Silindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,Gördüm daha görmürəm ayağının izini...

Dilimə gətirmirəm söhbətini, sözünü.

Biraz-biraz itirdim saçlarının rəngini,Qulaqlarım unutdu səsinin ahəngini.Yuxu da xəbər tutdu həqiqətdən elə bil,Həqiqətin əksidir - yuxu başqa şey deyil...

Onda ki, başa düşdüm qalmayıb ümid yeri,Bütün xatiratımı dəfn etdim diri-diri...Od vursa da bu itki mənim yeddi qatıma,Heyranam iradəmə, heyranam sabatıma!

Fəqət, bircə yerdə ki... qalmasın indiyədəkBax, o yerə varmır əl, o yerə gəlmir ürək...O yer - ürəyim mənim! Ürəyimi özün yar,Özün özünü qopar, özün özünü apar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq