Qorxuram yellər əsər, tufan olar biz bilmərik,Yer dinər, göy dindirər divan olar biz bilmərik.

Bir saray tikdirmək üçün onlar ilən ev yıxan,Qəsbkarın var-yoxu viran olar biz bilmərik.

Faiz ilən borc verib, çox borclunu ağlar qoyan,Nanəciblər qanına qəltan olar biz bilmərik.

Qorxuram ki, Zülfüqarın sahibi pünhan gələr,Zülmükarın göz yaşı leysan olar biz bilmərik.

Harda rüşvət var, talan var, ver bizə ünvanını,Son nəfəsdə almağa imkan olar biz bilmərik.

Qorxuram ekranda lüt əndamını göstərməyə,Özgələr bizdən qabaq üryan olar biz bilmərik.

Biz bu torpaq söhbətin dartdıqca hey saqqız kimi,Tazə-tazə bölgələr ehsan olar biz bilmərik.

İblisə dəstək verib düşmənlə dost olsaq əgər,Bir zamanlar dost bizə düşman olar biz bilmərik.

Əsrlərdir Baküyə yol qət edən Sahib Zaman,Gəlməyindən qorxuram peşman olar biz bilmərik.

Göz qulaqda ol ki, Pünhan, xalqın üstündən düşən,İqtidarın örtdüyü yorğan olar biz bilmərik.

3 aprel, 2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri