Bu qozun üzü gənəkdir - bu qoz üç badam üçündür,Bu bizə tanış ritmdir, bu ritm avam üçündür.

Əl atan qolunda icra, qol atan əlində dərya,Elə zənn edər ki, dünya iki-üç adam üçündür.

Gələcək axır bir insan, görəcək bizi lüt-üryan,Deyəcək ki, ay müsəlman, bu geyim hamam üçündür.

O zaman o lənətullah, bu zaman bu lənətullah,Biri zülmün ibtidası, o biri tamam üçündür.

Gecəni sabah olunca lal olub susan zəbanım,Səhəri açan Xudaya verilən salam üçündür.

Bu könül kitabın, ey dost, oxu gör nələr var onda,Oxu bir muğamın üstə bu kitab muğam üçündür.

Başuvı qaçırma, daşlar başuva yağa fələkdən,Tərəzi-mizan günündə o da bir nizam üçündür.

Gedirəm bu haqq yolunda, gedirəm zəfər çalınca,Bu qolum qələm olunca, bu qələm qiyam üçündür.

Hacı Pünhanın gözündən iki damla yaş süzüldü,Dedi ki, biri hüseynçün, o biri anam üçündür.

4 avqust, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri