Səhifə 7 / 11 · 55%

Böyükxanım — Allah səndən razı olsun, allah sizin kimi müctəhidlərin kölgəsini bizim başımızdan əskik eləməsin! Gərək bizə bir minnət qoyub qızın kəbinini kəsəsiniz, vallah şəriətə də köməkdir. Çünki qızı burada ərə verməsəm labüddən dərsə göndərəcəkdir.

Mirzə Rəhim ağa — Böyükxanım, əvvəla sənin xatirin mənim yanımda mənzurdur. İkinci Qulam xan da hörmətli oğlandır, üçüncüsü bəylərbəyinin övrəti Şahnəvaz xanımın da sifarişi məni məcbur edir ki, bu kəbini kəsim. Amma sizə deyirəm, bu kəbin saır kəbinlərə bənzəməz. Xərciniz ağır olacaqdır. Lazımdır bu gecə kitabları tökub sabaha kimi vərəqləyib bir hədis tapam, bəlkə bu kəbini şəriətə sığışdıra biləm. Hərçənd bizim fitvamız, bizim qəsdimiz şəriətin də səlahıdır. Lakin yazıda əxbardad isbat olsa daha əfzəlraq, daha əkmalraq olar. Sərfnaz xanım bir tağa şal və on tümən ağanın qabağına qoyanda Böyükxanım da bir tağa kirənbaha şal ilə on tümən pul ağanın qabağına qoyub deyirdi: Ağa, az oldu, bizi bağışla, inşallah iş qurtarandan sonra Münəvvər səni özü razı edəcəkdir. Sərfnaz xanım Qulam xan tərəfindən vəkil oldu. Beş yüz tümən məhriyyəsi olmaq şərtilə ayini-nikah icra olundu. Sonra hər kəs öz evinə döndü. Böyükxanım da öz evinə gəlmişdi. Amma Rzaqulu xan və Münəvvər xanım huşa gəlməmişdilər. Bu vaxt gündüz saat bir radələri idi ki, doktor öz məxsusi faytonu ilə Rzaqulu xanı görməyə və Münəvvəri təhsilə aparmaq üçün gəlmişdi.

Doktor içəri daxil oldu. Heç kəsi görmədi. Böyükxanım danışılan söhbətlərə qulaq vermək üçün qaçıb pərdə dalına keçmişdi. Nökərlər də eşikdə faytonu Rzaqulu xanın kaliskəxanəsinə çəkirdilər. Doktor əyləşib Rzaquluxanın kravatının qarşısında boş bir səndəldə Münəvvərin başına əl çəkir. Münəvvər xanım sərasimə gözlərini açıb başının üstündə öz məhriban əmisi mənziləsində olan doktoru görüb həyasından yorğanı başına çəkmək istəyirdi. Çünki Münəvvər büsbütün qiyafətdən çıxmışdı.

Doktor — Qızım, kefin necədir?

Münəvvər xanım — Gərək ki, siz mənim kefimi yaxşı bilmişsiniz, çünki bir necə dəqiqədir mənim qiyafətimə, tüklərimə baxıb təbəssüm etmək istəyirsiniz.

Doktor — Yaxşı iranlı qızı olmusan! Eybi yoxdur, amma böyük əziyyətdir. Baxıram səndə heç bir naxoşluq yoxdur, ancaq nədənsə çox qüssə etdiyindən qəlbin qayət müztəribdir.

Münəvvər xanım — Gərək ki, qüssəm də sizə mə’lum olmuşdur. Lakin məni məşğul etməkdən ötrü söhbət açırsınız. Qulamhüseyn nökər doktora çay gətirdi. Doktor isə bir istəkan Münəvvər xanımdan ötrü gətirdib ona içirdirdi. Münəvvərin xoşuna gəlmədiyi üçün məhz doktorun xatirinə içirdi. Balaca Münəvvərin ümdə diqqəti üstündəki nazik yorğanına idi. Çünki haman yorğan bir az kənar olsa idi iranlıların, xüsusən təbrizlilərin gödək, qısa qiyafətləri, yaxud insanı güldürən əlbisələri doktora görsənəcək idi. Bu isə Münəvvər xanımı ziyadə düşündürürdü. Lakin hər bir sözdə ədəb dairəsini riayətlə doktorun bütün fərmayişatına bəli, bəli! deyirdi.

