Yadlıq
Nə zaman başlandı ögeylik axı,Özgənin arxına axanlar ilə.Mənə öz asdığım çıraq sayağıÜstən aşağıya baxanlar ilə.
Bu duyğu dilimdə sözümü təklər,Ruhumu taxtından devirmək istər.Dünyanın üşüdən soyuq küləklərAltımı üstümə çevirmək istər.
Elə bir şaxtalar içimdən keçən,Damarı qurumuş budaqlarım yad.Qorxusa ruhuma qeybdən köçənYad ayaq altında torpaqlarım yad.
Kiməsə taxtından düş deməmişkən,Hətta toyuğa da kiş deməmişkən,Qılıncı boynumda itiləyən yad,Əvvəl qardaş kimi irəli veribSonra da quyuya itələyən yad!
Axır iç üzünü görmüşəm deyən,Ölümə çağırır o “munis” səslər.Gözümün yaşını silmək istəyənBasıb gözlərimi çıxarmaq istər.
Əskim tüstülüdür mənim deyəsən,Ya da çörəyimin duzu yox imiş.Mənə əl açanda titrəyib əsənŞirə çevriləndə nə soyuq imiş!
Suallar, cavablar hamısı mənimMin bahar göyərir bir budağımdan.Dözərəm dünya da olsa düşmənim,Qorxuram özümə yad olmağımdan!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-yadliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir