Təbrizin baharı
Səhifə 1 / 3
Bu axşam saat 6-dan başlayaraq gecə saat ikiyə qədər Hacı Səməd xanın yanında idim. Müqtədir xanın öldürülməsi və onun evindən külli miqdarda dövlət aparılması onu əsəbiləşdirirdi.
O, saat 7-də Mahmud xanı qəbul etdi.
– Sənin adamların, rus konsulunun yanında mənim nüfuzumu bir şahılıq edir, – dedi. – Konsulun dediyinə görə, mən Təbriz şəhərini idarə edə bilmirəm, xüsusən mən sənin işlərini də təftiş eləmirəm. Sən şəhərdə hər nə bilirsənsə edirsən. Eşitdiyimə görə gecələr şəhər tamamilə başlı-başına qalır.
Səməd xan oturmaq əmri vermədiyindən o, ayaq üstündə durmuşdu.
Səməd xanın bu sözləri şəhər komendantına çox pis təsir etmiş olmalı ki, birtəhər özünü toplayaraq titrək səslə:
– Həzrət Əşrəf icazə verirsə, müxtəsərcə bir ərzim vardır, – dedi.
– De görüm, amma özünü təmizləmək üçün yox!
– Müqtədir xanın öldürülməsi məsələsi şübhəlidir, mən adamlarımı beş barmağım kimi tanıyıram.
– Tanıyırsan, amma yerlərində oturda bilmirsən! Hacı Xətibin evini kimlər daşıyıb apardı? Əbaçıbaşının qızını evindən kim çəkib apardı? Süleyman xanın arvadını kim soyub qarət etdi? Xəzçilərin evinə soxulub arvad-uşağa kim sataşdı? Divanbəyi nəvəsini çəkib aparan, namusuna təsavüz etdikdən sonra buraxan kim idi? Hacı Murtuzun oğlunu kimlər aparıb gizlətdi? İstəyirsən yenə deyim? Hərgah bu hərəkətlər haramzada inqilabçıların şanına yaraşsaydı, biz bunları da onların boynuna yıxardıq. Lakin mümkün olan şey deyil; buna Təbriz xalqı da inanmaz! Sənə böyük bir şəhəri tapşırmışam. Öz nüfuzumun müqəddəratını sənin əlinə vermişəm, amma sən bundan istifadə edə bilmirsən.
– Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, beş nəfər əyri-üyrüsü olmayacaqmı? Əcəba, oğruların təqsirini də mənim adamlarımın üstünə yıxacaqlar?
– Oğru oğrudur, məgər sənin adamların oğurlaya bilməz?
Hacı Səməd xan yanındakı zəngi basdı, xidmətçi içəri girdi.
– Get o arvadı bura gətir, – dedi.
Xidmətçi getdi, bir-iki dəqiqə sonra qara çarşafda, ucaboylu bir qadın içəri girdi, baş əydi, salam verib-vermədiyini bilmədim. Heç bir səs eşidilmədi.
Hacı Səməd xan çox mülayimətlə ona müraciət edib:
– Əyləşin, xanım, – dedi, – lakin doğrusunu danışın.
Tütünçüoğlu mənə necə söhbət etmişdisə, elə də, qadın Hacı Səməd xana danışdı. Aparılan şeylərin siyahısını da Tütünçüoğlunun dediyi kimi göstərdi.
Hacı Səməd xan aparılan sərvətin qədərini dinlədikdə, acığından lap özündən çıxdı.
Qadın Müqtədir xanın öldürməsi məsələsini tamamilə təhrif etdi:
– Onlar hər nəyimiz varsa bir torbaya doldurub götürdü, onlar getmək istəyəndə rəhmətlik kişi durub dallarınca çıxmaq istədi, o əlləri şil olmuşların birisi tüfənginin qundağı ilə kişini vurub yıxdı, daha bundan sonra heç bir şey bilmədim, çünki mən də özümdən getmişdim.
Səməd xan ona bir sual verdi:
– Siz onların Mahmud xandan vəsiqə gətirdiklərini öz gözünüzlə gördünüzmü?
– Necə ki, görmədim. Kişi özü alıb oxudu, yenə də o əlləri şil olmuşlara qaytardı.
– Çox yaxşı, gedə bilərsən!
Qadın getdi. Mahmud xan:
– Həzrət Əşrəfin başına and olsun, mən heç kəsə vəsiqə verməmişəm! – dedi.
– Hərgah bu hadisədə verməmişsənsə, başqalarında vermisən, hərgah verməsəydin evlərə vəsiqə ilə girmək işi Təbrizdə adət olmazdı. İndi get. Lakin sənə əmr edirəm ki, Müqtədir xanın evindən gedən şeyləri bir qara şahısına kimi tapıb mənə gətirməlisən. Get, hərgah bir də bu cür hadisə üz verərsə, sizinlə başqa cürə danışacağam!
Mahmud xan getdi. Sonra Hacı Səməd xan konsula yazılacaq məktubların farscasını mənə verdikdə:
– Ağadan çox rica edirəm bu məktubları ruscaya tərcümə eləsin və Nina xanım da makinədə yazıb bizə göndərsin, – dedi.
Mən vidalaşıb çıxdım.
Balaqurban faytonu Nizamüddövlə bağının qapısında saxlamışdı. Mən faytona minib yola düşdüyüm vaxt Tütünçüoğlunun siqnalını eşitdim. Faytonu saxlatdırdım, onu da özümlə bərabər götürmək istədikdə, Hacı Səməd xanın faytonundan düşən bir qadın da tələsik bağa soxuldu.
Tütünçüoğlu yavaşcadan qulağıma pıçıldadı:
– Şümşad xanımdır. Hüsni bu gecə həzrət Əşrəfin payına düşmüşdür!
Doğrudan da, qadın boyu və yerişindən Şümşad xanıma bənzəyirdi.
Saat üçün yarısında evə çatdıq. Hüseynəli əmi samovarla bərabər bir məktub da gətirdi.
Məktubu amerikalı qız yazmışdı:
«Əziz dostum, sevimli arkadaşım. Şümşad xanım Təbriz bağlarının baharını bir şair kimi təsvir edir. Xüsusən bu gözəl şəhərin bahar mövsümündəki cümə günləri çox maraqlı olurmuş. Təbrizlilər adətincə bahar cümələri «Həkməvar» bağlarına getmək və orada kükü bişirməyin ayrı ləzzəti varmış.
Şümşad xanım məni sabahkı «Həkməvar» səyahətinə qonaq çağırır, orada mənə maraqlı səyahətçilər və qəribə mənzərələr göstərməyi də vəd etmişdir. Məni sabah axşam saat beşdə evdə görəcəksən.
Səni sevən Hanna».
Məktubu oxuduqda qanım başıma vurdu, kəsilə-kəsilə qaldım, çünki nə mən məsələni ona açıq deyə biləcəkdim, nə də qız mənim işarətlərimi anlayacaqdı. Bu səyahətdə yalnız Şümşad xanım deyil, Rəfizadə və başqalarının da iştirak edəcəkləri, həm də Hannanın da bu dəstəyə qoşulacağı şübhəsiz idi. Çünki bu səyahətdən də məqsəd mənə elə gəlirdi ki, ancaq Hannanı ələ gətirmək idi.
Mən sakit olmaq üçün öz-özümə deyirdim:
«Nəyinə gərəkdir! Qoy nə istəyir etsin, hara gedir, getsin! Bu nə qədər tərbiyəli, alim və sevimli qız olsa da, yenə də: «Nemeslər hamıdan yüksəkdir» – deyənlərdəndir».
Lampanın xodunu alıb uzandım, lakin gözümə yuxu getmirdi, məktub rahətimi pozmuşdu. Mən nə qədər istəsəydim də, qızı heç bir vəchlə başlı-başına buraxa bilməyəcəkdim. Bu qərara gəldikdən sonra bir az yuxuladım. Ancaq səhər saat doqquzda qızın evinə getdim. O, səyahətə hazırlanmışdı. Amerikalı centlmen gənc libasını geymiş, tam mənasilə bir amerikalı olmuşdu. Məni görürkən:
– Səninlə birlikdə gedəcəyik. İndi Şümşad xanım da, Rəfizadə də gələcəkdir. Yaxşı vaxtında gəldin, – deyə boynuma sarıldı. Mən heç də bunu gözləmirdim. Mən onu bu səyahətdən saxlasa idim, o səbəbini soruşacaq idi, lakin mən ona nə Rəfizadə, nə də Şümşad xanım haqqında bildiklərimi demək istəmirdim, çünki mən bu macaranı axırına qədər öyrənmək, qızı müdafiə eləmək və Ninanın arxasınca düşərək, onu da Hüsni xanım kimi fahişələrlə bir gözdə gören Mahmud xanla hesablaşmaq istəyirdim.
Bununla belə ona qəti bir təklif etməli oldum:
– Bu gün sən «Həkməvar» bağlarına getməyəcəksən!
Qız heç bir söz demədi, əllərini boynumdan çəkərək, soyunmaq üçün o biri otağa getmək istədikdə, mən:
– Dur, sözümü dinlə! – deyə, onu saxladım. Qız durduğu yerində quruyub qaldı, mənim bir Şərq kişisi amirliyi ilə dediyim sözlər onu təəccübləndirməyə bilməzdi, çünki birinci dəfəydi ki, o məndən bu cürə qaba rəftar görürdü. Mənim birdən-birə dəyişilməm, onu təhqir belə etməyə hazır olduğum ondan gizli qalmadığından, o şaşırmışdı.
O məndən heç nə soruşmağa cəsarət etmirdi.
Mən bu axır dəqiqələrin uzun sürməsinə imkan vermədim, çünki onun qaşlarının qovuşduğunu, dodaqlarının büzüldüyünü, boynundakı damarların şişib döyündüyünü görürdüm. Bütün bu əlamətlər isə onun ağlamaq istədiyinin nişanəsi idi.
Buna imkan verməmək üçün onun başındakı kepkanı götürüb, əlimi sarı saçlarına çəkdim:
– Gözəl və səmimi dostum, – dedim, – sən mənim bu amiranə rəftarımdan darılma! Mən səni başqa bir səyahətə aparmaq üçün gəlmişəm. Mən səni o yoldaşlarından ayırmaq üçün bundan daha başqa bir çarə tapmadım. Birdəfəlik Şərq üsuluna keçdim. Bu gün Təbrizdə «Həkməvar» səyahətindən daha maraqlı bir səyahət vardır. Gecə mən sənin məktubunu almadan əvvəl, səni haman səyahətə aparmağı düşünmüşdüm. Bugünkü at yarışına getmək, «Həkməvar» bağlarına kükü yeməyə getməkdən daha nəşəlidir. Xüsusən burada «Acı çay» kənarındakı bağların da başqa səfası vardır. Bahar zamanında vaxt keçiriləcək yerlərin ən görkəmlisi şəhərin o tərəfləridir. Bizi aparmaq üçün fayton da hazırdır.
Amerikalı qız, indi də şadlığından, sevincindən ağlayaraq boynuma sarıldı və birdən hərəkətindən utanmış kimi tələsik məndən ayrılaraq qonşu otağa qaçdı.
Mən oturub stol üzərindəki məcmuələrlə məşğul idim, xidmətçi qadın çay gətirdi, çıxıb getmək əvəzinə dayanıb durdu.
O, sözü olana bənzəyirdi. Lakin danışdırmaq üçün bəhanə lazımdı, buna görə də mən:
– Madam, kefiniz necədir? Kiçik xanımdan razısınızmı? – soruşduqda, qadın:
– Çox razıyam, – dedi, – lakin kiçik xanıma kömək lazımdır. Onun dostluq etdiyi qadınlarından şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur. Onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər.
Mən yavaşdan:
– Qorxmayın, – dedim, – qız onlarla heç bir yerə getməyəcəkdir! Onu başqa bir səyahətə aparacağam.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-tebrizin-bahari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Texniklər məktəbində gizli işJenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.
Silahlı üsyan hazırlığı«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».
Başqa şairlərin şeirləri
Məşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Kütləyə dönmə, millətimKütlənin adı kütlədi,Kütlə xar edir milləti;
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.