Şeyx Əbdüləzəlin nümayəndəsi
İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.
Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
İngilis casus təşkilatının başçısı özü ilə bərabər Cənubi İrandan Təbrizə gətirdiyi adamlardan başqa, çar konsulxanası ixtiyarında olan casusları da təşkil etmişdi, halbuki konsulxana casuslarının otuz faizi bizim ora göndərdiyimiz adamlar idi. O cür casusların hamısı gündəlik işlərinin dəsturələməlini bizdən alırdı. Bu gün onun konsulxanaya verəcəyi adamların siyahısını da biz düzəldirdik. Bununla da biz bir çox çar dostlarını, inqilabın qatı düşmənlərini inqilabçı adı ilə həbs etdirib onların Rusiyaya sürgün olunmalarına nail olmuşduq.
Çar konsulu və ingilislər gizli inqilab təşkilatından o qədər qorxurdular ki, kimin gizli təşkilata mənsub olduğu xəbərini eşidirlərsə, dərhal və yoxlamadan tutub Rusiyaya sürgün etdirirdilər.
Eyni zamanda ingilislərin casus təşkilatı bir nəfər də olsa inqilab təşkilatı üzvlərindən əldə edə bilmədi. Sərdar Rəşid inqilabın düşməni olduğuna baxmayaraq, bu barədəki bəzi sirləri bizə verirdi, çünki onun öz sirləri bizim əlimizdə idi. O, inqilabçılara toxuna bilmirdi. Eləcə də konsulxana mütərcimi Mirzə Ələkbər xan da bizim qorxumuzdan öz casusluq vəzifəsini ifa edə bilmirdi.
Biz hər işdən əvvəl, Şeyx Əbdüləzəl Müəyyədin yanından gəlmiş naməlum adamın simasını və kimliyini aydın etmək istəyirdik. Onu təqib etmək üçün onlarca adamı qarovul qoymuşduq. Onun Hacı Mirzə Həsən müctəhidin oğlu çolaq Mirzə Məsudun evində yaşadığını və özünün Samiriyyə şəhərindən deyil, Şiraz şəhərindən gəldiyini öyrənmişdik. Lakin özünü «müsəlman ruhanisi? libasına salan bu casusun kimliyini və hansı millətə mənsub olduğunu öyrənmək mümkün deyildi.
Biz Amerika konsulxanası katibi Frikson vasitəsilə də bunu öyrənə bilmirdik. Friksonun dediyinə görə, amerikalıların özləri də bu firıldaqçını öyrənməyə çalışırmış.
Amerika konsulxanasının ingilis Röyter agentliyinə məxsus teleqrafxanasındakı xəbərçisi də bir iş görə bilmirdi, çünki vurulan teleqramların içərisində naməlum adama dair heç bir məlumat yox idi.
Şifrəli və açıq teleqramlar bu fırıldaqçı barəsində bir xəbər vermədiyi kimi, İran teleqraf idarəsi də buna dair bir xəbər göndərmirdi. Lakin biz ümidimizi kəsməmişdik, onun üzərinə qoyduğumuz nəzarəti gücləndirmişdik, gecə səhərə kimi €Ya Sahibəzzəmanlb qışqırıb Mirzə Məsud müctəhidin qapısında duranların içərisində bizim də adamlarımız var idi.
niki
Gecə saat 2-də qapını vurdular, tələsik geyinib qapıya çıxdım. Həsənağa və Tütünçüoğlunu gördüm, onlar Mirzə Məsud ağanın qapısında hazırlıq görüldüyü və naməlum adamın bir tərəfə yola düşmək ehtimalı olduğunu xəbər verdilər.
Mən heç düşünmədən onlara tapşırdım:
– Uşaqlardan, inandığınız adamlardan bir neçəsini hazırlayın. Onlar atlanıb naməlum adamın dalınca getsinlər, onun bütün şeylərini oğurlatdırıb əldə etməmiş Təbrizə qayıtmasınlar.
Həsənağa və Tütünçüoğlu heç bir söz demədən qayıdıb getdilər, onların bunu yerbəyər edəcəklərinə şübhəm yox idi.
Səhər tezdən şəhərdə Şeyx Əbdüləzəl Müəyyədin qasidinin şeyxi Təbrizə gətirmək üçün Samiriyyə şəhərinə yola düşdüyü xəbəri yayılmışdı.
Şübhəsizdir ki, Cənubi İrandan Tehrana və Tehrandan da ingilis casus təşkilatının tapşırığı ilə Təbrizə gələn bu fırıldaqçı, Samiriyyədə düzələn ingilis və rus xəfiyyə təşkilatları ilə də əlaqədar idi.
Bu gün dini heyətin də Şeyx Əbdüləzəli Samiriyyə şəhərindən gətirmək üçün yola düşdüyünü eşitdim. Bu xəbəri hələ biz yatağımızdan qalxmadan Mahrunun yazdığı məktubdan öyrəndik. Məktubda heyətin sərdar Rəşiddən göstəriş alıb yola düşdüyü xəbər verilirdi.
Bir az sonra bu xəbəri bizə, Mirzə Ələkbər xan, Amerika konsulxanası katibi Frikson və miss Hanna da verdiyi kimi, gündüz saat 3-də Nina da konsulxanadan dini heyətin yola düşdüyü barəsində sərdar Rəşidin konsulxanaya məlumat verdiyi xəbərini gətirdi.
Sərdar Rəşid ingilis casus təşkilatını ifşa etdiyimizdən sonra bir çox təşəbbüslərini bizimlə razılaşdırırdı. Lakin imamın zühuruna dair fırıldağın əsas kökünü bizə göstərmirdi. Sanki bu barədəki bütün təşəbbüslər kütlələrin tələbi ilə başlamaqda idi, o bu macəranın gizli bir təşkilatla əlaqədar olmasını gizlətməyə çalışdığı üçün biz də bunu ondan xəbər almırdıq. Hər halda biz onun verdiyi məlumatları əsas tutmurduq, çünki o, hər bir məlumatı bizə verdiyi zaman, məsələnin əsas cəhətlərini gizlədər və yaxud təhrif də edə bilərdi.
Çox vaxt Mirzə Ələkbər xan və Nina vasitəsi ilə konsulxanadan aldığımız məlumatlar barəsində bizə sərdar Rəşid heç bir söz demirdi, biz bunun üçün də onu təqsirləndirmirdik, çar konsulunun bəzi mühüm məsələləri sərdar Rəşiddən gizli saxlaması ehtimalı var idi.
Eyni zamanda bizim özümüz də, sərdar Rəşidə çox təzyiq etmək istəmirdik, çünki konsul təzyiq edib Təbrizdə işləyən gizli əllərin aşkara çıxarılmasını ondan tələb edirdi. Buna görə də çarın sadiq nökəri son günlər çıxılmaz bir vəziyyətdə idi.
Naməlum adamı təqib etmək üçün gizli komitə tərəfindən göndərilən Şəfi Şabanoğlu və Əsəd Tütünçüoğlu qayıdıb Təbrizə gəldi. Onlar naməlum adamın özünü və onu müşayiət edənləri Vasminc qəsəbəsinə qədər təqib edib, onun Hacı Molla Əzizin evində mənzil etdiyini öyrənmişdilər. Naməlum adamı aparan faytonun iki atı xəstələndiyindən və Təbrizdən təzə atlar gətirmək lazım gəldiyindən naməlum adam Vasmincedə bir gecə təxir etməyə məcbur olmuşdu.
Naməlum adam bütün şeylərini özünün olduğu otağa yığdığı üçün əvvəlcə onları heç bir vəchlə əldə etmək mümkün olmamışdı. Nəhayət, o, gecə saat 1-də şam etmək üçün Hacı Molla Əzizlə bərabər başqa otağa keçdiyi zaman Şəfi pəncərədən içəri girməklə naməlum adamın bütün var-yoxunu götürmüşdü. Çamadan və xurcunu Molla Əzizin evindəki ayaqyoluna atıb, şeylərini Təbrizə gətirmişdi.
Şeyləri gözdən keçirdik. Naməlum adamın Mirzə Hadi Rəhnüma olduğu meydana çıxdı. İki çamadan və bir bağlıdan ibarət olan zəngin və qiymətli şeylərin içərisini nə qədər aradıqca imamın zühuruna aid fırıldağı nişan verə biləcək heç bir əsas tapa bilmədik. Paltarların astarına qədər axtardıq, onun papiros çəkdiyi müştüyü belə sındırıb içinə baxdıq, yenə də bir şey əldə edə bilmədik. Onun şeylərinin içərisində beş daş qələm, bir düfün də ağ və yuyulmamış dəsmal var idi,
Mən əvvəlcə bıçaqla daş qələmin birisini başından yarıb iki böldüm, içində nazik papiros kağızı üzərində yazılmış bəzi rəqəmlər gördüm.
Qələmlərin hamısını parçaladıq, hamısının da içində bu cür yazılar və rəqəmlər var idi, lakin onlardan heç bir söz anlamaq mumkün deyildi. Sonradan ağ dəsmallardan birisini odun üzərində tutduq. Dəsmalda yenə də bir sıra rəqəmlər oxunmağa başladı, bununla da biz bütün dəsmallarda rəqəmlər yazıldığını kəşf etdik.
Mirzə Hadi Rəhnümanın şeyləri içərisində həddindən artıq saxta ingilis lirəsi də var idi, biz onun şeyləri ilə bərabər həmin saxta lirələri yandırdıq.
Nina dəsmaldakı rəqəmləri gözdən keçirdiyi zaman, onların ingilis şifrəsi olduğunu söylədi.
ek
Gündüz saat 3-də Təbriz bir-birinə dəymişdi, imamın nümayəndəsinin Vasmincdə qarət olunduğu xəbəri kütlələrin arasına yayıldığı zaman yenə də onlar mövhumatdan uzaqlaşmayaraq, cürbəcür şayiələr uydururdular.
– Şeyləri götürən adam həmin saat şil olub Molla Əzizin həyətində yıxılıb qalmışdır.
– Xurcun çiyninə yapışıb qalıbdır.
– Vasminc yolunda iki adam daş olubdur.
– Oğrular üç nəfər imiş, onlardan birisi dönüb meymun, o birisi ayı, üçüncüsü də keçi olubdur.
Lakin bu xəbərlərin heç birisi ingilis konsulxanası ilə çar konsulxanasını təskin edə bilmirdi. Onlar sərdar Rəşidi ciddi işə başlamağa məcbur etdilər. O, birinci növbədə Vasmincdə Mirzə Hadi Rəhnümanın qonağı Molla Əzizi həbs etdirdi, lakin bir neçə saatdan sonra ingilis və çar konsulları Molla Əzizi azad etdirməklə bərabər sərdar Rəşidi bunun üçün məzəmmət elədilər, çünki Molla Əziz məşhur çar agenti idi. Buna baxmayaraq, sərdar Rəşid tərəfindən naməlum adamın şeylərini axtarmaq üçün gedənlər çamadanları və xurcunu ayaq yolundan tapdılar. Sərdar Rəşid isə şeylərin Molla Əzizdə olduğunu təkrar edərək konsulxanalara etiraz etdi və Molla Əzizi ikinci kərə həbs etdirməyə nail oldu. Təbrizdə güman edilən bir çox yerlər axtarildi, Nəhayət, bu cinayət çarın sadiq nökəri Molla Əzizin boynunda qaldı və onun Rusiyanın hansı bir tərəfinə göndərildiyi məlum olmadı.
Mən fürsəti əldən buraxmayaraq, Mirzə Hadi Rəhnümanın şeylərinin içindən çıxan vəsiqələri götürüb miss Hannanın yanına apardım. Miss Hanna məni çox şad bir surətdə qəbul etdi. Özü vəziyyətinin bərpa edilməsindən razı qaldığını söylədi.
Miss Hanna Amerika konsulxanasında Friksondan başqa köhnə işçilərin qalmaması və Friksonun özünə böyük ehtiram bəsləməsini əlavə edərək, mənə minnətdar olduğunu bildirdi.
Mən dəsmalları və vəsiqələri miss Hannaya göstərdiyim zaman o güldü:
– Amerika konsulxanası bu şifrənin açarını əldə etmək üçün ayda ən azı min dollar sərf edir, – deyə düşüb şifrənin açarını gətirdi.
Birinci dəsmal, Mirzə Hadi Rəhnümanın şəxsi vəsiqəsi idi. Bu vəsiqədən anlaşıldığına görə, Mirzə Hadi ingilis polis təşkilatının İran şöbəsi işçilərindən, mister Çarlz Vilyam idi. Miss Hanna bu casusun məharətindən danışaraq:
– Mister Vilyam Laurens məktəbinin ən adlı-sanlı tələbələrindəndir. Bu adam çoxdan bəridir ki, Laurensin əli altında olaraq İran və Türkiyə məmləkətlərində çalışır, – dedi.
Daş qələmin və başqa dəsmalların içərisində olan yazılar bir-birinin əlavəsi idi. Bu vəsiqələrdən anlaşıldığına görə mister Çarlz Vilyam Tehrana getməli və orada €Rasta». ilə görüşməli və təzə göstəriş alaraq İran sərhədindən Türkiyəyə keçməli idi.
Mister Çarlz Vilyam Bağdadda mister Tomas ilə görüşmək üçün Təbrizdəki ingilis konsulundan göstəriş almışdı.
Başqa bir vəsiqədə də Çarİz Vilyamın Təbrizdəki ingilis konsulxanasından para almadığı və «Rasta» vasitəsilə təmin ediləcəyi göstərilmişdi.
Dəsmallarda olan yazıları öyrəndikdən sonra, bütün vəsiqələri miss Hannanın evində yandırdıq.
Nəhayət, ingilis və çar konsulluqları, aparılan şeylərdən bir iz əldə edə bilmədiklərindən, şeylərin siyasi bir təşkilat tərəfindən yox, adi oğrular tərəfindən aparıldığını zənn edərək, sakit oldular.
İnqilab komitəsi tərəfindən bu fırıldağın ifşa edilməməsi və burada gizli vərəqələr buraxılmaması da onları təskin edirdi.
İngilis və rus konsullarını təskin edən məsələlərdən biri də vəsiqələrin şifrəli olması idi. Onlara elə gəlirdi ki, bu dəsmalları adi bir dəsmal kim işlədib atacaqlar. Biz bu vəsiqələri qəsdən ifşa etmirdik, çünki Şeyx Əbdüləzəl Müəyyədin Təbrizə gəlib-gəlməməsini gözləyirdik. Komitənin qərarına görə Şeyx Əbdüləzəl Müəyyədi təqib etmək üçün Türkiyə sərhədinə adamlar göndərmişdik.
Hərgah Şeyx Əbdüləzəl Təbrizə gəlmək istərsə, onun şeylərinin də oğurlanması və onun da Mirzə Hadi Rəhnüma ilə bərabər bir yerdə ifşa edilməsi qərarını çıxarmışdıq.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-seyx-ebdulezelin-numayendesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altıncı şəkilPadşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir.*
Beşinci pərdəYeddinci şəkilFəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar.*
Sevgilər(Əski Misir və Kən’anlıların həyatından alınmış əsərdir.)*İştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır.*Cad** — Qovurur beynimi atəşli səma,