Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.

Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.

Xor — Hər kimsədən olsa xalq razı,
Mədyundur ona bizim ərazi.
Cəmiyyətə hər kəs etsə xidmət
Millət qoyacaq o zatə qiymət.
Yusif özü bir səmimi insan,
Lazım bizim ölkəmizdə hər an.

Fir’on və qadını Asnat oturur. İşarə edib oxuyanları dayandırırlar. Fir’on Yusifə qarşı səndəldə oturmağa icazə verir.

Fir’on — (Yusifi göstərir)
Bu zatə rəva deyildi məhbəs,
Bəslərmiş ona məhəbbət hər kəs.
Ziba yaranıbsa surətində,
Bir elə gözəl təbiətində.
Bir çoxları var gözəldir, amma,
Məhbub deyil, sevilməz əsla.
Olmazsa əməldə, sözdə birlik,
Qılmansa sevilməz ol gözəllik.

Asnat — Heç kimsə sədaqətdə deyil Yusifə həmta,
Hər hüsnü təbiət yaradıb onda müheyya.
Misr ölkəsi məmnun bu məharətli bəşərdən,
Daim şaşıram bunda olan xariqələrdən.
Yoxdur buna bişübhə gözəllikdə müqabil,
Əfsus ki, yox bunda böyük eşqə təmayül.

Gənc qızlar və oğlanlar oxuyurlar:
Yusif elə bir xariqədir nazı çəkilməz
Bir fitnədir, insanlar onu sevməyə bilməz.
Bundan nə qədər zülmü sitəm çəkdi Züleyxa,
Zindanları sevdisə onu sevmədi əsla.

Fir’on — Min hüsnü vəcahət olamaz ərlərə hakim,
Hər kəs olur olsun kişinin sevməsi lazım.
Zibalığına olsa da məğrur Züleyxa,
Aqil kişi verməz quru zibalığa mə’na.

Asnat — Hazırda Züleyxanı edin məclisə də’vət,
Mən bilməliyəm kimlər üçündür bu məhəbbət?
Bilməm o ağılsız nə görübdür kişilərdən,
Min cürə cəfa görsə çəkilməz bu zərərdən.

Yusif — (Asnata tə’zim edir)
Bir kimsə mənim inciməmişdir sitəmimdən,
Yüz il yaşasam elə xəta gəlməz əlimdən.
Bir gün bunu məncə biləcəkdir o pərivəş.
Dünyada qadından doğulur cümlə kəşakəş.
Bir şux sənin sevdiyini eyləsə tə’yin,
Dünyaları versən edəməzsən onu tə’min.

Fir’on — Məsrur olamaz fitnələrin sevdiyi bir zat,
Dünya dolu hicranzədələr burda bir isbat.
Bir fikr üzərində duramaz kəndisi daim,
Məcnundur öz eşqində buna şərh nə lazım?
Bir fitnə deyim mən ona cayizsə bu tə’bir,
Hər güldüyü bir təhlükə, hər xəndəsi təhqir.

Yusif — Bir afət imiş xalqa onun olması həmdəm,
Dünya bizə onsuz da birər odlu cəhənnəm.
Dünyada qadınsız yaşamaq ərliyə müşkül,
İnsan sevir, amma nə edim zəhridir ol gül.
Hər ailənin çəkdiyi qəm, gördüyü zillət,
Daş qəlblinin fitnələrindən çıxar əlbət.

Fir’on — Qısqanması həp bir həyəcan, küsməsi bir qan,
Ən qıssası bir sülhə qadın etməmiş iman.
Məfkurəsi rahatlığa, asayişə düşmən,
Qaçmaq yaramır ancaq o daş qəlbin əlindən.
Bir elə qırılmaz ipə bağlanmışız əfsus,
Hər bir kişinin varlığı ancaq ona məxsus.

Xor — Yusif qadının eşqinə dil verməyir hərgiz,
Ancaq yenə də varlığın alqışlayırıq biz.
Xidmətləri var, min eyilik gözlərik ondan,
Vadiləri qılsın mədəni Nil suyundan.
Hələ mədəniləşmədə, dirçəlmədə fəllah,
Yapmaq dilərik əski təbiətdə bir islah.
Əskiləri at, dəhrə baxıb qur mədəniyyət,
Bir çarə düşün diz çökə qarşında təbiət.

Fir’on — Əsrinlə sürün, kəndi mühitindən al ibrət,
Axtar yenilik batil ikən əski həqiqət.
Qalxsın mədəniyyət, uçalansın göyə ehram,
Heybətli Əbülhovl ilə ver əsrə sərəncam.
Sə’y eylə ki, tarixin edə əsrdə şöhrət,
Mumyalarımızdan bilik alsın bəşəriyyət.

Asnat — Misrin mədəni varlığı tarixə yazılsın,
Durduqca cahan Nilin üçün qan axıdılsın.
Sə’y eylə, çalış eylə bütün ölkəni bərpa,
Bir gün gələcək yad edəcəkdir səni dünya.

Yusif — Layiq deyiləm mən bu böyük xidmətə zira,
Dahiləri axtar, sənə qursun yeni dünya.
Fəxrimdir əgər eyləyə bilsəm sizə xidmət,
Olmazsa böyük təcrübə olmaz mədəniyyət.
Mən təcrübəsiz, elmsiz, idraksız olsam,
Bir iş edəməm, sə’y qılarsam səhər, axşam.

Fir’on — Xidmətlərini görmüş ikən bizdə xəlayiq
İnkarına qalxışma, bu mənsəb sənə layiq.

Yusif — İstərsən əgər olmayasan fəqrə giriftar,
Hər xidmətin öz əhlini tap, amilin axtar.
Mənsəb daşımaq, şanlı riyasətdə bulunmaq,
Bifaidədir işləməsən xalq üçün ancaq.
Hərgiz edəməm şəxsim üçün xalqa xəyanət,
Əfv eylə, deyil ruhuma uyğun bu riyasət.
Az bilgi böyük xidməti tə’min edəməzkən,
Yüksəlməyəcək məmləkət onda nə edim mən?
Mən mənsəbə aldanmayıram, ölkə mənimdir,
İşğal edəməm çünki bu yer öz vətənimdir.

Fir’on — Var səndə məharət, sənə layiq belə mənsəb,
Dinlə məni vardır yenə də bir yeni mətləb.
Hazırsan əgər etməyə insanlığı təkmil,
Gəl sən dəxi qıl Misrdə bir ailə təşkil.
Yalqız yaşama, get ara tap kəndinə yoldaş,
Misrin mədəni mülkünə at bircə vətəndaş.
Bir vaxtda ki, zatinə dildadə Züleyxa,
Tənhalığına ayrı səbəb varmıdır, aya?

Yusif — Bir ailə təşkili mənim istəyim, amma,
Mə’zur tut, hər kəslə bu mümkün deyil əsla!
Bir elə gözəl dilbərin istənməsi asan,
Ancaq əri varkən mənə ol vermədi vicdan.

Züleyxa — (Bayırdan oxuya-oxuya gəlir)
Mən xəstəyi-eşq olmuşam,
Hicranə sərməşq olmuşam.
Sahibsizəm ölmüş ərim,
Yoxdur qəmimdə rəhbərim.
Bir eşq ilə məşhur ikən,
Mənzurəm hər bir yerdə mən.

Salonda olan bütün gənclər və qadınlar oxuyurlar.
Atdın bütün kaşanəni,
Tutdun dili-divanəni.
Sevda səni etdikdə cəzb,
Divanəlik təskini-qəlb.
Hakim sənə bir mahru,
Sevdaya bais iştə bu.

Züleyxa — (Salonun ortasında durub heyrətli bir surətdə oxuyur)
Məhv oldu məvcudiyyətim,
Var eşqtək bir dövlətim:
Fəxrimdir hər bir imtahan,
Layiq verərsəm eşqə can.

Xor — Hərgiz biz etməzdik güman,
Qılsın Züleyxalar fəğan.
Bu bir gözəldir şübhəsiz,
Bu halına heyrətdəyiz.
Məşşatələr də’vət qılın,
Zülfün yuyub zinət qılın.

Yusif — (Fir’ona)
Heyrətlənirəm belə züleyxaları görcək,
Məcnunluğa mən istəmirəm eşq adı vermək.
Aşiqdə səmimiyyət olar, fitnə tapılmaz,
Etməz məni təhqir ilə min fitnələr ağaz.

Züleyxa — (Ağlayır)
Daşdır ürəyin eyləmədin zərrə mürüvvət,
Mən ruhumu verdim sənə etdin niyə nifrət?
Düşdüm bu fəlakətlərə bir etmədin insaf,
Zalim kişinin, əfv ediniz, hər işi bir laf.

Yusif — Mən verməmişəm bunca fəlakətlərə meydan,
Əfv et məni, zatən dəlidir eşqdə nisvan.
Doğuşmasa əgər sizdə böyük sevgi hüzurum,
Yoxdur mənim ancaq bu fəlakətdə qüsurum.

Asnat — (Yusifə)
Söylə kişilərdənmi deyil bizdə səfalət?
Rəhm eyləməz, eylər kişilər eşqə xəyanət.

Züleyxa — Hələ sevirəm mən səni olsan yenə zalim,
Sən dur öz inadında dəyişməz bu xəyalım!

Yusif — Ancaq yenə də etməliyəm bir sözü təkrar,
Bir xariqəsən az tapılar sən kimi dildar,
Ərsiz qadın olsaydın əgər şübhəsiz onda,
Bir bunca cəfa çəkməz idin eşq yolunda.
Ölmüş ərin olmuşsan əgər qeydidən azad,
Eşqin mənə bağışsa buna mən dəxi dilşad.

Züleyxa Yusifin əllərini tutub sinəsinə basır.

Pərdə düşür

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azarlamaq

İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.

1 dəq
Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 dəq
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 dəq
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 dəq

Başqa şairlərin şeirləri