Səhifə 1 / 2

On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.

Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri döyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb, saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı.

Xacə Müfid otağa girərkən Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. O, qaranlıq otaqda titrəyərək xacə Müfidin nə üçün gəldiyini bilməyə tələsirdi.

Xacə Müfid şamı yandırıb Dilşadın bucağa qısıldığını görərkən adəti üzrə güldü. O, gözəl cariyələrin bu vəziyyətindən daima ləzzət alırdı, hətta cariyələr cəzalandığı zaman tökdükləri göz yaşından o nəşələnərdi. Bunun üçün də istədiyi zaman istədiyi cariyələrin haqsız və təqsirsiz cəzalanmasına səbəb olur və ruhi bir ləzzət alırdı. Dilşadı qorxudan da həmin bu məsələ idi.

Xacə Müfid irəli gəldi, əlini uzadıb Dilşadın açıq saçlarını sığallamaq istədikdə qızın əndamı titrədi, əti çimçəşdi. Xacə Müfid bu nəvaziş və bu gülüşləri Dilşadın həyəcanını heç də azaltmadı. Çünki xacə Müfid cariyələri döydürməyə və cəzalandırmağa da belə gülərüzlə aparırdı. İndi Dilşad onun bu saxta nəvazişlərini görərkən cəzalandırmaq üçün aparılacağına şübhə etmirdi. Xacə Müfid hər nə edirsə etsin, Dilşad yenə də onun ağzına baxır və əmrinin intizarını çəkirdi. O, qorxusundan şəkil kimi quruyub divara yapışmışdı.

Lakin xacə Müfid qızın həyəcan və intizarını nəzərə almayaraq, çox laqeyd hərəkət edirdi, çünki belə hallarda cariyələri intizarda qoymaq özü də bir cəza idi.

Xacə Müfid əlində şam, bir şey itirmiş adamlar kimi, Dilşadın otağını gəzdi, qızın paltarlarını, zinət şeylərini gözdən keçirdi, hər şeyin yerində olub-olmamasını yoxladı. Adətən gözəl cariyələrə verilən qiymətli paltarları, qiymətli daş-qaşları tez-tez yoxlayırdılar ki, onlar başqa bir kəsə verilməsin. Şeylərin hamısı öz yerində idi. Xacə Müfid onların hamısını Dilşadın yatacağı ilə yanaşı duran kürsünün üstünə yığıb, Dilşada baxdı, yenə də gülməyə və onun saçlarını sığallamağa başladı. Dilşadın bağrı çatlamaq dərəcəsinə gəlmişdi; o qışqırmaq istəyirdi. Nəhayət, xacə Müfidin dodaqları hərəkətə gəldi. Çox yavaşdan, hətta eşidilməz bir tərzdə dedi:

– Qorxma, götür nə deyirəmsə yaz!

Dilşad birinci dəfə idi ki, xacə Müfidin dilindən "qorxma" sözünü eşidirdi. Buna görə də xacə Müfidin bu sözü onun həyəcanını deyil, təəccüb və heyrətini artırdı. Ona görə ki, xacə Müfid bütün ömründə heç bir kəsin həyəcanının sakit olmasına imkan verməzdi, o, daima cariyələri qorxu və həyəcanlar içərisində yaşatmağı sevərdi. O, gözəl cariyələrin ürək çırpıntısı içərisində qıvrıldıqlarını hiss edərkən, daima ruhən, qəlbən şadlanardı. Xüsusən o, cariyələrin gözəl olanlarını heç də sevməzdi, buna görə də onun cəzasına düçar olanların hamısı gözəl cariyələr idi. Onun özü xacə olduğu üçün qadınlara nifrət edirdi. Qadınlar onun birinci düşməni idi. O, özünün məhrum olduğu bir nemətin məhvini və başqalarına qismət olmamasını istəyirdi. Dilşadı Müfidin "qorxma" deməsi deyil, gecədən çox keçdiyi üçün Əmirin yanına getməmək əmniyyəti sakit edirdi, çünki Əmirin hüzuruna istintaqa getmək və ya işgəncə verilmək üçün aparılmaq zamanı keçmişdi. Əmirin özü də, saray xalqı da sərxoş olub çoxdan hərə öz yatağına çəkilmişdi. Əmirin rəqs və şərab salonunun çilçıraqları da söndürülmüşdü. Buna görə də işgəncə verilmək üçün aparılmayacağı Dilşadı sevindirirdi. Çünki Əmir cariyələri cəzalandırdığı zaman rəqqasələr rəqs edər, saqilər şərab paylar, xanəndə qızlar oxuyar, müqəssir cariyə isə Əmirin oturduğu kürsünün ayaqlarına atılıb döyülərdi. Əmir isə çalğı tərənnümlərinə həmahəng olan o ağlayış və yalvarış səslərindən nəşə alardı. Dilşadı isə görünür, başqa bir hadisə gözləyirdi.

Xacə Müfid bir daha irəli gəlib əllərini onun saçlarında gəzdirərək:

– Otur, otur, ağılsız və vəhşi ceyran, – dedi. – Gözəl olduğun qədər də ağılsızsan. Bu da təbiidir. Təbiətdə bərabər olan heç bir şey yoxdur. O bir şeyi insana artıq verəndə, o biri şeyi azaldır. Lakin insanda gözəllik yerinə ağıl olsaydı, başı səninki kimi bəla çəkməzdi. Sənin ağılın azlığı bir çox acı təcrübələrdən sonra da gözünün açılmasına imkan vermədi. Bu da təbiidir, gözəl qızlar öz zahiri gözəlliklərinə güvənərək ağlın və fərasətin gözəlliyinə əhəmiyyət verməzlər. Sən də elələrindənsən. Sənin təqsirin gözəlliyindən bir neçə qat böyükdür. Çünki öz vəliyülnemətinə xəyanət etdin. Sən bu hərəkətinlə özünü ən yaramaz bir qız kimi göstərdin. Xəlifənin qadını Safiyə xatunun namusunu ləkələmək və onu Əmirin gözündən salmaq istədin. Sən, Fəxrəddinin göstərişi ilə Əmirin katibi Mühakim ibn-Davudun möhürünü qələmdanından oğurlayıb, öz xanımın Safiyənin otağına atdın. Bu iş sənin işin idi. Sən bu xəyanətinlə xəlifə ilə Əmir həzrətləri arasında ixtilaf çıxarmaq istəyirdin. Əmiri də, onun qadınını da bədbəxt edirdin. Sən bir də kişilərin sevirəm demələrinə aldanma, onlar az bir mənfəətdən ötrü başqasının varlığını sata bilərlər. Fəxrəddinin son hərəkəti də bunu göstərdi. İndi de görüm, bütün bu təqsirlərin cəzası nədir? Sən bilirsən ki, bu cür işləri üçün Tərxan xanımı çuvala salıb hovuza atdılar. Sənin öz gözünün qabağında Lamiə xanım kimi gözəl bir qızı Mərcan kimi iyrənc bir qara qulun otağına atdılar. Halbuki sənin təqsirin onların təqsirindən bir neçə qat artıq idi. Sən gərək Güləndam kimi gözəl bir cariyənin yanaqlarına dağ basıldığını yadından çıxarmayaydın. Lakin sən nə qədər ki, öz bədbəxtliyinə çalışırsan, xoşbəxtlik yenə də inad göstərib, sənin yanından çəkilmir. Bəxtin səni daima əfvedilməz günahların cəzasından azad edir.

Xacə Müfid çox danışdı, yoruldu, nəhayət, sağ əlini belinə qoyub kürsülərin birinin üzərinə oturdu. Dilşad isə sükutdan istifadə edib danışdı:

– Mənə cəza verildiyi zaman, həbsə alındığım zaman demişəm, yenə də deyirəm. Mənim bu işlərin heç birisindən xəbərim yoxdur. Əbəs yerə məni və Fəxrəddini bunun üçün təqsirləndirirsiniz.

Xacə Müfid başı aşağı olduğu halda altdan yuxarı gözlərini qaldırıb Dilşada baxdı və dedi:

– Ay şeytan balası, şeytan! Sən bilirsən ki, mən saraydakıların hamısını beş barmağım kimi tanıyıram. Cariyələrin başında nə qədər tük olduğunu belə bilirəm. Bunların hamısı keçib gedibdir. Sən Zübeyrə və Tahirə kimi buzlu hovuza salınıb döyülmədin, çünki sən xoşbəxt idin. İndi də xoşbəxtsən. Çünki Əmir səni Fəxrəddinə vermək üçün razı olubdur, mən də bu məsələni səninlə danışmaq üçün gecənin bu zamanı yanına gəlmişəm.

Dilşad şadlığından qışqırmaq istədi. Sevindiyindən hönkür-hönkür ağladı, xacə Müfid isə:

– Otur, dediklərimi yaz! Gecə keçir, otaqları gəzmək və yoxlamaq lazımdır, – dedi.

– Nə yazım?

– Əmirin bu izdivaca riza verməsini Fəxrəddinə xəbər verməlisən.

– Bu məktubu yazmaq mənim üçün bir qorxu və bir təhlükə təşkil etməzmi?

– Bunu sənə xacə Müfid deyir. Burada nə qorxu var, nə təhlükə. Götür, yaz!

– Qələmdan və kağız yoxdur.

– Buyur, mən gətirmişəm.

Xacə Müfid cibindən qələmdan və kağızı çıxarıb Dilşada verdi. Dilşad xacə Müfidin dediklərini yazıb bitirdi, xacə Müfid isə:

– Oxu, görüm, nə yazdın! – deyə əmr verdi.

Dilşad oxudu:

"Əziz və möhtərəm Fəxrəddin!

Bilərək və bilməyərək buraxdığım səhvlərə baxmayaraq, Əmir həzrətləri yenə də mənim xoşbəxtliyimə mane olmaq istəmədi. Əmir də, onun möhtərəm hərəmi Safiyə xatun da mənim günahlarımı öz nəcib və müqəddəs ürəkləri ilə bağışladılar. Əmirin verdiyi əmrə görə Ramazan ayı çıxan kimi bizim xeyir işimiz baş tutacaqdır. Məktubu sənə hazırlıq görmək üçün yazıram. Demək, iyirmi günlük bir müddətdən sonra, bizim həyatımız birləşəcəkdir. Səni təbrik edirəm, sən də məni təbrik edə bilərsən.

Sənin Dilşadın".

Xacə Müfid məktubu alıb bükdü və gülə-gülə cibinə qoydu. Dilşad hər bir əziyyət və işgəncənin bitdiyini zənn edirdi. O, sevindiyindən xacə Müfidin əllərini öpür və ayaqlarına düşmək istəyirdi. Lakin bu şadlığın müddəti bir neçə dəqiqədən artıq olmadı. Xacə Müfid ayağa durduğu zaman:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 dəq
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 dəq
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 dəq
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 dəq

Başqa şairlərin şeirləri