünür. Hələlik tanış olmamışıq. Casus olduğu şübhəsizdir, lakin mahir casus deyildir. Qıza yanaşması olduqca sadədir, uşaqcasınadır. Mən onun məqsədlərini öyrənmək üçün ona yanaşacağam, bunun üçün də məni qısqanma, bunu səndən rica etmək istərdim.
Pavluşa:
– Qısqanmaram! — dedi — Lakin, ehtiyatlı olmalısan, çünki casuslar şeytan balalarıdırlar. Onların bir hiyləsi də özlərini avam və sadə göstərməkdən ibarətdir. Sən gözəl qızsan, Bakı polisinin də şübhəsini qazanmısan. Onlar səndən çox acı bir intiqam ala bilərlər. Bunu da bilməlisən ki, gözəl və gənc qızların taleyini çox zaman zəngin və gözəl geyimli gənclər həll edirlər. Zənnimcə bunu çar polisi də bilir.
Jenya gülərək dedi:
– Sən məni tanıdığın halda, bu kimi sözləri mənə deyirsən? Sən vaxtında kimin qalib çıxacağını görəcəksən.
Pavluşa istehzalı gülüşlə:
– Biz ikimiz də gənçik, — dedi, — lakin bir məsələni unutmamalıyıq!..
– O hansı məsələdir?
– Məğlub olanlar qalib çıxmağa tələsənlərdir. Bütün aldananlar, aldatmaq istəyənlərdir. Fikrini başına topla, sən bir təşkilat işçisisən, sənin casusları öyrənmək nəyinə lazımdır? Bir halda ki, onlar səni öyrənməyə çalışırlar!
Telefonnı küçədə adi hərəkət davam edirdi. Ağşəhərə, Qaraşəhərə gedən faytonlar, fabrik-zavod müdirlərini daşıyan təkatlı arabalar, konkalar sürətlə keçib gedirdi.
Mədən dairəsindən şəhərə işləmək üçün gələn ağ çalmalı fəhlə qadınlar iş istəmək üçün qapıları döyürdülər.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-borba-qezeti-cixdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Başqa şairlərin şeirləri
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Kulağuma gülşende bir âvâze irişdiKulağuma gülşende bir âvâze irişdiBülbülden ü bildüm ki cânum yaza irişdi
“Ağ çay”, “Qara çay”İki çay süzülüb axır yanaşı,Dalğalı bir nəhrin qolları kimi.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaNə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.