Ticarət və ekonomi xəbərlər
Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.
Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.
Qəndin putu indi gedir altı manata. Əgər adam bunu qabaqca bilsə ki, müsəlmanları günlərin bir günü şeytan yoldan çıxardacaq və deyəcək ki, uşaqlarınızı qoyun dərsə, və müsəlmanlar da şeytanın sözünə aldanıb hamısı birdən başlayacaqlar metrik şəhadətnaməsi çıxartmağa və bir şəhadətnaməyə qazıların evinə bir kəllə qənd göndərməyə, — əgər adam bunu qabaqca bilə bilsə, var-yoxunu yığıb verər qəndə və doldurar ambarlara ki, bahalananda satsın qazan-
çına, çünki əgər Qafqazda erməni və gürcü uşaqlarına verilən metrik şəhadətnamələrinin dörddən biri müsəlman uşaqları üçün alına, yəqin ki, bir ayın içində qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqcadan bilmək çətindir, odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.
Və burada heç özgə bir çarə yoxdur, ondan ötəri ki, nə yolları bağlamaq olar ki, qənd bahalansın, nə müsəlmanlara zornan metrik şəhadətnaməsi aldırmaq olar ki, qənd bahalansın.
Fərasətli tacirlər bunu yaxşı bilirlər, və bu səbəbdən ağıllı-başlı adamlar qənd alış-verişinə girmirlər.
Amma tüfəng və patron alış-verişi belə deyil.
Elə vaxt olur ki, berdanka tüfənginin biri gedir otuz manata, patronun biri gedir bir şahıya, dörd qəpiyə.
Şüurlu və təcrübəli adamlar var-yoxlarını cəm eləyib verirlər tüfəngə və patrona və bir xəlvət yer tapıb gizləyirlər, və bunu da bilirlər ki, indi tüfəngə və patrona hörmət qoyan yoxdur, ondan ötrü ki, indi sakitlikdir, dava-zad yoxdur və bunu da yəqin bilirlər ki, əgər birdən erməni-müsəlman davası düşsə tüfəngin biri qalxacaq dörd yüz, beş yüz manata, patronun biri gedəcək yarım manata.
Burada iş asandır, çünki lazımdır ki, bir erməni bir müsəlmanı öldürsün, yainki bir müsəlman bir ermənini öldürsün və bunu da biz bilirik ki, əgər bir müsəlman bir ermənini, ya bir erməni bir müsəlmanı öldürsə haman saat erməni-müsəlman davası başlanacaq.
Odur ki, fərasətli tacirlər qənd alış-verişinə girmirlər və səbəbi də budur ki, zornan nə yolları tutmaq olar ki, qənd bahalansın, nə də zornan müsəlmanlara metrik şəhadətnaməsi aldırmaq olar.
Və lakin erməni müsəlman davasını saldırmaq çox asandır.
Belə tutaq ki, mən üç min manat mala qoyub yüz tüfənk yığıb saxlayıram və min manat verib ikirmi min patron yığmışam. Əgər erməni-müsəlman davası düşsə, mən tüfəngin birini satacağam dörd yüz manata və patronun birini satacağam yarım manata, yə’ni bir neçə günün içində mən azından otuz min manat pul qazanacağam.
Və mən bunu da bilirəm ki, bir erməni bir müsəlmanı, ya bir müsəlman bir ermənini öldürən kimi dava başlanacaq.
Dəxi bundan da asan iş yoxdur: heç olmasa bir bekar adam taparam və əlinə on manat, ya yüz manat itələyib deyərəm: erməni qardaş, get bir müsəlman öldür, yainki müsəlman qardaş, get bir erməni öldür, vəssəlam.
Və bunu yəqin bilirəm ki, dava başlanacaq.
Bu qədər var ki, qənd alış-verişi faydasız işdir. Odur ki, ağıllı adamlar qənd alış-verişinə girmirlər.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-ticaret-ve-ekonomi-xeberler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
Ona...Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş,Axırda yaxar zatını yaxdıqların atəş!
Lövheyi-baharƏlminnətəlillah ki, bahar açdı niqabın,Gün çıxdı, üzü güldü gülüstanə səhabın,
XilqətimizdənBir sövq təbiətlə bəşər maili-qovğa,Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda.
Başqa şairlərin şeirləri · Satira
Molla göstərdiyi yolla yeri, dönmə geriyə,Ağa ki, əmr elədi: sür dərəyə, sür dərəyə!
Özün bilBu dövr, əmi can, tərsinə dövrandır, özün bil;Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Nasirülmülk Bakıdan İrana azim olduqdaMəncə, İranə əbəs əzm ediyor Nasiri-mülk,Göz önündə görürəm çünki budur İranı;
Qorxuram bayramımız qarə gələQorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.