Dəyişib dövri-zaman, dövrə müəmma dolanıb,Pisə mənsəb verilibdir, düzə «əmma» dolanıb.

Daha divanə deyil Qeys, Super-Market açıb,Elə ki, pullu olub, boynuna Leyla dolanıb.

Demə Kənanı basıb zindana sərbəst dolana,İlişib əcnəbiyə Misri Züleyxa dolanıb.

Yerə haqq endi fəqət yerdə ona olmadı yer,Yeri böhtan tutanı haqq elə damda dolanıb.

Kimisi cibdə pulu şəhrdə şəst ilə gəlib,Kimi gizlində tökübdür cibə qorğa dolanıb.

Dönüb ekranda vətən xaini gah qəhrəmana,Vurulub gah da onun üstünə damğa dolanıb.

Polisə indi veriblər İliçin şalbanının,Şəhəri kəndi bilib şəhrdə darğa dolanıb.

Dost deyib tülküyə dost olduq, unutduq onu ki,Həmişə tülkü tərəfdən ala qarğa dolanıb.

Babanın barmağı tutduqca qələm haqqı yazar,Yazar o haqqı ki, bir barmağa dünya dolanıb.

1 yanvar 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq