Ola bir yaxşı «kreslo» ola sərvət, ola bu,Yapışıb valla dilimdən məni çırpar pola bu.

Fələyi kor bilib hey darmaladı, bilmədi heç,Neçə fironu salıb dəhridə lümlüt yola bu.

Paqon altında gəzən Rüstəmi-Zaldan uzaq ol,Gicişəndə əli, dartar səni «sport-zal»a bu.

Bələdiyyə təzə bir xalq havasıynan gələcək,Deyirəm keşkə bizim zurnamız ilə çala bu.

Dedim agah elə bu seçki üsuluyla məni,Dedi almaqda zirəkdirsə, gərəkdir qala bu.

Qarabağın saatı Moskva vaxtıyla gedir,O Kremlin saatından qala bilməz dala bu.

Dedi məsciddən əzəl millətə məktəbdi gərək,Ki, onun rüşvəti ilə gələ hər gün hala bu.

Fələyin çərxinə İblis deyəsən mıx batırıb,Rulu düz saxlaya bilmir, hələ dartır sola bu.

Yox olan varlığa Pünhan tapınıb vara çatıb,Var olan yoxluq ilə gözləyir aləm dola bu.

22 sentyabr 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən