Bu torpağa zinət vermiş, sığal çəkmiş təbiət,Onu mənə ana edən deyil təkcə bu hikmət...

Kitablara sığışmayan tarixi var, adı var,Bunlar uzaq keçmişlərdən qalıb mənə yadigar.

Sinəsini aç torpağın, əsrləri danışdır,Gözlərimə yad gəlsə də, ürəyimə tanışdır

Yer altından çıxan saxsı, çini qablar, mis səhəng,Sarp qayaya həkk olunmuş o əjdaha, o mələk,İldırımdan od borc alan babaların ocağı,Əllərini qabar edən daş çəkici, bıçağı,Şüşə, muncuq – kasıb qızın nadir nemət sandığı, –Bir tacirin içi dolu ləl-cavahir sandığı,Qul halqası, hökmdarın yerlə yeksan zər tacı,Dünyaları ayaqlamış səyyahın əl ağacı,Yer altda da qoşa durub yaşadan düz ilqarı –Min illərcə çürüməyən sevgililər məzarı...

Hansı yana əl aparsan bu yerlərdə əgər sənSöhbət açan, sirr danışan nələr, nələr görərsən...

Lakin üç şey var ki, odur yer üzünün zinəti,Azərbaycan torpağının ilk həmdəmi, qisməti!Şöhrətidir babaların, şöhrətimdir o mənim,Sayəsində qalib çıxıb sınaqlardan Vətənim:Xış dəmiri! Qılınc! Qələm!Demə bunlar pas atmış,Bunlar mənim şanlı, parlaq tariximi yaratmış!

Bəli, o xış yazmışsa da əkin vaxtı hər yerə –Kasıblığın dərdlərini güneylərə, düzlərə,Dəstəyindən yapışanı qaldırmışdır çox uca,Qoymamışdır əcdadımı düşmənlərə əl aca;Onun adı bərəkətdir ocağıma-tüstümə.Qarı düşmən qoşun-qoşun gələn zaman üstümə,Elim-obam götürmüşdür o qılıncı-qalxanı,O qılıncla yazılmışdır Koroğlunun dastanı.

Qələmlə də əsrlərin söz-söhbəti dil açmış:Neçə könül qönçələri ağ kağızda gül açmış.Bu sehrlə çatmış bizə qədim sənət açarı –Nizaminin, Füzulinin solmaz sənət baharı.

Xış dəmiri! Qılınc! Qələm!Demə bunlar pas atmışBunlar mənim şanlı, parlaq tariximi yaratmış!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən