XLIII. Qısqanclıq
Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.
Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
– Mədəni olmaq, cəmiyyət qadını olmaq, ziyalı davranmaq, qadınlarda seviləcək ən müsbət xasiyyətlərdəndir. Lakin bunu müəyyən bir çərçivə içərisində həyata keçirmək lazımdır, bunları həyata keçirmək istəyən hər bir qadın, hamıdan əvvəl qadın üçün lazım olan həya, vicdan və qadınla kişi fərqini bilməkdən ibarətdir. Sən şahzadə ilə bir həyətdə böyümüş iki məktəb yoldaşı kimi dolanırsan; daima onun əli sənin çiynində, sənin əlin isə onun yaxasında və çiynindədir. Sən onun yaxasındakı almaz düymələrlə əylənirsən, o isə sənin başındakı darağla oynayır.
Sən heç də unutma ki, Bahadır xanlar bizim məqsədimizə heç bir kömək etməzlər. Türklərin mənfəəti üçün istifadə edəcəyimiz materialların hamısı bizim öz əlimizdədir. Biçeraxov ərkani-hərbi bizim üzümüzə açıq olduğu təqdirdə, Hindistan şahzadəsindən nə arayırsan?
Doğrusu, bu vəziyyətə açımamaq və qısqanmamaq mümkün deyildir. Sənin Bahadır xana nişanlanmağın və ona ailə qurmaq üçün söz verməyin yalnız quru bir söhbətdən ibarət deyil, sən bunu yavaş-yavaş həyata keçirir və özünü Bahadır xana təslim etməyə hazırlaşırsan. Sən bütün bunları etdiyin halda, mənə də qısqanmamağı təvsiyyə edirsən. İndi sən özün söylə, biz beləmi danışmışdıq?
Leyla heç də vüqarını pozmayaraq dedi:
– Bəli, belə danışmadıq. Mən qısqanmamağı sənə ilk şərt qoymamışdımmı?
– Nə şərait daxilində?..
– Mən sənə əvvəlcə demişəm ki, sən özün səbəb olmadan, mən bu sevgini başqa bir sevgi ilə əvəz etməyəcəyəm.
– Edəcək bir şey qaldımı?
– Sən nahaq elə düşünürsən?
– Mən kiməm və nəciyəm? Mən hansı səbəblə sənə inana bilərəm? Nə vaxta qədər səni Bahadır xana tapşırıb evdən eşiyə çıxmalıyam. Sən məni öz məqsədin üçün alətmi etdin? Məncə bu vəziyyəti uzun zaman davam etdirmək mümkün olmayacaqdır. Bu vəziyyətə bir gənc insan dözə bilməz. Sən məni Dehli tac-təxtinə qurban verir və Hindistan məlankəsi namizədi olmaqdan məmnun qalırsansa, bütün vəzifələri buraxıb, alnına Hindistanın qiymətli daşlarını düzmək istəyirsənsə, o zaman bunu mənə açıq söyləməlisən. Bunun müqabilində söz verirəm ki, sənin bütün sirlərin mənim qəlbimdə qalacaq və bu sirləri mən qəbrə aparacağam.
Leyla yenə vüqarını pozmadı, onu sakit edə biləcək cavablar verdi.
– Hələ qəbrə getmək vaxtı deyil, əziz dostum! Biz ikimiz də, gəncik, bizə yaşamaq və məqsədimizi sona qədər davam etdirmək lazımdır. Mən səninlə tanış olduğumdan neçə gün sonra demişdim ki, inanmaq olan yerdə qısqanmaq yaramaz. Görünür ki, sən mənə inanmırsan. Lakin sən buna haqlı deyilsən, küsməyə də haqqın yoxdur.
Mənə inan, nə mən Bahadır xana qismət olacağam, nə də Hindistan məlankəliyi mənə!
Nə üçün o mənim yanıma gəlirkən sən qalxıb gedirsən? Əvvələn, o, bu hallardan şübhələnir, ikincisi, bu hərəkətinlə məni, kişiləri növbə ilə qəbul edən qızlar dərəcəsinə qədər alçaldırsan.
Mən hələlik heç kəsin deyiləm. Sənə verdiyim vədlərə isə türklər ingilisləri məğlub etdiyi gündə vəfa edəcəyəm. Bildin ki?
– Bəli, bildim!
– Elə isə, yeni xəbərlər deyəcəyəm, otur! Kağız, qələm götür, yaz. Türkiyə ərkani-hərbinə verdiyimiz vədlərə əməl etməliyik, necə deyirəmsə elə də yaz.
«Kiçikxan ingilislərin sülh təklifini rədd etdi. İndisə ingilislər Qəzvindən Xəzər dənizinə qədər olan yolları müharibə vasitəsi ilə açmalıdırlar. Biçeraxov iyunun 5-də Kiçikxanın Mənçil çəbhəsinə hücum etmək üçün Qəzvindən hərəkət edəcəkdir. Hücumda iki min atlı, üç min piyada kazak, dörd batareya top, bir eskadron ingilis atlısı, iki zirehli avtomobil iştirak edəcəkdir. İki ingilis təyyarəsi də Biçeraxovun ixtiyarına tapşırılmışdır. İyunun 11-də Mənçil məsələsi həll edilməlidir. İyunun 12-də Biçeraxovun qüvvələri, Mənçilin 8 kilometrliyində olan «Vali» mövqeyini işğal etməlidir. İngilislər Kiçikxanın mövqeyini və onun əlində olan canlı qüvvələri lazımi qədər öyrənmişlər. Biçeraxov ərkani-hərbində Kiçikxanın müvəffəqiyyət qazanacağına inanan azdır».
Məktub yazılıb qurtardı, sonra da bu məktubun məzmununun Mənçilə, Kiçikxana göndərilməsi barəsində danışıldı.
Doktor dedi:
– Bu asandır, çünki Qəzvin—Mənçil telefon xətti bizim ixtiyarımızdadır. Telefon rəisi bizdədir.
Doktor qalxıb getmək istərkən Bahadır xanın maşını qapıda dayandı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xliii-qisqancliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.
SiqətülislamMən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.
İran mülkədarının evindəBizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.
Səttar xanBiz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:
Başqa şairlərin şeirləri
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,
Həcər xanımla deyişməA ş ı q Ə l ə s g ə rHəcər xanım, qaşın, gözün təhrində
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndəBir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.