Səhifə 1 / 2

Müdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı.

Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər.

Çelmanın öz casusları vasitəsilə aldığı bu xəbər, Pavluşa və onun yoldaşlarının zavoddan çıxarılmasına səbəb oldu. Əmək müqaviləsində, sərxoşluğa adət edən fəhlələrin zavoda buraxılmaması qeyd edilmişdi. Lakin Pavluşa və onun yoldaşları bir kərə də olsa, zavoda sərxoş gəlməmişdilər.

Pavluşanı Qaraşəhərdən götürüb, Balaxanıdakı Nobel müəssisələrinə göndərdilər. Əsgər və sairləri isə tamamilə işdən xaric edildilər. Onlar işdən qanunsuz çıxarıldıqları haqqında məhkəməyə müraciət etdilərsə də, məhkəmə sahibkarları haqlı çıxartdı. Nəhayət, onları öz yoldaşları dəmiryol emalatxanasında işə düzəltdilər. Buna baxmayaraq, yoldaşlar bir-birindən əlaqələrini kəsməmişdilər; onlar yenə də görüşür və siyasi dərnəyə davam edirdilər.

Pavluşa Balaxanı — Sabunçu dairəsinə köçdükdən sonra Sergey Vasiliç onu öz evinə aparıb yer verdi. Bu gündən başlayaraq Pavluşanın Jenya ilə olan tanışlığı sıxlaşır və səmimiləşirdi. Onların bütün işsiz vaxtları bir yerdə keçir və bu da tamamilə siyasi dərslərə sərf olunurdu. Pavluşa Jenyaya siyasi məsələlərdə kömək etdiyi kimi, Jenya da bədii ədəbiyyatı öyrənmək işində Pavluşaya yardım göstərirdi. Onlar Puşkini, Lermontovu, Çexovu, Turkenevi və sair rus ədiblərini oxuyub öyrənirdilər.

Sergey Vasiliçin həyatı maraqlı bir şəkil almışdı. Arvadı Anna da bu həyatı sevirdi. Onlar həmişə: «Bizim bir oğlumuz, bir də qızımız vardır» deyə sevinirdilər.

Doğrudan da onların həyatı maraqlı və sevimli idi, çünki qocaların gözü qarşısında iki inqilabçı və mübariz gənc yaşayırdı; onlar ümidverici bir gələcəyə hazırlanırdılar.

Yenə bir axşam Pavluşa ilə Jenya öz otaqlarında oturub gizlin ədəbiyyat oxuyurdular. Gecə saat bir olmuşdu, lakin yatmaq istəmirdilər; onlarda səbəbini bilmədikləri bir şadlıq oyanmışdı.

Pavluşa oxuyur, Jenya dinləyir və bilmədiklərini soruşurdu. Jenya tez-tez «oxu, anlayıram», — deyə Pavluşanı oxumağa məcbur edirdi. Bir neçə dəqiqədən sonra bu səs artıq eşidilmədi. Jenya kirpiklərini bir-birinin üstünə tökərək başını Pavluşanın çiyninə qoyub yatmışdı.

Pavluşa Jenyanın rahatlığını pozmamaq üçün oturduğu yerindən tərpənmədi. Jenya haçandan haçana gözlərini açdı, Pavluşanın qarşısında duran kitabı götürüb, yenə «oxu, anlayıram» deməyə başladı. Pavluşa divar saatına baxıb güldü:

– Mən səni iki saatdır gözləyirəm, qabağımdakı yazıları ikinci dəfədir oxuyuram.

Jenya xeyli yatdığını hiss etdi, qızardı.

– Pavluşa, məni bağışla, səni rahatsız etdim. Nə qədər rahat və şirin yatdığımı bilsəydin!

– Nə əziyyət verdin ki, səni bağışlamaq lazım gəlsin?

– Çiynin ağrımadımı?

– Ürəyimin döyüntüsü çiynimin yorğunluğunu unutdurdu.

– Bu nə sözdür? Mən anlamadım, necə yəni ürəyimin döyüntüsü?

Pavluşa dediyindən utandı, öz sevgisini açıq bir surətdə söyləyə bilmədi. Jenya qızarmış halda qalxıb yatmaq üçün ananın yanına getdi.

Pavluşanın gözünə yuxu getmirdi. Jenyanın ona «bu nə sözdür?» deməsinə müəyyən bir məna verə bilmirdi. Fikrində bir qarışıqlıq əmələ gəlmişdi. O, ailə həyatını gah səadət, gah da fəlakət törədici bir şəkildə görür, mühitin məsud bir həyata imkan verməyəcəyini təsəvvür edirdi. Gözü önündən çürbəçür tablolar uçub gedir, fikirlər bir-birini əvəz edirdi, lakin Jenyanın şəkli eyni biçimdə, eyni ölçüdə, eyni gözəllikdə nəzərindən ayrılmırdı. Bu şəkil xəyalında dolaşan şəkillərin hamısına üstün gəlirdi. Bu fikirlərin təsiri altında Pavluşa öz-özünə sual verdi: «Mənə bir yoldaş lazım deyilmi? Lazımdır!.. Lakin Jenya da mənim düşündüyüm kimi düşünürmü? Bunu Jenyanın özündən soruşmaq mümkün olacaqmı?».

Bu düşüncələrlə də Pavluşanı yuxu apardı.


Bu gecə Jenya ilə Pavluşa siyasi dərnəkdən yenicə gəlmişdi. Jenya yol uzunu dediyi sözü bir daha təkrar etdi:

– Doğrusu, mən Lado yoldaşın bu gecəki iclasda dediyi sözünü heç də həzm edə bilmirəm.

Pavluşa furajkasını və pençəyini mıxdan asıb stolun başında oturdu və əlini yanındakı kürsüyə vurub Jenyaya — otur, — dedi.

Jenya oturdu və iki əlini stolun üstünə qoydu. Pavluşa əlini onun əli üzərinə qoyub dedi:

– Lado yoldaş çox yerli danışdı. Sən siyasi dərnək apardığına baxmayaraq, hələ kapitalistləri tanımaq işində savadsızsan...

– Xeyr, mən bu barədə savadsız deyiləm. Mən deyirəm ki, burjuaziyanın mədəni olması ilə mədəniyyətsiz olmasında çox fərq vardır.

– Sənin bu barədə heç bir əsasın yoxdur.

– Vardır! Görünür ki, sən gündəlik qəzetləri oxumursan.

– Oxuyuram, hər gün oxuyuram, səndən də yaxşı oxuyuram!

– Hərgah oxuyursan, bəs nə üçün neft sənayesi sahibləri qurultayına aid xəbərləri oxumursan? Bax, bu günkü qəzetdə əcnəbi neft sahibləri iş saatlarının azalmasını təklif etdikdə, yerli neft sahibkarlarından Mantaşev buna etiraz edir. Buna görə də biz təbliğat aparmalıyıq ki, fəhlələr əcnəbi müəssisələrində çalışsınlar, çünki əcnəbi neft sahibləri mədənidirlər.

Pavluşa Jenyanın bu sözlərinə qəhqəhə ilə gülüb dedi:

– Mənim gözəl yoldaşım, əvvələn sənə bunu söyləməliyəm ki, burjuaziya haqqında uzun-uzadı dərslər keçməliyik. Hələlik bu barədə dərnəkdə məsələ qoyulmamışdır. Çünki bura qədər hələ çox işlərimiz vardır. Sən onu bir kərə qulağında saxlamalısan ki, yoldaş Lado dediyi kimi, kapitalistlər mədəniləşdikcə onların fəhlə sinfini istismar üçün düzəltdiyi sistemlər də mükəmməlləşir, daha açığı, hərisləşir. Görünür ki, neft burjuaziyasının neft sənayeçiləri qurultayında düzəltdiyi fırıldaqlar sənin zehnini şaşırmışdır. Lakin onların istismar sistemləri bir-birindən fərqli olsa da, fəhlə sinfinə dair məqsədləri birdir. Məsələn, hazırkı Benkendorf şirkətləri iş saatlarının azalmasını təklif edir. Bunu fəhlələri sevdiklərindən etmirlər, məcbur edildikləri üçün edirlər. Burjuaziya bəzən kiçik güzəştə getməklə, böyük faydalar əldə etməyə çalışır. Sən burjuaziya haqqında düşüncəni dəyiş! Onlar qurultayda bir-biri ilə qumar oynayırlar. Onlar bununla fəhlə sinfinin gözünə torpaq atmağa və yaxında gözlənilən tətillərin qarşısını almağa, özləri üçün nüfuz qazanmağa və istismar silahını itiləməyə çalışırlar. Burjuaziya mədəniyyətsiz olsun, mədəni olsun, bununla fəhlə sinfinin həyatında bir dəyişiklik yaradılmaz. Mədənilər bıçaqla kəsir, mədəniyyətsiz qurdlar isə dişi ilə didir, dağıdır. Bunların ikisində də fəhlə sinfi məhv olur. Burada başqa-başqa cəhətlər də vardır. Əcnəbi neft sahiblərinin yerli neft sahiblərinə qarşı apardığı rəqabətin özü də bu məsələdə böyük rol oynayır. Onlar bu kimi çıxışları ilə yerlilərin neftini öz əllərinə keçirməyə və yerli neft sahiblərini dağıtmağa çalışırlar. Daha başqa cəhətlər də vardır ki, əcnəbi neft sahibləri bununla fəhlələri öz tərəflərinə çəkməyə çalışırlar.

Məsələn, yerli neft burjuaziyasının mənfəətini müdafiə üçün yüzlərcə maaş alan qoçular vardır. Fəhlələrini silah gücü ilə susduranlar da az deyildir. Əcnəbi neft sahiblərində isə bu qüvvət yoxdur. Buna görə də onlar fəhlələri öz tərəflərinə çəkmək üçün xırda güzəştlərə getmək məcburiyyətindədirlər.

Pavluşa danışdıqca, Jenya əlindəki karandaşla qabağın dakı bir parça kağızı qaralayırdı. Pavluşa sözünü bitirdikdən sonra da Jenya kağızı qaralamaqda davam edirdi.

Pavluşa qəfildən əlini uzadıb Jenyanın qabağından kağızı qapdı. Kağızda — yaxası açıq, qalın saçları qarışmış, sağ qolunu stola söykəmiş, sol əlinin barmağı ilə danışığına ahəng vermək istəyən bir gəncin şəkli çəkilmişdi.

Pavluşa:

– Bu ki mənim rəsmimdir! — dedi. — Sən çox gözəl rəssamsan, məni olduğum kimi yaratmışsan!

Jenya:

– Yox — dedi. — Kağızı çox tez qapdın. Ona görə də şəkli düşündüyüm kimi bitirə bilmədim. Bir az da səbir etsəydin, ən incə nöqtələri belə təsvir edə biləcəkdim.

Pavluşa:

– O nöqtələr nə kimi nöqtələrdir? — deyə soruşduqda, Jenya utanaraq, üzünü ondan çevirdi və dedi:

– O nöqtələr... sənin qəlbindir... Mən sənin qəlbini təsvir etməyə çalışırdım!

Pavluşa bu sözlərdən sonra şəkli bir daha gözdən keçirdi.

– Sən mənim qəlbimi oxumağa qadirmisən? Onu təsvir edə bilərsənmi?

Jenya:

– Bilərəm, — dedi. — Gənclərin qəlbini gözlərindən oxumalıdır! Gəncin gözləri, hətta alnının dərinləşməmiş cizgiləri belə onun qəlbini göstərmək üçün təbii bir ləvhədir. Bunları düşünməyən rəssam deyildir. Mən məktəbdə rəsm dərsləri keçdiyim vaxt bunları düşünür və öyrənməyə çalışırdım.

Pavluşa:

– Çox əcəb! — dedi. — İndi bu saat mənim qəlbimi oxu görüm!

Jenya utandığından titrəyərək dedi:

– Sənin qəlbin şübhələr, tərəddüdlər, qeyri-müəyyən sevgilər, məchul və müəmma şəklində görünən gələcək arzuları ilə doludur. Sən hələlik öz düşüncələrinə müəyyən bir şəkil verə bilməmişsən. Biçimsiz və tez-tez dəyişib başqa rəng alan düşüncələr, səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri