Adam var ki, gəzməyibdir paytaxtını,Göydən, yerdən salmayıbdır nəzər ona.Seyr etməyib bir güzgüdə öz baxtını –Baxmayıbdır o Xəzərə, Xəzər ona.

Adam da var Kür, Araztək çay görməyib,Qarışmayıb gülüşünə şəlalələr.Uçurumun şir ağzından gül dərməyib,Dodağını öpməyib daş piyalələr.

Yad elləri barmaq-barmaq sayıb bilən,Avropanı qarış-qarış gəzib gələnAlim var ki, şair var ki, rəssam var ki,“Vətən” adlı bir fənndən alar “iki”.

Az isinib əcdadının ocağına,Yandırmayıb papirosunu öz közündən.Az sığınıb anasının qucağınaBir gün gərək sual etsin öz-özündən,

Fikrə getsin vətən oğlu dərin-dərin:“Torpağımda hər obanın, hər şəhərinBilirəmmi keçmişini, bu çağını?Gəzmişəmmi yurdumun hər bucağını? –

Yol cövrünü, səfasını duya-duyaGetmişəmmi İstisuya, İlisuya?

Süzmüşəmmi heç Göy gölü heyran-heyran?Rastlaşıbmı bir adada mənə ceyran?

Çəkmişəmmi təkər dönməz gavda atı,Aşmışammı göllü, güllü Batabatı?

Sarıyerdə, yayda qopan bir borandaDüşmüşəmmi yaxın dəyə sorağına;Dumanlıqda zarafatla göz vurandaƏl atıbmı çoban qızı çomağına?

Bərdəliyəm, qabağımda məxməri çay,Baxmışammı Astaraya o tay, bu tay?

Qubalıyam, yollanaram mən hər yana,Düşübdürmü güzarım heç Zəngilana?

Hansı ildə işə-gücə verib araÜz tutmuşam Masallıdan Dəstəfura?

Minkənddənəm, görmüşəmmi Qonaqkəndi,Yardımlını... daha uzaq-uzaq kəndi?

Keçmişəmmi Bərgüşadı, İncə çayı?Danışıbmı Nizamidən Gəncə çayı?

Toxundummu yarasına xan Kəpəzin,Dolaşdımmı Lənkəranı, Şirvanı mən,Yola salıb ağladımmı həzin-həzinNəsimini – gedər-gəlməz karvanı mən?

Söz salıbmı gah kədərlə, gah büsatlaCəfərindən, Müşfiqindən doğma Xızı?Yad edibmi sazla-tarla, muğamatlaVaqifini, Vurğununu Qarayazı?

Bələdəmmi el dərdinə-düyününə,Xan kəndinin dünəninə, bu gününə,

Bol olsa da səxavətdə yeni həyat,Ürəyimcə abaddırmı Pənahabad?

Baxıb-baxıb Qanlı gölə mən heyrətlə,Yad etdimmi qəsbkarı həqarətlə?Dinlədimmi gözlərimi yuma-yumaNecə qətlə yetirilib Aşıq Cümə?

Eşitdimmi nə zamandır nəğməsinəQatıb Şəki bülbülləri bir nəqərat:“Heyif sənə, heyif sənə,Hacı Murad, Hacı Murad...”

Görmüşəmmi Xaçın üstü KəngərlidəKoroğlunun yuvasını-kahasını,Udmuşammı, Nəbi kimi bir igidəArxa duran Çalbayırın havasını?

Oxudummu tariximi min dastanda –Səbaycli civarında, QobustandaDaş vərəqdə neçə-neçə şah əsəri,Ulu babam göndərdiyi namələri?

Qaçmayıb ki, nəzərimdən bir dağ yolu,Qələ yolu, məbəd yolu, bulaq yolu?

Ələk-vələk etmişəmmi meşələri,Qalmayıb ki, gözdən iraq guşələri?

Çıxmışammı Şahdağına, Murova mən,Baxmışammı vətənimə zirvələrdən?

Üryan qılınc parçalayıb iki yana,Nə etmişəm qoymaq üçün onu qına?

Bir söz ilə, necə sevib öz ölkəmiTanıyıram mən ovcumun içi kimi?”

Düşündürsün bu suallar qoy hər kəsi,Ovuc içi olsun vətən xəritəsi,

Görək onun hər kəndini, şəhərini,Dünənini, bu gününü, səhərini,Hər açanda ovcumuzu,qoy buradantəbəssümlə baxsın bizə Azərbaycan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən