Xəlil Rzaya mərsiyə
Qırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.Sən mənə dost deyildin, qanıbir qardaş idin!Masası ocaq daşı, yol daşı, Xəlil Rza,Nəsiminin, Cavidin yoldaşı Xəlil Rza!
Düşmən gözümü oyur Kəlbəcərdə, Laçında,Vətən alov içində, Vətən yol ayrıcında,Millətin kişi sözü qələminin ucundaSözü də eli kimi köksü qan, Xəlil Rza,Sağ ikən şəhid olan, qəhrəman, Xəlil Rza!
Ürəkdə çarpaz dağlar – yurdu bölən şırımlar,Gözündə qəm bulağı, gözündə ildırımlarTabutda da ürəyin Təbriz deyib hayqırarQələmiylə buz qıran, dağ yaran, Xəlil Rza,Təbrizdən, Qarabağdan nigaran, Xəlil Rza!
Uşaq kimi sadədil, dahi kimi duyulmaz,Dost əliylə döyülər, külüng ilə oyulmaz,Dərisindən soyular, inamından soyulmaz,Karvan çəkməyən dərdi tək çəkən, Xəlil Rza,Bu dözümdə, bu ruhda təkcəsən, Xəlil Rza!
Daha sənə fərqi yox o yaxşılıq, yamanlıq,Sözün yolu əbədi, ömrün yolu bir anlıq.Sənə ünvan verdisə böyüdü qəbristanlıq,Gülüncləri özünə güldürən, Xəlil RzaÖlümüylə ölümü öldürən, Xəlil Rza!
Ürəyini sıxardı bu xırdalar dünyası,“Şəngülümün, həpəndin” qafası dar dünyası,Düşmənə fürsət verən vaxtın murdar dünyası,Dünyanı qələmində fırlayan, Xəlil Rza.Okean tək qabaran, gurlayan Xəlil Rza!
Turan çələngi hördün Türküstanın səsindən,Altaydan Ağ dənizə yürüşlər həvəsindən,Azadlı ruhun uçdu ömrün dar qəfəsindən,Odum, odqoruyanım, Ulutürk Xəlil Rza,Ölümündən doğulan, ey böyük Xəlil Rza!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-xelil-rzaya-mersiye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Mal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Xosrov və Şirin, fəsil 107Dördüncü söylədi: sorsanız əgər,Bu, gəlin evində bir şəxsə bənzər.
Lorka haqqında qaraçı romanslarıBirinci romansMənə kaman verin siz, bir qaraçı kamanı,
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,