XLII. Qəzvində
Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.
Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
Biçeraxov Qəzvin şəhərini işğal etdikdən sonra Leyla da ingilislərlə bərabər köçüb Qəzvinə gəlmişdi.
Aprel ayının ortalarında Qəzvin şəhərinə yeni ingilis qüvvələri gətirildi. Yeni gələnlər: general Bayron, mayor Key və hindistanlı şahzadə Bahadır xan idi. Onların şərəfinə verilən ziyafətdə Nurəddin Savlayev və Leyla xanım da iştirak edirdi.
Əvvəlcə Hindistan şahzadəsi və ingilis kralının fəxri yaveri öz milli qiyafəsini və sarığındakı böyük almaz çığğasını əyərək Leyla xanımın əlindən öpdü. Şahzadə Bahadır xan onun türk qızı olduğunu anlayaraq yanından uzaqlaşmaq istəmədi.
Bu vəziyyəti hiss edən general Denster-Vil, Biçeraxov və Nurəddin Savlayevi Bahadır xana bir daha təqdim etdi.
– Bu cənab, hazırda bizimlə əməkdaşlıq edən Biçeraxov cənablarıdır. Bu cənab isə cənab Biçeraxovun müavini miralay Savlayevdir, o, eyni zamanda, Qəzvin hərbi polisinin rəisidir. Bu xanım isə cənab Savlayevin qardaşı qızıdır.
Süfrə başında Bahadır xan Leylaya sual verdi:
– Siz burada çoxmu qalacaqsınız?
– Müəyyən bir söz deyə bilmərəm, çünki mən əmimin himayəsindəyəm, o, buradan nə vaxt Qafqaza köçsə, mən də köçməliyəm.
– Demək ki, biz birlikdə getməliyik!
– Şübhəsiz!
– O zaman mənim üçün də həyat şən və yaxşı keçər. Mənim müsahibliyim yaxşı təsir bağışlarsa, özüm də şad olaram.
Ziyafət süfrəsi bitdi. Bahadır xan Leylanın qolundan tutaraq Savlayevə yanaşıb dedi:
– Sizlə arqadaşımız, eyni zamanda dindaşımız cənab Nurəddin bəylə tanış olduğumdan özümü xoşbəxt hesab edirəm! Mən ümid edirəm ki, bu tanışlıq yalnız Qafqaz səfərində deyil, mənim Hindistana qayıtdığım və Dehli tac-taxtını qəbul etdiyim zamanda da davam edəcəkdir.
Nurəddin bəy özünü düzəltdi və yaver ilə tanışlıqdan çox məmnun qaldığını bildirdi.
Hərə ziyafət salonundan çıxıb bir tərəfə getdi. General Denster-Vil Biçeraxovla birlikdə maşına oturub, ərkani-hərbə getdi. Çünki bu günlər Biçeraxovun Ənzəliyə yol açmaq üçün Mənçil şəhərinə hücum hazırlığı görülürdü.
Bahadır xan isə Leyla xanımı öz maşınına qoyub evə yola saldıqda, Leyla doktor Yusifidisi də çağırıb Bahadır xanla tanış etdi:
– Bu bizim xüsusi doktorumuzdur. Hərbi xəstəxananın müdiridir, özü də namuslu və səmimi bir zatdır.
Birlikdə evə gəldilər. Bahadır xan vidalaşıb getdi, Leyla xanım ilə doktor Yusifidis isə oturub Türkiyə əks-kəşfiyyat bürosuna məktub yazdılar və ingilislərin, çar ordu hissələrinin bütün planlarını, hərbi vəziyyəti bildirdilər:
«Bu günlərdə ingilislər Qəzvin şəhərini ingilisləşdirməyə başlamışlar. Məsələn, «Xəyabane-Şah Abbas» adlı küçənin adını dəyişib «Stafford» qoymuşlar. «Rəşt xəyabanı» küçəsi isə «Mançester» adlanmışdır. Biz bu barədə şəhər camaatına bir müraciətnamə buraxıb ingilislərin xəyanətini ifşa etdiksə də, bir nəticə vermədi, çünki mülkədar və əyanların hamısı bu işlərə etinasız baxır. Ziyalılarda isə bir hərəkət yoxdur. Şəhər əhalisinin çoxu alış-verişçidir. Bunlar əksəriyyətlə milli hərəkəti şəxsi mənfəətlərinə qarşı bir təhlükə hesab edirlər. İranlıları bir hərəkətə tabe tutmaq üçün iki vasitə lazımdır: silahlı qüvvə və şəxsi mənfəət! Çar hökuməti birinci, ingilis kralı isə ikinci vasitəni işlətməklə məqsədinə nail oldu; bizim əlimizdə isə bunların heç biri yoxdur. Hazırda iranlıların qulağına dindaşlıq məsələsi girmir, çünki bunlar dini və məzhəbi də şəxsi mənafelərinə yardım verə biləcək bir vasitə hesab edirlər.
İranlıların ingilis və ruslar leyhinə işləməsinin ən başlıca səbəblərindən birisi də, onların birinci növbədə ruhaniləri əldə etmələrindən ibarətdir.
Ruhanilər «İngilis və ruslar türklərdən yaxşıdır»—deyə camaat arasında təbliğat aparırlar. Yerli hökumət də osmanlı tərəfdarlığı məsələsində ingilislərin leyhinədir. Çünki osmanlıların Qəzvin və Kürdüstan tərəflərində görülməsi və onların türklər yerləşən ölkələrdə hakim olması, İran hökumətini dərin bir surətdə düşündürməkdədir. İran hökuməti var qüvvəsi ilə ingilislərin qalib gəlməsinə və türklərin İran Azərbaycanına yaxın gələ bilməməsinə çalışır. Buna görə də bizim ingilislər əleyhinə apardığımız təbliğat heç bir nəticə verə bilməz.
