Cavan sərvə gün də, külək də dəydi;O tez boy atardı toz görməsəydi –Mən sağa döndərdim, yel sola əydi –Külək belə dedi, mən belə dedim.

Bir tülək-tərlana – nə var? – söylədim –Yerdə tutmayırsan qərar? – söylədim.O, şikar söylədi, mən yar söylədim,Tülək belə dedi, mən belə dedim.

Bir mələk qarşımda qanad çalaraq“Sürünmə yerlərdə – dedi – gəl uçaq!”O “Göylər” söylədi, mən “Ana torpaq!”Mələk belə dedi, mən belə dedim.

Hiylə də qəlbimə çox axtardı yol,Tapmadı, ümidsiz qayıtdı min yol.O mənə “can!” dedi, mən ona “məhv ol!”Kələk belə dedi, mən belə dedim.

Eşqim xəyalımı uzağa çəkdi,Bu sayad könlümü oylağa çəkdi,Mən arana çəkdim, o dağa çəkdi.Ürək belə dedi, mən belə dedim.

Fələk çox əlləşdi, gəlmədim dizə,Fəqət “hökm olundu qəzadan bizə”, –Bir yol ayrıcında gəldik üz-üzə,Fələk belə dedi, mən belə dedim.Bakı, 20 may, 1946

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale