Yalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.

Tutub zəif damarımı, alıbdır ixtiyarımı,Qoyub gözəl diyarımı talan çeyniyə-çeyniyə.

Silib-süpürdü düzləri, yeyib qutardı bizləri,O yan çeyniyə-çeyniyə, bu yan çeyniyə-çeyniyə.

Bu ölkənin harınları doyunca ölmə eşşəyim,Qoşul mənə vəkil seçək, saman çeyniyə-çeyniyə.

Baxıb ətə marıtdıyır, corabların yamatdıyır,Az-TV-də şaqatdıyır, banan çeyniyə-çeyniyə,

Amerkanın tüpürdüyün, məqam tapıb at ağzına,Fəxarət ilə barmağa dolan çeyniyə-çeyniyə.

Görüb bizi yeyinnəyib, ipin ucun düyünnəyib,Bu torpağı peyinnəyib, İvan çeyniyə-çeyniyə.

Qoyun da inkişafdadı, çoban da inkişafdadı,Qoyun göyşüyə-göyşüyə, çoban çeyniyə-çeyniyə.

Ata uzaq "kray"dadı, ana uçub Dubaydadı,Tifillər ahu-vaydadı, güman çeyniyə-çeyniyə..

Necö deyim ki, çeynəmə, ayıbdı tulla saqqızı,Əkər çalıbsa laylayın, anan çeyniyə-çeyniyə.

Ötən zamanla düşmanam, gələn Zamana qurbanam,Zamanlar içrə pünhanam, yaman çeyniyə-çeyniyə.

Əgər ömür vəfa qıla, ölüncə çeynərəm səni,Desinlər öldü Pünhana, ilan çeyniyə-çeyniyə.

22 aprel, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri