Qızıl Arslan
Səhifə 1 / 2
Eldəniz oğlanları Azərbaycanı idarə etməyə başlamışdılar. Cənub-qərbi Azərbaycandakı itaətsizlik, Marağa hakimi Qara Süngərin məğlubiyyəti nəticəsində təsviyə olunmuşdu. Qızıl Arslan Təbrizdə oturub Şimali Azərbaycan məsələləri ilə məşğul olduğu zaman, yerli hakimlər yerlərin vəziyyəti barəsində hökmdara bir çox əsassız məktublar göndərirdi. Onlar öz mövqelərində qalmaq üçün məmləkətdə mövcud olan narazılıqların səbəbini gizlədirdilər. Buna görə də Nizami Qızıl Arslandan şeir və ədəbiyyata dair aldığı məktubun cavabında məmləkətin vəziyyətini yazmış və narazılıqların səbəbini qismən aydınlaşdırmışdı.
Nizami öz məktubunda məmləkətdə mövcud olan üsyanların yararsız olan hökumət üsul-idarəsi nəticəsində yaradıldığını və məmləkətin islahata möhtac olduğunu, xalqın etimadını itirmiş yerli hakimlərin isə dəyişilməsi lüzumunu qeyd etmişdi.
Məktubda qeyd edilən əsas məsələlərdən birisi də milli mədəniyyətin təriqət və məzhəb mübahisələri təhlükəsinə məruz qalması və mədəni vasitələrin yerli hakimlər tərəfindən dağıdılması işlərindən ibarət idi.
Məktuba cavab yox idi, bir çoxları məktubda "üsul-idarəyə toxunmaq lazım deyildi, hökmdara məsləhət vermək ehtiyatsızlıqdır" – deyə üzdə də olmasa, dalda Nizamini tənqid edirdi. Məktub yazıldığı zaman Nizamiyə məsləhət verən və yazılan məsələlərə tərəfdarlığını elan edənlər, indi "bizim əsla xəbərimiz yoxdur, qoy özü də cavabını versin", – deyə hər yerdə danışırdılar. Nizaminin ətrafında yalnız Fəxrəddin qalmışdı, o daima Nizamiyə dedi-qodular haqqında söhbət açdığı zaman deyirdi:
– Biz bu məktubu göndərməkdə heç xəta işləməmişik. Qızıl Arslan bu məmləkəti sevirsə, bizi təqdir etməlidir. Məktubda, məmləkət və hökumətin səadətindən başqa bir şey tələb etməmişik. Əgər hökmdarın bundan acığı gəlirsə, qoy gəlsin. Biz məmləkətin və xalqın vəziyyətini heç bir zaman gizlətməməliyik. Mən məktubda göstərilən məsələlərin hamısına şərikəm. Sən məni tanıyırsan, Fəxrəddin səni heç bir zaman yalnız buraxmayacaqdır.
Bu kimi məsələlər Nizami ilə Fəxrəddin arasında tez-tez danışılırdı, nəhayət, günlərin birində Fəxrəddin Məhsəti xanımın kefini soruşmaq üçün Nizaminin evinə gəldiyi zaman şairi həddindən artıq şad gördü. Məhsəti xanımın xəstəliyi də sanki səhhətə üz qoymuşdu. Rəna ilə Nizami onu təmiz hava almaq üçün həyətə çıxarmışdılar. Məhsəti xanım Rəna üçün təzə fikirləşdiyi rübailəri oxuyurdu.
Nizami Fəxrəddini gördüyü zaman:
– Bir az da yubansaydın, dalınca adam göndərəcəkdim, – dedi.
Fəxrəddin şad bir xəbər gəldiyini anladı. O əvvəlcə gəlib Məhsəti xanımın əlindən öpdü, Rənanın kefini soruşdu, sonra Nizamiyə tərəf dönüb:
– Gözlərin mənə böyük bir şadlığın xəbərini verir, – dedi.
Nizami qoltuğundan böyük bir dəftər həcmində bir məktub çıxarıb Fəxrəddinə verdi:
– Al, oxu, qoy mühafizəkarlar, qorxaqlar əmin olsunlar ki, Nizaminin yazdığı məktublardan heç bir kəs zərər çəkməz.
Onlar məktubu oxumaq üçün Məhsəti xanımı da götürüb otağa gəldilər. Fəxrəddin əlləri titrəyə-titrəyə məktubu oxumağa başladı:
"Möhtərəm şair!