Doktor — Qızım, nə üçün iki gündür dərsdən qalmısan? Olmaya bu az naxoşluğu ünvan eləmisən?

Münəvvər xanım — (Ağlıya-ağlıya) naxoşluğum dərsdən qalmağım üçün deyil də bəs nədir?

Doktor — Bala, bir de görüm axı dərsdən niyə qaldın?

Münəvvər xanım — Bəxtim, taleyim bu işləri məndən də yaxşı bilir. Çünki hər işimi onlar bərçidə edir.

Doktor — Qızım, doğru söylə görüm nə üçün dərsdən qaldın?

Münəvvər xanım ağlamağına şiddət verib dedi: əmi, bax gör anam məni necə bədbəxt elədi. Bax, mənim libaslarım nə haldadır? Doktor gülə-gülə yenə Münəvvərin başına əl çəkib deyir: qızım, heç ağlama! Sən gərək bu tövr libası bir saat da olsa əynivə salıb xəyal edəsən müayinə görəsən ki, sənin iranlı bacıların bu libaslardan necə əziyyətlər çəkirlər, necə rüsvay olurlar, çünki bu əlbəsəni insan iste’mal eləməz!

Münəvvər xanım ağlayıb yorğanı üstünə çəkmişdi. Amma doktor öz-özünə deyirdi: bilmirəm bu cəhalət biçarə müsəlman övrətlərinin içindən nə vaxt çıxacaqdır. Biçarə Rzaqulu xan tələf olub ömrü fənaya gedib, biçarə İranda hər kəsə baxır fərəh görmür. Doktor ağlayırdı. Amma Rzaqulu xan da gözlərini açıb doktoru görüncə ayağa qalxmaq istədi. Doktor əlini onun çiyninə qoyub, qardaş rahat ol, deyə yenə yerində yatırdı. Amma yatmış yerdə təarifati-rəsmiyyəni əmələ gətirirdi. Doktor Rzaqulu xana təsəlli verib deyirdi: heç qorxma, sənin ayağa durmamağın naxoşluğun şiddətindən hasil olan zə’fdən deyil, ancaq bir yanın üstə çox uzanmısan ə’sab damarlar quruyubdur. Ancaq çox fikir eləmə! Məni istəyirsən başqa işlər danış, başqa romanlar oxu, məşğul ol! Naxoşluğun qorxulu deyil!

Rzaqulu xan — Qardaş, mən necə gecə-gündüz ağlayıb vətən üçün fikir etmiyim? İndi mənim əziz vətənimin qorxulu vaxtıdır, daha burada təsəlli yeri yoxdur ki.

Doktor — Gərək sənin kimi zatlarda tabi-müqavimət olsun. Beş günlük qüssə ilən meydandan qaçmasın! Vətənin qüssəsini çəkib çarə və islahına çalışmaqda heç kəsə macal verməsin! Sən də beş gün qüssə səbəbinə ayaqdan düşərsən, əvvələn öz övladın, ikinci bu başsız camaat nə qayıra bilərlər? İndi mənə buyur görüm nə üçün yatmısan? Mən necə gün bundan qabaq sənin gözlərinə və saır yerlərivə baxmışam, səndə bu tövr mərəzlərin zühuruna imkan yox idi. De görüm başıva bir qəzamı gəlmiş?

Rzaqulu xan — Mənim naxoşluğuma səbəb öz ailəmizdir. Aparıb hamamda qızın libaslarını dəyişdirdikdən az qalmışdım ki, özümü aləmin dərd qüssəsindən qurtarım. İndi iki gündür ki, ürəyimdə bir kuppultu vardır. Bir də elə bil ki, gözlərimin damarlarını çəkirlər. Gözlərimi əsla açmaq istəmirəm. Başım da çox ağrıyır. Gecələr çox narahat oluram, yemək içmək də yoxdur. Doktor bir az fikirdən sonra Rzaqulu xanın bədənini müayinəyə başlayır.

Doktor qabaqca Razaqulu xanın üzünü mülahizə edirdi. Çöhrəsi qayət solğun isə də yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. Qulaqlarının dalısı batmış, barmaq girəcək dərəcədə dərinləşmiş, gözlərinin üstü, qaşların uclarında çuxurlaşmış. Doktor Rzaqulu xanın göz qapaqlarının iç təbəqəsini mülahizə edirdi. Rzaqulu xanda bəzi mərəzlərin vücudilə, başqa bir əlaməti faruqədə dəxi görsənirdi. Doktor oftalmoskopu çıxarıb Rzaqulu xanın dimağını və bu kimi bə’zi nöqtələri diqqətlə mülahizə edib fikir edirdi. Oftalmoskopu buraxdıqdan sonra Rzaqulu xana — qardaş, başın necədir? Ağrısı daimidir, yoxsa hərdənbir çırpınır, yenə sakit olur?

Rzaqulu xan — Başımdakı ağrı daimidir. Lakin şiddət də edir. Doktor bir az fikirdən sonra xanın sinəsini açıb sol əlini Rzaqulu xanın sol tərəfinə qoyub sağ əlinin işarət barmağılə mərizin nahiyeyi qəlbini xəfif surətdə döyüb qulaq verdi. Mərizin ürəyində qeyri-təbii bir gurultu, bir çırpıntı mülahizə olunması doktoru əmiq bir surətdə düşündürürdü. Bir azdan sonra steteskopu çıxarıb bir ucunu mərizin sinəsinə bir ucunu da öz qulağına qoyub mülahizə qılırdı. Mərəzin müxtəlif və mütərəddid olduğu üçün mərizin vücudunu əhatə edən əmrazın hansı muzürrdür, təşxis etmək olmurdu: Fəqət burası mə’lum olurdu ki, Rzaqulu xanın daxili ə’zaları qayət qorxuludur. Mərizin ə’zayi-daxiliyyəsinin fotoğrafını almaq, müayinə edib mərəzi təşxis etmək arzu olunduğu üçün rentgen maşınası lazım idi. Buna cəhət doktor bir məktub Qulamhüseyn ilə övrəti Liza xanıma göndərib rentgen maşınasını istədi. Qulamhüseyn rentgeni gətirdikdən sonra müayinəyə başladı.

Doktor Rzaqulu xanı qaldırıb arxasında mütəkkalar olaraq sinəsini kamil açıb maşınanın qabağında oturtdurdu. Qəlbin, ciyərlərinin və sədrdə vaqe saır ə’zayi-daxilinin fotoğrafını aldı. Bir qədər mülahizədən sonra rəngi təğyir tapmışdı. Zira Rzaqulu xanın ciyərləri və ürəyi qayət qorxulu idi.

Rzaqulu xan — Qardaş, olur ki, haman fotoğrafı mən də mülahizə edim?

Doktor — Qardaş olmaz! Sən tibb əməliyyatını bilmədiyin üçün və o əməldə vuqufun olmadığı üçün içəri ə’zaların hey’ət və surətini görər isən nifrət edərsən. Olar ki, qorxarsan da, bizə müəllimlər təşrihxanədə deyirdilər, hər kəs ki, təbib deyil içərinin fotoğrafını ona göstərməyiniz; Rzaqulu xanı bu sözlər sakit elədi. Amma doktor fotoğrafı daimi surətdə mülahizə edirdi. Nə görürdü: Mərizin ürəyi qayət yığışıb kiçilmişdir. Ağ ciyərlər tökülüb bərhava olmuş. Lakin yaxşı mütəvəccəh və müdava olunarsa üç il dünyada ömr etməyə iqtidarı qalmışdı. Doktor xuddarlıq edə bilməyərək, gözlərindən yaş tökülürdü. Üzünü bəhanə üçün Münəvvərə tutaraq göz yaşını dəsmal ilə silirdi. Doktor bir azdan sonra mərizi öskürdüb boğazının suyundan mikroskopa qoyub baxdı. Aşkar olurdu ki, zavallı Rzaqulu xanın bədəni məhz qüssə və qəmdən əriyib qurtarmışdır.

Doktor — Qardaş, çox qüssə eləmə! Yazı, kitab, jurnal ilə iştiğal etmə! Xüsusən bu günlərdə ruznamələrə heç baxma! Mümkün isə gedib bir neçə ay kəndlərdən birində qalgilən! İstərsən mən də gələrəm məşğul olarsan. Bacardıqca piyada olaraq gündə bir az dolanarsan, qəlbə səfa verən romanlardan oxumaq zərər verməz. Faciələr, tragediyalar oxumaq zərərdir. Övrətin Böyükxanımla çox oturub durma! Çünki onun müsahibəti səni həmişə qəzəbləndirir. Qəzəb də bu mərəzə çox zərərdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri