Londonda məşhur bir rəqs müəlliməsi aşağıdakı elanı vermişdir: Əlahəzrət İran şahının rəqqasəsi filan oteldə rəqqasəlik dərsi verir. (İran qəzetlərindən)

Olmuşam rəqqasəsi bir çox il İran şahının
Sevməli hurisiyəm mən Şərq zillullahının.

Öylə məftun etmişəm rəqsimdə ə’lahəzrəti
Örkənibdir zati-şahanə bu qabil sənəti
Təxtü tacından böyük rəqsində qılmış şöhrəti
Məqsədi cənkinəlikdir məmləkət xoşhahının
Sevməli hurisiyəm mən Şərq zillullahının.

Kürsün ikmal etmiş İran şahı vermiş imtəhan
Az qalıbdır rəqsə gəlsin zövqdən taci-Kəyan
İstəyir yeksər baletmeystr kəsilsin xanədan
Üstünə şantan yazılsın səltənət dərkahının
Məqsədi cənkinəlikdir məmləkət xoşhahının.

Oynayıb oynatmadan həzrətdə yoxdur bir məcal
Qibleyi-aləm əta eylərdi hər gün bir medal
Doldurardı mənzilə varsa nə qədri əhli-hal
Şüğlü arvadbazlıq olmuşdur vətən kumrahının
Məqsədi cənkinəlikdir Şərq zillullahının.

Ol qədər göstərmişəm zati-hümayunə ədəb
Almışam axırda bir «rəqqasəyi-xəlvət» ləqəb
Yoxsa İranda ləqəb həp böylədir yaliləcəb,
Kəndisi həm böylə bir şeydir Əcəm cəm cahanın,
Kəndisi rəqqasədir təbə’n də İran şahının.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira