Müxtəlif olmuşdur insan məramı,Müxtəlif diləklər, arzular kimi.Ərimiş çoxunun eşqi, həvəsi,Güneydə əriyən təzə qar kimi.

Giley-güzar etmək adət olmuşdu,Göz qoyan olsaydı şəhərə, kəndə.Hər kəsin, görürdün şikayəti var,Varlı da deyinir, yoxsul düşən də.

Adam var öyünür: “Hər şey aydındır”.“Mən ərənəm” deyir, “mən ərəm” deyir.Elə adam da var ehtiyatlıdır,Bildiklərinə də “bilmirəm” deyir.

Adam var, əlyaxa olub həyatda,Ağır məişətlə, qəmlə, ələmlə.İfadə etməyə çalışıb müdam,Bildiklərini də o “bilmirəm”lə.

Kəndli

Dünyanın işləri oyundur, oyunAğanındır naxır, sürü, mal, qoyun.Yer donub, xış qırıq, ulaq təkboyun,Bir parça yerim var, əkə bilmirəm.

Usta Qurban

İndi günlər gödək, gecələr uzun,Zirzəmi qaranlıq... nə çörək, nə un...Kaşanələr qurdum cənablar üçünÖzümə bir daxma tikə bilmirəm.

Çoban

Sərkar kəsdi on-on, o satdı yüz-yüz,Ancaq elə etdi hesab çıxdı düz.İndi lazımdırmı qumral sürüsüz,Anıq qoç, boz erkək, təkə bilmirəm?

Arabaçı

Nə qoruqçu bilir heyvan, nə qorxu,Görüb yoncalığı, görüb qoruğu,Öküz sağa çəkir boyunduruğu,Niyə sola çəkir cöngə bilmirəm?

Hambal

Yük daşımaq olub hər zaman peşəm,Neçə yoxuş çıxıb, eniş enmişəm,Belim adət edib, çox yüklənmişəm,Mən yükü arxamdan tökə bilmirəm.

Alverçi

Gərək şirin olsun tacirin dili,Gəzsin qarış-qarış obanı, eli.Qırıq tərəzimin əyilib mili,Yüngülü mən ağır çəkə bilmirəm.

Molla Fərəc

Heç kimə demədin molla deyinir,“Allah özü bilir, peyğəmbər bilir”:Halal xümsü-zəkat, qurbanlıq gəlir,Nədir bircə haram tikə bilmirəm.

Qayınana

Bir acı dillinin, zəhər sözlünün,Qarğa qanadlının, bayquş gözlünün,Yırtılmaz üzünə bu dəf üzlünün,Yenidən bir dəri çəkə bilmirəm.

Dərd elə deyil ki, yığasan yükə,Baxırsan bəxtəvər camışdan yekə,Bu gəlin məni lap gətirdi təngə,Dərdimi açanda bükə bilmirəm.

Kəndin ağsaqqalı

Biz abad eylədik aranı, dağı,Min yerdə qaladıq şənlik ocağı,Nəyə gərək çıxım ixtiyar çağıDavaya, dalaşa, cəngə bilmirəm.

Şair

Güclülər vəlvələ salır aləmə,Qanlı faciələr gölməz qələmə,Ey dünya, dərdini mənə yükləmə,Mən heç öz dərdimi çəkə bilmirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri