Dilən şəhərdə, ey cocuq, dilən, əl aç cocuq kimi,Yanaş, o varlı oğlana, yanaqları totuq kimi.

Əl açginən vəkillərə, susub duran şəkillərə,Havaya qalxan əllərə, uzat əlin çubuq kimi.

Tapançası belindədir, söyüşləri dilindədir,Dubinkası əlindədir, döyər səni qoduq kimi.

Gözünlə ye, o vitrini, çörəklərin al ətrini,Götürmə isti bulkini, burar səni buruq kimi

Atan şəhiddi bilməyir, anan əlildi bilməyir,Bacın zəlildi bilməyir, tanır səni şuluq kimi.

Əl açma fors edən qıza, çətin sənə o pul qıza,O qız hələ gedir duza, dodaqları moruq kimi.

Baba onun babasıdır, onunçün ac qalasıdır,O bir şəhid balasıdır, hüququ yox hüquq kimi.

2 oktyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mərsiyə