Səhifə 2 / 2 · 50%

– Gecə keçir, indi hazırlanmaq lazımdır, – dedikdə, Dilşad təəccüblə soruşdu:

– Nə üçün indidən hazırlanmaq? Hazırlanmaq üçün əlimizdə olan iyirmi günlük imkan kifayət deyilmi?!

– Bu hazırlıq başqa hazırlıqdır. İndi də sənə başqa bir xoşbəxtliyin müjdəsini verəcəyəm.

– Hansı xoşbəxtliyin?

– Əmir həzrətləri səni öz qayınatası Müstərşidbillaha hədiyyə göndərir. Səni cəzalardan qurtaran səbəblər də bundan ibarət idi. Dur, hazırlan, köçmək vaxtına çox az qalır.

Dilşad bu xəbərdən titrəyib oturdu, ağlaya-ağlaya dedi:

– Bu xəbər mənə veriləcək cəzalardan daha dəhşətlidir. Rica edirəm, mənə rəhm edin, məni məhv etməyin, bu səfəri bir və təxirə salın.

– Heç də mümkün deyil, Bağdada göndərilən bir sən deyilsən, Süsən də gedir. Qırx nəfər başqa cariyə də göndərilir. Əmir məsələnin təxirə salınmasına icazə verməmişdir.

– Bəs məktubu nə üçün yazdırdın? Vicdansız, şeytan, haramzadə...

Xacə Müfid bu söyüşdən gülərək dedi:

– Bu dünya belədir. Mələikələr və peyğəmbərlər kimi yaşamaq yerdəkilərə nəsib ola bilməz. Yerdə ancaq bizim kimilər yaşaya bilər. Lakin şeytan olmadan xoşbəxt yaşamaq hələlik yer əhlinə nəsib ola bilməmişdir. Vicdansız deyə məni söyməkdə haqlısan, ancaq onu bilməlisən ki, vicdan da, ruh da, qan da hamısı ağanın xidmətindədir. Vicdan göstərişilə yaşamaq bir adam Allah qədər qüvvətə malik olmalıdır. Vicdan daşımaq, tabe olanlar üçün mümkün deyil. Əmir belə əmir edir. Onun qarşısında əyilən zahirdə mənim başım isə, batində mənim vicdanımdır. Lakin bu vicdan hər kəsə yamanlıq etsə də, sənin haqqında yaxşılıq edir. Elə ki, sənin təmiz bətnindən dünyaya cahanı idarə edəcək xəlifələr gələcək, o zaman mənim nə qədər sənə mehriban olduğumu yəqin edəcək və mənə dua-xeyir verəcəksən. Əmirəlmöminin xəlifə həzrətləri sənin bu nar məmələrinlə əyləndiyi zaman sən xacə Müfidi xatırlayacaqsan, çünki onlar mənim nəzarətim altında bəslənmişdir. Mən sənin incə dodaqlarının qara qulların dodaqlarında çeynənməsinə imkan verməmişəm, sən o dodaqları xəlifənin dodaqlarında gördüyün zaman bu fəqirə dua edəcəksən. Hələ qönçə ikən sənin gülünü dərmək istəyirdilər. Gül olduğun zaman Əmir həzrətləri səni şərəfləndirmək istəyirdi. Mən mane oldum, çünki sənin gülünü adi adamlar dərə bilməzdi, bu qiymətli gülü xəlifə həzrətləri öz tacına taxmalı idi. Sən niyə də şad olmayasan?! Hazırda iqbal öz nicat əlini uzadıb səni kədərlərin, işgəncə və cəzaların pəncəsindən qopararaq, müqəddəs bir həyatın qoynuna və xəlifənin nurani qucağına doğru aparır; o qucaqda həm dünyanın, həm də axirətin səadəti vardır. İndi çox danışmaq vaxtı deyil, dur, hazırlaş, mən bir azdan sonra qayıdacağam. Lazım olan şeylərini bir yerə yığ. Başqa cür düşünmək yersizdir. İnsan hadisələrin nökəridir, hadisələrsə qəza və qədərdir, ondan boyun qaçırmaq olmaz. Sən hələlik həyatı anlamırsan, ancaq birinci olaraq xəlifənin hərəminə daxil olduğun zaman sənin həyatın başlanacaqdır. Xəlifənin şərəfinə nail olaraq qadınlıq dövrünə qədəm qoyduqdan və sədəfdən saf olan bətninə insan şəbnəmi düşdükdən sonra dünyaya nadir dürlər, incilər atdığın zaman qoca xacənin verdiyi öyüd və nəsihətlərin qiymətini biləcəksən. Sevgi yalan bir kəlmədir. O, gənclik dövründəki dəliliyin ibtidai bir şəklidir.

Xacə Müfid gedəndən sonra Dilşad dəhşətindən dəli olmaq dərəcəsinə çatırdı. Bu xəbəri Fəxrəddinə nə vasitə ilə yetirəcəyini düşünürdüsə, bir çarə tapa bilmirdi. Dilşad ağlayır və qəlbində Fəxrəddinə acıqlanıb deyirdi: "Sən məni doğrudan da sevsəydin, indiyə qədər buradan alıb aparardın, görünür, xacə Müfidin dedikləri tamamilə doğrudur. Sən məni sevsəydin, mən bu gecəki hadisənin qarşısında tir-tir titrəməzdim".

Dilşad bunları düşünərkən xacə Müfid əlində bir bağlama içəri girdi, onu kürsünün üstündə qoyub dedi:

– Bunlar sənin yol paltarlarındır. Bu cavahiratı, bu inciləri, bu almazları da xəlifə hüzuruna getdiyin zaman üstünə taxmalısan.

Xacə Müfid Dilşada soyunub yol paltarlarını geyinmək üçün imkan verdi, qapını örtüb dəhlizə çıxdı. Dilşad soyunub yol paltarlarını geydiyi dəqiqələrdə, yenə Fəxrəddini xəbərdar etmək barəsində düşünürdü. Geyindi, Fəxrəddinin yadigar verdiyi gərdənbəndi bir dəsmala büküb qoynuna qoydu.

Xacə Müfid otağa girib, onun şeylərini bağlayaraq götürdü və dedi:

– İndi dalımca gəl, burada özünü yaxşı aparmadınsa, xəlifə sarayında yaxşı apar. Bağdadı Gəncə hesab etmə, orada həyat tamamilə başqadır. Orada gözəllik nə qədər qiymətlidirsə, ağıl və fərasət də qiymətlidir. Səndən daha gözəl şəkilləri rəssamlar çəkə bilər. Sən hərgah xəlifənin qəlbini ələ ala bilsən, bütün Bağdadı əlinə almış olacaqsan. Lakin özgənin sözünə baxsan, gözü dağınıq olsan, xəlifəyə məxsus cavahiri başqalarının boynuna salmaq istəsən, səadətini həmişəlik itirəcəksən.

Xacə Müfid otaqdan dəhlizə çıxdı. Saraydan küçə qapısına gələnə qədər Dilşada bu nəsihətləri verirdi. Küçəyə çıxdıqları zaman Dilşad qapıda bir neçə taxt-rəvanın dayandığını gördü. Taxt-rəvanları silahlı qulamlar və atlılar aralığa almışdı, çünki Əmir İnanc Fəxrəddinin Dilşadı qaçırmağa hazırlaşdığını eşitmişdi.

Xacə Müfid Dilşadın şeylərini birinci taxt-rəvana qoydu, sonra qızın qolundan tutub taxt-rəvanın pillələrindən yuxarı qaldırdı. Taxt-rəvan ipək pərdə və nəfis xalçalarla bəzənmişdi. Dilşad orada iki dəst yorğan-döşəyin qoyulduğunu görüb Müfidə sual verdi:

– Burada kim gedəcəkdir?

– Burada bir sən, bir də sənə xidmət etmək üçün məşşatə gedəcəkdir.

Bir azdan sonra məşşatə də taxt-rəvana çıxdı. Xacə Müfid məşşatəyə müraciət edib tapşırıq verdi:

– Əmir həzrətləri bu qızı sənə tapşırır. Buna çox ciddi diqqət verməlisən. Bunun yeməyi, içməyi və bütün ehtiyacları öz vaxtında yerbəyer edilməlidir.

Müfid bu sözləri deyib taxt-rəvandan düşdü.

Taxt-rəvanlar yola düşdü. Bütün şəhər yatmış, ay isə Kəpəzin arxasına çəkilmişdi. Küçələrdəki qarovulların hərəsi bir bucağa qısılıb mürgüləyirdi. Hər ehtimala qarşı taxt-rəvanların pərdələri salınmışdı. Lakin Dilşad taxt-rəvanların ətrafında gedən atlılara hiss etdirmədən, pərdənin yanını qaldırıb hansı küçə ilə getdiyini öyrənməyə çalışırdı.

Taxt-rəvanların karvanı Məsudiyyə adlı xərabə karvansaranın qarşısından keçirdi. Gəncə səfilləri və şəhər dilənçiləri yan-yana düzülərək, divarların dibində yatmışdılar. Dilşad bu yerdən keçərkən Fəxrəddinin ona yadigar verdiyi süleymanini dəsmalın içərisində dilənçilərin üstünə atdı. Qəlbi qismən sakit oldu, çünki qiymətli şeyi bölüşdürmək üçün dilənçilərin arasında ixtilaf çıxacaq və belə bir qiymətli şeyin dilənçilərin əlinə nə vasitə ilə düşdüyü ətrafa yayılacaqdı.

Süleymaninin üzərində "Fəxrəddindən sevgili Dilşada yadigar" sözləri yazılmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 dəq
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 dəq
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 dəq
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 dəq

Başqa şairlərin şeirləri