Keçək Kiçikxan məsələsinə:
Kiçikxan Qəzvin kimi bir şəhəri çox ucuz bir qiymətə ingilislərə verdi. Halbuki, Qəzvin camaatı Kiçikxana çox məhəbbət bəsləyirdi. Kiçikxan nə qədər tədbirsiz və siyasət aləmindən xəbərsiz bir zat olsa da iranlılar onu bir qəhrəman deyə tanımaqdadır. Çünki iranlılar öz içərisindən qəhrəman çıxarmağı və çıxartdığı qəhrəmanı da olduğundan artıq böyütməyi sevir. Bununla belə Kiçikxanın Qəzvin haqqındakı etinasızlığı Qəzvin xalqı arasındakı etibarını itirdi.
Bu günlərdə məsələni sülh yolu ilə bitirmək üçün general Denster-Vil, miralay Stoksu ağ bayraqla Kiçikxanın yanına göndərir. Ümdə məqsəd Kiçikxanın qüvvələrini öyrənməkdən ibarətdir. Çünki Biçeraxov Mənçilə hücum etmək üçün sürətli bir surətdə hazırlanır.
İngilislər, türk ordusu Bakını işğal etməkdən əvvəl özünü Bakıya yetirməyə tələsir. Qəzvinə mayor Keyin komandası ilə yeni ingilis qüvvələri gəlmişdir. Qəzvində nə qədər rus saldatı varsa, hamısı müəyyən maaşla Biçeraxov dəstəsinə daxil olmuşdur. İngilislərin 14-cü alayının bəzi hissələri «Sultanabad»da yerləşdirilmişdir. Qəzvindəki iki yüngül zirehli avtomobilə əlavə olaraq Həmədan şəhərindəki iki zirehli də gətirilmişdir. İngilis süvari qüvvələri bir eskadrondan artıq deyildir. İki kiçik kəşfiyyat təyyarəsi də mövcuddur.
General Denster-Vilin aldığı teleqrama görə, bu günlər kral səhra topxanasının 8-ci batareyası da Qəzvinə gətiriləcəkdir.
Qusar alayının bir hissəsi və Kənd alayının min nəfərlik piyadası da iki dağ batareyası ilə Həmədana gəlmiş və oradan Qəzvinə yola düşdüyünü xəbər vermişdir. İngilislərin canlı qüvvələri az olduğuna baxmayaraq mövcud olan hissələr mexanikləşmiş hissələrdir. Hazırda Qəzvin və Həmədanda beş yüzə qədər avtomaşın mövcuddur. Qəzvində olan dörd zirehli avtomobildən başqa, Həmədanda da dörd zirehli avtomobil vardır.
Biçeraxovun Mənçilə başlayacağı hücumun planını hələlik ələ gətirmək mümkün olmamışdır. Yaxınlarda əldə edib göndərəcəyik.
Bu gün ingilis əks-kəşfiyyatı, Qəzvin kəndlərində türk zabitlərinin Kiçikxan üçün qoşun hazırladığı xəbərini almışdır. General Denster-Vil onları həbs etdirmək üçün Biçeraxova əmr vermişdir».
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xlii-qezvinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1902-ci il sentyabrın ikisində, Bakı təşkilatının rəhbəri və gizli mətbəənin yekanə təşkilatçısı Lado Ketsxoveli və onunla bərabər bir çox rəhbər fəhlə tutuldu.Çar hökuməti min doqquz yüz ikinci ilin may nümayişindən aldığı təsirlər nəticəsində Bakı təşkilatı ətrafına toplananları ciddi təqib etməyə başladı və polis mühafizə şöbəsi sədri Lavrovun təlaşı sayəsində sosial-demokratların tutulmasına nail oldu.
İki mart nümayişi1903-cü ilin yazı heç kəsin gözləmədiyi bir ruh yüksəkliyi ilə gəldi. Kütlələrin qəlbi fərəhlənir, hər kəs öz sözünü, öz tələbini mitinglərdə, nümayişlərdə deməyə həvəslənirdi. Bakı proletariatı 1903-cü ilin may nümayişinə mart ayından başlayaraq hazırlanırdı. Bakı proletariatının mart ayının 2-də olacaq nümayişi, may nümayişi üçün aparılan hazırlığın imtahanı demək idi.Mart ayının 2-də olacaq nümayiş üçün bütün fabrik-zavodlarda və müəssisələrdə hazırlıq aparılırdı. Vəzifələr fəhlələr arasında bölünmüşdü.
Nümayişdən sonra1903-cü il aprelin 27-də keçirilən nümayiş Bakıda ümumi tətillər zəminəsini hazırladı. Bakı komitəsi, müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələri arasında həmrəylik duyğularının əmələ gəldiyini və inkişaf etdiyini gördü.Mayın birində ümumi tətil gözlənilirdi. Özünü itirmiş yerli hökumət işçilərin ortaya atdıqları tələblərə burjuaziyanı razı salmaq əvəzində, Rusiyanın başqa yerlərində olduğu kimi, Bakıda da fəhlələrin həmrəyliyini pozmaq işini əsas götürmüşdü.
İyul tətillərinə qarşıTətillərə qarşı soyuqqanlılıqla hərəkət edən yerli hökumətin siması dəyişdi. Polis və neft sənayeçiləri öz arxasında silahlı çar qoşununu gördülər.Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı.
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,