Məktubunuzu alıb gözlərimə və dodaqlarıma sürtdüm. Bir şairi görmüş və onunla üz-üzə oturub söhbət etmiş qədər sevindim. Məktubun cavabı təxirə düşdü. Bunu bir etinasızlıq kimi mənə etməyin. Hər halda bu təxir sizi düşündürməmiş deyil. Məmləkətin vəziyyətinə və Azərbaycan xalqının əhvali-ruhiyyəsinə aid yazdığınız bu məktubun, dövlət quruluşu nöqteyi-nəzərindən böyük bir əhəmiyyəti vardır. Sizin başınıza and içirəm, məktubunuz mənim bütün varlığımı titrətdi. Məktubda göstərdiyiniz məsələlərin hamısı sanki iki qəlbin, iki düşüncənin məhsuludur. Şair bilməlidir ki, o qədər düşüncəli, o qədər mədəni surətdə yazılmış məktuba cavab vermək üçün tələsmək olmazdı. Mən sizin hökumət quruluşuna aid fikirlərinizi çox diqqətlə oxudum. Zatən, səlcuq hökmdarlarından müəyyən və möhkəm bir hökumət quruluşu olmamışdır. Buna görə də onlar xalqların mədəni və ictimai vəziyyətləri ilə hesablaşa bilməzdilər. Azərbaycanlılar səlcuq hökmdarları qarşısında milli müqəddərat məsələsini qoya bilməzdilər. Hərgah hökmdarlar bu hüququ Azərbaycan xalqına vermək istəsə belə, bunu bacarmazdılar. Çünki səlcuq xanədanının müəssisi Toğrul bəy öz qardaşı İbrahim Yənalı Azərbaycan məmləkətinə hakim təyin etdiyi zaman ona müəyyən bir hökumət quruluşu ilə iş aparmasını göstərməmişdi. O zaman Azərbaycan məmləkətindən fars və ərəb nüfuzunu qovmaq məsələsi də qoyula bilməzdi; çünki Qaim Biəmrullah Toğrul bəyin hökumətini təsdiq etdiyi zaman (hicri 430), Hibətullah adlı bir ərəbi də müavin, daha açığı, nəzarətçi sifətilə onun yanına qoşmuşdu. Buna görə də nə Azərbaycan, nə Xarəzm, nə də İraq və Əcəmdə milli dil və mədəniyyət, milli müqəddərat məsələsi qoyula bilməzdi.
Toğrul bəyin Qaim Biəmrullah ilə apardığı müdarə siyasəti məmləkətlərdə xəlifə nüfuzunun davam etməsinə imkan yaratdı. Hələ o, qardaşı Davudun Arslan xatun adlı qızını Qaim Biəmrullaha verib, özü isə Qaim Biəmrullahın qızı Seyidə ilə evlənməklə başqa ölkələrlə birlikdə Azərbaycanın siyasi və ictimai vəziyyətini ağırlaşdırdı. Siz məktubunuzda Toğruldan Alp Arslanın Azərbaycandakı islahatına işarə edirsiniz. Doğrudur, mən onun islahat işlərilə çox maraqla tanış oldum. Lakin hər bir islahat və yaxud hər bir mədəni təşəbbüs, hökumət quruluşuna istinad etməlidir. Quruluş mədəniyyətə müsaidə verməzsə, quruluş islahata imkan yaratmazsa, islahat heç bir müsbət nəticə verə bilməz.
Toğruldan sonra böyük və cahangir bir hökumət təşkil etmiş olan Alp Arslanda da müəyyən və əsaslı bir hökumət üsul-idarəsi yox idi (hicri 455). O, Yəməndən Oqsusə qədər geniş bir məmləkətə hökmran olduğu halda, məmləkəti öz ailə üzvləri arasında təqsim etməsi və yerlərdə olan hakimlərin bir mərkəzə tabe olmaması, Alp Arslanın düşündüyü islahatın həyata keçməsinə imkan verməzdi. Lakin mən belə düşünmürəm. Biz ümumməmləkət miqyasında vahid bir üsul-idarə və müəyyən hökumət quruluşu tətbiqinə müvəffəq olmasaq da, yerlərin siyasi və ictimai vəziyyətinə istinadən hər yer üçün ayrı-ayrı üsul-idarə təşkili barəsində düşünməliyik. Mən bu barədə şairi əmin edirəm. Hərgah Toğrul buna razılıq verməsə belə, biz Azərbaycan atabəyi olduğumuz üçün Azərbaycanda müəyyən bir hökumət quruluşu tətbiq etməliyik. Azərbaycan xalqı bizi öz hökuməti kimi tanımazsa, müdafiə etməz.
Siz məktubunuzda, Azərbaycanda mövcud olan təriqət mübarizələrinə işarə edirsiniz. Bu məsələ məni də düşündürür. Bizim çətinliklərə rast gəlməmiz məsələsi və bundan ibarətdir. Bu günlərdə İsfahanda başlamış sünni-şiə vuruşmaları yuxarıdakı iddiamı təsdiq edir. Vuruşmalara nihayət vermək üçün elmi yollardan istifadə edə bilmədim. Çünki bu üsyanın başqa ölkələrə sirayət etməsi ehtimalı məni qorxutdu. Buna görə də sünni-şiə vuruşmalarını qanla boğmaq məcburiyyətində qaldım. Lakin sizin məktubunuzu aldığım zaman təcili surətdə Bağdad xəlifəsi Müstərşidbillaha məktub göndərib Babək üsyanına dair vəsiqələri istədim. Buna görə də vəsiqələr əldə edilmədən və bunlarla tanış olmadan təriqətlərin məhv edilməsinə aid fikrimi sizə yaza bilmədim.
Yazıları göndəriblər, neçə gündür ki, onları oxuyuram, Babək üsyanının mündəricəsini, onun inkişaf yollarını və üsyanın məğlub edilməsi səbəblərini öyrənirəm. Vəsiqələrdən aldığım qənaət budur:
İstər Məmun xəlifənin, istərsə ondan da sonra Mötəsim xəlifənin katibləri Babək üsyanının cərəyanı və onun inkişafı yollarını yazarkən dini hissiyyata qapılıb, həqiqəti tamamilə təhrif ediblər.
Lakin mən Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyurkən bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm.
Xəlifə kitabxanalarında saxlanan bu yazılar nə qədər təhrif edilmişdirsə, yenə də Babək üsyanının mündəricəsini tamamilə örtməyə müvəffəq ola bilməmişlər. Yazıların hər bir səhifəsində Babəkin əsas fikirləri parlamaqdadır. Babək xalqların birliyini yaratmaq üçün dinə, təriqətə və mövhumata hücum etməkdən başqa bir yol intixab edə bilməmişdir.
Bağdaddan gətirilən vəsiqələrin içərisində çox qiymətli və tarixi vəsiqələr də vardır ki, onlar birinci Məmun xəlifənin yazılarıdır. Bu əlyazmalarının mühüm bir qismi Məmunun Babək üsyanına dair yazdığı xülasələridir. Məmunun xülasələrində Babək üsyanındakı səhvlərin səbəbləri aydınlaşdırılır. Eyni zamanda, Məmun bəni Abbas xəlifələrinin xəyanətlərini sayaraq yazır ki, onlar xalqı elm və mədəniyyətlə deyil, din, məzhəb, təriqət və mövhumat vasitəsilə kor edib özlərinə bağlamaq istəyirdilər.
Məmun deyir ki, xalqı sağlam bir hökumət quruluşu ilə birləşdirmək əvəzinə dinlə birləşdirmək təşəbbüsü xəlifələrin ən böyük xətalarındandır.
Məmun deyir ki, "Ərəb və yəhudi alimlərinin islam dininə uyğunlaşdırdıqları din fəlsəfələrini, xəlifələr bütün islam dünyasına yaymağa və nəşr etməyə çalışmışlar. Buna görə də islam xalqında dini düşüncə, siyasi və mədəni düşüncələrə qalib gəlmişdir".
Məmun öz xülasələrində Babək üsyanına səbəbiyyət verən cəhətləri aydınlaşdıraraq deyir ki, "Yunanıstanda olduğu kimi islam məmləkətlərində də milli mədəniyyət yerində din mədəniyyəti qurmaq fikri meydana atıldı. Ölkələri Həsəbaniyyə təriqəti yolu ilə yunan İskəndəriyyə məktəbinin məhsulu olan təsəvvüfün dərin çuxurlarına saldılar".
Bəni Abbas xəlifələrinin hökumət quruluşunu tənqid edən bu huşyar və ağıllı xəlifə deyir ki, "xəlifələr ilahiyyat-islamiyyət fəlsəfəsini Yunanıstandan alıb ərəb dünyasına yaydıqları kimi, onu İran və Azərbaycan xalqlarına da eyni şəkildə yedirməyə çalışdılar. Onlar xalqın əhvali-ruhiyyəsilə hesablaşmayaraq, mədələrin bu ağır və ürək bulandırıcı qidanı həzm edib-edə bilməyəcəyini yoxlamadılar.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qizil-arslan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Başqa şairlərin şeirləri
Genə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Xırçın qızDeyirdi ki: – Məsud olmaq mənim böyük diləyim.Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,